Məhkəmə qərarları › İş №2(103)-4476/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4476/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4476/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh “Bakı Medikal Plaza” Klinikasının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3904/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh “Bakı Medikal Plaza” Klinikasına qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kapitan R.Mahmudovun “Bakı Medikal Plaza” klinikasında müalicə edib sağalması üçün klinika tərəfindən tələb etdiyi və xərclədikləri 60.000 (altmış min) manatın klinikadan tutularaq, ona qaytarılması və mərhum R.Mahmudovun ailəsinə vurduğu və vurulacağı maddi və mənəvi zərərə görə 700.000 (yeddi yüz min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-3904/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan həyat yoldaşı, kapitan X3 44 günlük Vətən Müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyat aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmişdir. Hospitalda kapitan R.Mahmudovun boyun nahiyyəsində neyrocərrahiyyə əməliyyatın aparılması üçün yüksək texnologiya imkanları tələb edilməsi, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislər olmadığına və xəstəsinin sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisi kapitan R.Mahmudovun komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov xx.xx.2021-ci il tarixli məzuniyyət bileti alıb əməliyyat olunması üçün “Bakı Medikal Plaza” klinikasına getmişdir. Tələb olunan analizləri verdikdən sonra xx.xx.2021-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyat olunmuşdur. Əməliyyatı aparmağı bacarmayan cərrah Tural Rəhimli xəstəni on saatdan artıq müddətdə narkoz altında saxlayaraq əməliyyatı düzgün aparmadığına görə, əməliyyatdan sonra dördüncü gün konsilium çağırıb qəribə arqumentlər gətirdikdən sonra, kapitan R.Mahmudovu qüsursuz sağlam həyata qaytarmaq mümkün olmadığına görə xəstənin qanına kliniki infeksiya yeridilmiş, reanimasiya şöbəsinə göndərilmişdir. Reanimasiya şöbəsində R.Mahmudovun bədəninə vurduğu sistemə narkotiklər əlavə edərək xəstəni özünü idarə edə bilmədiyi vəziyyətə salıb, onun müqavimətini qırmaqla özünü müdafiə etmə imkanlarını aradan qaldırıb 41 gün müddətində xəstəyə maksimum əzab-əziyyət verdikdən sonra, beyini və qanı irinləşdirib kapitanı şüurlu surətdə xx.xx.2021-ci il tarixdə həyatdan məhrum etmişdir. Həkim səhlənkarlığı səbəbindən reanimasiya şöbəsində uzun müddət tamah məqsədilə saxlayıb beyni və qanı irinləşdirməyin məqsədi xəstənin yaxın qohumlarından maksimum çox pul tələb etmək olmuşdur. X7, o, yəni onun həyat yoldaşı Yuliya xanım etibarnamə ilə kapitanı təmsil edən NümayəndəS ilə birlikdə “Bakı Medikal Plaza” klinikasının cərrahı Tural Rəhimli X7un boyun nahiyəsindəki “subtotal törəmə çıxarılması” əməliyyatının aparılması üçün klinika xəzinəsinə 4000 (dörd min) manat pul ödədikdən sonra xx.xx.2021-ci il tarixdə əməliyyat edilməsinə, əməliyyatdan dörd gün sonra xəstənin evə sağlam buraxılmasına razılıq verilmişdir. “Bakı Medikal Plaza” klinikası X7u müalicə edib dörd gün müddətində sağalmasına 4000 (dörd min) manat pula razılaşdığı halda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi klinikaya 45.784 (qırx beş min yeddi yüz səksən dörd) manat pulun ödənilməsini tələb edilmişdir. Qeyd etdiyi məbləğ qəbzlərlə klinikanın xəzinəsinə ödənilmişdir. Əlavə olaraq klinika onlardan tələb edib: “Fosfomisin” adlı Azərbaycanda çətin tapılan bu dərmanın 4 qramlıq ampulu 170-200 manata satılan 50 ampuldan artıq dərmanı R.Mahmudovun müalicəsi üçün klinikaya vermişlər. X6 tələbinə görə Respublika xəstəxanasından onun qohumu olan, özü kimi bisavad fizioterapevti gündə iki dəfə, hər seansı yol pulu ilə birgə 100 manat ödəməklə gündə iki dəfə aparmışlar. Hər iki gündən bir R.Mahmudovun bədəninə vurmaq adı ilə onlardan qan vermək tələb etmiş, hər dəfə qan verəndə də 63 manat klinikaya əlavə pul ödəməsini tələb edib-ödəmişlər. “Bakı Medikal Plaza” klinikası onları maddi cəhətdən 60.000 (altmış min) manat xərcə saldıqdan sonra, klinikanın baş həkimi, kommersiya direktoru, cərrah Tural Rəhimli, şöbə müdiri Quliyev Kəmal qabaqcadan əlbir olub razılaşaraq xx.xx.2021-ci il tarixdə kapitan R.Mahmudovun qohumlarına əlavə olaraq 16.000 (on altı min) manat borclu olduğunu bildirmişdir. O, kapitan R.Mahmudovu etibarnamə ilə təmsil etdiyinə görə klinikanın baş həkiminin kabinetində oturan, qeyd etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərinə bildirmişdir ki, kapitan R.Mahmudovu tam sağaldıb həyata qaytardıqdan sonra borcları artıqlaması ilə ödəyəcəklər. Baş həkimin cavabı -16000 manat bu gün təcili ödəməsələr sabah xəstəni klinikadan çıxardıb ayrı yerə köçürəcəklər- yəni meyidxanaya. xx.xx.2021-ci il tarixdə klinikanın baş həkimi ikinci dəfə qohumlarını qan vermək bəhanəsi ilə çağırdı, əllə yazdığı intizamnamənin formasını ona, yəni kapitan R.Mahmudovun yoldaşı Yuliya xanıma verdi. Mütəşəkkil cinayətkar dəstənin üzvləri Yuliya xanıma hər tərəfli mənəvi və psixoloji təzyiqlər göstərməklə intizamnamə yazdırmağa çalışdılar. O, yəni Yuliya xanım qanunsuz, əsassız, uydurma intizamnamə yazmaqdan imtina etdi. xx.xx.2021-ci il tarixdə üçüncü dəfə R.Mahmudovun qohumları yenə də xəstəyə qan vermək bəhanəsilə klinikaya çağırdı və dedi: - bu gün 16.000 (on altı min) manat pulu ödəməsəniz xəstəni süni nəfəs aparatından ayıracağıq, borcunu ödəməsiniz meyidini qaytarmayacağıq. “Bakı Medikal Plaza” klinikası onları 60.000 (altmış min) manat xərcə saldıqdan sonra 2016-cı il aprel döyüşlərində, sonra 2020-ci il 44 günlük Vətən Müharibəsində ermənilər tərəfindən öldürülə bilməyən Milli Ordunun kapitan R.Mahmudovu qohumların əmlakını, var-dövləti əlindən aldıqdan sonra, xəstənin və qohumların qanını sourduqdan sonra klinikanın cinayətkar həkimləri xx.xx.2021-ci il tarixdə pula görə qəsdən, amansızcasına həyatdan məhrum etmişdir. “Bakı Medikal Plaza” klinikası Milli Ordunun kapitanı R.Mahmudovu əməliyyat edib, əməliyyatdan dörd gün sonra sağlam evə buraxılmasına 4000 (dörd min) manat pulu klinika xəzinəsinə ödənilməsini tələb etdiyi halda həkimlərin məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən kapitan R.Mahmudovu klinikada pula görə qəsdən həyatdan məhrum etdiyinə görə mərhumun ailəsinə 60.000 (altmış min) manat zərər vurmuşdur. Bundan əlavə R.Mahmudovun həyat yoldaşına, azyaşlı uşaqlara vurduğu və vurulacağı mənəvi ziyanı 700.000 (yeddi yüz min) manat dəyərində qiymətləndirilməlidir. Kapitan R.Mahmudov 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmət zamanı cəsarət və şücaət göstərdiyinə görə orden və medallarla təltif olunub, himayəsində həyat yoldaşı, iki azyaşlı uşağı və işsiz doğma anası olduğuna görə onun maaşı ilə dolanırdı. Maaşından hər ay 400 manat kirayə pulu ödədiyinə görə, ailənin ayrı gəlir mənbəyi olmadığına görə “Yelo Bank”-a hər ay 320 manat kredit borcu, “Unibank”-a kredit borcu ödədiyinə görə Rəşadın qardaşı Ramin özünün 6 nəfər ailə üzvləri yaşadığı Sumqayıt şəhərindəki mənzili banka girov qoyub 30.000 (otuz min) manat bankdan kredit götürüb klinikanın əvvəlki borcunu ödəmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayət ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin isə qüvvədə saxlanmasını xahiş etdi. Sübutların tədqiqi:

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X8 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizaları keçirilmiş, tərəflərin təqdim etdikləri çoxsaylı tibbi sənədlər ekspertlərə təqdim olunmuş və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə yazılanlara, mütəxəssis rəylərinə və məhkəmə-tibbi ekspertizasına əsaslanmış iki ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin rəylərdən ilkin rəy mübahisələndirildiyindən mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın nəticəsində məhkəməyə təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya” X8 Şəxsinin 486 saylı ekspert rəyindən görünür ki,1982ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. R.S.Mahmudova “Bakı Medical Plaza” xəstəxanasında aparılmış müalicələr hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 2.3. R.S.Mahmudovun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Yayılmış irinli meninqoensefalit, ensefalitik yumşalma”nın olduğu müəyyən edilmişdir. Bu da, orqanizmdə infeksion prosesə səbəb olmuş və müalicəyə tabe olmayaraq ölümlə nəticələnmişdir.

4. R.S.Mahmudovun “X10” xəstəxanasında müalicəsi zamanı ona tətbiq edilmiş diaqnostika üsulları, dərman preparatları, inyeksiyalar və müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş 346/KEŞ saylı məhkəmə-tibb ekspert rəyində 1982-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 “X10” da göstərilmiş ixtisaslı tibbi yardımların Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olması, ona düzgün diaqnozun qoyulması, “Far lateral transkondilar yanaşma ilə törəmənin subtotal çıxarılması” cərrahiyyə əməliyyatının icra edilməsi, cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün icra edilməsi, aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olmaması müəyyən edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə, iddiaçı tərəfin iştirakı təmin edilməklə, əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. X2 “X10” xəstəxanasında edilən müalicə və əməliyyat qüvvədə olan tibbi protokollara uyğun aparılmışdırmı?

2. X1 ölüm səbəbi müəyyən edilsin.

3. X1 ölüm səbəbi “X10” xəstəxanasının həkimlərinin səhlənkalığı, yaxud hər hansı səhvindən baş vermişdirmi?

4. X1 “X10” xəstəxanasında müalicəsi zamanı ona tətbiq edilmiş diaqnostika üsulları, dərman preparatları, inyeksiyalar və müayinələr onun müalicəsi üçün zəruri idimi? Əgər zəruri olmayanı olmuşsa, müəyyən edilsin.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3693 saylı məhkəmə-tibb ekspert rəyində 1982-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. R.S.Mahmudova “Bakı Medical Plaza” xəstəxanasında aparılmış müalicələr hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 2.3. R.S.Mahmudovun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Yayılmış irinli meninqoensefalit, ensefalitik yumşalma”nın olduğu müəyyən edilmişdir. Bu da, orqanizmdə infeksion prosesə səbəb olmuş və müalicəyə tabe olmayaraq ölümlə nəticələnmişdir.

4. R.S.Mahmudovun “X10” xəstəxanasında müalicəsi zamanı ona tətbiq edilmiş diaqnostika üsulları, dərman preparatları, inyeksiyalar və müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə:

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

16. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

22. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3693 saylı məhkəmə-tibb ekspert rəyində 1982-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. R.S.Mahmudova “Bakı Medical Plaza” xəstəxanasında aparılmış müalicələr hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 2.3. R.S.Mahmudovun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Yayılmış irinli meninqoensefalit, ensefalitik yumşalma”nın olduğu müəyyən edilmişdir. Bu da, orqanizmdə infeksion prosesə səbəb olmuş və müalicəyə tabe olmayaraq ölümlə nəticələnmişdir.

4. R.S.Mahmudovun “X10” xəstəxanasında müalicəsi zamanı ona tətbiq edilmiş diaqnostika üsulları, dərman preparatları, inyeksiyalar və müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur.

26. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, bir sıra başqa işlərdən fərqli olaraq bu qəbildən olan işlərdə tibbi ekspertlərin rəyi daha vacib əhəmiyyət daşıyır və məhkəmənin fərqli qənaətə gəlməsi daha cox mülahizə xarakterli ola bilər. Hazırkı iş üzrə verilmiş son rəyə əsasən də R.S.Mahmudova “Bakı Medical Plaza” xəstəxanasında aparılmış müalicələr hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuş, R.S.Mahmudovun “X10” xəstəxanasında müalicəsi zamanı ona tətbiq edilmiş diaqnostika üsulları, dərman preparatları, inyeksiyalar və müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

27. Beləliklə, aparılan araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından şikayət əsassıdır və təmin edilmə bilməz. Nəticə:

28. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-3904/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar