Məhkəmə qərarları › İş №2(103)-448/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-448/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-448/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh1 MTK-nın nümayəndəsi (vəkili) Vəkil1 və digər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının anası X3 şəhid ailəsinin üzvü olmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs və şəhid ailələri olaraq imtiyazlı şəxs statusu qazanmışdır.

2. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 07 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 MTK tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılmışdır.

3. Sözügedən mənzil 14 dekabr 2020-ci il tarixli akt əsasında imtiyazlı şəxs olaraq iddiaçının anası X1 verilmişdir. İddiaçı anası ilə birlikdə sözügedən mənzildə yaşamış, kommunal ödənişlər edərək öz yaşayışını təmin etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilində yaranmış problemin aradan qaldırılması üçün 4.000 manat, həkim müayinələrinə görə ödənilmiş 150 manat, dərmanlara görə ödənilmiş 850 manat, həmçinin cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə 3.000 manat və mülki işin məhkəmədə baxılması üçün ödənilmiş 105 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada, liftə görə Cavabdeh1 MTK-ya ödənilmiş 395 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası 1-ci qrup əlil olduğu üçün ona qulluq etmiş və qulluğa görə Prezident təqaüdü almışdır. X6 iyun 2023-cü ildə vəziyyəti ağırlaşmış və Xətai Sağlamlıq Mərkəzində müalicə almış, lakin 15 avqust 2023-cü ildə vəfat etmişdir. Mənzilə aktın qəbulundan öncə baxmağa Cavabdeh1 tərəfindən icazə verilməmişdir. İddiaçı açarları aldıqdan sonra mənzilin çox keyfiyyətsiz və ekoloji təmiz olmayan ucuz materiallarla natamam “təmir” edildiyini və hamamın tavanının dağıldığını, pəncərələrin sınıq olduğunu, standartlara uyğun olmadığını (külək, qar, yağış, soyuq mənzilə daxil olur, külək asanlıqla pəncərəni açır), mənzilin giriş qapısının açarının ilişdiyini və qapının altdan külək buraxdığını, mənzilin mətbəxinin və yataq otağının divar kağızlarının göy kifləndiyini (kiflənmiş divar kağızlarını çıxarıb emulsiya etmiş, lakin dəhlizi imkan olmadığı üçün çıxarmamışdır) və qabardığını, tualet baçokunun işləmədiyini, kombinin (altına baxanda yeni və paslı köhnələr aydın görünür) və radiatorun birinin su buraxdığını görüb ƏƏSMNnə və MTK-ya bildirsə də heç bir tədbir görülməyib və heç bir kömək edilməyib. Belə ki, mənzilin hamam tavanı 2 dəfə dağılıb, 2-ci dəfədə usta tavanda böyük hava buraxan dəliyi tapmış və oranı bağlamış və imkan olmadığı üçün yalnız sınmış tavanlar dəyişdirilmişdir ki, hazırda hamam tavanı yamaq-qurama şəklində (tam uyğunsuz) görünür. Güclü külək mətbəxin pəncərəsini, qapısını (mətbəxin qapısı təmir edilsə də partlaq yerlər aydın görünür) güldanları, şamdanları qırıb. Balkon və mətbəxin pəncərəsindən yağış axıb evə daxil olmuş və laminatları zədələmişdir, laminatlar birbaşa betonun üzərinə vurulub. Yerin döşəməsi nə mənzildə, nə də hamamda isti döşəmə edilmədiyi üçün qışda əsə-əsə xəstə anasını (ayaqları tutulmuş, əlil arabasında və ağır yataq yaraları ilə evdə gəzdirirdi) özü çimizdirmək məcburiyyətində qalırdı, hazırda da eyni vəziyyətdir. Dəhlizin divar kağızları şişib və altındakı üzlüklər ovulub yerə tökülür, iddiaçı süpürməkdən yorulur, divar plintusları keyfiyyətsiz plastik, sınıq materiallar vurulub, hətta mənzil şitinin üstünü belə açıq qoymuşdular ki, onları düzəltməli olmuşdur. Qapılar yüngül və keyfiyyətsizdir, bir balaca külək olsa qapılar çırpılır. Mərtəbələrin qapılarının çoxsu sınıb, keyfiyyətsizdir və bloklanıb, yanğın və zəlzələ təhlükəsindən qaçmağa yer yoxdur, eləcə də mərtəbələr arası pilləkənlərin çoxunda işıqlar yanmır, dəfələrlə müraciət etsə də lampa taxılmır. Binanın ofisi şəhid ailəsindən mənzildə yaşamadığı dövrə görə pul tələb etmiş, (yazıb divara da yapışdırıblar, mənzildə yaşyış olmamasından asılı olmayaraq, pul ödənilməlidir) lakin iddiaçı 26 manat verdikdən sonra mənzilin açarları ona verilib və sənəd verməyiblər. İddiaçı dəfələrlə müraciət etsə də işığa borcu olmasa da yandırmayıblar və iddiaçı soyuq şəraitdə yatmalı olmuşdur, nəzərə alsaq ki, iddiaçının böyrəklərində pleonefrit var və ona soyuq olmaz, eləcə də pəncərələr güclü külək buraxır, qaz itkisi olduğu üçün mənzil hədsiz soyuq olur. İddiaçıya mənzilin sayğacına yaxınlaşmağına icazə verməyiblər və "xxxx" ASC-nin əməkdaşı gəlmək istəsə də yalanla onu (guya yüklənmə olub) da gəlməyə qoymayıblar.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli (hakim A.Həsənova, iş №2(011)-3675/2024) qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə iddia tələbinin mənzilində yaranmış problemin aradan qaldırılması üçün 4.000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır. İş üzrə iddia tələbində qeyd edilmiş mənzil dövlət tərəfindən vətəndaşa əvəzsiz şəkildə təqdim edilmişdir. Belə ki, iddiaçının anasına təhvil verilən mənzilin təyinatı sosial mənzildir. Sosial mənzil ümumi olaraq mənzilə ehtiyacı olan şəxslərin mənzil ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulmuş mənzildir. Eyni zamanda, iş üzrə tələb edilən vəsaitin müştərək qaydada cavabdeh olan MTK-dan da tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MTK öz mülkiyyətində olan evləri Nazirliyə əvəzli şəkildə satmışdır. Nazirlik tərəfindən istinad olunan yaşayış sahələri mülkiyyətə qəbul edilmiş, əldə edilən mənzillərin tikintisi ilə və ya qüsuru ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. Dövlət tərəfindən keçirilən sosialyönümlü tədbirlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilmiş mənzillər ehtiyacı olan imtiyazlı şəxslərə təqdim edilmişdir. İddia ərizəsində qeyd edilən mənzil də keçirilmiş püşkatma nəticəsində imtiyazlı şəxs olan iddiaçının anasına təklif edilmiş və o da sözügedən mənzili 14 dekabr 2020-ci il tarixli akt əsasında könüllü şəkildə təhvil almışdır. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının anasının mənzili təhvil alarkən hər hansı narazılığının olması aşkar edilməmişdir. İddiaçı 4.000 manatın nə üçün, hansı işlərin görülməsi üçün tələb edildiyini də iddiasında əsaslandırmamışdır. Məhkəmə iddia tələbinin həkim müayinələrinə görə ödənilmiş 150 manat, dərmanlara görə ödənilmiş 850 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı xəstəliyi ilə bağlı sübutları məhkəməyə təqdim etsə də, xəstəliyin yaranmasının həmin mənzildə olan problemlərlə bağlı olmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçının xəstəliyi ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqəni müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə 3.000 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin araşdırması zamanı cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması və bunun nəticəsində iddiaçının səhhətinə ziyan dəyməsi, iztirab çəkməsi halı məhkəmədə aşkar edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135.2.1, 386.1, 1096-cı maddələri, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

14. Digər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onun təmsil etdiyi Nazirliyin hazırkı tələb üzrə hər hansı cavabdehliyi yoxdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin olunmalıdır.

20. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzilin çox keyfiyyətsiz və ekoloji təmiz olmayan ucuz materiallarla natamam təmir edildiyinə istinad edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir.

23. Mübahisələndirilən hal bu çatışmazlığın cavabdehin təqsiri üzündən yaranıbyaranmadığıdır.

24. Hazırkı vəziyyətdə mübahisənin düzgün həlli bununla bağlı sübutetmə vəzifəsinin kimin üzərinə düşməsindən və tələbin hansı sübutlarla təsdiq olunmasından asılıdır.

25. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

27. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mübahisəli mənzilin tikintisi və təmiri zamanı Cavabdeh1 MTK tərəfindən qüsurlara yol verilib-verilməməsi, yol verildiyi halda bu qüsurların aradan qaldırılmasının mümkünlüyü, həmin qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği barədə ekspertiza qarşısında suallar qoyulmuşdur.

28. Məhkəmə Ekspertiza Mərkəzinin 10/9107 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mənzilin tikintisi zamanı qüsurlara yol verilib-verilməməsi tikinti konstruksyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Mənzilin təmirində olan qüsurlar rəyin tədqiqat hissəsində göstərilmişdir. Qüsurların aradan qaldırılması üçün qüsurların olduğu hissələr sökülməli və yenidən təmir edilməlidir. Qüsurların aradan qaldırılması üçün görülməli işlərə sərf oluncaq materialların həcmi smetada göstərilmişdir.

29. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mənzilin tikintisi və təmiri zamanı Cavabdeh1 MTK tərəfindən yol verilmiş qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin dəyəri 3496,1 manat təşkil edir.

30. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir (maddə 752). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115).

31. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

32. Mülki Prosessual Məcəlləyə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).

33. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

34. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq belə qənaətə gəlir ki, mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün cavabdehdən iddiaçının xeyrinə 3496,1 manat pul tutulmalıdır. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyi üçün rədd olunmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

37. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MTK-dan 3496,1 (üç min dörd yüz doxsan altı manat, 10 qəpik) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza xərci olan 100 manat Cavabdeh1 MTK-dan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar