Məhkəmə qərarları › İş №2(103)-4482/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4482/2024

22.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4482/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1352/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və digərlərinə qarşı “əmlakların həbsdən azad edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(009)-1352/2024 nömrəli qərardadına əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(009)-1352/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktları ətraflı araşdırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı çıxarılarkən prosessual pozuntulara yol verilmişdir və bu səbəbdən şikayətim təmin edilməli, qərardad ləğv edilməlidir. Səbail Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1352/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2- ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia ərizəsində tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan mülki məhkəmə icraatının predmeti ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1352/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar