Məhkəmə qərarları › İş №2(103)-4487/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4487/2020

06.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4487/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X38 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X14, Cavabdehin nümayəndəsi və vəkili X18 iştirakları ilə, İddiaçı X15 Cavabdeh Şəfqət qızına qarşı “torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020 –ci il tarixli qətnaməsindən iddiaçı tərəfində verilmiş apellyasiya şikayətinəBakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsinin və fərdi yaşayış evinin, habelə Nardaran qəsəbəsində, Nardaran Bağlar sahəsində yerləşən 26B saylı bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdehin ona vurduğu ziyana görə 26700 (iyirmi altı min yeddi yüz) manat maddi və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx xxxxx 1990-cı il 3/79 saylı qərarına əsasən, orderlə Nardaran Bağlar sahəsində 31 saylı BTK-nın nəzdindən 0,12 hektar torpaq sahəsi olmaqla, 26a saylı bağ xalası X5 ayrılmışdır. Həmin orderdə xalası X4 adı X3 qeyd edilmiş, bu səbəbdən sonuncu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin fakt məhkəmə qaydasında təsdiqlənmişdir. xx xxxxxx 2013-cü il tarixdə xalası X11 vəsiyyətnamə verərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 26a saylı ünvanda yerləşən bağ sahəsini ona vəsiyyət etmişdir. Bundan sonra tərəfindən Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunda xx.xx.2014-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bildirir ki, hal-hazırda həmin bağ sahələri cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bununla da, onun mülkiyyətində olan torpaq sahəsindən və orada atası Sərhad Şammədov tərəfindən inşa edilmiş tikililərdən istifadə hüququ qeyri-mümkün olmuşdur. Belə ki, hər iki qeyd edilən torpaq sahələri 0.12 hektardan ibarət olmaqla atası S.Şammədov tərəfindən uzun müddət orada təsərrüfat işləri aparılmışdır. 2005-2007-ci il tarixlərdə xalası Xanımbacı Məmmədovanın səhhətində olan problemlərə görə həmin torpaq sahəsinə gedə bilməmiş, həmin bağ sahəsinə bitişik 1289a saylı bağ sahəsinə çıxarış əldə etmiş Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 787 saylı bağ sahəsi onun mülkiyyətindədir. Həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən texniki pasport və çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində hüququ rəsmiləşdirilən şəxs kimi onun adına qeyd edilmişdir. Həmin 787 saylı bağ sahəsi 0,24 hektardan ibarət olmaqla, 64,8 kv.m ölçüsündə 1 mərtəbəli, 2 otaq və 1 mətbəxdən və həmçinin 3 otaq və 1 mətbəxdən ibarət olan 1 mərtəbəli fərdi yaşayış evləri xüsusi mülkiyyətindədir. Lakin 2012-ci ilin avqust ayından etibarən o, öz mülkiyyətindən istifadə etmək imkanından məhrum olmuşdur. Belə ki, həmin bağ sahəsi və fərdi yaşayış evləri cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmaqla orada onun tərəfindən təsərrüfat aparmaq imkanları faktiki olaraq mümkün olmamışdır. Həmçinin, 787 saylı bağ sahəsi və orada olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ qanunsuz məhdudlaşdırılmaqla ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Faktiki olaraq yay aylarında, ona məxsus olan bağ sahəsinin adi bazar şəraitində icarə haqqı bir ay üçün 500 (beş yüz) manat, qalan aylarda isə 300 (üç yüz) manat olmaqla kirayə vermək imkanlarından məhrum olmuşdur. Bu isə 26700 manat (iyirmi altı min yeddi yüz) əldən çıxmış fayda olmaqla, ona həmin məbləğdə maddi ziyan dəymişdir. Habelə, cavabdehlərin ona məxsus olan əmlakı özbaşına zəbt etmələri, bununla bağlı onların yaxın qohumları tərəfindən ona qarşı təsirlərin olunması, uzun zamandır həmin bağ sahəsini qanunsuz zəbt etmələri ona mənəvi zərər vurmuş, bununla əlaqədar bir neçə dəfə müalicə də olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 327/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsinin və fərdi yaşayış evinə yerli baxış keçirilməsini, həmin bağ sahəsinin, habelə Nardaran qəsəbəsində, Nardaran Bağlar sahəsində yerləşən 26 A saylı bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdehin ona vurduğu zərərə görə 26700 (iyirmi altı min yeddi yüz) manat maddi ziyan 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə öz qətnaməsini özünün təşəbbüsü ilə təyin etdiyi məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə əsaslandırmışdır. Həmin ekspertizanın təyin edilməsini iddia tələbinin əsaslılığının yoxlanılması ilə izah etmişdir. Halbuki iddia tələbi ilə ekspert qarşısında qoyulmuş suallar eynilik təşkil etməmişdir. Belə ki, iddia tələblərinin əsaslılığının müəyyən edilməsi üçün yerli baxışın keçirilməsinin zəruriliyinə baxmayaraq, məhkəmə tərəfindən işin obyektiv həlli üçün heç bir əhəmiyyət daşımayan məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməklə qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı X24 və onun nümayəndəsi və vəkili X25 apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X27 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, X16 və X8 məxsus olan 787 və 788a saylı bağ sahələri 17 saylı DNK-da bağlanmış xx xxxx 2011-ci il tarixli 4Ə/1-36 və 4ə/1-37 reyestr nömrəli bağışlanma müqavilələrinə əsasən İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 787 saylı bağ evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 1289a saylı bağ evi xx.xx.2012-cı il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərardadı ilə iddiaçı DƏDRX Əİ-nin cavabdeh DTXK ŞŞ-nə, habelə üçüncü şəxslər X20, X17 və Cavabdeh qarşı “Bakı şəhəri, Nardaran Bağlar ərazisində yerləşən 0,12 ha olan 1289 “a” №-li bağ sahəsinə dair verilmiş plan və ölçünün etibarsız hesab edilməsi və sair tələbləri barədə iddiasına dair 2iq(82)-741/2013 №- li iş üzrə “mübahisəli bağ sahəsinə dair Məlahət Salmanova ilə Cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi ayrıca icraata ayrılaraq, baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxx 2014-cüil tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və üçüncü şəxslər X12, X9 və Cavabdeh qarşı - Bakı şəhəri, Nardaran bağlar ərazisində yerləşən sahəsi 0,12 ha x xxxx 1289a saylı bağ sahəsinə dair X17 ilə Cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi, iddianın predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx xxxxxx 1991-ci il tarixli 130 №-li qərara əsasən, X10 adına verilmiş 788 saylı bağ sahəsinə dair 70 №-li order etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 5414/2014 nömrəli iş üzrə xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi, işə birinci instansiyada işə baxan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 5414/2014 nömrəli iş üzrə xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 787 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2015-ci il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmış, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi mübahisə predmetidir. Belə ki, vətəndaşın iddia etdiyi bağ sahəsi digər fiziki şəxs tərəfindən zəbt olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tələbində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 26a saylı ünvanda yerləşən bağ sahəsinin ona vəsiyyət üzrə verilməsini və hal-hazırda həmin bağ sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında ona vərəsəlik şəhadətnaməsini təqdim etməsi üçün vaxt verilsə də, iddiaçı həmin şəhadətnaməni məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin bağ sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, onun bu halları mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən, kollegiyanın qənaətinə görə iddianın 26A saylı ünvanda yerləşən bağ sahəsinə münasibətdə əsaslı olması sübuta yetirilmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə kollegiyası Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 787 saylı bağ sahəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi həmin hissədənə iddianı rədd edərkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad etmiş, həmin rəylə iddiaçıya məxsus 787 saylı bağ sahəsinin cavabdehə məxsus olan 1289a saylı bağ sahəsi ilə üst-üstə düşmədiyinə əsaslanmışdır. Lakin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı onların bağ torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı məsələni mübahisələndirməmiş, sadəcə Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan bağ sahəsini və evini qanunsuz olaraq zəbt etməsinə istinad etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 787 saylı bağ sahəsinin onun mülkiyyətində olmasını qeyd edərək buna dair müvafiq sübutları da məhkəməyə təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin bağ sahəsi iddiaçının mülkiyyətindədir və kənar şəxslər tərəfindən zəbt olunmuşdur. İddiaçı F.Şammədov ona məxsus olan həmin bağ sahəsinin və orada yerləşən evlərin Cavabdeh tərəfindən zəbt edildiyini bildirir. Öz dəlilinin əsası kimi həmin ünvana dair Azərişıq ASC tərəfindən işıq sərfiyyatına görə hesablanmış borca dair qəbzi məhkəməyə təqdim etmişdir. Həmin qəbzdən görünür ki, qeyd edilən ünvanda abonent kimi X21 göstərilmişdir. Bundan başqa, iddiaçı 2013-cü ildə bir dəfə həmin ünvana getdiyini, orada olarkən məhz Cavabdeh onun qabağına çıxdığını və bağ sahəsinin onlara məxsus olduğunu bildirdiyini göstərmişdir. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda həmin bağ sahəsinin Cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən zəbt edildiyini göstərmiş, bununla yanaşı qeyd etmişdir ki, iddiaçının göstərdiyi X21 cavbadeh Cavabdeh yaxın qohumudur. Cavabdeh qadın olduğundan və çoz yerlərə gedə bilmədiyindən, onun müxtəlif məişət problemlərinin həll edilməsində A.X.Quliyev ona yardım göstərir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2014cü il tarixli, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarlarından da görünür ki, X1 Qumru Şəfqət qızının etibarnamə üzrə nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak etmişdir. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarında olan sübutlara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 787 saylı bağ sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğu sübuta yetirildiyindən həmin bağ sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı iddiası həmin hissədə əsaslı olduğundan apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki iddiaçı buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X35 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X23 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi zərərin tutulması hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya maddi ziyan vurulmasında təqsirinin sübuta yetirilməməsini nəzərə alaraq, iddianın mənəvi ziyanla bağlı hissəsinə prosessual qənaət prinsipinə uyğun olaraq əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 381.1.3 və 381.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 327/2020 saylı qətnaməsi qismənləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar