Məhkəmə qərarları › İş №2(103)-4488/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4488/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4488/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2670/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 515000 manat məbləğində borcun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3 il müddətinə 550000 manat məbləğində kredit verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 nömrəli 22 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "xxxx" MMC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında 19 aprel 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardada əsasən məhkəmə tərəflər arasında bağlanmış borc (kredit) müqaviləsinin uydurma borc müqaviləsi olması ilə bağlı əsaslı şübhələri aradan qaldıran mötəbər sübutların mövcud olmamasını, mülki qanunvericilikdə daşınmaz əmlakla bağlı hüquqların rəsmiləşdirilməsi ilə bağlı tələbləri, həmçinin birgə mülkiyyətdə olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı ər-arvadın hüquqlarını, həmçinin barışıq sazişinin predmeti olan torpaq sahəsinin bir hissəsində "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış binasının mövcudluğunu nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırki barışıq sazişi həm 3-cü şəxs "xxxx" MMC-nin, həm də cavabdehin arvadının maraqlarına toxunduğundan, həmin şəxslərin qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə biləcəyindən, təsdiqlənməsi xahiş edilən barışıq sazişi mülki və ailə qanunvericiliyin tələblərinə zidd olduğundan barışıq sazişi təsdiq edilməməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər yenə də, aralarında mübahisə olmadığını ifadə etmiş, cavabdeh borcu qaytarmağa hazır olduğunu, bununla bağlı mülkiyyətində olan 5 ha torpaq sahəsinin 4.7 ha hissəsini (qeyri-yaşayış sahəsinin yerləşmədiyi və aid olmadığı hissəni) İddiaçı mülkiyyətinə verməklə ödəyəcəyini bildirmişdir. Belə olan halda tərəflər arasında borc məbləğinin verilməsi və cavabdeh tərəfindən alınması ilə bağlı hər hansı mübahisə mövcud deyil, istər iddiaçının, istərsə də cavabdehin hüquqları bu və ya digər formada pozulmamışdır. Əksinə məhkəməyə təqdim edilmiş barışıq sazişi ilə də bir daha təsdiq edilir ki, cavabdeh tərəf borcun ödənilməsini mülkiyyətində olan daşınmaz əmlakla əvəzləşdirməyə hazırdır və daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi, habelə həmin əmlakın satılaraq, iddiaçının borcunun ödənilməsi üçün hər hansı maneə yoxdur. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçı iddianın predmeti olan kredit müqaviləsinin bağlanmasını və həmin borcun faktiki verilməsini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddianın cavabdeh tərəfindən etiraf edilməsinə əsaslanmış, cavabdehin etirafının digər şəxsərin hüquqlarına toxunması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 saylı 22 may 2024-cü il tarixli qərardadında tam əsaslandırılsa da, qərardad qəbul edildikdən sonra həmin əsasların mövcudluğunu təkzib edən mötəbər sübutlar iddiaçı yaxud cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. Belə ki, iddiaçı tələbində cavadehlə arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə verdiyi borc məbləğini tələb edir, cavabdeh də borcunun olduğunu etiraf edir. Məhkəmə isə bu hallara istinad edərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında borc məbləğinin verilməsi və cavabdeh tərəfindən alınması ilə bağlı hər hansı mübahisə mövcud deyil, istər iddiaçının, istərsə də cavabdehin hüquqları bu və ya digər formada pozulmamışdır. Digər tərəfdən məhkəmə göstərmişdir ki, iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçı iddianın predmeti olan kredit müqaviləsinin bağlanmasını və həmin borcun faktiki verilməsini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddianın cavabdeh tərəfindən etiraf edilməsinə əsaslanmış, cavabdehin etirafının digər şəxsərin hüquqlarına toxunması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 saylı 22 may 2024-cü il tarixli qərardadında tam əsaslandırılsa da, qərardad qəbul edildikdən sonra həmin əsasların mövcudluğunu təkzib edən mötəbər sübutlar iddiaçı yaxud cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi bu hallar iddia tələbinin təmin və ya rədd edilməsi barədə qənaətə gəlmək üçün əsas verən hallardır. Bu hallara istinad edərək, mülki iş üzrə icraata xitam verilməsi yolverilməzdir. Odur ki, məhkəmənin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar