Məhkəmə qərarları › İş №2(103)-4492/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4492/2023

19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4492/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: sənədlərin təqdim olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixli “Çoxmənzilli Yaşayış Binasının Tikintisi” haqqında 222 nömrəli fərdi müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93452 manat ödənilməklə iddiaçı tərəfindən əldə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-334/2021 saylı qətnaməsi ilə həmin mənzilə dair İddiaçı adına maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulmuş, eləcə də qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı mənzilə göstərilən kommunal və domofon xidmətlərinə görə 473 manat məbləğində pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən zəruri sənədləşdirmə işləri aparılmamış, protokoldan çıxarış və digər sənədlər iddiaçıya təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun müdafiə olunması və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarışın və mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə pretenziya məktubu göndərilərək lazımi sənədlərin verilməsinin 2 gün müddətində təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış əldə etmək istəyir, lakin protokoldan çıxarış və digər sənədlərin mövcud olmaması səbəbilə bu mümkün olmur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1557/23 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək sözügedən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh ona mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını verməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının cavabdehə kommunal xidmətlərə görə 575,40 manat borcunun olduğunu nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

14. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı mənzilin dəyərini ödəmiş, lakin mənzilin hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər ona təqdim olunmamışdır. İddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür. Bundan əlavə iddiaçının kommunal xidmətlərə görə cavabdeh qarşısında öhdəliyinin yerinə yetirilməməsi tələb olunan sənədlərin verilməsindən imtina üçün deyil, həmin tələblə iddia irəli sürmək üçün əsasdır. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 334/2021 saylı qətnaməsi ilə kommunal və domofon xidmətlərinə görə 473 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdehnə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən iddiaçının cavabdehə kommunal xidmətlərə görə 575,40 manat borcu olmasının nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, iddiaçının kommmunla xidmətlərə görə hər hansı borcunun olması onun qanuni tələbinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Kommunal xidmətə görə borcun mövcudluğu cavabdehin bu borcun ödənilməsi barədə ayrıca iddia qaldırması üçün əsas ola bilər.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar