Məhkəmə qərarları › İş №2(103)-4495/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4495/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4495/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh2 ASC-yə qarşı (üçüncü şəxs: Cavabdeh1) “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1157/2022) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barışıq sazişi bağlandıqdan sonra təxminən 1 ildən artıq müddətdə iddiaçı barışıq sazişində göstərilən qalıq borc məbləğindən hər ay ödəmələr edib. Qalıq borcun ödənilməsi üçün bu ilin mart ayında ipoteka predmeti olan yaşayış evi də onun məlumatı olmadan hərracda satılıb. İddiaçı məhz Bank tərəfindən tələb edilən məbləğin düzgün hesablanmadığını qeyd edərək barışıq sazişində göstərilən qalıq borcu deyil, icra sənədində göstərilən borc məbləğini mübahisələndirir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(009)-372/2020 nömrəli qərardadına əsasən tərəflər arasında 01.09.2020-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə görə, 01.05.2018-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə 25.12.2018-ci il tarixli əlavələrə əsasən Cavabdeh2 ASC-yə olan qalıq borc 576.216,29 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin borcun son ödənilmə tarixi isə 30.06.2025-ci ilə təyin edilmişdir. Göründüyü kimi, sözügedən məhkəmə aktı ilə hazırkı iddia tələbi üzrə mübahisə yekunlaşmışdır. İddiaçı hazırkı iddiasında qanuni qüvvəyə minmiş məhkəmə aktı - barışıq sazişi ilə təsdiq edilmiş halları mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.2). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə qanuni və əsaslı qənaətə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar