Məhkəmə qərarları › İş №2(103)-4496/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4496/2022

13.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4496/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzilin hərrac yolu ilə satılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(001)-261/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Abad Kunanbayev küçəsi 14, ev 37 saylı mənzilin qiymətləndirilməsi və hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdeh ilə arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.1995-ci il tarixdə nikaha girərək ailə qurmuş, daha sonra nikahları pozulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Abad Kunanbayev küçəsi 14, ev 37 saylı mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissəsinə xx.xx.2020-ci il tarixdə onun adına çıxarış verilmiş, əmlakın digər ½ hissəsi isə cavabdehin adına qeydiyyatdan keçmişdir. Cavabdehlə mənzilin idarə edilməsi barədə razılıq əldə edə bilməmişlər, həmçinin mənzilin satılaraq əldə olunmuş gəlirin bölünməsi barədə razılığa gələ bilməmişlər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə əmlakın naturada bölünməsi barədə iddia tələbi təmin edilməmişdir. Ekspert rəyinə əsasən mənzilin naturada bölünməsi mümkün olmamışdır. Cavabdeh mənzilin satılması və əldə olunmuş məbləğin bərabər paylarda bölünməsinə razılıq verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(001)- 261/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı ½ hissə və cavabdeh X2 ½ hissə olmaqla bölünməsi, cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 manatının iddiaçıdan, qalan 150 manatının cavabdehdən tutularaq MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 70000 manat mübahisəli mənzil üçün aşağı qiymətdir, məhkəmə yenidən qiymətləndirmə təyin etmək hüququ olduğu halda, bu hüquq normasını tətbiq etməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh vəkili ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilmədiyi üçün məhkəmə iclasının 20 gün müddətinə təxirə salınmağını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 14, 17 nömrəli mənzilin ½ hissəsi İddiaçı, ½ hissəsi X1 adına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(001)- 297/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “əmlakın naturada bölünməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, həmin iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2124 saylı rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin tərəflər arasında ½ paylarına uyğun olaraq təcrid olunmuş mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında müəyyən edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, əmlakın naturada bölgüsü mümkün olmadığı halda ayrılan mülkiyyətçi öz payının dəyərini tələb etmək hüququna malikdir. Belə olan halda, digər mülkiyyətçi kompensasiya vermədikdə və ya verməyə imkanı olmadıqda məhkəmə qərarı əsasında əmlakın hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan iş üzrə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflərin mübahisəli mənzilə ½ hissədə payları müəyyən edilmişdir. Mənzilin naturada bölgüsünün mümkün olmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, mübahisəsi gedən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçıların istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı, tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı razılıq da əldə edilməsi mümkün olmadığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir, cavabdehin davranışı onu deməyə əsas verir ki, o, hər vəclə mübahisənin həllinə mane olmağa çalışır və kompensasiya məsələsində maraqlı deyil. Cavabdeh nə birinci instansiya məhkəməsində kompensasiya ilə bağlı fikir söyləməmiş, nə apellyasiya şikayətində buna münasibət bildirməmiş, nə də apellyasiya baxışında iştirak etməmişdir. «Kompensasiya mərhələsi»nə dair qanunun tələbi formal baxımdan tətbiq olunmamalıdır, iddiaçının payının kompensasiya edilməsi kimi cavabdehə verilmiş hüquq, hüquqdan suiistifadəyə xidmət etməməlidir. Hazırki halda, aşkar şəkildə cavabdehin mübahisənin həllində maraqlı olmadığı müəyyən olunur, əks təqdirdə cavabdeh iddiaçının payının kompensasiya edilməsi məsələsinə ən azı münasibətini (həmin payı almağa imkanı olubolmaması yaxud almaq istəyib-istəməməsi barədə) bildirərdi. İşin müəyyən edilmiş hallarına əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan, məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili mübahisəli mənzilin qiymətinin aşağı müəyyən edilməsi və yenidən qiymətləndirmə keçirilməməsi ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Hesabatı ilə mübahisəli mənzilin bazar dəyərinin 60000 manat, likvid dəyərinin 54000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin rəy ilə razılaşmayaraq "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyini təqdim etmiş, həmin rəy ilə mübahisəli mənzilin bazar qiyməti 70000 manat, likvid qiyməti 64000 manat müəyyən edilmişdir. İki rəyə əsasən müəyyən edilmiş qiymətlər arasında fərq olduğu, həmçinin cavabdehin yeni qiymətləndirmənin keçirilməsini xahiş etdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli 0041 nömrəli hesabatı ilə mübahisəsi gedən mənzilin bazar qiymətinin 70000 manat və likvid qiymətinin 62000 manat olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, belə ki, birinci instansiya məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş və müəyyən edilmiş məbləğ cavabdehin təqdim etdiyi rəy ilə müəyyən edilmiş məbləğlə eyni olmuşdur. Məhkəmə tərəfindən də mənzilin ilkin satış qiyməti həmin məbləğ müəyyən edilmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ düzgün olmuşdur, həmin məbləği şübhə altına almağa əsas verən hal yoxdur. Əksinə, internet resurslarından əldə edilmiş məlumatlardan mübahisəli mənzilin bazar dəyərinin mütəxəssis tərəfindən düzgün müəyyən edildiyi görünür. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-261/2022 saylı iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar