Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4496/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X4 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Mübahisə predmeti Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22-dir. Həmin mənzilin mülkiyyətçisi olmuş X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
2. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və cavabdehlər Cavabdeh2, Cavabdeh3, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X9, X7, X6, X3, X10 mərhumun övladlarıdır.
3. Vərəsələrdən Cavabdeh3 xx.xx.2021-ci il tarixdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə notarius tərəfindən ona miras mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mübahisəli mənzil üzərində Cavabdeh3 tam mülkiyyət hüququ qeydə alınmışdır.
4. Digər vərəsə Cavabdeh2 həmin vərəsəlik şəhadətnaməsini məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2717/2023 saylı qətnaməsi ilə onun iddiası qismən təmin olunaraq, Bakı şəhəri 26 saylı notariat ofisini tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və mülkiyyət hüququnun qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv olunmuşdur.
5. Cavabdeh3 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini apellyasiya qaydasında mübahisələndirmiş, lakin iş apellyasiya məhkəməsinin icraatında olarkən o, apellyasiya şikayətindən imtina etmiş və onun bu imtinası nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6113/2023 saylı qərardadı ilə mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir.
6. Bundan sonra Bakı şəhəri 26 saylı notariat ofisi Binəqədi Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsini əsas götürərək xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə ilə vərəsələrdən yalnız ikisinin – Dagbəyi və Cavabdeh2ların miras mənzil üzərində bərabər paylarla mülkiyyət hüququ olmalarını təsbir etmişdir. Həmin şəhadətnaməyə əsasən onların hər birinin miras mənzil üzərində ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və notarius tərəfindən vərəsəlik işi açılmışdır. Lakin iddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə müraciətləri həqiqəti əks etdirmir, onlar yalnız şifahi şəkildə notariusa müraciət etmişlər və onlara vərəsələr arasında yaranmış mübahisənin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan miras əmlakın Cavabdeh2 və Cavabdeh3 adına hüquqi qeydiyyata alınmasının, Cavabdeh2 və Cavabdeh3 26 saylı Notariat Kontoru tərəfindən miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X2 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m. olan mənzil (miras əmlak) onların mərhum ataları X2 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı olmuş, atalarının vəfatından sonra vərəsələrinə miras qalmışdır. Mərhum atalarının vəfatından sonra 11 vərəsəsi qalmışdır. Həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidməti tərəfindən hüquqi qeydiyyata alınmaqla mərhum atalarına mənzilin onun xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2021-ci il tarixində Çıxarış verilmişdir. Mərhum ataları X5 xx.xx.2017-ci il tarixində hipertoniya xəstəliyindən vəfat etmişdir. Atalarının vəfatından sonra onlar vərəsə kimi faktiki olaraq mirası qəbul etmişlər, miras payları bölünməsinə dair vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etsələr də, sonra sənədləri geri almışlar. Belə ki, faktiki mirası qəbul etdiklərindən və qardaşları Cavabdeh2 həmin evdə ailəsi ilə yaşadığından, onlar razılaşmışdırlar ki, Cavabdeh2 özünə ev alana kimi həmin mənzildə yaşasın və sonra miras paylarını bölüşsünlər. Bu səbəbdən də vərəslik işinin açılmasını dayandırmışlar. Lakin Cavabdeh3 və Cavabdeh2 onların məlumatları olmadan cavabdeh 26 saylı Notariat Kontoruna müraciət edərək vərəsəlik işi açdırmışlar və miras əmlakı öz aralarında bərabər paylara bölmüşlər. Belə ki, mübahisəli mənzili ilkin olaraq qardaşları Cavabdeh3 öz adına rəsmiləşdirmişdir. Sonra digər Cavabdeh2 həmin miras paydan payını tələb etmiş və qeyd etdikləri kimi miras kütləsi cavabdehlər arasında bərabər paylara bölüşdürülmüşdür. Hər iki cavabdeh miras payı bölüşdürərkən, digər vərəsələrin olması barədə məlumatı 26 saylı Notariat ofisindən gizlətmişlər. Cavabdeh 26 sayl Notariat ofisi isə öz növbəsində digər vərəsələrin mövcud olması faktını araşdırmamış, qanunsuz olaraq onların miras paylarını Cavabdeh2 və Cavabdeh3 arasında bölüşdürmüşdür. Bu fakt onlara yalnız hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında “mənzilə köçürülmə, mənzilin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə məhkəmə mübahisəsi zamanı aşkar olunmuşdur. Belə ki, onlar vərəsələr Cavabdeh2 tərəfindən şahid qismində məhkəməyə çağırıldıqda onlara məlum olmuşdur ki, miras əmlak qeyd etdikləri kimi həmin iki cavabdeh vərəsələr arasında bölüşdürülüb. Hesab edirlər ki, məhkəmə qaydasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan mənzilin Cavabdeh2 və Cavabdeh3 adına hüquqi qeydiyyata alınmasının, Cavabdeh2 və Cavabdeh3 miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X2 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul edilməlidir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2293/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hüquqi nəticə etibari ilə miras qoyanın digər övladları, yəni iddiaçılar istər rəsmi olaraq notariat kontoruna ərizə ilə müraciət formasında, istərsə də faktiki qəbul formasında miras əmlakda məcburi paylarını qəbul etmədiklərindən miras qalmış əmlakdan pay tələb etmək hüququ əsassızdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 1133.1, 1133.2, 1134.1, 1159.1, 1243.1, 1243.2, 1255-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Hər üç apellyasiya şikayəti eyni məzmunludur. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçılar miras əmlakın bir hissəsini aralarında bölüşdürməklə onlara sahiblənməklə yiyələnmişlər. Bununla da miras əmlakın bir hissəsini faktiki olara qəbul etməklə mirasın bütünlüklə qəbul etmişlər. Lakin məhkəmə işin bu halına əhəmiyyət verməmişdir. Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1-ci maddələri - Məhkəmə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Çünki qeyd edildiyi kimi vərəsələr aralarında razılaşma apararaq mirasa yiyələnmişlər. Buna görə də bu əqdlər etibarsız hesab edilə bilməz. Mülki işdə əqdlərin etibarsızlığına dəlalət edilə biləcək hər hansı bir hal mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1-ci maddələrinə düzgün istinad etsə də, həmin normaları düzgün şərh etməmişdir. Həmin normalara əsasən iddiaçılar iddialarında haqlı olmalarını və iddialarının təmin olunması anlamına gəlir. Mülki Məcəllənin 1243.1, 1243.2 və 1255-ci maddələri düzgün tətbiq edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi həmin normalara əsasən işin faktiki hallarına əsaslanmaqla iddia təmin olunmalı idi. Lakin məhkəmə şikayətin 5-ci bəndində göstərilənlərin ziddinə işin hallarına uyğun olmayan obyektiv olmayan nəticəyə gəlmişdir. Mülki Məcəllənin 1202.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Ona görə ki, mülki işdə iddiaçıların vərəsəlikdən imtina etməsinə və ya vaxtında mirası qəbul etməmələrinə dəlalət edən hər hansı bir sübut olmamışdır. Hesab edirik ki, miras əmlakın bir hissəsi vərəsələr arasında razılaşmaqla bölüşdürüldüyündən Mülki Məcəllənin 1274, 1276, 1281-ci maddələri tətbiq edilməli idi. Lakin məhkəmə iş üzrə həqiqəti özündə əks etdirməyən nəticəyə gəldiyi üçün bu normalara isnad etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İş üzrə Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
17. İşdə iştirak edən digər şəxslər, o cümlədən apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş digər vərəsələr məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə qətnamə iddiaçılar tərəfindən mübahisələndirildiyindən və iddia tələbi rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 X1 xx.xx.2017-ci il tarixdə ölümündən sonra miras qalmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və cavabdehlər Cavabdeh2, Cavabdeh3, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X9, X7, X6, X3, X10 mərhumun övladlarıdır. Vərəsələrdən Cavabdeh3 xx.xx.2021-ci il tarixdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə notarius tərəfindən yalnız ona miras mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mübahisəli mənzil üzərində Cavabdeh3 tam mülkiyyət hüququ qeydə alınmışdır. Halbuki, 26 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olduğu kimi, həmin vaxt digər vərəsələrin də mövcud olması notariusa bəlli olmuşdur. Lakin notarius digər vərəsələrin mövcudluğunu nəzərə almadan miras mənzilə dair yalnız bir vərəsəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Nəticədə digər vərəsələr miras payından məhrum olmuşlar. Sonradan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsa da, yenə də notarius tərəfindən digər vərəsələrin mövcudluğu nəzərə alınmamış və bu dəfə yalnız iki nəfərə - Dagbəyi və Cavabdeh2lara mirasdan hər birinin ½ hissədə pay almalarına dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Nəticədə miras mənzil üzərində onların bərabər paylarla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
24. Məhkəmə kollegiyasının qənaətinə görə notarius tərəfindən yalnız iki vərəsənin miras mənzil üzərində pay hüquqları olmasının təsbit edilməsi ilə miras qoyanın digər vərəsələrinin vərəsəlik hüquqları pozulmuşdur. Notarius xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən digər vərəsələrin də mövcudluğunu nəzərə almalı idi. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsi də notarisdan məhz bunu tələb edir. Həmin maddəyə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə məlumat verməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinin tələbinə görə də açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
25. Mirasın digər vərəsələr tərəfindən qəbul olunub-olunmaması məzələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına uyğun həll olunmalıdır. Bu qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
26. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
27. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
28. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən qərarında qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.
29. İşin müəyyən edilmiş hallarından görünür ki, miras mənzilə dair vərəsəlik işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsi həmin vaxt məhkəmənin icraatında olmuş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən apellyasiya şikayətindən imtina olunduğuna görə apellyasiya icraatına xitam verilmişdir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin miras əmlak barədə susması onların mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Adı çəkilən şəxslər miras qoyanın binci növbədə vərəsələridir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1559.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar:
32. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilməli və X1 ölümündən sonra qalmış miras əmlakdan onun bütün vərəsələrinin pay almaq hüququ təmin olunmalıdır. Apellyasiya baxışı zamanı miras qoyanın digər övladları olan X9, X7, X6, X3, X10 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş olsalar da, onlar məhkəməyə gəlmədiklərindən onların şəxsiyyətlərini, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlərin nəzərdən keçirilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hazırkı iş üzrə çıxarılan qətnamə ilə bütün vərəsələr arasında pay bölgüsü aparılmasını mümkün saymır və hesab edir ki, həmin məsələ vərəsəlik işinin icraatında olduğu notariat ofisi tərəfindən həll olunmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (maddə 390).
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-5 nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-12 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil (Yeni qaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 58, M1, m3) barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazıları və çıxarışlar ləğv edilsin. X1 qanun üzrə birinci növbədə vərəsə olan bütün övladlarına mirasdan bərabər pay verilməsinin rəsmiləşdirilməsi, yəni onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 26 saylı notariat ofisinə həvalə olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.