Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4497/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1871/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı Şəhər Nizami RPİ Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvana dair Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən aparılmış yaşayış yeri üzrə qeydiyyatının etibarsız hesab edilməsi, cavabdehin iki azyaşlı uşağı X3 və X1 rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı ünvana yaşayış hüququ tanınmaqla qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir(iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1871/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili F.Mehdiyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Xanlarov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, cavabdeh onlara qeydiyyatla bağlı müraciət etmiş, əməkdaşları onun sənədlərində qüsur olmasını nəzərə almamış, həmin ünvanda qeydiyyatını aparmış, sonradan isə onlara məlum olmuşdur ki, qeydiyyatın aparılması qanunsuz olmuşdur. Bu səbəbdən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh öz azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin QMB-nə müraciət etmişdir, əməkdaşları onun qeydiyyatını aparmış, lakin, sonradan cavabdehə məxsus sənədlər polis idarəsində yerləşən arxivə təhvil verilərkən həmin sənədlər şübhə doğurmuş və tərəflərindən aparılmış daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş “eskiz layihə” sənədi Nizami rayonu X4 tərəfindən qeydiyyatdan keçməmişdir. Həmçinin yoxlama zamanı Cavabdeh Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanına deyil, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı ünvana köçürülməsi barədə ünvan 519-cu il tarixli və Bakı Apellyasiya məhkəməsinin 2(103)-8346/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsi mövcuddur. Son araşdırma zamanı məlum olmuşdur ki, ümumiyyətlə ünvan 1 ünvan mövcud deyildir, aşkar olunmuş həmin pozuntunun aradan qaldırılması üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, cavadehin yaşayış yeri üzrə qeydiyyat barədə aktı qəbul etmiş iddiaçı sonradan araşdırma nəticəsində pozuntunu- qanunsuz aktın qəbul olunduğunu aşkar etmiş, lakin həmin pozuntunu aradan qaldırmaq üçün müvafiq diskresion səlahiyyətlərə malik olduğu halda, həmin səlahiyyətlərindən istifadə etməmiş, əvəzində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il Qərarın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 14 iyun 1996-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2-1-ci bəndinə əsasən, həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinin inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsində isə göstərilir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən... ləğv oluna bilər. Belə olan halda, Məhkəmə kollegiyası bildirir ki, hər hansı şəxsin qeydiyyatının aparılması barədə qanun pozuntusu ilə qəbul olunmuş-qanunsuz aktın ləğv edilməsi ilə bağlı “İnzibati icraat haqqında” qanunun tələblərinə əsasən iddiaçı özü tam səlahiyyətlidir və mübahisələndirilən pozuntunu da məhz həmin qanuna müvafiq qaydada həll etməlidir. Bu səbəbdən də iddiaçının hazırkı tələbinə məhkəmə qaydasında baxılmalı olmadığından, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda da şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması barədə qanunsuz aktın həmin qeydiyyatı aparan inzibati orqan (və ya subordinasiya baxımından yuxarı inzibati orqan) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci və 67.2-ci maddələrinin tələblərinə əsasən həll edilməli olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1871/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması barədə qanunsuz aktın həmin qeydiyyatı aparan inzibati orqan (və ya subordinasiya baxımından yuxarı inzibati orqan) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun (67.1-ci və 67.2-ci maddələrinin) tələblərinə əsasən həll edilməli olması iddiaçıya izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4497/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4497/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver