Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4502/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «fərdi yaşayış evinin qazlaşdırılması və abonent kodunun verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 686 №-li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X4 Biləcəri qəsəbəsi ərazisində uzun müddət bağbostan kimi istifadə etdiyi sahə fərdi yaşayış evi tikintisi üçün ona ayrılmışdır.
2. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 358 №-li, xx.xx.2002-ci il tarixli sərəncamına əsasən İddiaçı Biləcəri qəsəbəsi ərazisində uzun müddət bağ-bostan kimi istifadə etdiyi torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün ona ayrılmışdır.
3. Cavabdeh İddiaçı sorğusuna cavab olan 14-2-2/3-11-30130/2023 saylı, 26 sentyabr 2023cü il tarixli məktubunda 40.437731_49.785498 kordinatlarda olan qazlaşdırılması xahiş edilmiş torpaq sahəsinin sənaye təyinatlı ərazilərə aid olmasına görə, sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, həmin tikilinin qazlaşdırılmasının səlahiyyətləri xaricində olması, tikiliyə və ya onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət sənədləri mövcuddursa həmin sənədlərin surəti əlavə olunmaqla SOCAR-ın Baş ofisinə müraciət etmək bildirilmişdir.
4. Cavabdeh İistehsalat Birliyinin İddiaçı sorğusuna cavab olan 14-2-2/2-S-5019-5/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli məktubunda sənaye təyinatlı ərazilərdə yerləşməklə yanaşı, yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşdırılması aparıldığı, “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən, 2023-cü ilin oktyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasının qadağan edildiyi bildirilimişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdehnə qarşı cavabdehə öhdəliyin həvalə edilməsi barədə iddia ərizəsi, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və abonent kodunun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, Konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulmuşdur. 2012-2016-cı illərdə evin tikintisini həyata keçirib. Əvvəllər evinin qazlaşdırılmasına ehtiyacı olmayıb. 2020-ci ildən başlayaraq "xxxx" ASC və "xxxx" ASC-yə müraiət edib və onlar tərəfindən evinə sayğac quraşdırılıb. Lakin Cavabdeh ASC-yə müraciət edən zaman ona imtina gəlmişdir. Həmin həyətdə iki tikili mövcuddur. Onlardan biri anasına aiddir. Eyni həyətdə evlərdən biri qazlaşdırılıb, lakin digəri qazlaşdırılmayıb. Müraciət edən zaman qonşuluqdakı evlər olmayıb, lakin hazırda o evlər də qazlaşdırılıb.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və İddiaçı adına abonent kodunun verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi; Cavabdehndən 100 (yüz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki işin mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 686 №-li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X5 Binəqədi qəsəbəsi ərazisində uzun müddət bağ-bostan kimi istifadə etdiyi sahə fərdi yaşayış evi tikintisi üçün ona ayrılmışdır. Eyni zamanda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 tərəfindən verilmiş İddiaçı adına xx.xx.2002-ci il tarixli, **********000:11816555 №-li abonent kartı, "xxxx" ASC tərəfindən verilmiş 10/807 №-li, xx.xx.2023-cü il tarixli istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər, "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus **********10692 №-li abonent haqqında çıxarış mövcuddur. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə yaşayış evinin qazlaşdırılması ilə bağlı Dövlət Neft Şirkətinə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş 14-2-2/3-11-30130/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məlumata əsasən, 40.437731_49.785498 kordinatlarda olan qazlaşdırılması xahiş edilmiş torpaq sahəsinin sənaye təyinatlı ərazilərə aid olmasına görə, sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, həmin tikilinin səlahiyyətləri xaricində olması bildirilmişdir. Daha sonra iddiaçı təkrar xx.xx.2024-cü il tarixdə SOCAR-a müraciət edərək fərdi yaşayış evinə sayğac qoyulmasını xahiş etmişdir. Lakin Cavabdeh İB tərəfindən verilmiş 14-2-2/2- S-5019-5/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məlumata əsasən, sənaye təyinatlı ərazilərdə yerləşməklə yanaşı, yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşdırılmasının aparılması bildirilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı sözügedən fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2002-ci ildən icazə almış, həmin torpaqda fərdi yaşayış evi tikmiş və fasiləsiz və mübahisəsiz olaraq orada yaşamaqdadır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı müxtəlif tarixlərdə qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin hər iki halda müxtəlif əsaslarla iddiaçının qazlaşdırma ilə bağlı ərizəsi təmin edilməmişdir. Cavabdehin xx.xx.2024-cü ildə “müraciətə baxılma ilə bağlı” cavab məktubunda Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə edilmiş 10- 1-ci maddəsinə istinad edilərək ərizəsi təmin edilməmişdir. Lakin cavabdeh tərəf iddiaçının qazlaşdırma ilə bağlı xx.xx.2023-cü il tarixli daha əvvəlki imtinanı torpaq sahəsinin təyinatınını sənaye təyinatı olduğuna istinad edərək imtina etməsinə heç bir aydınlıq gətirməmişdir. Eyni zamanda qeyd edilən torpaqda iki tikilinin olması, birinin qazlaşdırıldığı da müəyyən edilir. Eyni torpaqda iki tikilinin tikilməsi, (§8, §9) iddiaçının onları uzun müddət işıq, su ilə təchiz edərək, orada mübahisəsiz şəkildə yaşaması və evlərdən birinin qazla təchiz olunması ilkin müraciət zamanı imtina üçün əsasın qanuni və əsaslı olmasını şübhə altına alır. İkinci müraciət zamanı isə iddiaçının daha əvvəllər də müraciət etməsi halı nəzərə alınmamış bununla bağlı cavabdeh tərəf hər hansı mövqe bildirməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Eyni zamanda, iddiaçının ikinci müraciəti zamanı cavabdeh tərəfdən imtina üçün istinad edilən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1ci maddəsinə hazırki mübahisəyə hüquqi qiymət verərkən iki mərhələli yoxlama tətbiq edilməli, ilkin olaraq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məzmunundan görünür ki, 2023-cü il oktyabrın 1-dən özbaşına tikililərdə əhalinin qazlaşdırılması qadağan edən normanın publik hüquq münasibətləri kontekstində təhlili aparılmalı, daha sonra isə məsələyə mülki hüquqi konteksdə qiymət verilməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflərdən biri istehlakçı (qaz istehlakçısı), digər tərəf isə alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qaz paylayıcısıdır. Qaz paylayıcısının ikinci imtinasının əsası isə publik norma ilə qaz paylayıcısına mülki müqavilənin bağlanmasına qoyulmuş qadağa dayanır. Məhkəmə araşdırması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu maddə 2023- cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. (§18) Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində qeyd edilir ki, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir. (§19) Mütənasiblik prinsipi publik hüquq normasında fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Eyni zamanda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1- dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzuznmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırmı; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektiv həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı işi üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Bununla belə, AİHM bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında AİHM qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. AİHM presendentlərində formalaşmış hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). (03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhkəmə qazlaşdırılması xahiş edilən evin hüquqi statusu, mülkiyyətdə olub-olmaması ilə bağlı hər hansı mövqe bildirmir. Belə ki, bu məsələ hazırki iddia tələbinin əhatə dairəsinə daxil deyil və məhkəmə iddia tələbindən kənara çıxmaqda səlahiyyətli deyil. Qaz, su, işıqla bağlı istehlakçı hüquqları Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. (§24) Cavabdeh qaz satışı üzrə bazarda tutduğu mövqe heç kimdə şübhə doğurmur. AİHM bir sıra qərarlarında vətəndaşların suya, elektirk enerjisinə əlçatanlığı məsələsi Konvesiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olması ilə bağlı mövqe irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Layiqli həyat səviyyəsinin bir sıra komponentləri mövcuddur ki, bunların sırasına suya, işığa, o cümlədən qaz istehsalı və təchizatı sahəsində ixtisaslaşmış olan Azərbaycan dövlətinin vətəndaşlarının qazdan istifadəyə əlçatanlığının təmin edilməsidir. AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, bir şəxsin yaşayış şəraitinin Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olub-olmaması məsələsinə gəldikdə, hakimiyyətin hərəkətləri nəticəsində yaranan ərizəçilərin sıx və antisanitar yaşayış şəraiti Konvensiyanın 8-ci maddəsinə tabedir, habelə ərizəçilərin şəxsi və ailə həyatına, eləcə də evlərinə hörmət etmək Konvensiyanın 8-ci maddəsində qeyd edilən hüquqların əhatə dairəsinə düşür. Belə ki, AİHM-nin Xudoroviç və digərlərinin Sloveniyaya qarşı (xx/xx/2020) işində qeyd edilir ki, “Ərizəçilərin təhlükəsiz içməli suya çıxış şikayətinə gəldikdə, Avropa Məhkəməsi suyun çirklənməsi nəticəsində yaranan sağlamlıq və ətraf mühit riskləri ilə bağlı presedent təcrübəsini də nəzərə alaraq bildirir ki, məhkəmə, artıq çirklənmiş su mənbələri ilə əlaqəli faktiki və ya potensial risklər və onların insanın şəxsi həyatı və evi ilə əlaqələri barədə mühakimə yürütmək imkanına malik olub. "Dubetskaya və başqaları Ukraynaya qarşı" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) və "Jemyuk və Ukrayna" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) 42488/02, 77- 84, 4 sentyabr 2014-cü il), ərizəçilərin sağlamlığına faktiki ziyan vurduğuna dair birbaşa sübut olmadıqda belə, AİHM müvafiq ərizəçilərin sözügedən suyun çirklənməsindən əziyyət çəkə biləcəyini etiraf etmişdir. Bundan əlavə, baxılan ekoloji problemlərə nəzər yetirdikdən sonra AİHM, ərizəçilərin sağlamlıq riskinin artması, Konvensiyanın 8-ci maddəsinin tətbiqinə səbəb olmaq üçün kifayət qədər şiddətə çatan şəxsi həyatlarına və evlərinə müdaxilə olduğu qənaətinə gəlmiş və “Dubetskaya və başqaları Ukraynaya qarşı" və "Jemyuk Ukraynaya qarşı " işlərində məhkəmə təmiz su mənbələrinə çıxış və insan sağlamlığı arasında birbaşa əlaqəni tanımışdı”. Məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının 2002-ci ildən həmin torpaqda fərdi yaşayış evinə tikintiyə icazənin alması, 2014-2016-ci illər arasında evin tikintisini başa çatdırması, suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnu məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrı-seçkiliyə, hüquqdan suiistifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərib ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivində yerləşən iddiaçıya məxsus torpaq sahəsi sənaye təyinatlıdır və qanunvericliyə uyğun olaraq mənzilə dair sənəd yoxdur (çıxarış). Qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır”. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, qeyd olunan məhkəmə mübahisəsi getdiyi anda və qərar çıxarılarkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 10-1 bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qərar qəbul etmişdir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan və sənaye təyinatlı torpaqdan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir. Bununla bağlı vətəndaşa 4-2-2/3-11-30130/2023 saylı və 4-2- 2/2-S-5019-5/2024 məktublarla cavab verilmiş və qeyd olunanlar ətraflı izah edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 149, İ hissə. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Maddə 149, İİİ hissə. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Maddə 149, Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
12. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu:
Maddə 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Maddə 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Maddə 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Maddə 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Maddə 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 22. Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. Maddə 23.4 Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur Maddə 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13.10-1(2023-cü il oktyabr ayının 1-dən qüvvədədir).Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
16. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
26. Əvvəla, apellyasiya şikayətində göstərilən dəlillər iddiaçının fərdi yaşayış evinin qazlaşdırılmasına dair müraciətindən imtina olunmasına dair dəlillərlə eyni olduğundan, birinci instansiya məhkəməsi tərəfindən də bu hallar üzrə ətraflı və mükəmməl hüquqi dəyərləndirmə aparılıb. Lakin cavabdeh qurum yenədə iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı və sənədi(çıxarışı) olmadığını bəyan edərək iddianın təmin edilməsinə etiraz edir. Qeyd olunan evin sənaye təyinatlı torpaq sahəsində inşa edilməsi belə, cavabdehə bu əsasla iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas vermirdi. Çünki cavabdeh fərdi yaşayış evlərinin hansı kateqoriyalı torpaqlarda inşa edilməli olduğuna nəzarət edən təşkilat sayılmır. Bundan əlavə, sözügedən fərdi yaşayış evinin “sənədinin”(çıxarışın)olmaması da cavabdehə qazlaşdırmadan imtina üçün əsas verə bilməzdi. Çünki cavabdeh daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alan yaxud buna nəzarət edən orqan da deyil. Ən azından ona qanunvericiliklə belə bir səlahiyyət verilməyib. Əks halda özü respublika ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında nəinki sənaye təyinatlı, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz inşa edilmiş və qeydə alınmamış on minlərlə özbaşına tikililərin qazlaşdırılmasından imtina etməli idi. Ancaq hamıya məlum olan haldır ki, əksər hallarda bundan imtina olunmayıb, əksinə həm sənaye və kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş, həm də daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmamış tikililər qaz təminatı ilə təchiz edilib. Demək ki, cavabdehin iddiaçıya qarşı bu cür münasibəti açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşımışdır.
27. Bununla yanaşı, qeyd olunan torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün buna qanunla səlahiyyət verilmiş, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 358 №-li, xx.xx.2002-ci il tarixli sərəncamına əsasən ayrılmış və cizgi planı tərtib və təsdiq edilməklə tikintisinə icazə verilmişdir(i.v.8-9). Demək ki, torpaq sahəsi sənaye təyinatlı olsa belə həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına icazəni qanunla səlahiyyət vermiş rəsmi dövlət orqanı icazə verib və bu icazəni(sərəncamı) də bu günə qədər mübahisələndirən olmayıb.
28. Bunlardan əlavə, fərdi yaşayış evinin 2012-2016-cı illərdə inşa edilib başa çatdığı və uzun illər ərzində yaşayış sahəsi kimi istifadə olunduğu işin mübahisəsiz halıdır. Bunu cavabdeh də mübahisələndirmir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10- 1-ci hissə əlavə edilməsi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi üçün bu maddənin 2023- cü il oktyabr ayının 1-dən əvvəl qanuni əsaslarla tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilməsi artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusən də fərdi yaşayış evlərinə münasibətdə tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun deyildir. Çünki qeyd olunan normaya əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Göründüyü kimi, cavabdeh qurumun “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-ci maddəsinə istinad edib qazlaşdırmadan imtina etməsi də əsaslı olmamışdır.
29. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2119/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.