Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4503/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nə qarşı “adının problemli kredit ödəyicisi kimi MKR-dən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illərdir banklarla əməkdaşlıq eetdiyini, ehtiyacı olduqda Cavabdehdan, “Kapital Bank”dan kreditlər götürüb borcunu vaxtı-vaxtında ödədiyini, 30 oktyabr 2014-cü il tarixdə Cavabdehdan götürdüyü krediti tam ödəmiş olmasına baxmayaraq hansısa yalnışlıq səbəbindən banka 74,63 manat əsas, 64,59 manat cərimə borcunun, ümumilikdə isə 139,22 manat borc öhdəliyinin mövcud olduğunun göstərildiyini, bu borcla bağlı ona vaxtında heç bir məlumat verilmədiyini və xəbərdarlıq olunmadığını, məlumat verilsə idi, məsələni araşdırı borcu olduğu təqdirdə onu ödəyəcəyini, hazırda da həmin borcu ödəməkdən imtina etmədiyini, lakin günahı olmadığı halda adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirimiş Kredit Reyestrinə salındığını, nəticədə ehtiyacı olduqda banklardan kredit ala bilmədiyini və hüquqlarının pozulduğunu bildirmiş, buna görə də adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirimiş Kredit Reyestrindən (MKR) çıxarılması vəzifəsinin Fonda həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının vəsatəti əsasında Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh qismində ləğv prosesində olan Cavabdeh ASC ilə əvəz edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə isə iddia tələbi təmin olunmuşdur. Qətnamədən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçının iddia qaldırdığı tarixdə banka ümumilikdə 139,22 manat borcu olmuş, iddia ərizəsində iddiaçı özü də bunu etiraf etmiş, lakin məhkəmə bu halı nəzərə almadan və onun sözügedən borcu iddia qaldırdıqdan sonra ödədiyinə əhəmiyyət vermədən qanunsuz qərar çıxarmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış Əmanətlərin Sığortalanması Fondunun (Cavabdeh ASC-nin) nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Cavabdeh ASC (bank) ilə İddiaçı arasında 30.10.2014-cü il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 27% ödəməsi şərtilə 36 ay müddətinə 300 manat kredit verilmiş, bank tərəfindən İddiaçı ünvanlanmış 16.07.2019-cu il tarixli məktubda onun həmin müqavilə üzrə 11 iyul 2019-cu il tarixinə 74,63 (yetmiş dörd manat 63 qəpik) manat əsas, 64,59 (altmış dörd manat 59 qəpik) manat cərimə olmaqla cəmi 139,22 (bir yüz otuz doqquz manat 22 qəpik) manat borcunun olduğu göstərilmiş, “xxxx” MMC-nin verdiyi çıxarışda İddiaçı Cavabdeh ASC-yə 30.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 74,63 manat əsas, 113,41 manat faiz borcunun qaldığı əksini tapmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı, birinci instansiya məhkəməsindəki icraat dövründə Cavabdeh ASC-nin hesabına 192,71 manat ödəniş həyata keçirmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İddiaçının adının borclu müştəri kimi Mərkəzləşdirimiş Kredit Reyestrinə salınmasına əsas təşkil edən borc məbləğinin artıq ödənilmiş olmasını nəzərə alan kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyatorun davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3305/2020 saylı iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4503/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4503/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver