Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4506/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-295/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat
1. İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 250 ünvanda inşa edilən qanunsuz tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 21.01.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 250 A ünvanında inşa edilən qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 254 ünvanında cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Şəhəri Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-295/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
6. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia MPM-in tələbləri pozulmaqla verilmişdir. Digər tərəfdən qarşılıqlı iddiada göstərilən əsaslar üzrə iddia qaldırmaq üçün Cavabdeh heç bir subyektiv hüquqa malik deyil.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Cavabdehin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsini bu vaxta qədər rəsmən almamışdır. Daha sonra, məhkəmənin ilk hazırlıq iclasında məhkəmə ekspertizası təyin edilmiş və bu vaxta qədər işin icraatı dayandırılmışdır. İşin icraatı dayandırıldığı dövrdə isə qarşılıqlı iddianın verilməsi mümkün olmazdı. Bu müddət əzrində tərəfindən müəyyən edilmişdir ki, qarşı tərəf müvafiq normativ hüquqi aktların tələblərini pozaraq evini yoldan 1-2 metr enində məsafədə tikmişdir. Habelə, cavabdeh evindən həmin 1-2 metrlik mühafizə zolağına pilləkən nərdivanı çıxararaq daha da irəli getmişdir. Bu halı müvafiq mütəxəsislərin iştirakı ilə işin icraatı dayandırıldığı dövrdə müəyyən edildiyindən qarşılıqlı iddia tələbi də hazırkı dövrdə verilmişdir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili şikayətə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 295/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
12. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-295/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İşdən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
15. Belə ki, cavabdeh şikayətində iddia ərizəsinin ona təqdim edilmədiyini bildirsə də, işdən görünür ki, xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
16. Bundan sonra xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmiş, hətta iddiaya qarşı yazılı etiraz və iş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla ekspertiza təyin edildikdən sonra da məhkəməyə ərizə ünvanlamışdır.
17. Buna baxmayaraq cavabdehin vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilərkən ara məsafəsinin pozulması ilə bağlıdır. Qarşılıqlı iddia üzrə tələb isə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) tərəfindən fərdi yaşayış evi inşa edilərkən yerli əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağının pozulması ilə bağlıdır.
19. İşdə olan sənədlərdən görünür ki, iddiaçının fərdi yaşayış evi məhkəmədə icraat başlamamışdan xeyli müddət əvvəl - xx.xx.2022-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, qarşılıqlı iddianın verilməsi üçün əsasların sonradan əmələ gəldiyi barədə cavabdeh tərəfin dəlilini məhkəmə kollegiyası əsaslı saymır.
20. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliklə mülki işlərin baxılması və həll edilməsi müddətləri müəyyən edilmişdir. Ona görə də tərəflər öz prosessual hüquqlarından elə istifadə etməlidirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işə baxılsın və müvafiq məhkəmə aktı qəbul edilsin.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-295/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.