Məhkəmə qərarları › İş №2(103)-4510/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4510/2020

02.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4510/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Samir İsmayılovun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pulun tutulması tələbinə dair 2(006)-5359/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 160000 manat borc və 3200 manat dəbbə pulu olmaqla, 163200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, formal xarakter daşıyan xx.xx.2013cü il tarixli kredit müqaviləsi bağlananda pul verilməyibdir. Daha əvvəl verilən borcları rəsmiləşdirmək üçün müqavilə bağlanıb. Tələb edilən məbləğ şişirdilib. Təxmini 70000 manat məbləğində verilən borcu cavabdeh geri qaytarıb. Formal xarakter daşıyan müqavilə bağlandığı zaman tərəflər arasında borc münasibəti mövcud olmayıb. Bundan başqa, müqavilə 2013-cü ildə bağlandığından iş üzrə iddia müddəti ötürülüb. xx.xx.2016cı il tarixdə edilmiş ödəniş başqa borca müqaviləsi üzrə həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, işdə olan sadə yazılı hesablaşmalara əsasən, cəmi hesablanmış 61419,79 manat borcun cavabdehin iddiaçıya ödədiyini təsdiqləyirlər. Cavabdeh ididaçıya daha çox ödəniş etmişdir, lakin bu halı təsdiqləyən sübut təqdim edə bilmirlər. Cavabdehin vəkili şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin borcu əslində 172000 manat olsa da, aralarında başlanmış müqavilədə 162000 manat göstərmişlər və cavabdehin ona etdiyi ödənişlərin hamısı onlar arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə həyata keçirilmişdir. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxlsəri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2013cü il tarixli kredit müqaviləsinə əsasən, Şəhla İslamova 5 ay müddətinə, xx.xx.2014-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı 160000 manat borc almışdır. Yasamal RPİ İŞ tərəfindən İddiaçı şikayət ərizəsi əsasında 470/14 saylı material toplanmış, müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, Sadıqova X1 Şəhla Baba qızına qazanc əldə etmək üçün pul, başqa əşyalar vermişdir. Şöbənin müstəntiqi, polis mayoru Əli Babayev ərizə əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2013, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə sadə formada tərtib olunmuş hesabatların əlyazma və qəbzlər əsasında pul və qızıl-zinət əşyaları ilə cəmi 61419,79 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445 və 448.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, 98580,30 manat pulun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin qarşısındakı müqavilə öhdəliyi üzrə iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, cavabdeh tələbə etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiq edilməli olduğunu bildirsə də, mülki qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2016-cı ildə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən iddia müddətinin axımı kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən başlanmışdır. Bununla yanaşı, cavabdehin həmin tarixdə etdiyi ödənişin iddiaçı qarşısında başqa öhdəliyə aid olduğunu təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5359/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar