Məhkəmə qərarları › İş №2(103)-4514/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4514/2022

01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4514/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı, 05 may 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Hüseynova (Süleymanova) Şəbinə Yaşar qızı 29 aprel 2022-ci il tarixdə apelyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı, 05 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Süleymanova) Şəbinə Yaşar qızı tərəfindən apelyasiya şikayəti vermək üçün müəyyən olunmuş müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı ləğv prosesində olan QSC “Bank Standard" KB tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(011)-3996/2014 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı 20 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3996/2014 saylı, 05 may 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət poç vasitəsi ilə göndərilmiş və apellyasiya şikayəti 20 may 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 -ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı, 05 may 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün hesab edilməli və şikayət iddiaçıya qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 saylı, 05 may 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-yə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar