Məhkəmə qərarları › İş №2(103)-4516/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4516/2022

10.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4516/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları, cehiz əmlak və birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(010)-1875/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əmlakı olan 4500 manata alınmış bir ədəd komplektin (komplektə daxildir bir ədəd 750 əyar qızıl boyunbağı, brilyant qaşlı kulon, bir ədəd 750 əyar qızıl üzük, 750 əyar qızıl bilərzik, 750 əyar bir cüt qızıl sırğalar), cehiz əşyalarının (yataq mebeli 3500 manat, tək divan 1000 manat, stol və stul (6 ədəd) 1200 manat, tozsoran 350 manat, soyuducu Bosch 1000 manat, paltaryuyan 800 manat, elektrik süpürgəsi 100 manat, sokçəkən 150 manat, toster 100 manat, çay servisi (“Karaca”) 240 manat, yemək servisi (12 nəfərlik) 200 manat, yemək servisi (24 nəfərlik) 300 manat, xrustal stəkan (24 ədəd) 240 manat, nəlbəki (24 ədəd) 150 manat, razetka (24 ədəd) 80 manat, xrustal bakal (12 ədəd) 120 manat, nazik bakal (12 ədəd) 240 manat, qaşıq, çəngəl, çay qaşığı dəsti (12 nəfər) 250 manat, meyvə qabları 200 manat, qənd və konfet qabı 200 manat, fil fiqur 50 manat, güldan (3 ədəd) 350 manat, dəsmallar 80 manat, yataq örtüyü (qış) 200 manat, yataq örtüyü (yay) 80 manat, adyal (sarı-qara zolaqlı) 50 manat, yorğan-döşək-dörd balış 150 manat, qədimi xalça, iki ədəd balaca xalça 300 manat, padnoslar 200 manat ona qaytarılması, Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış massivi, bina 9A, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 42.56 kv.m olan 17 saylı, bir otaqlı mənzilin dəyərindən 21240 manatın onun payı olması və 2018-ci ildə Cavabdeh adına alınmış 2012-ci il buraxılışlı, “Hyundai Elantra” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin 1/2 hissəsinə payının müəyyən edilməsi, paylara münasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikah bağlamaqla evlənmiş, birgə nikahdan xx.xx.2016-cı ildə oğlumuz X1 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Ailə qurduqdan sonra cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, mənzil 77-də yaşamış, 2016-cı ilin may ayında köçmüşlər. Nişanlı olan zaman cavabdehin adına ********* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “X6” MMC tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış massivi, bina 9A, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 42.56 kv.m olan 17 saylı bir otaqlı mənzil, hər kv.m 1050 manatdan olmaqla, ümumi dəyəri 44688 manata alınmışdır. Həmin mənzilə ilkin ödəniş olaraq 11172 manat ödənilmişdir. "xxxx" ilə 15 avqust 2014-cü il tarixdə 2-xx-xx-2014-AA nömrəli təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) bağlanmış, illik 10% olmaqla 33516 manat kredit götürülmüşdür. Bununla bağlı zaminlik müqaviləsi bağlanmışdır. 2014cü ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına kimi aylıq ödənişin 50%, yəni 240 manat olmaqla, cəmi 9840 manat pul onun valideynləri tərəfindən ödənilmişdir. Faktiki olaraq 26 iyun 2020-ci il tarixdə evdən çıxmış, həmin vaxta qədər cavabdehlə bir yerdə yaşamışlar. Bu müddətdə də kredit ödənilmişdir. Birgə nikah dövründə 11400 manat kredit ödəmişlər. Valideynləri tərəfindən isə 9840 manat ödənilmişdir. Nikaha daxil olan zaman cavabdehin özü və valideynləri tərəfindən toy zamanı alınan komplekt də hal-hazırda cavabdehdədir. Həmin qızıl-ziynət əşyaları qayınanası və baldızı ilə birlikdə “Laçın” Ticarət Mərkəzindən almışlar, ona həmin vaxt 4500 manata bir komplekt (komplektə daxildir: bir ədəd 750 əyar qızıl boyunbağı, brilyant qaşlı kulon, bir ədəd 750 əyar qızıl üzük, 750 əyar qızıl bilərzik, 750 əyar bir cüt qızıl sırğalar) alınmışdır. 2020-ci ilin iyun ayının 2-də oğlu Cavidan “Covid 19” virusuna yoluxmuş, buna görə oğlu ilə “Atletlər kəndi”nə karantinə yerləşdirmişlər. Həmin vaxt nişan üzüyü barmağında idi. 2020-ci ilin iyun ayının 12-də karantindən çıxıb evə gəldikdə gördü ki, komplekti mücrü ilə birlikdə yoxdur. cavabdehdən soruşduqda o dedi ki, qızılları anası aparıb, qayınanası isə dedi ki, evdə evdə adam olmadığı üçün oğurlanmasın deyə götürmüşdür. Oğlu ilə evdə iki həftə də karantində qalmış, bu müddətdə cavabdehlə münasibətləri gərginləşmişdir. Bu səbəbdən 26 iyun 2020-ci il tarixdə anasıgilə getmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, qızıl əşyaları qaytarılmamışdır. Bundan əlavə, ailə quran zaman cehiz əşyaları alınmışdır. Həmin cehiz əşyaları hazırda Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış massivi, bina 9A, 1ci blok, 3-cü mərtəbədə yerləşən 42.56 kv.m olan 17 saylı mənzildədir. Bundan başqa, birgə nikah dövründə, 2018-ci ildə Cavabdeh adına 2012-ci il buraxılışlı, “Hyundai Elantra” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobil alınmışdır. Həmin avtomobilə də onun payı müəyyənləşməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(010)- 1875/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus cehiz əşyaları yataq mebeli, tək divan, stol və stul (6 ədəd), tozsoran, soyuducu “Bosch”, paltaryuyan, elektrik süpürgəsi, sokçəkən, toster, çay servisi (“Karaca”), yemək servisi (12 nəfərlik), yemək servisi (24 nəfərlik), xrustal stəkan (24 ədəd), nəlbəki (24 ədəd), razetka (24 ədəd), xrustal bakal (12 ədəd), nazik bakal (12 ədəd), qaşıq, çəngəl, çay qaşığı dəsti (12 nəfər), meyvə qabları, qənd və konfet qabı, fil fiqur, güldan (3 ədəd), dəsmallar, yataq örtüyü (qış), yataq örtüyü (yay), adyal (sarı-qara zolaqlı), yorğan-döşək-dörd balış, qədimi xalça, iki ədəd balaca xalça, padnosların İddiaçı verilməsi, “Hyundai Elantra minik” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 10000 (on min) manat məbləğində pulun yarısı olan 5000 (beş min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tərəflərin birgə nikah dövründə mənzil kreditinə görə ödənilmiş cəmi 9817 manat məbləğində kredit ödənişlərinin yarısı - 4908.5 (dörd min doqquz yüz səkkiz manat əlli qəpik) məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın mənzil kreditinə görə ödənilmiş 9817 manat məbləğində kredit ödənişlərinin yarısı kimi 4908,50 manatın və avtomobilin dəyərinin yarısı kimi 5000 manatın tutulması hissəsində rədd olunması, cehiz əşyalara münasibətdə isə cavabdehin etiraf etdiyi həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mənzil atasına məxsusdur və kredit ödənişləri də atası tərəfindən aparılmışdır. Avtomobil birgə nikah dövründə alınsa da qət edilmiş dəyəri o həcmdə deyil, alqı-satqı müqaviləsində qeyd olunan qiymətdir. Cehiz əşyalarının sayı və dəyəri şirirdilmişdir, cehiz əşyaları onun etiraf etdiyi həcmdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qiymətləndirmə rəyinin obyektiv olmadığını, baxış keçirilmədiyini qeyd etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, birgə nikahdan bir uşaq doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-173/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 32/21 nömrəli məktubdan görünür ki, Cavabdeh ********* saylı, 15 avqust 2014-cü il tarixli alqısatqı müqaviləsi əsasında 9A binası, 1-ci blok, 3-cü mərtəbədə yerləşən, 1 otaqlı 42.56 kv.m olan 17 saylı mənzili almışdır. Mənzili alarkən dəyərindən 44688 manatdan 11172 manat ilkin ödəniş etmiş, yerdə qalan 33516 manat "xxxx" ASC-yə ödənildiyi üçün MTK-da bu barədə məlumat yoxdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0543 saylı məktubda qeyd edilmişdir ki: “Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1875/2021 saylı müraciətinə və "xxxx" ASC Hüquq Departamentinin xx.xx.2021-ci il tarixli mailinə cavab olaraq bildiririk ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2- 15-08- 2014-AA saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin inşa etdiyi binalardan mənzilin alınması üçün 120 ay müddətinə 33516 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə hazırkı dövrədək cəmi 37899 manat, bundan 20771.38 manat əsas borc; 17127.62 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh xx.xx.2014-cü il tarixli, 2-15-08- 2014-AA saylı kredit müqaviləsi üzrə Bank qarşısında 12744.62 manat əsas borc, 2124 manat faiz borcu, ümumilikdə isə 12765.86 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumatdan aydın olur ki, Cavabdeh “Hyundai Elantra” minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci ildə almış və xx.xx.2020-ci il tarixdə isə X2 10000 (on min) manata satmışdır. xx.xx.2020-ci il tarixdə sonuncu Cavabdeh etibarnamə vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (maddə 33.3). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır. Cavabdeh apelyasiya şikayətində mənzilin atasına məxsus olduğunu və kredit ödənişlərinin də atası tərəfindən ödənildiyini, avtomobilin birgə nikah dövründə alınsa da, dəyərinin qət edilmiş həcmdə olmadığını və cehiz əşyalarının sayı və dəyərinin şişirdildiyini qeyd etmişdir. İş materiallarında olan Bank tərəfindən verilmiş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə mənzil almaq məqsədilə "xxxx" ASC-dən 33516 manat məbləğində kredit götürmüş, xx.xx.2014-cü il tarixdə tərəflər arasında nikah bağlanmış, həmin tarixdən sonra edilən bütün ödənişlərin tarixləri və məbləğlərini göstərən müvafiq hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə həmin dövr üzrə ödənişlərin tərəflərin birgə ailə təsərrüfatı aparması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsini nəzərə alaraq, tərəflərin birgə yaşadıqları mənzilin aylıq kredit ödənişlərinin 2018-ci sentyabr ayından 2020-ci may ayınının əvvəlinədək olan hissəsinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlmişdir. Cavabdeh həmin hissədə qətnamənin ləğv edilməsini tələb edərək, kredit ödənişlərinin atası tərəfindən edildiyini qeyd etmişdir. Lakin qeyd etdiyi halı təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. İş materialları ilə də belə bir hal müəyyən edilməmişdir. Hesabdan çıxarışa əsasən həmin dövr üzrə mənzilə görə cəmi 9817 manat məbləğində ödəniş edildiyindən, məhkəmə haqlı olaraq həmin məbləğinin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Avtomobilə aid hissədə də cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. İşin mübahisəsiz halıdır ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş, 2020-ci ilin avqust ayında isə cavabdeh tərəfindən satılmışdır. Tərəflər isə 2020-ci ilin may ayından etibarən faktiki ayrılmışlar. Belə olan halda iddiaçının avtomobilin satılmasına razılıq verməsi inandırıcı deyil. Cavabdeh avtomobilin dəyərini mübahisələndirsə də, alqı-satqı müqaviləsinə əsasən onun 10000 manata satıldığı müəyyən edildiyindən, həmin məbləğin yarısı iddiaçıya ödənilməlidir. Cehiz əmlak tələbinə aid hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı və cavabdeh arasında iddia tələbinin bu hissəsində qismən razılıq mövcuddur. Belə ki, məhkəmə iclasında izahat verən cavabdeh iddiaçıya məxsus cehiz əşyaların hazırda evdə olduğunu və iddiaçının bu əşyaları istənilən vaxt götürə biləcəyini bildirmişdir. Cavabdehin izahatında etiraf etdiyi kimi, iddiaçıya məxsus bütün cehiz əşyalar hazırda cavabdehin evində olduğundan və cavabdehin bu əşyaları götürülməsinə heç bir etirazı olmadığından bu əşyaların naturada iddiaçıya qaytarılması gözləniləndir. Odur ki, bu əşyaların dəyərinin müəyyən edilməsinə ehtiyac yoxdur. Apelyasiya şikayətində isə cavabdeh göstərmişdir ki, cehiz əşyalarının sayı və dəyəri şirirdilib, cehiz əşyaları onun etiraf etdiyi həcmdədir, lakin, sayı şişirdilmiş əşyalarla bağlı hər hansı məlumat verilməmişdir. Kollegiya hesab edir ki, cehiz əşyalarının sayı və mövcudluğu cavabdeh tərəfindən birinci instansiya məhkəməsində etiraf edildiyindən, həmin hissədə apelyasiya şikayətinin dəlili əsassızdır. Bununla belə, qətnamə icra olunan vaxt həmin əşyalar (onlardan hər hansı biri) mövcud olmazsa, cavabdehdən həmin əmlakın dəyəri alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Bu baxımdan, Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadı ilə tələb edilən cehiz əmlakların ceşidi və hazırki vaxta dəyərinin müəyyən edilməsi məqsədi ilə (aşınma nəzərə alınmaqla) qiymətləndirmə təyin edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 15/0790 saylı qiymətləndirmə hesabatı ilə 2014-cü ildə alınmış əmlakların aşınması nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri cəmi 6345 manat olmaqla, ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilmişdir:

1. yataq mebeli -1400 manat;

2. tək divan – 400 manat;

3. stol və stul (6 ədəd) – 480 manat;

4. tozsoran – 140 manat;

5. soyuducu “Bosch” – 400 manat;

6. mətbəxdə, qonaq və yataq otağında pərdələr - 3 ədəd – 909,6 manat;

7. soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) – 556 manat;

8. paltaryuyan – 320 manat;

9. elektrik süpürgəsi – 40 manat;

10. sokçəkən – 60 manat;

11. toster – 40 manat;

12. çay servisi (“Karaca”) – 96 manat;

13. yemək servisi (12 nəfərlik) – 80 manat;

14. yemək servisi (24 nəfərlik) – 120 manat;

15. xrustal stəkan (24 ədəd) – 96 manat;

16. nəlbəki (24 ədəd) – 60 manat;

17. razetka (24 ədəd) – 32 manat;

18. xrustal bakal (12 ədəd) – 48 manat;

19. nazik bakal (12 ədəd) – 96 manat;

20. qaşıq, çəngəl, çay qaşığı dəsti (12 nəfər) – 100 manat;

21. meyvə qabları – 80 manat;

22. qənd və konfet qabı – 80 manat;

23. fil fiqur – 20 manat;

24. güldan (3 ədəd) – 140 manat;

25. dəsmallar – 140 manat;

26. yataq örtüyü (qış) – 80 manat;

27. yataq örtüyü (yay) – 32 manat;

28. adyal (sarı-qara zolaqlı) – 20 manat;

29. yorğan-döşək-dörd balış – 60 manat;

30. qədimi xalça – 80 manat;

31. iki ədəd balaca xalça – 60 manat;

32. podnoslar – 80 manat. Kollegiya məhkəmənin bu hissədə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, cehiz əmlakları naturada mövcud olmadıqda müəyyən edilmiş dəyəri iddiaçıya qaytarılmalıdır. Əmlakların dəyərinə münasibətdə isə Kollegiya qiymətləndirmə hesabatını obyektiv qəbul edərək, müəyyən edilmiş məbləğləri əsas götürür. Əmlaklar sırasından yalnız dəsmallar iddia tələbində 80 manat dəyərində göstərilsə də, qiymətləndirmə hesabatı ilə 140 manat müəyyən edildiyindən, həmin əmlakın (dəsmalların) dəyəri iddia tələbi həcmində 80 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ə t e t d i:

Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1875/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı məxsus aşağıdakı cehiz əşyaları, naturada olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı ödənilsin:

1. yataq mebeli -1400 manat;

2. tək divan – 400 manat;

3. stol və stul (6 ədəd) – 480 manat;

4. tozsoran – 140 manat;

5. soyuducu “Bosch” – 400 manat;

6. mətbəxdə, qonaq və yataq otağında pərdələr - 3 ədəd – 909,6 manat;

7. soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) – 556 manat;

8. paltaryuyan – 320 manat;

9. elektrik süpürgəsi – 40 manat;

10. sokçəkən – 60 manat;

11. toster – 40 manat;

12. çay servisi (“Karaca”) – 96 manat;

13. yemək servisi (12 nəfərlik) – 80 manat;

14. yemək servisi (24 nəfərlik) – 120 manat;

15. xrustal stəkan (24 ədəd) – 96 manat;

16. nəlbəki (24 ədəd) – 60 manat;

17. razetka (24 ədəd) – 32 manat;

18. xrustal bakal (12 ədəd) – 48 manat;

19. nazik bakal (12 ədəd) – 96 manat;

20. qaşıq, çəngəl, çay qaşığı dəsti (12 nəfər) – 100 manat;

21. meyvə qabları – 80 manat;

22. qənd və konfet qabı – 80 manat;

23. fil fiqur – 20 manat;

24. güldan (3 ədəd) – 140 manat;

25. dəsmallar – 80 manat;

26. yataq örtüyü (qış) – 80 manat;

27. yataq örtüyü (yay) – 32 manat;

28. adyal (sarı-qara zolaqlı) – 20 manat;

29. yorğan-döşək-dörd balış – 60 manat;

30. qədimi xalça – 80 manat;

31. iki ədəd balaca xalça – 60 manat;

32. podnoslar – 80 manat. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar