Məhkəmə qərarları › İş №2(103)-4517/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4517/2022

01.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4517/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Anar Ağayevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC və "xxxx" QSC-yə qarşı “avtomobilin ipotekadan (girovdan) azad edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “Toyota Lexus” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) girovdan azad edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, xx.xx.2007-ci il tarixli, 1316 nömrəli avtomobil krediti və girov (ipoteka) müqaviləsi üzrə həmin avtomobilin ipoteka yüklülüyünə xitam verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Anar Ağayev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Kredit verən Cavabdeh ASC kredit alan İddiaçı 18 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verib. Həmin şəxslərin arasında bu barədə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanıb. Eyni tarixdə eyni şəxslər arasında bağlanmış ipoteka (girov) müqaviləsinə görə İddiaçı məxsus olan avtomobil kreditin qaytarılmasının təminatı üçün bankın xeyrinə ipoteka ilə yüklü edilib. Daha sonra Cavabdeh ASC tələb hüququnu "xxxx" QSC-yə güzəşt edib, bununla da kredit münasibətində hüquq varisliyi baş verib, yəni Cavabdeh ASC-ni "xxxx" QSC əvəz edib. Kreditin qaytarılma müddəti xx.xx.2009-cu ildə başa çatıb. Bu tarixdən 10 il 11 ay sonra – xx.xx.2020-ci ildə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Mülki Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Tələbin icra müddətinin çatmasından 10 il keçib. Ona görə də kreditin qaytarılması tələbi öz qüvvəsini itirib və kredit öhdəliyinə (əsas öhdəliyə) xx.xx.2019-cu ildə müddətin keçməsinə görə xitam verilib. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Ona görə də ipotekaya xx.xx.2019-cu ildə xitam verilib. İpoteka göstərilən əsasla xitam verildiyinə görə məhkəmə başqa əsasla ipotekaya xitam verilməsini qət edə bilməz, məhkəmə ipotekaya xitam verildiyini müəyyənləşdirə (tanıya) bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyndən qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, ipotekaya xitam verildiyini müəyyən edən yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1316 nömrəli ipoteka (girov) müqaviləsi üzrə “Toyota Lexus” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekasına xx.xx.2019-cu il tarixdə xitam verildiyi müəyyən olunsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar