Məhkəmə qərarları › İş №2(103)-4518/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4518/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4518/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e-2(004)- 3244/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh2 və Cavabdeh3 arasında yaxın qohumluq münasibəti olmuşdur.

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20.000 ABŞ dolları borc verdiyini göstərərək həmin borcu qaytarılmasını tələb edir.

3. Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah edilmişdir..

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları pul, Cavabdeh1 6000 ABŞ dolları və 700 manat pul, ödədiyi 244 manat dövlət rüsumu və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 onun keçmiş gəlini, Cavabdeh2 gəlinin bacısı, Cavabdeh1 isə Cavabdeh2 əridir. X4 anası Elmira ilə birlikdə 2018-ci ilin yayında onun yaşadığı ünvan 1 ünvana gəlmişlər. Lalə və Elmira ona bildirmişlər ki, Cavabdeh1la birlikdə bizneslə məşğul olmaq istəyirlər, onlara pul lazımdır, onu da biznes işinə şərik edəcəklər, gəlirləri olacaq və onun qoyduğu sərmayəni qısa müddətdə qaytaracaqlar. Bunun üçün Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dolları lazımdır. Ondan həmin məbləği istəmişlər. Cavabdeh3 onların həqiqətən bizneslə məşğul olduqlarını demişdir. O, onlara inanmış şifahi razılaşma əsasında Laləyə 20000 ABŞ dolları, Elmiraya 10000 ABŞ dollarını pul vermişdir. Lalənin əri Cavabdeh1 2012- 2013-cü ildə ona məxsus olan Sumqayıt şəhərində yerləşən 4 ədəd qarajdan birini dostu üçün almaq istədiyini ona demişdir. Bildirmişdir ki, qarajı satandan sonra ona 13000 ABŞ dolları pul verəcəkdir. Bu söhbətdən sonra Samir qarajı sataraq ona 6000 ABŞ dolları vermişdir və demişdir ki, alıcı pulun qalanını da 5-6 aya verəcək. Aradan xeyli müddət keçməsinə baxmayaraq Samir pulun qalan hissəsini verməmişdir. O, Samirə dəfələrlə zəng edəndən sonra, Samir 1000 manat pulu onun sürücüsü X3 vasitəsilə ona göndərmişdir. Sonradan ona borclu qaldığı 6000 ABŞ dolları və 700 manatı bu günə qədər verməmişdir. Lalə də ondan aldığı 20000 ABŞ dollarını qaytarmaqdan imtina edir. Cavabdehlər onun pullarını mənimsəyərək ona qarşı dələduzluq etmişlər. Lalənin həmin pulları ondan alması barədə Samirin etirafı flaşkarta yazılmışdır. Həmin danışıq zamanı o bildirir ki, 20000 ABŞ dolları ona yox, Laləyə verilib, qarajdan qalan 7.000 ABŞ dolları isə manatla hesablanıb, ondan 1000 manatı ödədiyini, 6000 manat qaldığını bildirir. Onun Samirdə 6000 ABŞ dolları və 700 manat, Lalə və Afaq bacılarında isə 20000 ABŞ dolları pulu qalmışdır. Həmin pulların ona qaytarılması, Samirlə və Lalə ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qaraj üçün ona 14000 manat verdiyini göstərmişdir. Halbuki, Samir ona 14000 manat verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul verdiyinin yalan olduğunu göstərsə də, onun istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini təsdiq etmişdir.

6. Cavabdeh1 iddia ərizəsinə qarşı izahatında qeyd etmişdir Cavabdeh2 onun arvadı, Cavabdeh3 baldızı, İddiaçı isə Cavabdeh3 qaynatasıdır. İddiaçı Sumqayıt Dövlət Universitetinin rektoru işləmişdir. Həmin dövrdə universitetin həyətyanı ərazisində yaşayış binaları və qarajlar tikilirdi. İş adamları MTK rəhbərləri iddiaçını özlərinə şərik götürmüşlər və inşa edilən tikililərin 1/3 hissəsi iddiaçıya çatırdı. O, iddiaçıyla dost olmuşdur. O, bir neçə yaxın qohumuna iddiaçıdan ucuz qiymətə mənzil almış və dəyəri iddiaçıya ödəmişdir. O, 2013-cü ildə iddiaçı dostu üçün bir ədəd qaraj almaq istədiyini bildirmişdir. İddiaçı razı olmuş və ona qiymət deməmiş, neçəyə istəsə ala biləcəyini demişdir. Həmin vaxt şərikləri qarajları təxminən 18000 manata satırdılar. O, iddiaçıya qaraj üçün 16000 manat verməyi düşünmüş və pulu 2-3 il ərzində ödəyəcəyini demişdir. 2013-cü ildən 2016cı ilə kimi 4 dəfəyə 14000 manat pulu iddiaçıya vermişdir. 2017-ci ildə iddiaçı ona bildirmişdir ki, qarajın pulundan 7000 manat ödənilib, 7000 manat qalıb. Onun verdiyi 14000 manatdan 7000 manatını almasını etiraf etməmişdir. O. qaraj alınması üçün 14000 manat pul ödəsə də, qaraj və ya qarajın sənədləri iddiaçı tərəfindən ona təqdim edilməmişdir. O, məhkəmədə qaraj almaq istədiyi dostunun adını “Babayev Yaqub” kimi demişdir ki, iddiaçının buna olan reaksiyasını öyrənsin. Bu səbəbdən iddiaçı "xxxx" MTKdan xx.xx.2023-cü il tarixli arayış alaraq məhkəməyə təqdim etmişdir ki, güya "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qaraj iddiaçının razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satılmışdır. Belə bir arayış verilsə də, qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. Əslində onun Babayev Yaqub adlı dostu yoxdur. Onun qaraj almaq istədiyi dostunun adı X5r. İddiaçı qarajı təhvil vermədiyinə görə, dostu məcbur olaraq xx.xx.2020-ci il tarixdə özü onun vasitəçiliyi olmadan "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı almış və 15.127 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Həmin müqaviləni məhkəməyə sübut kimi təqdim etmişdir. Onun iddiaçıya 6000 ABŞ dolları və 700 manat borcu yoxdur. Əksinə onun ödədiyi 14000 manat pulun əvəzində iddiaçı qarajı ona təhvil verməmiş, onun hesabına varlanmışdır. Həmçinin onun arvadı Cavabdeh2 heç vaxt iddiaçıdan borc istəməmiş və almamışdır. Onun borc almağa ehtiyacı da olmamışdır. İddiaçı onun və arvadı Cavabdeh2 ona borcu olmasına dair məhkəməyə hər hansı bir yazılı sübut təqdim edə bilməmişdir. İddiaçının gəlini Cavabdeh3 əri Emil Qəhramanova qarşı məhkəmədə əmlak bölgüsünə dair iddia qaldırdığına görə, iddiaçı da bu iddianı vermişdir ki, Cavabdeh3 təsir etsin və Cavabdeh3 iddia tələbindən imtina etsin.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 19 sentyabr 2023-cü il tarixli, e-2(004)-3244/2023 nömrəli qətnaməsi ilə (Vahid Hacıyev) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci madələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişlər.

10. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki 2(103)-6834/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 4800 manat məbləğində pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən günə manatın məzənnəsinə uyğun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş flaşkart tərəflərin iştirakı ilə dinlənilmiş və həqiqətən iddiaçı tərəfindən 20000 ABŞ dollar pul verilməsini, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini və həmin pulun sonuncu tərəfindən onlara, yəni, Samirə və həyat yoldaşına verməsini Cavabdeh1 etiraf etmiş, hətta apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 izahatında Cavabdeh3 iddiaçıdan 50000 ABŞ dollarının alınaraq onlara ev alınması üçün verilməsini göstərmişdir.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı izahatları alınmış Cavabdeh1, X4 və Cavabdeh3 izahatlarında iddiaçıya borcları olmadıqlarını göstərsələr də, həmin materialda və mülki işin materiallarında olan sözügedən flaşkartın məzmununda Cavabdeh1 iddiaçı tərəfindən 20000 ABŞ dollar pulu Cavabdeh3 verilməsini göstərməsi faktın etirafı kimi qiymətləndirilir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin iclasında da Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı Cavabdeh2 verməsi faktını da təsdiq edərək etiraf etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (vəkili Vəkil2) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

15. Cavabdeh1 kassasiya şikayəti 01 mart 2024-cü il tarixli qərardadla icraata qəbul edilməsindən imtina olunmuşdur.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1334/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6834/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları a) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 739.1.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya).

21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının və qanuniliyinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi” hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e-2(004)-3244/2023 nömrəli qətnaməsi yoxlanılan “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumiyyətlə borc almaları barədə hər hansı etirafının, yazılı müqavilənin, yaxud yazılı qəbzin olması olması, bu barədə məhkəmədə, yaxud digər dövlət orqanlarında etirafedici izahat vermələri müəyyən edilmir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

35. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

36. Belə ki, iddiaçı ilə danışıqlar zamanı (iddiaçı tərəfindən təqdim edilmiş səs yazısına görə) Cavabdeh1 20000 ABŞ dollar pulun Cavabdeh3 verilməsini və həmin pulun Afaq tərəfindən ona və həyat yoldaşına verilməsini deməsi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən faktın etirafı kimi qiymətləndirilməsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin fakt bilavasitə iddiaya cavab verməli olan birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən etiraf olunduğu və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun rəsmiləşdirildiyi təqdirdə faktın etirafı kimi qəbul oluna bilərdi. 20000 ABŞ dolları pul tələbi isə Cavabdeh1 qarşı yönəlməmişdir, o həmin tələbə cavab verən şəxs deyildir. Onun tərəfindən özünə aidiyyatı olmayan iddiaya dair iddiaçı ilə danışıqlar zamanı bildirdikləri aidiyyatı olan cavabdehlər tərəfindən faktın etirafı qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 81, 106 və 106.3-cü maddələrinin tələblərinə uyğun deyildir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir.

41. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e-2(004)- 3244/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar