Məhkəmə qərarları › İş №2(103)-4520/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4520/2023

18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4520/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair və Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(004)-1413/2023 saylı qətnaməsindən iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: 000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X17 ilə “alıcı” Cavabdeh arasında “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair müqavilə bağlanmışdır. ƏİX seriyalı 430417 nömrəli girov biletinin surətindən görünür ki, Cavabdeh “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili 15 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə qədər lombarda girov qoymaqla X5 25000 manat kredit götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X26 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «FORD EDGE» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi AA563309 nömrəli hesab-arayış əsasında X9 adına qeydiyyata alınaraq girov müqaviləsi ilə "xxxx" ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir. Sözügedən nəqliyyat vasitəsi "xxxx" ASC-nin Şəki filialının 82 nömrəli məktubu əsasında girovdan azad edilmiş, xx.xx.2017-ci il tarixdə komisyon mağazada satılması üçün Rizvan Sadıqovun adından qeydiyyatdan çıxarılmışdır. Sorğu edilən «FORD EDGE» markalı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə 733570 nömrəli hesab-arayış əsasında **-VO-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X15 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq X11 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satış üçün Leyla Mərahiminin adından qeydiyyatdan çıxarılmışdır. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən və “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X17 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X2 tərəfindən İddiaçı 11 ay 21 gün müddətinə olmaqla xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Etibarnamə verilən səlahiyyətlər sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı AR-nın DİN-nin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər tanıdığı X16 onun satmaq istədiyi özünə məxsus Ford Edge markalı avtomobili almaq istəməsi barədə bildirmiş və həmin avtomobilin Pünhan Əlizadəyə 18.000 ABŞ dollarına satılması barədə öz aralarında razılığa gəlmişlər. Bundan sonra 15 dekabr 2021-ci il tarixdə Pünhan Əlizadə ilə həmçinin öz aralarında razılığa gəlmişlər ki, sonuncu avtomobilin pulunu ona verilənə qədər avtomobil Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr ərazisində yerləşən dayanacaqda qalsın. Eyni zaman da o, avtomobilin müvəqqəti idarə edilməsi üçün Pünhan Əlizadəyə sənəd vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, o, avtomobilə görə Pünhan Əlizadəyə heç bir hüquq verən sənəd vermədiyi halda sonuncu avtomobili ondan xəbərsiz lombarda girov qoyaraq 25.000 ABŞ dolları pul götürmüşdür. Araşdırma zamanı material üzrə izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, “xx.xx.2021-ci tarixdə onun Rusiya Federasiyasında olan qohumu İmran adlı şəxs, Türkiyə Respublikasında ola Pünhan adlı tanışına 15.000 ABŞ dolları pul lazım olduğunu, onun Bakı şəhərində olan Məhəmməd adlı şərikinin Ford Edge markalı avtomaşınını girov qoymaq şərli ilə həmin pulu ona verməsini, Məhəmmədin isə həmin pulu Türkiyəyə göndərəcəyini bildirmişdir. O, Məhəmməd adlı şəxsə onunla əlaqə saxlamasını bildirmiş və həmin gün Pünhan onunla əlaqə saxlamışdır. Daha sonra ona İddiaçı zəng etmiş və “Watsapp” vasitəsi ilə ona Ford Edge markalı avtomobilin şəkillərini göndərmişdir. O, lombard işi ilə məşğul olan qohumu X10 zəng etmiş və həmin avtomobili şəkillərini ona da göndərmiş, ondan avtomobilə görə girov miiqavilində nə qədər pul verəcəyini soruşmuşdur. Firudin həmin avtomaşına görə 25.000 manat girov müqabilində verə biləcəyini demişdir. O, Məhəmmədlə əlaqə saxlamış və sonuncu onunla razılaşmışdır. Həmin gün o, Məhəmmədlə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən qohumu X12 işlətdiyi lombarda getmişdirlər. Məhəmməd ona Pünhanla şərikli iş gördüklərin Türkiyədən meyvə vurduqlarını, həmin malın Rusiya Federasiyasına göndərəcəklərini və əldə olunan gəlirlə lombardın pulu ödəniləcəyini demişdir. Firudin həmin avtomaşına baxış keçirmiş və avtomaşının tranzit nömrəli olması səbəbindən, Məhəmmədlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunda yerləşən BDYPİ-nin Dövlət İmtahan və Qeydiyyat şöbəsinin yanında "Biznes Firması” adlı şirkətin nümayəndəsi vasitəsi ilə avtomaşın barədə sərəncam vermə haqqında hesab arayışı alaraq avtomaşını onun adına keçirmişdir. Onlar birlikdə yenidən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 13/37 ünvanında yerləşən qohumu X6 işlətdiyi lombarda getmiş Firudinlə görüşmüşdürlər. Firudin girov müqaviləsi bağladıqdan sonra 25.000 manat pulu Məhəmmədə təhvil vermişdir. Artıq saat 17:30-da banklar işləmədiyi üçün bu səbəbdən köçürmə əməliyyyatı həya keçirmək mümkün olmamışdır. Məhəmməd ona həmin pulun həmin gün Pünhana çatmasını vacib olduğunu, yoxsa həmin malların bata biləcəyini demişdir. O, Türkiyədə olan dostuna zəng edərək Türkiyə olan Pünhana 15.000 ABŞ dolları verməsini, onların burada olan qohumlarına həmin pulu verəcəklərini bildirmişdirlər. O, Məhəmmədlə birlikdə Əhmədli metrosıansiyasına getmiş, X13 zəng edərək ona 15.000 ABŞ dollarını təhvil aldığını dedikdən sonra Məhəmməd 25.000 manat pulu Anar adlı şəxsin qohumuna vermişdir...” Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, həmçinin 10000 ABŞ dolları məbləğində maddi və mənəvi ziyanın cavadehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Bir müddət əvvəl X16 ilə aralarında olan razılaşmaya əsasən o, “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili 18000 ABŞ dolları müqabilində ona satmalı idi. Pünhan Əlizadə ilə aralarında olan razılığa əsasən, 18000 ABŞ dolları ona ödənilənədək avtomobil Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr ərazisində yerləşən dayanacaqda saxlanılmalı idi. Eyni zamanda, avtomobilin müvəqqəti idarə edilməsi üçün onun tərəfindən Pünhan Əlizadənin xahişi ilə onun tanışı cavabdehə xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə icazə kağızı (yol vərəqəsi) verilmişdir. X19 və cavabdeh heç bir müqavilə, hüquq müəyyənedici sənəd olmadan, qanunsuz şəkildə onun mülkiyyətindəki avtomobili lombarda girov qoyaraq 25000 manat məbləğində pul götürmüşlər. Lakin, 18.000 ABŞ dolları hazıradək Pünhan Əlizadə tərəfindən ona ödənilməmişdir. Məhz buna görə, onun tərəfindən avtomobil geri tələb edilsə də, Famil Həsənov bundan imtina edir. Hazırda onun mülkiyyətində olan “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil cavabdehin həyətində qanunsuz olaraq saxlanılır. Yəni, hazırda avtomobil onun mülkiyyətində olsa da, heç bir müqavilə, etibarnamə olmadan Cavabdeh onu öz həyətində saxlayaraq geri qaytarılmasından imtina edir. Buna görə də, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 016-25822M-3222 nömrəli cavab məktubundan da göründüyü kimi FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Həmçinin, müvafiq cavab məktubu da bir daha təsdiqləyir ki, FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 25500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxın dostu olan həmkəndlisi Pünhan adlı şəxlə ona müraciət edərək pul 20 gün müddətində 15 000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Bunun müqabilində “Ford EDGE” markalı avtomobili alğı-satqı əsasında onun adına keçirəcəyini bildirmişdir. Nəticə etibarı ilə ona 15000 ABŞ dolları ekvalentində 25500 manat ödəmiş, həmin avtomobil alğı-satqı müqaviləsi ilə onun adına keçirilmişdir. Daha sonra, şəxs Dövlət yol polis idarəsinə müraciət edərək guya ona pulunun ödənilmədiyi barədə ərizə yazaraq avtomobilin onun adına keçirilməsinin qarşısını almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(004)- 1413/2023 saylı qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 269.1, 271.2, 280.1, 302.1, 302.2, 302.3, 302.7, 1096, 1097.1; Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 81, 82.4, 88, 119.1, 217.4-cü maddələrinə eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı mübahisəsini etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyildir. Qeyd edilən nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində deyil. Həmin nəqliyyat vasitəsinə dair X17 tərəfindən ilkin iddia üzrə iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə verilmiş, nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və ilkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ yaranmamışdır. Həmçinin, etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüş və hazırda ilkin iddia üzrə iddiaçının nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin nəqliyyat vasitəsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddia tələbi iddiaçının mübahisə etdiyi avtomobillə bağlı subyektiv hüququnun olmadığı müəyyən edildiyindən və ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 ilə girov müqaviləsi bağladığını və X6 25500 manat pulu ilk iddia üzrə İddiaçı verdiyini qeyd edərək, həmin pulu tələb edir. Həm qarşılıqlı iddia üzrə iddiaçı, həm də mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatlarında pulun birbaşa İddiaçı verildiyini qeyd etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsinə dair X17 (etibarnamə üzrə nümayəndəsi X2) ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, həmin tarixdə də Cavabdeh nəqliyyat vasitəsini lombarda girov qoyaraq, girov biletinə imza atmaqla 25000 manat pulu götürmüşdür. Lakin, Cavabdeh sonradan həmin pulu, həmçinin özünün 500 manat pulunu İddiaçı verməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi kimi, pulu İddiaçı götürdüyü halda, həmin vaxt nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ olan etibarnamənin olduğu da nəzərə alınaraq borclu da, girov verən də İddiaçı olmalı və pulu girov biletinə İddiaçı özü imza ataraq götürməli idi. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi kimi, lombarddan pulu birbaşa olaraq İddiaçı götürdüyü hesab edilsə, bu halda da, həmin pul X10 məxsus olmaqla bilavasitə onun tərəfindən verildiyindən və Cavabdeh tərəfindən əşyanın lombardda girovu müqaviləsi ilə təmin edilmiş öhdəlik icra edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçı həmin pulu tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Əlavə olaraq da qeyd edilməlidir ki, Cavabdeh polis bölməsində izahatında pulu qohumu İmran adlı şəxsin tanışı Pünhan adlı şəxs üçün lazım olduğunu, onun Türkiyədə olan dostunun Pünhana 15.000 ABŞ dolları verdiyini, Məhəmmədin də 25.000 manat pulu onun yanında Anar adlı şəxsin, yəni Türkiyədə olan dostunun qohumuna verdiyini bildirmişdir. Göründüyü kimi, o izahatında pulu Məhəmməd üçün deyil, Pünhan adlı şəxs üçün götürdüyünü və pulun da Məhəmməd tərəfindən Pünhana verildiyini bildirmişdir. Bu halda həmin pulu İddiaçı tələb etməsi əsassızdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 016-25822M-3222 nömrəli cavab məktubundan da göründüyü kimi “FORD EDGE”markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobilin üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Həmçinin müvafiq cavab məktubu da bir daha təsdiqləyir ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Məhkəmə qətnaməsindən də göründüyü kimi avtomobil üzrə sonuncu etibarnamə ona verilmişdir. Həmçinin avtomobilin sonuncu sahibi Leyla Mərahimi də, avtomobilin ona məxsus olduğunu təsdiqləyə bilər. Hazırki vəziyyətdə mövcud etibarnamə hüquqmüəyyənedici sənəd olmaqla onun mülkiyyət hüququnu təsdiqləyir. Hazırda mövcud qətnamə faktiki olaraq ona məxsus avtomobilin qanunsuz şəkildə cavabdehdə qalmasına şərait yaradır. Cavabdeh və onun tanışı Pünhan Əlizadə onu aldadaraq avtomobili ələ keçirdiyi və avtomobilin pulunu ona ödəmədiyi üçün onlar barəsində şikayət etmişdir. Hazırda Bakı şəhər Baş Polis İdarəsində Əlizadə Pünhan barəsində etdiyi şikayət əsasında cinayət işi başlanmışdır və avtomobilin ona məxsus olması öz təsdiqini tapmışdır. Buna görə də, Bakı Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili Nümayəndə ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin ilkin iddia tələbinin rədd edilmiş hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndə-vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli nəqliyyat vasitəsinə dair X17 tərəfindən ilkin iddia üzrə iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə verilmiş, nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və ilkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ yaranmamışdır. Həmçinin, etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. İlkin iddiaçının tələbinə əsasən o “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobilin ona məxsus olmaqla avtomobil və ona aid sənədlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılmalı olmasını iddia edir. Qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Halbuki hazırki işin faktiki hallarından isə göründüyü kimi mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırda ilkin iddia üzrə iddiaçının nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur. Göründüyü kimi, ilkin iddia tələbi üzrə iddiaçı mübahisəsini etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyildir. Başqa sözlə,qeyd edilən nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində deyil. İddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində avtomobilə dair onun adına verilmiş etibarnaməyə eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin məktubuna istinad etməklə qeyd etmişdir ki, hazırki vəziyyətdə mövcud etibarnamə hüquqmüəyyənedici sənəd olmaqla onun mülkiyyət hüququnu təsdiqləyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göründüyü kimi “etibarnamə” mülkiyyət hüquqlarını təsdiq sənəd olmamaqla, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə hesab edilir. Digər tərəfdən iddiaçı avtomobilin onun mülkiyyətində olmasına dair qeydiyyat şəhadətnaməsi və ya hər hansı mülkiyyət hüququnu təsdiq edən mötəbər sübutlarını təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin nəqliyyat vasitəsini tələb etmək üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi iddiaçının mübahisə etdiyi avtomobillə bağlı subyektiv hüququnun olmadığı müəyyən edildiyindən və ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də rədd edilməsi barədə gəldiyi nəticə də düzgün olmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(004)- 1413/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar