Məhkəmə qərarları › İş №2(103)-4529/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4529/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4529/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Bəybala qızının nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-956/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Bəybala qızına qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəybala qızının mülkiyyətində olan 33 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 5.000 manat, ümumilikdə 10.000 manat pul vəsaiti Cavabdeh Bəybala qızından tutulub xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən 31 saylı mənzil mülkiyyətindədir. 2016-cı ildən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən 33 saylı mənzil qonşusu Cavabdeh Bəybala qızının mülkiyyətindədir. Cavabdeh mənzili mülkiyyətində olan mənzilinin üstündə yerləşir. Qonşusu Cavabdeh mülkiyyətində olan mənzili bir neçə dəfə suya basmış, nəticədə dəhlizdə, mətbəxdə, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları yararsız vəziyyətə salmışdır. Hər dəfə, cavabdeh mənzilini suya basandan sonra o, öz hesabına təmir işləri aparmışdır. Tərəfindən dəvət olunmuş usta təmir işləri apararkən izah etmişdir ki, su sızması mənzilinin üstündə yerləşən mənzildən, yəni cavabdehin mənzilindən baş verir və nə qədər o, mənzilində olan borularda nasazlığı aradan qaldırmayacaq, yenə də mənzilinə su sızması baş verəcək. O, dəfələrlə bu barədə cavabdehə və onun həyat yoldaşına bildirmişdir. Bir müddət cavabdeh guya mənzilində yerləşən borularda təmir işləri aparmış və bildirmişdir ki, artıq onun mənzilindən su sızması baş verməyəcək. Lakin bir müddət keçəndən sonra yenə cavabdehin mənzilindən mənzilinə daha pis su sızmış, nəticədə yenə dəhlizdə, mətbəxdə, sanitar qovşağında olan tavanı, divarları və s. əşyaları, apardığı təmir işləri tam yararsız vəziyyətə gətirmişdir. Tərəfindən dəvət olunmuş usta yoxlama işləri aparandan sonra bildirmişdir ki, su sızması qonşusundan baş verib və nə qədər o, mənzilində olan nöqsanları aradan qaldırmayacaq yənə su sızması baş verəcək. O, bu barədə cavabdehə və onun həyat yoldaşına bildirmiş, lakin heç bir nəticə baş verməmiş, əksinə bildirmişlər ki, guya onun mənzilində heç bir nöqsan yoxdur və su sızması onun mənzilindən baş verməyib. Beləliklə, cavabdehin mənzilindən daimi olaraq mənzilinə su sızır, suya basır və mənzilini yararsız vəziyyətə gətirir. Dəvət olunmuş usta ona dəymiş ziyanı hesablayaraq 5.000 (beş min) manat dəyərlənmişdir. Bundan başqa, hər dəfə cavabdeh mənzilini suya basarkən, o, çox pis əsəbləşmiş, səhhəti pisləşmiş, bununla da ona mənəvi ziyan dəymişdir. Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərə görə 1082 manat, mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 1286 manat məbləğində pulun Cavabdeh Bəybala qızından tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 31 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh Bəybala qızının üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin 33 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsinin qoyulması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 87 manatının İddiaçı, 13 manatı isə Cavabdeh Bəybala qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmaması arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız olaraq iddia tələbini tam təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən tərəflər hər biri özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək onların təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiklərindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, cavabdeh isə şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsində istifadədə olan 0,6294 ha torpaq sahəsində yerləşən 65 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən – kv.m ümumi, 29,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6285 nömrəli vərəqində 30.05.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan 1 ünvanlanmış məktubdan görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən bağlanmış 13.11.2016-cı il tarixli 4Ə-1162 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 33 saylı mənzil 13.12.2016-cı il tarixdə Cavabdeh Bəybala qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65 ünvanında yerləşən "xxxx" MTK-nın bina sakinləri Dürdanə Vəliyeva, Marqarita Qasımova, Lalə Cəfərova və İddiaçı tərəfindən tərtib edilmiş 20.09.2019-cu il tarixli aktdan görünür ki, həmin binanın 31 nömrəli mənzilində yaşayan və daimi qeydiyyatda olan İddiaçı binanın sədrinə rəsmi müraciət edərək onun yaşadığı mənzilə şahidlər ilə birlikdə baxış keçirməyi xahiş etmişdir. Mənzilin hamam, mətbəx və dəhlizinə baxış zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: hamam - tavanın suvağı yararsız vəziyyətdədir və elektrik xətti qismən zədələnib, mətbəx - tavan tamamilə yararsız haldadır, çatlar əmələ gəlib, suvaq tam şəkildə tökülüb, divarda axan suyun izləri qalıb, dəhliz — bir neçə hissədə suvaq tökülüb və suyun mütəmadi olaraq axması nəticəsində tavanda qabarmalar əmələ gəlib. Baxış nəticəsində ev sahibinin tələbi ilə müvafiq qaydada foto və vİdeoçəkiliş aparılmışdır. Aktı MTK-nın sədri D.Vəliyeva və Nəsimi RPİ 22-ci PŞ-nin s/i, baş leytenant R.Aslanov təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12828 nömrəli, 12.10.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 65 saylı evin, 33 saylı mənzilinin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin 31 saylı mənzilin divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Tədqiq olunan 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1082,0 manat məbləğində müəyyən olunur. Apellyasiya şikayətində cavabdeh tərəfindən onun mənzilindən iddiaçıya məxsus mənzilə suyun axıdılmaması qeyd edildiyindən, apellyasiya şikayəti üzrə məhkəmə baxışında həqiqəti müəyyən etmək üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 10/2642 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 31 saylı mənzil əlavə baxış keçirilən zaman, həmin mənzil təmir olunmuşdur. Lakin ilkin ekspertiza rəyinə əsasən, 31 saylı mənzilinin divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Eyni zamanda hazırki ekspertiza zaman eksperiment keçirilərək 33 saylı mənzilin sanitar qovşağına su axıdılmış, lakin 31 saylı mənzildə hər-hansı bir su sızması müəyyən olunmadı. Lakin ilkin ekspertizanın rəyinin məlumatlarına əsasən, 31 saylı mənzilin divarlardakı su sızma izlərini nəzərə alaraq, mübahisəli 31 saylı mənzilə 33 saylı mənzildən su sızması baş verdiyi və 31 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri 1082,0 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan MTK aktında iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, ekspert də bu halı müəyyən etmiş, sadəcə su sızmanın texniki səbəbi aydınlaşdırıla bilinməmişdir. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıın mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində onun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin 1082 manat olduğu təsbit olunmuş, iddiaçı isə bu məbləğin daha çox olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. İddiaçının mənəvi zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, dəymiş mənəvi ziyanın iddiaçıya daha artıq məbləğdə müəyyən olunması işin hallarına uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-956/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh Bəybala qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar