Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-453/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dilaver Erşanlı) qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(009)- 205/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Naxçıvan Respublika Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli KT müayinəsinə əsasən İddiaçı sol orbital strukturlar-patologiyasızdır. Göz almaları simmetrikdir. Görmə sinirləri simmetrikdir və trayektoriyaları deviasiyasızdır. Retrobulbar sahələrinin tozumalarında patoloji dəyişkənliklər aşkar edilmir. Sağ göz alması arxa qişanın qopması izlənilir. Türk yəhərinin ölçüləri norma daxilindədir. İntraselluar və parasellüar sahələrdə patoloji toxuma aşkar edilmir. Nəticə: Subaraxnoidal şirimlarda mülayim sıxılma izlənilir. Beyinxadaxili hipertenziya əlamətləri izlənilir, septum nazal sağa meyildir, beyin ağ və boz maddəsi aydın seçilir. İntrakranial törəmə və ya kolleksion yoxdur.
2. "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı və xəstə İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli pars plana vitrektomiya əməliyyatı üçün izah edilmiş təsdiq forması ilə xəstəyə əməliyyat texnikası, mümkün risk və ağrışmalar, həyata keçiriləcək müalicə üsulları və metodları barədə əməliyyatı icra edən həkim tərəfindən ətraflı izah edilmişdir.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən Vitrəo-rətinal cərrahiyyə əməliyyatı üçün 4750 manat məbləğində pul ödənilmişdir.
4. "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı və xəstə İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli “Covid-19 pandemiyası zamanı ümumi anesteziya altında əməliyyat olunacaq xəstələrin X6 ilə xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə X9 X1 adlı həkim tərəfindən Ümumi Anesteziya altında “Vitrektomi” əməliyyatını keçirəcək. Əməliyyatdan əvvəl anestezioloq xüsusilə Covid-19 barəsində ona məlumat vermiş və müayinələrini qəbul etmişdir. Hələ ki, infeksiya xəstəliyinin olmamasına baxmayaraq, ümumi anesteziyanın təkbaşına belə bu xəstəlik üçün bir risk amili olduğu anestezioloq tərəfindən ona izah olunmuşdur. Bütün bu məlumatları aldıqdan sonra ümumi anesteziya altında əməliyyat olunmağı qəbul etmişdir.
5. "xxxx" MMC tərəfindən verilmiş və həkim Dilaver Erşanlı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli epikriz raporundan müəyyən edilir ki, xəstə İddiaçı qoyulmuş diaqnoz: “Degenerativ miopiya. Retina dekolmanı, tor qişanın yırtığı. Retina dekolmanları”, xəstəyə “Vitrəo-rətinal cərahiyyə, Bütün müdaxilələr – Sağ Göz” cərrahiyyə əməliyyatı icra olunmuş, “G.A.A sağ göz limbusun 4 mm gerisindən 3 ədəd 23G trokar ilə sklerotomilər açılmış, kor viktrektomi edilmiş, preretinal membran təmizliyi edilmiş, triomsindən ilə boyanaraq perifer vitrə təmizlənmiş, Lens arxa kapsul ilə yapışıq olan retina hissəsi ayrılmış, Lens arxa kapsulu alınmış, Lens korteks və nukleus aspire edilmiş, Dekaline ilə retina yatıştırılmağa cəhd edilmiş, 270 dərəcə retinotomi edilmiş, üst temporal kadronda yatışıq retina ətrafına endolazer edilmiş, Dekaline – silikon 1300 cst dəyişməsi edilmiş, saat 6 hizasında iridektomi açılmış, sklerotomilər bağlanaraq subkonjonktival genta+onadron edilmişdir”. Xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə klinikadan çıxmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müayinə üçün ödədiyi 4750 manat pulun geri qaytarılması, maddi zərər olaraq çəkdiyi xərclər 1500 manat və mənəvi zərər olaraq 150.000 manat olmaqla, cəmi 156.250 manat məbləğində pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin xüsusi qərardad qəbul edilməklə müvafiq prokurora ona qarşı olunmuş cinayətlərin araşdırılması üçün xəbər verilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə yaşadığı Naxçıvan Muxtar Respublikası ərazi vahidliyində avtoqəza nəticəsində sağ gözünün torlu qişası zədələnmişdir. Bununla bağlı Dünyagöz klinikasına müraciət etmiş və orada ona bildirmişlər ki, müalicə aparılması üçün o, 4750 manat pul ödəməlidir. 4750 manat pul ödədikdən sonra türk doktor Dilaver Erşanlı adlı həkim xx.xx.2021-ci ildə gözünü əməliyyat etmiş, lakin aparılmış əməliyyat uğursuz olmuşdur. Çünki onun gözü əvvəlki kimi yenə də görmürdü və əksinə torlu qişa yerindən qopmuşdur. Ancaq həkim bir gün sonra onu xəstəxanadan çıxarmış və gözünün görmədiyini bildikdən sonra atasını və onu qəbul etməmişdir. Uğursuz əməliyyat üçün aldığı pulları da qaytarmamışdır. Dünyagöz klinikasında olan digər türk həkimi Mahmud Öztürk onu qəbul edərək müayinə etmiş və bildirmişdir ki, onun gözü görməyəcək, çünki əməliyyat nəticəsində torlu qişa yerindən qopmuşdur və onun müalicəsi yoxdur. Onun sağ gözünün əməliyyatı üçün anası, atası borc pul almışlar və həmin pulu Dünyagöz klinikasının hesabına vermişlər ki, onun gözünü əməliyyat etsinlər. Onlar da öz növbəsində onları arxayın etmişlər ki, “100 faiz əmin olun ki, gözünüz görəcəkdir”.
8. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 184/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" klinikasında İddiaçı “Degenerativ miopiya. Retina dekolmanı, tor qişasının yırtığı. Retina dekonmanları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı təyin olunmuş diaqnoza uyğun olaraq onun üzərində “Vetriko-retonal cərrahiyə, bütün müdaxilələr – sağ göz” cərrahiyyə əməliyyatının icra edilməsinə tibbi göstəriş olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “OD-Buynuz qişanın distrofiyasının parsplanavitrektomiyadan sonrakı vəziyyət. Görmə sinirinin atrofiyası. OS-Mürəkkəb miopik astiqmatizm. Miopik xoreoretinal distrofiyası”nın olduğu müəyyən edilmişdir. OD-sağ gözündə müşahidə olunan hazırki vəziyyət aparılmış cərrahiyyə əməliyyat ilə əlaqədar olmağı istisna olunmur. Bunu nəzərə alaraq əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması qənaətinə gəlinir və bununla əlaqədar Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 iyun 2022-ci il tarixli 2(009)-205/2022 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən İddiaçı xeyrinə 4750 manat, maddi ziyanın və dövlət rüsumunun əvəzi kimi 235 manat, cəmi 4985 manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar iddiaçının sağ gözünün görmə qabiliyyəti itirildiyindən, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi ödənilmiş 4750 manat pul məbləğinin geri qaytarılması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 4750 manat pul məbləği cavabdehdən tutulmalıdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən gözündə təkrar əməliyyat olunacağı təqdirdə nə qədər xərc tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, maddi ziyan kimi irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir.
12. İddiaçı əməliyyatdan sonra mənəvi sarsıntı keçirməsi, onun üzərində aparılmış düzgün olmayan əməliyyatın şüurunda müəyyən mənfi psixi reaksiyaya, iztirab keçirməsinə və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə səbəb olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir.
13. Məhkəmə iddia tələbinin maddi zərər kimi 1500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı həmin xərcin dövlət rüsumu kimi ödədiyi pul, əməliyyat və əməliyyatdan sonra Bakıya gəlməsi üçün nəqliyyat xərcləri kimi dəyərləndirmişdir. Məhkəməyə təqdim olunan təyyarə biletlərinin surətlərində iddiaçının may və sentyabr ayında Bakı şəhərinə gəlməsini təsdiq edən 2 ədəd sübutun olmasını (hər biletdə 40 manat gediş haqqı), 2021-ci ilin sentyabr ayında müayinəyə üçün "xxxx" MMC-yə ödənilmiş 85 manat ödəniş xərci kimi qəbzin olmasını nəzərə alaraq həmin hissədə tələb qismən – 165 manat məbləğində təmin olunmalıdır.
14. Xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 459.1, 1112, Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində, eləcə də iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Respublika Xəstəxanasının 14 aprel 2020-ci il tarixli kompüter tomoqrafiyasının nəticələrinə əsasən “Sağ göz alması arxa qişasının qopması? İzlənir”. Demək ki, iddiaçının «X7»na müraciət etmədən öncə sağ göz almasının arxa qişasının (torlu qişanın) qopması səbəbi ilə görməsi mümkün deyildir. Belə olan halda cavabdehin və onun işçisi olmuş, iddiaçını əməliyyat edən professor D.Erşanlının iddiaçıya hansı zərəri vurması faktı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Cavabdeh tərəfindən təqdim edilən və iddiaçı tərəfindən qəbul edilən standart müqavilə şərtlərində iddiaçıya əməliyyatın mümkün nəticələri barədə əvvəlcədən xəbərdarlıq edilmişdir. Sübut olunur ki, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi də mövcud olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının gözündə xəsarət cərrahiyyə nəticəsində deyil, yol nəqliyyat hadisəsi nəticəsində yaranmışdır. Cərrahi əməliyyatın uğurlu keçməsi ilə bağlı mülki işə üçüncü şəxs qismində cəlb edilən Dilaver Erşanlı tərəfindən video görüntü təqdim edilmişdir. "xxxx" klinikasında iddiaçıya “Degenerativ miopiya. Retina dekolmanı, torqişasının yırtığı. Retina dekonmanları” diaqnozu müvafiq müayinələr əsasında təyin edilmişdir və təyin olunmuş diaqnoza uyğun olaraq iddiaçının gözündə “Vetrikoretonalcərrahiyə əməliyyatı» düzgün icra edilmişdir. Ekspert qarşısında qoyulan suallara tam cavab verməmişdir. Ekspert rəyində qeyd etmişdir ki, guya “Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur”. Bu hansı əmrdir, əmrlə təsdiq edilən hansı bəndin pozulduğu göstərilməmişdir. İnternet resurslarından əldə edilən məlumata əsasən məlum olmuşdur ki, 70 saylı əmrlə bütün həkimlərin nümunəvi vəzifə təlimatı təsdiq edilmişdir. Ekspertin belə mücərrəd rəyi cavabdehdə kifayət qədər çoxlu sualların yaranmasına səbəb olmuşdur. Qeyd edilən mücərrəd məqamlara aydınlıq gətirməsi üçün ekspertin məhkəmə iclasına dəvət edilməsi, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlərin heç biri təmin edilməmişdir. D.Erşanlı dəfələrlə bildirmişdir ki, vetrikoretonal cərrahiyyə hər zaman 100% effektiv nəticə vermir. Bu faktı bilə-bilə, bu barədə məqalələr yazan bir adam vetrikoretonal cərrahiyyədən sonra iddiaçının 100% görəcəyi barədə zəmanət verməsi mümkün deyil. D.Erşanlı bildirmişdir ki, əməliyyatın əsas məqsədi gözün itirilməsinin qarşısını almaq olmuşdur. Bu barədə iddiaçıya və onun valideynlərinə məlumat verilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
24. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir, qətnamə həmin hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Müəyyən edilmişdir ki, iddiaçı avtoqəzadan sonra sağ gözündə görmə azaltması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə “Dünyagöz Azərbaycan“ MMC-yə müraciət etmiş və müayinədən sonra ona «Degenerativ miopiya. Retina dekolmanı, tor qişasının yırtığı. Retina dekonmanları» diaqnozu qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə iddiaçı üzərində “Vetriko-retonal cərrahiyə, bütün müdaxilələr – sağ göz” cərrahiyyə əməliyyatı aparılmış və həmin tarixdə iddiaçı evə buraxılmışdır. Lakin əməliyyatdan sonra iddiaçının sağ gözündə görmə qabiliyyəti tamamilə itmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən Xəstəxananın hesabına əməliyyatla bağlı 4750 manat məbləğində pul mədaxil edilmişdir.
34. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, ODsağ gözündə müşahidə olunan hazırki vəziyyət aparılmış cərrahiyyə əməliyyat ilə əlaqədar olmağı istisna olunmur. Bunu nəzərə alaraq əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması qənaətinə gəlinir və bununla əlaqədar Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur.
35. Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibb ekspertizası təyin edilmiş və qərardadın icrası X4 adına Milli Oftalmologiya Mərkəzinin “torlu qişa qopması üzrə» mütəxəsisləri cəlb edilməklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya» EET Birliyinin başqa ekspertlərinə həvalə edilmişdir.
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 945 saylı ekspert rəyinə əsasən İddiaçı adına tərtib edilmiş iş materiallarına əsasən, Naxçıvan Respublikası Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli KT müayinəsinə əsasən Subaraxnoidal şırımlarda mülayim sıxılma və Beyindaxili hipertenziya əlamətləri izlənilir, septum nazal sağa meyildir, beyin ağ və boz maddəsi aydın seçilir. İntrakranial törəmə və ya kolleksion yoxdur. Qeyd olunan müayinəyə əsasən İddiaçı sağ gözünün görməsi keçirmiş olduğu cərrahiyyə əməliyyatına qədər mümkün ola bilərdi. İddiaçı təyin olunmuş diaqnoza (“Degenerativ miopiya. Retina dekolmanı, tor qişanın yırtığı. Retina dekonmanları”) uyğun olaraq onun üzərində “Vetriko-retonal cərrahiyyə, bütün müdaxilələr-sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. Hazırda mütəxəssis müayinəsi zamanı onda “OU-yüksək miopiya. OD-vitrektomiyadan sonrakı vəziyyət. Atoniya. Torlu qişa qopmasının residivi. OS-Mürəkkəb miopik astiqmatizm”in olduğu müəyyən edilmişdir. Onun OD-sağ gözünün hazırki vəziyyətinin aparılmış cərahiyyə əməliyyatı ilə əlaqədar olması istisna olunmur.
37. Göründüyü kimi təkrar ekspertiza nəticəsində də OD-sağ gözünün hazırki vəziyyətinin aparılmış cərahiyyə əməliyyatı ilə əlaqədar olmasının istisna olunmadığı müəyyən edilmişdir.
38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq ödənilmiş 4750 manat pul məbləğinin geri qaytarılması hissəsində iddia tələbini təmin etmişdir.
39. Cavabdehin apelyasiya şikayətində göstərdikləri formal xarakter daşımaqla əsassızdır.
40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-205/2022 saylı iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.