Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4533/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2(007)-1004/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və əldən çıxmış faydanın əvəzi kimi 9870 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. 26 iyul 2018-ci il tarixdə cavabdehin ailə üzvlərinə məcburi köçkün kimi müvəqqəti məskunlaşmaq üçün “Qobu Park” yaşayış kompleksində mənzil verilməsinə baxmayaraq, cavabdeh məcburi köçkün kimi 3 yerdə qeydiyyatda olmaqla hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində məskunlaşaraq həmin sahədən çıxmaqdan imtina edir. 26 iyul 2018-ci ildən hesablamaqla 42 ay ərzində iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər ay 235 manata icarəyə versəydi, ötən müddətdə 9870 manat gəlir əldə edə bilərdi. Nəticədə, cavabdeh iddiaçını 9870 manat məbləğində gəlirdən də məhrum etməklə ona maddi zərər vurmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2(007)-1004/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, cavabdeh məcburi köçkün kimi 1993-cü ildən həmin qeyri-yaşayış sahəsində məskunlaşmış və ailə üzvləri ilə birlikdə orada yaşayır. Qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehdən xəbərsiz qanunsuz olaraq iddiaçıya satılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil izahatında göstərdi ki, Cavabdeh məcburi köçkün kimi 3 yerdə qeydiyyata alınmış, dövlət tərəfindən onlara müvəqqəti məskunlaşmaq üçün “Qobu Park” yaşayış kompleksində iki otaqlı mənzil verilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz zəbt etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş yerli baxış zamanı həmin qeyri-yaşayış sahəsində cavabdehin yaşadığını təsdiq edən yaşayış üçün zəruri əşyalar aşkar edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, cavabdehin ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə ehtiyacı yoxdur. Buna görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışı zamanı Cavabdeh və onun nümayəndəsi X3 izahatlarında daimi qeydiyyatda olduqları Ağdam rayonunda məskunlaşana qədər onlara möhlət verilməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına üzrlü səbəblər olmadan nümayəndəsini göndərmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2(007)- 1004/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. (i.v.17) Birinci instansiya məhkəməsində işə baxılarkən 20 aprel 2022-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinin giriş qapısının açarı Cavabdeh olmaqla həmin sahədə yaşayışın olmadığı (yataq, geyim, qida və yaşayış üçün zəruri olan digər əşyaların olmadığı) müəyyən edilmişdir. (i.v.71) Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində yerləşən 11 saylı evin qeyri-yaşayış obyektində, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 4/2 mənzil 11-də və ünvan 2 ünvanlarında kommunal qeydiyyatda olmaqla müvəqqəti məskünlaşıb və məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış məntəqələrində mənzillə təmin olunmayıb. (i.v.61) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə gərə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, cavabdehin isə həmin qeyri-yaşayış sahəsinə hər hansı hüququ yoxdur. Cavabdeh iddiaçıya məxsus qeyriyaşayış sahəsini qanunsuz olaraq tutduğuna görə iddiaçı cavabdehin həmin sahədən çıxarılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Qeyri-yaşayış sahəsinin cavabdehin xəbəri olmadan qanunsuz olaraq iddiaçıya satılması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu hal əvvəllər cavabdeh tərəfindən mübahisələndirilməmiş və hazırkı məhkəmə araşdırmasının predmeti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2(007)-1004/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4533/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4533/2022
16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver