Məhkəmə qərarları › İş №2(103)-4536/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4536/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4536/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(009)-496/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabrı 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus “X11 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən təmir edilmişdir. İddiaçının sifarişi əsasında cavabdehin tərtib etdiyi xx.xx.2018- ci il tarixli iş kartında göstərilən xidmətlər, istifadə olunan ehtiyat hissələri, xidmət haqqı və s. məlumatlar qeyd olunmuşdur.

2. İddiaçı bildirir ki, cavabdeh avtomobili düzgün təmir etmədiyinə görə, maşının mühərriki yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar avtomobili yenidən təmir üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh avtomobili xx.xx.2020-ci ilədək özündə saxlasa da, onu təmir etməmiş və maşını mühərrik olmadan ona geri qaytarmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində düşdüyü zərərin əvəzini tələb edir.

3. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, nəqliyyat vasitəsinin onun təqsirindən qeyri-işlək vəziyyətdə olması və bununla bağlı iddiaçının maddi zərərə uğraması sübut olunmur.

4. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş İKNOV00205 nömrəli iş kartından görünür ki, “X11 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətlər göstərilmiş. Görülən işlərə servis tərəfindən zəmanət verilmir. Xidmət haqqı 1011 manat müəyyən edilmişdir.

5. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Abbasov Elsəvərə mühərriksiz təhvil verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən təmirə görə ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi ziyana görə 5000 manat, əldən çıxmış fayda kimi xx.xx.2019-cu il tarixdən bu günə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, habelə “X11 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyyətdə cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “X11 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobilinin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirərək ona xx.xx.2018-ci il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filteri, antifrizi, transmissiya yağı, şpill perexodniki dəyişdirilmişdir. Lakin avtomobil ona təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələrini düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəməklərini tələb etmiş, lakin xx.xx.2020-ci il tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci ilin noyabr ayından xx.xx.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, o, cavabdehə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10000 manat dəyərindədir. Bundan əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o, aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. “Ertrans" MMC ilə arasında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında hər ay 1550 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, o, aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat, yəni 31.000 manat məbləğində pul tutularaq ona ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X11 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki də təmir olunmuş və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq qaytarılmalıdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 30 mart 2021-ci il tarixli, 2(009)-496/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mübahisənin həlli üçün sübutlara qiymət verməmişdir. Cavabdeh məhz avtomobilin mühərrikinin yararsız hala düşməsinin onun servisə təqdim etdiyi ehtiyat hissələrinin səbəb olduğunu bildirmişdir. Avtomobilin ehtiyat hissələri elə bir quruluşa malikdir ki, onlar yalnız zavod tərəfindən istehsal olunur. Əgər onun təqdim etdiyi ehtiyat hissələrində hər hansı çatışmazlıq olsaydı, nə avtomobili təmir edən servis işçisi ehtiyat hissələrini mühərrikə yerləşdirə bilməzdi, nə də ki, mühərrik işə düşməzdi. İş materiallarında avtomobilin mühərrikinin məhz ehtiyat hissələrinin guya keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyü barədə heç bir mötəbər sübut yoxdur. Avtomobilin mühərrikinin yararsız hala düşməsi məhz cavabdeh MMC-nin öhdəliklərin icrasına vicdansızcasına yanaşması nəticəsində yaranmışdır. Belə olan halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, təmir etdirilməsi üçün servisə təqdim olunmuş avtomobili yararsız hala salmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 04 avqust 2021-ci il tarixli 2(103)- 5965/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

c)Kassasiya instansiya məhkəməsindəki birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-254/2021 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 2(103)- 5965/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsi qət edilmişdir.

19. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr tələbin digər qanuni əsaslarını yoxlamamış, həmin əsaslara görə iddia tələbinin haqlı olub-olmadığına qiymət verməmişlər. Halbuki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda ilk növbədə yoxlanılmalı olan əsas tərəflər arasında müqavilə münasibətinin olub-olmaması, cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçı qarşısında məsuliyyət daşıyıb-daşımamasıdır. Belə ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə maşında yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında etibarlı bir müqavilə bağlanıb-bağlanmadığı, əgər müqavilə bağlanmışsa hansı əqd üzrə tərəflər üçün hansı öhdəliklərinin əmələ gəlməsi, bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, o cümlədən cavabdehin göstərdiyi xidmətdə qüsur olub-olmaması, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə, bu məsələdə cavabdehin təqsiri və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli şəkildə araşdırılmalıdır. Bunun üçün tərəflərin bildirdikləri faktiki hallar üzrə işin mübahisəsiz və mübahisəli halları aydınlaşdırılmalı, mübahisəli halları sübut etmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü müəyyənləşdirilməli, onlara dair təqdim olunan sübutlar yoxlanılmalı, tərəflərin vəsatəti əsasında zəruri olduqda mütəxəssis və ya ekspert rəyləri alınmalı, toplanmış sübutlar hüquq normalarına uyğun qiymətləndirilməklə, cavabdehin iddiaçı qarşısında müqavilədən (və ya digər əsasdan) irəli gələn öhdəliyinin olub-olmamasına yekun hüquqi qiymət verilməlidir.

d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. İkinci apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-254/2022 saylı qərarındakı mövqeyə uyğun olaraq iş materiallarının 10-cu səhifəsindəki İş kartında qeyd edilmiş ehtiyyyat hissələri iddiaçının avtomobilinə quraşdırılarkən texniki qüsurlar və sair səbəbdən iddiaçının avtomobilinin mühərikində nasazlıq yaranmasına səbəb olmasının mümkün olub-olmamasının araşdırılması üçün 23 may 2022-ci il tarixlərdə və 25 iyul 2022-ci il tarixlərdə məhkəmə-mühəndis texniki ekspertizalar təyin olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif, o cümlədən sonuncu 06 oktyabr 2022- ci il tarixli məktubu ilə Mərkəzdə nəqliyyat vasitələrinə ehtiyyyat hissələrinin quraşdırılması, ehtiyyyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilibverilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından rəy verilməsi mümkün olmadığı bildirilmişdir.

21. Bundan sonra məhkəmə kollegiyası yuxarıda qeyd edilən sualların cavablandırılması üçün məhkəmə kollegiyasının iclasında mütəxəssisləri dindirmişdir.

22. Məhkəmə kollegiyasının iclasında mütəxəssis, "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X7 bildirmişdir ki, qeyd olunan avtomobildə yağ itkisi və usta səhvliyi olmamışdır. Avtomobilin mühərrik sistemində yaranan problemlər yağ çatışmazlığından olmuşdur.

23. Həmçinin, mütəxəssis - "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən X5 bildirmişdir ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb. Dirsəkli valın qeyri-original olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Hesab edir ki, avtomobilin ehtiyat hissəsi original olmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/22 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə avtomobildə yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

26. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

27. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, avtomobildəki dirsəkli val mühərrikin yağ dövriyyəsinə təsir göstərib və təzyiq aşağı düşüb. Dirsəkli valın qeyrioriginal olması avtomobilin yağ təzyiqinə təsir göstərmiş və bu da yağ itkisinə səbəb olmuşdur. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartında avtomobildəki dirsəkli val deyilən ehtiyat hissəsinin təmiri yaxud dəyişdirilməsi kimi xidmətin cavabdeh tərəfindən göstərilməsi nəzərdə tutulmamış, həmçinin belə xidmətin cavabdeh tərəfindən göstərilməsi iş materialları ilə müəyyən olunmur. Buna görə də, cavabdehin göstərdiyi xidmətdə qüsur olmamış, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə mövcud deyil, bu məsələdə cavabdehin təqsiri yoxdur.

28. Məhkəmə öz möqveyini Mülki Məcəllənin 386.1, 752.1 və 765-ci maddələrinə istinad ilə əsaslandırmışdır.

e)Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

29. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qabul edilməsini xahiş etmişdir.

30. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-1285/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və E.Şamayev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2858/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni baxışa göndərilmişdir.

31. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında iddiaçıya məxsus avtomaşının təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, nəticədə avtomaşının mühərrikinin cavabdehin təqsirindən yararsız hala düşdüyünu, cavabdeh tərəf isə bu qüsurun onun təqsirindən qaynaqlanmadığını, dəyişdirilən hissələrin iddiaçı tərəfindən təqdim edildiyini, onların orijinal ehtiyat hissəsi olmadığına görə görülən işlərə zəmanət vermədiyini göstərdiyindən bu dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı, görülmüş işin qüsurlu olub-olmaması, qüsurlar varsa, onların aradan qaldırılması üçün tələb edilən vəsaitin miqdarı müəyyən edilməli, bu xüsusi bilik tələb edərsə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə həll edilməli idi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində nəqliyyat vasitələrinə ehtiyat hissələrinin quraşdırılması, ehtiyat hissələrinin keyfiyyətli olub-olmaması, eyni zamanda quraşdırılma zamanı texniki qüsurlara yol verilib-verilməməsi ilə bağlı məsələləri tədqiq edən ekspertiza növü və ixtisası nəzərdə tutulmadığından məhkəmənin iş üzrə təyin etdiyi ekspertiza qərardadı icrasız qalmış, məhkəmə bu məqsədlə "xxxx" QSC-də mühərrik ustası vəzifəsində işləyən 2 mütəxəssis dəvət etmiş və həmin mütəxəssislərin fikirlərini əsas götürməklə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Lakin işdən həmin mütəxəssislərin avtomaşına və ya onun yararsız vəziyyətə düşən mühərrikinə tərəflərin iştirakı ilə baxış keçirməsi müəyyən edilmir. Belə olan halda, mühərrikin yararsız hala düşməsinə səbəb kimi dirsəkli valın mühərrikin yağ dövriyyəsinə təsir göstərməsi, onun qeyri-orijinal olması, buna görə yağ itkisinə səbəb olması barədə şifahi verdikləri izahatlarının mötəbərliyi şübhə doğurur. Həmçinin iş kartına əsasən cavabdeh tərəfindən mühərrik işi görüldüyü və mühərrik tam söküldüyü halda, mütəxəssislərin qeyd etdiyi dirsəkli valın yarada biləcəyi bu problemin hansı səbəbdən cavabdeh tərəfindən aradan qaldırılmadığı və həmin ehtiyat hissəsinin dəyişdirilmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, mütəxəssis kimi cəlb edilən şəxslərdən biri - X2 işin 11-ci vərəqində olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobili iddiaçının nümayəndəsinə mühərriksiz vəziyyətdə təhvil verən "xxxx"MMC-nin nümayəndəsi olduğu görünür. Belə olan halda, işdə maraqlı olan həmin şəxsin mütəxəssis kimi dindirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.

Proses iştirakçılarının izahatı

32. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

33. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

34. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, “Bildirirəm ki, cavabdeh MMC “Great Wall” markalı avtomaşınların ölkədə rəsmi satışını həyata keçirir. Sözügedən avtomaşını cavabdehə mən özüm təqdim etmişəm. İş kartında müştəri qrafasında qeyd edilən Elsevər mənəm və qeyd edilən 070 265-58-58 nömrəsi mənə məxsusdur. Həmçinin xx.xx.2020-ci il tarixli aktla avtomobili mühərriksiz təhvil alan şəxs də mənəm. İddiaçıla dostam. Nizami ilə birgə bir neçə maşınlarımız var. Bu maşını mən etibarnamə əsasında idarə edirəm. Kartda qeyd edilən Fuadı tanımıram. Maşını məndən cavabdehin Fuad aldı əməkdaşı almışdır, güman edirəm ki, kartda “Fuadın maşını” ona görə yazılıb. Mən avtomaşını idarə edərkən “Koroğlu” metrostansiyası yaxınlığında “turbosundan” yağ töküldüyünü gördüm. Cavabdeh servizlə əlaqə saxlayıb bildirdikdə, onlar maşını servizə evakuatorla gətirməyimi dedilər. Evakuatorla maşını göndərdim servizə. Servizdən cavabdehin Fuad adlı əməkdaşı mənimlə əlaqə saxlayaraq, maşına baxdıqlarını və mühərrikin yığılmalı olduğunu bildirdi. Razılşadım. Mühərrik yığıldıqdan sonra gəlib maşını götürdüm. 1 gün maşını idarə etdim. Lakin gördüm ki, maşın aşağı dövriyyədə işləyərkən yağın xəbərdarlıq işığı yanır. Dövriyyə 1000-1500 çatdıqda işıq sönürdü. Servizə yenidən müraciət etdikdə bildirdilər ki, yağın təzyiqini göstərən “datçiki” xarab olub və artıq dəyişilib. Maşını götürüb 3 gün sürdükdən sonra mühhərikdən səslər gəldiyini aşkar etdim. Cavabdehə yenidən müraciət etdikdən, orada mənə mühərrikin sıradan çıxdığını bildirdilər.”

35. Həmçinin suallara cavab olaraq göstərmişdir ki, “İş kartında olan imzaların heç biri mənə aid deyil. Maşını birinci dəfə xarab olanda “156” xidmətinə məxsus evakuator vasitəsi ilə Zığ qəsəbəsində yerləşən cavabdehin təmir sexinə göndərmişəm, özüm getməmişəm. Görülən işlər barədə cavabdehin Fuad və Rüfət adlı əməkdaşları ilə əlaqə saxlayırdım, həmin ərəfədə serviz Babək prospektinə köçmüşdür. Maşını Babək prospektində yerləşən servizdən götürdüm. Maşın ilk dəfə xarab olanda cavabdehin əməkdaşlarının məsləhəti ilə mühərrikin “porşen üzükləri” və turbosu dəyişdirilmişdir. Səbəb kimi mühərrikin daha uzunömürlü olmağını bildirmişlər. Mən da öz növbəmdə razılaşmışdım. Təmir işləri təxminən 1 ay davam etdi. Ehtiyat hissələrindən yalnız “turbo” mənim tərəfindən alınıb verilib. Digər bütün ehtiyat hissələri cavab tərəfindən təmin edilib. Cavabdeh yeni “turbo”nu 2500 manata satdığına görə, özüm 400 manata alıb cavabdehə vermişəm. “Datçik” dəyişəndə yağın təzyiqinin yoxlanıb-yoxlanmadığını bilmir. “Datçik” dəyişəndən sonra maşını sürəndə yüksək dövriyyədə yeni yağın işığı yandığına görə 2-3 gündən sonra maşını özüm servizə apardım, mühərrikə baxış keçirildikdən sonra “şatunun 3 və 4-cü dirsəklərinin” sıradan çıxdığını bildirdilər. Özüm mühərrikə baxdıqdan 3 və 4-cü dirsəklərin “vurduğunu”, lakin 1 və 2-ci dirsəklərin qaydasında olduğunu gördüm. Bu barədə mən cavabdehin əməkdaşlarına öz narazılığını bildirdim, belə ki, mən orijinal yağ nasosunun dəyişləməsinə qarşı olduğumu bildirmişdim. Lakin nasos dəyişilmişdir. Yeni quraşdırılmış yağ nasosu isə dirsəkli valın 1 və 2-ci dirəsəklərini yağla təmin etsə də, gücü çatmadığına görə 3 və 4-cü dirsəklərdə lazımi yağlama getmədiyindən onlar sıradan çıxmışdır. Mühərrikin təmirini görə 1011 manat kassaya ödəniş etmişəm. Yağ nasosu Serviz tərəfindən quraşdırılıb. Mənə serviz tərəfindən “ehtiyat hissələri mənim tərəfimdən alındığı təqdirdə görülən işə zəmanət verilmədiyi” bildirilməyib. İş kartında imza mənə aid deyil. Nasos cavabdeh tərəfindən quraşdırılıb. Servizdə “vkladış”ların normal olduğu bildirilmişdir. Mən yalnız porşen üçün “üzük” vermişəm. xx.xx.2020-ci il tarixli aktla avtomobili mühərriksiz təhvil aldıqdan sonra ona “Mercedes” mühərriki qoyub işlədirəm.”

36. Əvvəlki məhkəmə iclasında yenidən dindirilmiş mütəxəssis X5 bildirmişdir ki, “cavabdeh MMC-də işləyirəm. Elsevər Abbasovun bir çox maşınına bizim servizdə cari təmir işləri həyata keçirilmişdir. E.Abbasov daimi müştərimiz olub. “X11 5” markalı **-EH-*** dövlət nömrə nişanlı avtomaşın mühhərikdə yaranmış nasazlıqla servizə daxil olmuşdur. Biz qeyd edilən markanın ölkədə rəsmi təmsilçiyik. Protokol qaydalarına uyğun olaraq təmir işləri aparırıq. Misal üçün yağ nasosu təmir edilə biləcəyi halda belə, istehsalçı tərəfindən müəyyən etdiyi qaydada biz onu dəyişirik. Müştəri biz dediyimiz qaydada deyil, öz dediyi qaydada təmir işlərinin aparılmasını tələb edirsə, biz görülən işlərə görə zəmanət vermirik. Bu barədə biz iddiaçıya məlumat vermişik. Ümumiyyətlə görülən bütün işlər və zəruri ehtiyat hissələri barədə iddiaçı məlumat verdikdə o, bu barədə E.Abbasova zəng edib deyirdi. İş kartındaki imza iddiaçıya məxsusdur. İddiaçını E.Abbasovun sürücüsü kimi tanımışıq. Maşını iddiaçıya təhvil vermişik. Biz, dirsəkli valın içliyi özləri tərəfindən alınıb verildiyi təqdirdə, görülən işə zəmanət vermədiyimizi bildirdik. Bunun texniki səbəblərini izah etmişik. Mühərrik “V” formalı olmadığına görə 3 və 4-cü dirsəklərdə istilik daha çox olur. Bu isə onların qızaraq genişlənməsinə səbəb olur. Nəticədə bu dirsəklərdə yağlanma baş vermir. Yaranmış nasazılığın səbəbi məhz buradan qaynaqlandığını hesab edirəm. Qeyd edilən ehtiyat hissələrini ölkəyə məhz cavabdeh MMC idxal edir. Digər mağazalarda satılan ehtiyat hissələrinin mötəbərliyi qeyri-müəyyəndir.”

37. Həmçinin suallara cavab olaraq göstərmişdir ki, “Qeyd edilən işlər iş kartında mühərrik işində nəzərə alınır. İş kartında mühərrikin üstü, yəni başlığının açılması qeyd edilməmişdir. Güman ki, qeyd edilən işlər mühərrikin alt hissəsində “karter”dən icra olunub. Görülən işdən uzun müddət keçdiyindən dəqiq xatırlamıram. Mühərrikin başlığı ola bilər ki, müştəri ehtiyat hissələrini özü təqdim etdiyinə görə iş kartında qeyd edilməyib. Turbo ilə bağlı hansı işlər görüldüyünü xatırlamıram. “Kalenvalın şaybası” dirsəkli valın üstündə “vkladış”dan sonra üzərində axırda oturan aypara formalı iki nazik dəmirdir. Onun müştəri tərəfindən təqdim edilməsi mümkün deyil. Müştəri tərəfindən yalnız “kalanvalın vkladış”ı təqdim edilmişdir.”

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

40. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

41. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

42. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

43. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

44. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

45. Maddə 767. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.

46. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda;podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda.

47. Maddə 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 223. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.

51. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

57. Tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə 2 ildən sonra nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qaytarılması işin mübahisə olunmayan hallarıdır.

58. Göründüyü kimi tərəflər arasında iddiaçıya məxsus avtomaşının təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmışdır.

59. Hazırda iddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, nəticədə avtomaşının mühərrikinin cavabdehin təqsirindən yararsız hala düşdüyünü, cavabdeh tərəf isə bu qüsurun onun təqsirindən qaynaqlanmadığını, dəyişdirilən hissənin (dirsəkli valın içliyi – rus dilində “vkladış kolenvala”) iddiaçı tərəfindən təqdim edildiyini, həmin hissənin orijinal ehtiyat hissəsi olmadığına görə görülən işlərə zəmanət vermədiyini göstərir.

60. Hər iki tərəf etiraf edir ki, mühərrikin sıradan çıxması dirsəkli valın 3 və 4-cü dirsəklərində yağlamanın getməməsi ilə bağlı olmuşdur.

61. İddiaçı tərəf bildirir ki, dirsəkli valın 3 və 4-cü dirsəklərində yağlamanın getməməsi cavabdehin mühərrikə keyfiyyətsiz yağ nasosu quraşdırmasından, cavabdeh tərəf isə bildirir ki, iddiaçının özünün təqdim etdiyi “içliyin” keyfiyyətsiz olmasından baş vermişdir.

62. Beləliklə, işin mübahisəli halı mühərrikin dağılmasına gətirib çıxaran qüsurla bağlıdır: cavabdehin keyfiyyətsiz yağ nasosu quraşdırması və ya iddiaçının keyfiyyətsiz “içlik” təqdim etməsi.

63. İddiaçı tərəf bildirir ki, mühərrikin təmiri ilə bağlı cavabdehə “içlik” təqdim etməmiş və onlara ümumiyyətlə “içliyin” dəyişdirilməsi barədə məlumat verilməmişdir, onlar yalnız turbo və porşen üzükləri təqdim etmişlər ki, hazırki halda da mühərrikin dağılmasına həmin ehtiyat hissələrinin aidiyyəti yoxdur.

64. Cavabdeh tərəf isə israrla mühərriki məhz keyfiyyətsiz “içlik” səbəbindən dağıldığını və həmin ehtiyat hissəsinin də iddiaçı tərəfin təqdim etdiyini, buna görə də hətta zəmanət vermədiklərini bildirir.

65. Kollegiya ilk növbədə cavabdehin məhz ehtiyat hissəsinin iddiaçı tərəfindən təqdim edildiyindən zəmanət vermədikləri barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, zəmanət dedikdə subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zəmanət hər hansı hazır və ya təmir olunmuş əşyada (görülmüş işdə) müəyyən müddət daxilində yaranacaq hər hansı nasazlığın əvəzsiz olaraq aradan qaldırılmasını ehtiva edir. Hazırda cavabdehin istinad etdiyi hal zəmanətə aid olan hal deyildir, sonuncu tərəfindən keyfiyyətli, yəni qüsursuz iş təhvil verilməmişdir.

66. Qanunvericilikdə göstərilmişdir ki, podratçı sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda sifarişçini vaxtında xəbərdar etməyə borcludur.

67. Kollegiya qeyd edir ki, əgər cavabdehin iddia etdiyi kimi iddiaçı tərəfindən keyfiyyətsiz ehtiyat hissəsi (“içlik”) verilmişdirsə, bu halda o, iddiaçını xəbərdar edə bilərdi və həmin ehtiyat hissəsindən istifadə etməkdən imtina edə bilərdi. Lakin cavabdeh tərəfindən hər hansı xəbərdarlıq edilməsi və ya həmin ehtiyat hissəsini istifadə etməkdən imtina edilməsi müəyyən edilmir.

68. Belə olan halda mühərrikin məhz keyfiyyətsiz “içlik” səbəbindən dağılmasını və həmin ehtiyat hissəsinin də sifarişçi olan iddiaçı tərəfindən təqdim olunmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

69. İş materiallarında olan “İş kartında” istifadə olunan ehtiyat hissələri sırasında “içliyin” dəyişilməsi ümumiyyətlə öz əksini tapmamışdır. Həmçinin istifadə olunan ehtiyat hissələrindən hər hansı birinin sifarişçi tərəfindən təqdim edilməsi də “iş kartında” göstərilməmişdir.

70. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, mühərrikin sıradan çıxması cavabdeh tərəfindən işin qüsurlu görməsi nəticəsində baş vermişdir. Bu zaman işin özünün qüsurlu görülməsinin və ya istifadə olunmuş ehtiyat hissələrinin keyfiyyətsiz olmasının heç bir əhəmiyyəti yoxdur, çünki mühərrikin sıradan çıxmasına gətirib çıxaran ehtiyat hissələri cavabdehin özü tərəfindən təqdim olunaraq quraşdırılmışdır. Cavabdeh “X11 5 minik” markalı avtomobilin yeganə rəsmi idxalçısı olmaqla yanaşı həm də həmin avtomobillərə ixtisaslaşmış serviz xidməti göstərən şəxsdir və təqdim etdiyi xidmətlərə görə də məsuliyyət daşıyır.

71. Qanunvericiliyin tələbinə görə əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır.

72. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır.

73. Cavabdeh keyfiyyətsiz ehtiyat hissəsindən istifadə etməklə qüsurlu iş görmüşdür, bunun nəticəsində iddiaçıya məxsus avtomobilin mühərriki sıradan çıxmış və ona ziyan vurulmuşdur.

74. Kollegiya hesab edir ki, iddiaçıya məxsus avtomobilin mühərriki cavabdehin vəsaiti hesabına təmir edilməli və mühərrik işlək vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır, belə ki, qeyd olunduğu kimi, cavabdeh həmin avtomobillər üzrə yeganə ixtisalaşmış serviz xidməti göstərən şəxsdir və mühərrikin məhz həmin servizdə təmir olunması daha məntiqli və ağlabatandır.

75. Kollegiya onu da qeyd edir ki, MPM-nin 223-cü maddəsində göstərilən tələblərə uyğun olaraq, mühərrikin təmir edilib iddiaçıya təhvil verilməsi üçün iki ay müddət müəyyən olunmalıdır, çünki həmin müddət göstərilən işlərin görülməsi üçün ağlabatan hesab edilir.

76. Əldən çıxmış faydaya aid hissədə iddia tələbini əsassız hesab edən Kollegiya qeyd edir ki, avtomobildə yaranan nasazlıqla bağlı iddiaçı ilə cavabdeh arasında münasibətlər 2018-ci ildən yaranmışdır. İddiaçının əldən çıxmış fayda tələb etməsinə əsaslandığı "xxxx" MMC ilə müqavilə isə xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Həmçinin şahid qismində dindirilmiş mübahisəli avtomobilin faktiki sahibi olan Elsevər Abbasov ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixli aktla avtomobili mühərriksiz təhvil aldıqdan sonra ona “Mercedes” mühərriki qoyub işlədir. Yəni, avtomobil göstərilən vaxtdan işlək vəziyyətdə olmuşdur.

77. İddiaçı mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulmasını tələb etmişdir.

78. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

79. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

80. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

81. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

82. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

83. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi mübahisə doğurmur.

84. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır.

85. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir.

86. Qalan hissədə iddianı əsassız sayan Kollegiya qeyd edir ki, iddiaçı bir neçə alternativ tələb irəli sürməklə, həm mühərrikin təmirinə görə ödədiyi 1011 manatı, həm qeyri mötəbər və əsaslandırılmayan mütəxəssis rəyinə istinadda mühərrikin təmiri üçün 10000 manatı, həm də mühərrikin cavabdeh tərəfindən təmir edələrək ona təhvil verilməsini tələb etmişdir. Göründüyü kimi, göstərilən tələblər alternativ olmaqla birbirini inkar edir, yəni mühərrikin təmir edilməsi tələbinin təmin edilməsi onun daha əvvəl təmiri üçün ödənilmiş vəsaitin və ya gələcəkdə təmiri üçün tələb olunan xərcin də tutulmasını mümkünsüz edir.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-496/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin. İki ay müddətində İddiaçı məxsus “X11 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına təmir edilsin və mühərrik işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar