Məhkəmə qərarları › İş №2(103)-4543/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4543/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4543/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(001)- 291/2019 saylı qətnaməsindən İddiaçı1 MTK və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87520 manat pulun əsassız varlanmaya görə faydalanmanın əvəzi kimi alınaraq birgə iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2004-cü il tarixli 107 saylı sərəncamı ilə İddiaçı2 ASC-nin istifadəsində olan Bakı şəhəri Xətai prospekti, 787-ci məhəllədə (Xətai prospekti 42) 0,3 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq verilmişdir. İddiaçı2 ASC-nin sifarişi əsasında binanın tikintisini İddiaçı1 MTK həyata keçirmişdir. Binanın tikintisi başa çatdırılmış və təyinatı üzrə istifadəyə yararlı olduğundan, müvafiq komissiya tərəfindən istismara qəbul edilmişdir. Binanın birinci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayında razılaşma əsasında İddiaçı1 MTK tərəfindən həmin binadan mənzil almış Cavabdeh icarəsinə verilmişdir. Aylıq icarə haqqı 1500 manata razılaşdırılmışdır. Dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina etmiş, nəticədə cavabdehin İddiaçı1 MTK-ya icarə haqqı üzrə 72000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsinə nail olmaq üçün İddiaçı1 MTK məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(001)-94/2016 saylı qətnaməsi ilə İddiaçı1 MTK-nın cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilmiş və icarə haqqı olaraq 72000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 MTK-nın xeyrinə verilməsi qət edilmişdir. Həmin məhkəmə işi ilə bağlı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna qədər mübahisəsiz olaraq cavabdehin istifadəsində olmuş və o həmin sahədən sahibkarlıq məqsədləri üçün istifadə etmişdir. Eyni zamanda araşdırılan sübutlarla müəyyən edilmişdir ki, cavabdehin cəmi 48 ay istifadəsində olan sahənin orta aylıq kirayə haqqının dəyəri 2011-2014-cü illər üzrə 1 kvadrat metr üçün 23-25 manat, 2015-2016-cı ilin iyun ayı üzrə 18-20 manat təşkil edir. Beləliklə, cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə nəticəsində müvafiq dövrlər üzrə bir kvadrat metr üçün ən aşağı kirayə haqqı qiymətləri əsas götürülərsə, 87520 manat (2011-ci ilin mart ayından 2014-cü ilin sonuna kimi 46 ay x 80 kv.m x 23 manat = 84640 manat və 2015-ci ilin yanvar və fevral ayı üçün 2 ay x 80 kv.m x 18 manat = 2880, cəmi 87520 manat) dəyərində faydalanması əslində mübahisəsizdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 2(103)-2296/2017 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi İddiaçı1 MTK-nın cavabdehə qarşı 72000 manat pul tələbinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı1 MTK ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasını sübut etməli olan iddiaçı həmin icarə müqaviləsinin bağlanması faktını sübut edə bilməmişdir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair tərəflər arasında yazılı formada, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi mövcud deyildir və cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin 12 sentyabr 2017-ci il tarixli 2(102)-5733/2017 saylı qərarı ilə təsdiq olunmuşdur. İstər apellyasiya məhkəməsi, istər Ali Məhkəmə həmin iş üzrə müvafiq nəticələrə gələrkən, iddiaçı tərəfindən cavabdehə qarşı pul tələbinin əsaslı olması ilə əlaqədar yalnız İddiaçı1 MTK-nın istinad etdiyi qanuni əsası, yəni tərəflər arasında icarə müqaviləsinin bağlanmasının qanuniliyini yoxlamış və müvafiq nəticələrə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Burada da cavabdehin İddiaçı1 MTK-nın hesabına faydalanması mübahisəsizdir. Belə hallar əsassız varlanma ilə əhatə edilir ki, bu da öhdəliyin yaranması üçün müstəqil qanuni əsasdır. Tərəflər arasında yaranmış münasibətlər ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsindən istifadə etməklə faydalanaraq varlanmışdır. Bu varlanmanın müqavilə əsasının olmaması yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir. Lakin bu heç də o anlama gəlmir ki, cavabdeh həmin faydalanma nəticəsində əldə etdiklərini İddiaçı1 MTK-ya qaytarmamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(001)- 291/2019 saylı qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, 5600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 MTK-ya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə əlaqədar birgə iddiaçılar İddiaçı1 MTK-nın və İddiaçı2 ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddialarının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iddia tələbinin əsassız varlanma ilə bağlı iddia müddəti ötürülməklə verilməsinə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf onu aldadaraq oranı təmir etdirmiş, onun Türkiyədə olmasından istifadə edərək, əmlaklarının bir qismini çıxarıb çölə ataraq, ona satacaqlarını vəd etdiyi obyekti özləri üçün İddiaçı1 market kimi istifadə etmişlər. Belə ki, iddiaçıların ona 24002 manat məbləğində maddi ziyan vurmaları Ali Məhkəmənin 12 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmasına baxmayaraq, məhkəmə iddiaçı hüquqi şəxsin müddət ötürülməklə verdiyi iddiasını icraatına götürüb baxmış, əsassız olaraq iddianı qismən təmin etmişdir. Bu kimi pozuntular onun hüquq və vəzifələrinin pozulması ilə nəticələnmiş, düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı tərəf əsassız varlanma ilə bağlı 2 illik iddia müddətini ötürmüşdür. İddiaçılar iddia ərizəsində 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna qədər olan dövr ərzində hüquqlarının pozulmasını iddia etsələr də, iddianı 3 il sonra, 05 fevral 2018-ci ildə məhkəməyə təqdim etmişlər. Ona görə də hesab edir ki, iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddianın rədd olunması barədə qərar çıxarılmalıdır. Qətnamədən İddiaçı1 MTK da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, İddiaçı1 MTK-nın Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddiasının təmin edilərək, cavabdehdən 87520 manat pulun İddiaçı1 MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının tətbiqi baxımından düz olsa da, işin faktiki hallarının obyektiv və qərəzsiz qiymətləndirilməsi baxımından əsassız varlanma nəticəsində geri qaytarılmalı olan əldə edilənlərin məbləğinin düzgün müəyyən edilməsi hissəsində əsassızdır. Məhkəmə hüququn tətbiqi zamanı tərəflər arasında olan münasibətlərə düzgün qiymət verərək, cavabdehin müəyyən müddət ərzində İddiaçı1 MTK-ya məxsus qeyri-yaşayış sahəsindən faydalanmasını əsassız varlanma kimi dəyərləndirmiş və bunun dəyərinin geri ödənilməli olduğunu göstərmişdir. Lakin məhkəmə iddianı təmin edən sübutlara qiymət verərək belə hesab etmişdir ki, cavabdeh 7 ay mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız olaraq varlandığına görə 5600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, İddiaçı1 MTK-ya verilməlidir. Halbuki, iddiaçıların məhkəməyə təqdim etdiyi sübutlar, xüsusən şahid ifadələri ilə cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna kimi istifadə etməsi və beləliklə faydalanması sübuta yetirilmişdir. Şahid ifadələri ilə müəyyən olunur ki, cavabdeh qeyri-yaşayış sahəsini 4 il istifadə etmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı mühüm xüsusatlara diqqət yetirməmiş, səhv olaraq işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallarla bağlı səhv nəticəyə gəlmişdir. Mübahisələndirilə bilməyən hallardan biri də cavabdehin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunan həmin qeyri-yaşayış sahəsini almaq məqsədi ilə artıq 2011-ci ilin əvvəllərindən təmirə götürdüyünü iddia etməsidir. İş məhkəmədə olandan 8 ay sonra cavabdeh tərəf işin aidiyyatı üzrə göndərilməsi ilə bağlı ərizə ilə müraciət etməklə, işin icraatını əngəlləməyə çalışmış, buna görə məhkəmə qərardadı ilə 2000 manat cərimələnmişdir. Məhkəmə 7 aylıq istifadə müddəti üçün 2014cü ilə görə 1 kv.m istifadə haqqının ortalama qiyməti olaraq 10 manat müəyyən edərək, aylıq icarə haqqının 800 manat olması nəticəsinə gəlməsi də anlaşılan və məntiqli deyil. Əvvəlki məhkəmə mübahisəsi üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh qeyri-yaşayış sahəsini 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna kimi mübahisəsiz qaydada istifadə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin 48 ay istifadəsində olan sahənin orta kirayə haqqının dəyəri 2011-2012- 2013- 2014-cü illər üzrə 23-25 manat, 2015-2016-cı ilin iyun ayı üzrə 18-20 manat təşkil edir. Beləliklə, cavabdehin həmin qeyri-yaşayış sahəsinin istifadəsi nəticəsində ən aşağı kirayə haqqı qiymətləri əsas götürülərsə, 87520 manat dəyərində faydalanması əslində mübahisəsizdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(103)- 2293/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı1 MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(001)-291/2019 saylı qətnaməsi əldən çıxmış faydanın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi əldən çıxmış fayda ilə bağlı hissədə qismən təmin edilmiş, 36080 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 MTKya ödənilməsi qət edilmiş, iddia tələbi əldən çıxmış fayda ilə bağlı qalan hissədə təmin edilməmiş, qətnamə İddiaçı2 ASC-yə aid təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 MTK və Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli 2(102)-401/2021 saylı qərarı ilə İddiaçı1 MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(103)-2293/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya icraatı qaydasında baxılarkən Cavabdeh vəkili X2 Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Birgə iddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına öz nümayəndələrini göndərməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı1 MTK-nın apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(001)-291/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissələrinin yoxlanılması təşkil edir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “...əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır : 1. Borclu əmlak əldə etməli, 2. Həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. Bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus qeyriyaşayış sahəsindən müəyyən müddət istifadə etmiş və həmin dövr üçün icarə haqqına qənaət etməklə varlanmışdır. Beləliklə, əsassız varlanmanın şərtlərindən birinci və ikinci mövcud olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan şərtlərdən üçüncüsünün mövcudluğu tam araşdırılmamışdır. Belə ki, məhkəmə bununla bağlı Azərbaycan Respublikası MM-in 1092.1-ci maddəsini və həmin maddənin istinad olunduğu 157.5-ci maddəsini tətbiq etmişdir. Lakin nəzərə alınmamışdır ki, MM-in 157.5-ci maddəsində əmlakın qanunsuz sahibliyində olan şəxsin vicdanlı və ya vicdansız olmasından asılı olaraq, mülkiyyətçinin ondan əvəzin tələb edilməsinin müxtəlif hədləri müəyyən olunmuşdur. ” Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı2 ASC-nin istifadəsində olan Bakı şəhəri Xətai prospekti, 787-ci məhəllədə (Xətai prospekti 42) 0,3 ha torpaq sahəsində İddiaçı2 ASC-nin sifarişi əsasında İddiaçı1 MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsini iddiaçının razılığı ilə 2011-ci ilin mart ayından başlayaraq müəyyən müddət ərzində mərmər satışı üçün mağaza kimi istifadə etmişdir. İddiaçı tərəf həmin qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verildiyini, cavabdeh tərəf isə həmin sahənin ona dəyərinin gələcəkdə ödənilməsi şərti ilə iddiaçı tərəfindən satıldığını, buna görə də qeyri-yaşayış sahəsini təmir etdirərək mağaza kimi işlətdiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən cavabdehə nə satılması, nə də icarəyə verilməsi sübut olunmamışdır. Lakin cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə istifadə etməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız varlanmasını iddia edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə əsasən hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi, Cavabdeh qeyd olunan qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə istifadə etməklə həmin əmlaka münasibətdə vicdanlı sahib olmuşdur. Buna görə də iddiaçı əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, cavabdehin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan həmin əmlakdan gəlir götürməsi müəyyən olunmamışdır. Belə ki, iddiaçı tərəf cavabdehi həmin qeyri-yaşayış sahəsindən çıxaranadək sonuncunun həmin əmlaka sahibliyinin qanunsuz olmasını qarşı tərəfə bəyan etməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Tərəflər arasında məhkəmə çəkişməsi başlanan dövrdə isə mübahisəli əmlak cavabdehin istifadəsində olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçının hesabına əsassız varlanması sübut olunmadığından, iddiaçının hazırkı iddianı verdiyi tarixdə varlanma obyektini qaytarmaq hüququnun qüvvədə olub-olmamasının araşdırılmasına lüzum yoxdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı1 MTK-nın hesabına əsassız varlanması nəticəsinə gəlib iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 1091 və 1092-ci maddələrində nəzərdə tutulmuş maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 MTK-nın apellyasiya şikayətinin dəlilləri əsassız varlanma nəticəsində tutulmalı olan məbləğin dəyərləndirilməsi ilə bağlı olmaqla əsassız olduğundan təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və mübahisələndirilən qətnamə iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə ləğv olunduğundan və iddia rədd olunduğundan, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçılardan müştərək qaydada tutularaq cavabdehə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(001)- 291/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçılardan alınaraq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar