Məhkəmə qərarları › İş №2(103)-4553/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4553/2021

10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4553/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X8 və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019cu il tarixli qətnaməsindən iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Turkiyə Cümhuriyyətinin, Cavabdeh isə Azərbaycan Respublikasının vətəndaşları olmaqla tanışlıq münasibətində olmuş, təxminən 10 il müddət ərzində iddiaçı cavabdehin səhmdarı olduğu “xxxx” MMC kommersiya şirkətində qadın xəstəlikləri üzrə mütəxəssis kimi işləmişdir. 2019-cu ilin iyul ayında iddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2010cu ildən dostluq münasibətində olduğu Cavabdeh xahişi ilə ona məxsus “X22” MMC-də işləməsini və Cavabdeh 2010-cu ildə 100.000 ABŞ dolları, 2012-ci ildə isə 900.000 ABŞ dolları, cəmi 1.000.000 ABŞ dolları məbləğində borc verməsini, münasibətlərinin pisləşməsi ilə əlaqədar MMC-dən işdən getdikdən sonra verdiyi borcu tələb etdikdə cavabdehin aldığı borcu qaytarmamaqla öhdəliyini icra etməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 1.000.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı X3 həkim-ginekoloq ixtisası üzrə uzun illər Azərbaycan Respublikasında fəaliyyət göstərmiş, tanınmış həkim, tibb mütəxəssisidir. İddiaçı dediklərinə əsasən, Cavabdehla təxminən 2010-cu ildən yaxın dostluq münasibətləri yaranmışdır. İddiaçı həmçinin cavabdehin yaxın qohumunun Azərbaycan Respublikasında yüksək vəzifə tutan dövlət məmuru olduğunu da bilmişdir. Həmin dövrdə Cavabdeh özünə məxsus “xxxx” MMC adlı kommersiya şirkətinin olduğunu iddiaçıya bildirərək, sonuncunu yüksək səviyyəli mütəxəssis olduğu üçün həmin şirkətə işləmək üçün dəvət etmiş və hətta ona ortaqlıq da təklif etmişdir. Münasibətləri normal olduğundan və Cavabdeh etibar etdiyindən iddiaçı bu təklifi qəbul etmişdir. İddiaçının sözlərinə görə, həmin dövrdə, yəni cavabdehə məxsus şirkətdə (klinikada) işləməyə başlamamışdan əvvəl cavabdeh öz işləri ilə bağlı 1.000.000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu iddiaçıya söyləmiş və ondan qeyd edilən məbləği borc istəmişdir. Artıq iş təklifini qəbul etdiyinə və dostluq münasibətləri olduğuna görə, habelə cavabdehin yaxın qohumunun yüksək vəzifə tutmasını nəzərə alaraq, sonuncuya inanıb, etibar edərək həmin məbləği ona vermiş, daha dəqiqi - 10.06.2010-cu il tarixdə İstanbul şəhərində iddiaçıya məxsus bank hesabından 100.000 ABŞ dollarını cavabdeh şəxsən məxaric edərək almış, digər 900.000 ABŞ dollarından 890.000 ABŞ dollarını bank hesabından çıxararaq, qalan 10.000 ABŞ dolları hissəsini isə nağd şəkildə əlavə edərək iddiaçı 2012-ci ildə cavabdehə vermişdir. Cavabdeh pulları aldığı zaman, iddiaçıya bildirmişdir ki, onun şirkətində iş fəaliyyətini bitirmək və Türkiyəyə qayıtmaq istədiyi zaman o, iddiaçıdan aldığı 1.000.000 ABŞ dolları məbləğində pulu ona qaytaracaqdır. Bu şərtlə iddiaçı razılaşmış və bundan sonra tərəflər həmin dövrdən etibarən dostluq münasibətlərini və əməkdaşlıqlarını davam etdirmişlər. Lakin, iddiaçının sözlərinə görə cavabdehin son dövrlər onunla ünsiyyətdə olmaq istəməməsi, onunla kobud davranması, birgə iş fəaliyyətində onu istismar etməsi, yəni özünün heç bir iş görmədən, şirkətdə iddiaçının işləməsi müqabilində gəlirlər əldə etməsi və bu kimi digər hallar səbəbindən 2019-cu ilin əvvəllərində qərara gəlmişdir ki, cavabdehin şirkətində artıq işləməsin və öz vətəninə qayıtsın. Bundan sonra, iddiaçı rəsmi olaraq “xxxx” MMC-də işdən ayrılmışdır. Cavabdehlə razılaşdıqları kimi sonuncuya vermiş olduğu pul vəsaitinin qaytarılması üçün müraciətlər etsə də, onlar nəticə verməmiş, cavabdehin atası ilə görüşüb vəziyyəti ona bildirməsinə baxmayaraq, bu da nəticə verməmişdir. Əksinə bu pulun qaytarılmaması üçün ona qarşı qondarma ərizələr və şikayətlərin verilməsi təşkil edilmişdir. Nəticə etibarı ilə, iddiaçı hesab edir ki, cavabdeh onu aldatmış, külli miqdarda pulunu şərtləşdikləri kimi şirkətdən işdən ayrıldığı vaxt cavabdeh ona qaytarmalı olduğu halda, bunu etməyərək onun pulunu qanunsuz olaraq özündə saxlamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2109/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən cavabdehin 10 iyun 2010-cu il tarixli məxaric qəbzi ilə bankdan götürdüyü iddiaçıya məxsus 100.000 ABŞ dollarının ona borc kimi verilməsinin iş materialları ilə təsdiq olunmamasını, 900.000 ABŞ dolları məbləğində borcun verilməsinin isə sübuta yetirilməməsini əsas göstərmiş və bu zaman qanuni əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740-cı maddələrinə və Azərbaycan Respublikası MPM-nin 76, 77.1-ci maddələrinə istinad etmişdir. İş üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək cavabdeh tərəfindən iddiaçının bank hesabından 100.000 ABŞ dollarının götürülməsinə, eləcə də, iddiaçının 08 mart 2012-ci il tarixdə öz bank hesabından 890.000 ABŞ dollarını götürməsinə obyektiv qiymət verilməməsini, iddianın rədd olunmasının qanunun tələblərinə uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya məhkəməsi iddia tələbinin 900.000 ABŞ dolları məbləği barədə iddianın rədd edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddia tələbinin 100.000 ABŞ dolları məbləğində hissəsinin rədd edilməsinə dair gəldiyi nəticəsi tam və hərtərəfli yoxlanılmamış sübutlara söykənməklə, mülahizə xarakteri daşıdığından, qanuni və əsaslı sayıla bilməz. Kassasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İşdən göründüyü kimi, istər birinci instansiyası məhkəməsində və istərsə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh iştirak etməmiş və iddiaçının bank hesabından 100.000 ABŞ dolları məbləğində pulu hansı məqsədlə götürməsi məsələsinə aydınlıq gətirilməmişdir. Onun işdə iştirak edən nümayəndəsi isə bu barədə olan qəbzin həmin pul məbləğinin borc kimi verilməsini təsdiq etməməsini əsas göstərməklə başqa heç bir sübuta və dəlilə istinad etmədən iddianın rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı həmin məbləği (100.000 ABŞ dolları) cavabdehə borc qismində verməsini iddia etmiş, cavabdehin nümayəndəsi isə bununla bağlı yalnız bank tərəfindən verilmiş qəbzdə həmin pulun borc qismində verilməsinin göstərilməməsinə istinad etməklə həmin pul məbləğinin borc kimi verilməsini inkar etmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə həqiqətə nail olmaq üçün bu istiqamətdə hər hansı araşdırma aparmadan iddianın həmin hissədə əsassız olması barədə nəticəyə gəlmişdir”. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddianın 100.000 ABŞ dollarının cavabdehdən tutulmasının rədd olunmasına dair hissədə qətnaməni ləğv edərək, yeni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin Qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də, hazırki apelyasiya baxışının həddi kassasiya məhkəməsinin qərarına uyğun olaraq, iddia tələbinin 100.000. ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində yoxlanılmalıdır. Aplyasiya şikayətinin və iddia tələbinin 900.000. ABŞ borcun tutulması hissəsi hazırki apelyasiya baxışının predmetini təşkil etmir. (həmin hissədə kassasiya məhkəməsi qətnaməni qanuni hesab etmişdir.) Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəf birinci dəfədir ki, təmirnən bağlı fikir söyləyir, yəni əvvəllər heç bir məhkəmədə təmirlə bağlı heç bir söhbət getməyib. Kassasiya instansiya məhkəməsinin qərarında, mövqeyi hissəsində 3-cü abzasda göstərilir ki, “İşdən göründüyü kimi, istər birinci instansiyası məhkəməsində və istərsə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh iştirak etməmiş və iddiaçının bank hesabından 100.000 ABŞ dolları məbləğində pulu hansı məqsədlə götürməsi məsələsinə aydınlıq gətirilməmişdir”. Burda iki məsələ ortaya çıxır, 1-ci əgər bu pul evin təmiri ilə bağlıdırsa nə səbəbə üç instansiya məhkəməsində bu məsələ qaldırılmayıb. 2-si sübutetmə vəzifəsini qoyur tərəfin üzərinə, qeyd edir ki, məhkəmə prosesində Cavabdeh iştirak etməyib və məsələyə aydınlıq gətirməyib. İddiaçı uzun müddət Azərbaycanda həkim fəaliyyəti ilə məşqul olub, o, Cavabdehla yaxın dostluq münasibətində olmuş bir yerdə həkim kimi fəaliyyət göstərmişlər və özlərinin əməkdaşlığı olub. İddiaçı təmir üçün kimdənsə pul almağa ehtiyacı olmayıb, o yaxşı həkim olub və kifayət qədər imkanı olub. Cavabdeh tərəfin dindirilməsi üçün gətirdiyi şahidlər MPM-nin tələbinə əsasən birinci instansiya məhkəməsində təqdim edilməli idi. Bundan başqa o, göstərmişdir ki, iddia tələbləri cavabdehin Türkiyyə Respublikasında iddiaçıdan aldığı borcun qaytarılmasıdı, pulun verilməsi ilə bağlı sübutları bank sənədi və şahidlərdi, yəni Cavabdeh İddiaçı bank hesabından pulu çıxarıb, təsisçilikdən çıxma barədə ərizə yazmışdır, görüşüb iddiaçının təsisçilikdən çıxmaq istəməsi barədə məsələni müzakirə etmişlər, lakin, hazırki borcla bağlı söhbət olmamış, iddiaçı 100.000 ABŞ dollarını cavabdehə şifahi razılaşma əsasında rəsmi bank sənədi ilə vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X14 izahatında göstərdi ki, tərəflər arasında uzun müddət birgə fəaliyyət olmuş, 100.000 dollar mübahisəsi olmayıb. Belə ki, “Azər-Türk-Med” klinikasında iddiaçı cavabdehlə birgə təsisçi olublar və hərəsinin 50% payı olub. Sonra İddiaçı qayıdıb Türkiyəyə getməli olmuş və gedərkən nümayəndəsi Nümayəndə vasitəsi ilə ərizə tərtib edib vermişdir. Bu ərizə iddia qaldırılmamışdan təxminən 7-8 ay qabaq verilmişdir. Ərizədə göstərilmişdir ki, o təsisçilikdən çıxdığı üçün ona düşən pay yəni 1 milyon ona ödənilsin. Cavabdeh ona ərizə yazıb bildirmişdir ki, təsisçilikdən çıxır və müəssisəni ona, yəni iddaçıya verir. Tərəflər arasında mübahisə buradan başlayır. Bundan sonra iddiaçı köhnə vasitəyə əl atır. Belə ki, 2009-cu ildə İddiaçı Bakıda 4 otaqlı mənzil alıb. Həmin mənzili Cavabdeh təmir etdirir və pulunuda Azər verir. Həmin mənzili təmir edən usta və prorabda şahidlik etməyə hazırdırlar. Belə ki, İddiaçı özü türk ustalarla danışıb onlar təmir xərclərini 120.000 manat hesablayıblar. Sonra müraciət edib cavabdehə və cavabdehin ustaları təmir xərclərini 80.000 manat hesablayıb. Bu səbəbdən mənzilin təmiri Azər tərəfindən təşkil olunub və həmin dövrdə Azər təmir üçün 100.000 dollat (80.000 manat) ödəyib, İddiaçı isə sadəcə evə girib yaşayıb. Tələb olunan pul evin təmirinə görə İddiaçı Azərə verdiyi puldu, yəni Azər iddiaçının evinin təmir xərci olan pulu ödəyib, onun əvəzində İddiaçı bank hesabından Azər təmirə xərclədiyi pulu götürüb. Həmin mənzilə aid çıxarışa diqqət yetiriləndə açıq-aydın məlum olunur ki, çıxarışla pulun verilmə tarixi eyni vaxtdadır, yəni bir ay fərq var, 2010-cu ilin 6-cı ayı Azər pulu götürüb, çıxarış isə 7-ci ayda alınıb. Aydın görünür ki, burada borcun yaranma öhdəliyi mövcud deyil, yəni borcun yaranma əsasları yoxdur. Eyni zamanda məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edir və şahidlərin dindirilməsini xahiş edir. Həmçinin bildirir ki, biz cavabdeh olaraq iddianı ümumiyyətlə qəbul etmədiyimiz, iddia tələbini əsassız hesab etdiyimiz üçün hər hansı bir sübut təqdim etməmişik və buna zərurət görməmişik. İddia tələbini qəbul etmədiyimiz üçün iddia müddətinin tətbiqi barədə ərizə verməmişik. Lakin kassasiya məhkəməsinin göstərişlərinə əsasən 100.000 ABŞ dollarının cavabdeh tərəfə hansı məqsədlə verilməsini aydınlaşdırmaq üçün biz hazırki apelyasiya baxışında həmin pulun evin təmiri üçün verildiyini bildiririk və bu halı təsdiq etmək üçün verdiyimiz vəsatətin təmin edilib şahidlərin dindirilməsini xahiş edirik. Ona görə də, iddiaçının nümayəndəsinin hazırki apelyasiya icraatında şahidlərin dindirilməsinə etiraz etməsini əsassız hesab edirik. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X9 çıxışında göstərdi ki, həmkarı Faiq Nəcəfovun çıxışını müdafiə edir və bildirir ki, mübahisə predmeti olan 100.000 ABŞ dollarınının borc kimi cavabdehə verilməsi barədə iddiaçı tərəf heç bir sübut təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Faiq Nəcəfov yazılı vəsatət təqdim edərək, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərin icrasının təmin edilməsi üçün iki şahidin dindirilməsini xahiş etdi və vəsatətini onunla əsaslandırdı ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 50 giriş 2, mənzil 3-ün (Dövlət Reyestr Xidmətinin verdiyi 03.07.2010-cü il tarixli, ******* seriyalı çıxarış Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmişdir) təmiri ilə bağlı cavabdeh tərəfindən 100.000 ABŞ dolları vəsaitin Vüqar Cavadova verilməsi və Vüqar Cavadov tərəfindən mənzilin tam təmir edilməsi və bunun müqabilində Türkiyədə Cavabdeh 100.000 ABŞ dollarını qaytarması hallarının müəyyən edilərək işə ədalətli hüquqi qiymət verilməsi məqsədilə təmiri həyata keçirən X2 və usta X6 şahid qismində dindirilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi Faiq Nəcəfovun vəsatəti məhkəmə kollegiyası tərəfindən təmin edilmiş və təqdim edilmiş şahidlər hazırki apelyasiya baxışı iclasında dindirilmişlər. İddiaçının öz tələbinin əsası kimi məhkəmələrə təqdim etdiyi sübutlar aşağıdakılardır: - 10.06.2010-cu il və 08.03.2012-ci il tarixli məxaric qəbzləri, habelə iddiaçının arvadı İşıl Turanın, iddiaçının bacısı Şirin Turanın və iddiaçının keçmiş iş yoldaşı Cem Gazınin ifadələri. İddiaçının istinad etdiyi 10.06.2010-cu il tarixli məxaric qəbzindən görünür ki, iddiaçının “NSBC” Bankındakı hesabından 100.000 ABŞ dolları məbləğində pul nağd şəkildə cavabdehə ödənilmişdir; cavabdehin həmin pulu qəbul etməsi onun öz imzası ilə təsdiq edilir. İddiaçının istinad etdiyi digər məxaric qəbzindən görünür ki, iddiaçı, 08.03.2012-ci il tarixdə “NSBC” Bankındakı hesabından 890.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə almışdır. İddiaçının arvadı İşıl Turan Məhkəmənin adına ünvanladığı yazılı ifadəsində bildirir ki, cavabdeh işlərini genişləndirmək məqsədi ilə iddiaçıdan 1.000.000 ABŞ dolları məbləğində borc istəmiş, sonuncu ilkin olaraq 100.000 ABŞ dollarını 2010-cu ilin iyun ayında bankdan şəxsən almış, qalan 900.000 ABŞ dollarını isə 2012-ci ilin aprel ayında iddiaçının bacısı Şirin Turandan qəbul etmişdir. Belə ki, 2012-ci ilin mart ayında iddiaçı pulu bankdan götürmüş, lakin cavabdeh həmin vaxt gələ bilməmiş, bu səbəbdən o, həmin məbləği aprel ayında İstanbula gələrək Şirin Turandan qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçının bacısı Şirin Turanın yazılı ifadəsində göstərilir ki, 2010-cu ilin mart və iyun aylarında iş üzrə tərəflər arasında birgə fəaliyyətlə bağlı onun (Şirin Turanın) iştirakı ilə görüşlər olmuşdur. Cavabdeh iddiaçıya “Azər-Türk-Med” Klinikasının başqa ölkələrdə filiallarını da açmaq niyyətində olmasını bildirmiş və bu məqsəd ilə ondan 1.000.000 ABŞ dolları borc istəmiş, tərəflər bu barədə razılığa gəlmişlər. Şirin Turan tərəflərin razılaşmasını rəsmilləşdirmək istədikdə, cavabdeh buna zərurət olmadığını bildirmiş, imtinasını isə iddiaçını öz qardaşı kimi görməsi, ona etimad edilməli olması, habelə borcun məbləğinin böyük olması səbəbindən maliyyə sorğularına məruz qalacağı ilə izah etmişdir. İddiaçı da Türkiyəyə qayıdan zaman qaytarmaq şərti ilə cavabdehə borc verməyi qəbul etmişdir. İfadədə daha sonra qeyd edilir ki, Şirin Turan razılaşdırılmış borc məbləğinin ilk 100.000 ABŞ dollarının cavabdeh tərəfindən İstandulda bankdan götürüldüyünü bilir. 2012-ci ilin mart ayında isə iddiaçı bankdan 890.000 ABŞ dolları götürmüş və həmin məbləğə daha 10.000 ABŞ dolları əlavə etmişdir. İddiaçı həmin pul vəsaitini Azərbaycana aparmaq istəmiş, lakin sərhəddə problem baş verəcəyini öyrənincə bu fikirdən imtina etmiş və pulu cavabdehə vermək üçün ona təslim etmişdir. 2012-ci ilin aprel ayında Şirin Turan 900.000 ABŞ dolları məbləğində pulu şəxsən cavabdehə vermişdir. İddiaçının keçmiş iş yoldaşı Cem Gazı Məhkəməyə ünvanladığı yazılı ifadəsində göstərir ki, iddiaçı 2010-cu ildə cavabdeh ilə səhmdarlıq təsis edilməsi məqsədi ilə müzakirələrə başladılar. Cavabdeh, “Azər-Türk-Med” Klinikasının filiallarının başqa ölkələrdə açmaq işini təkmilləşdirib böyütmək istədiyini, bunun üçün ona 1.000.000 ABŞ dollara ehtiyacının olduğunu bildirdi. Hər ikisi də bu barədə razılığa gəldilər. 2012-ci ildə iddiaçı işlərin böyüdülməsi, investisiyalar edilməsi, yeni filialların açılması və Türkiyəyə qayıdan zaman geri qaytarılması şərti ilə 1.000.000 borc verməyi qəbul etdi və həmin məbləği 2012-ci ildə cavabdehə verdi. Lakin başqa ölkələrdə filiallar açılmadı. Cem Gazınin məlumatı var ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırki apelyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili X8 vəsatəti əsasında dindirilmiş şahid X7 izahatında qeyd etdi ki, İddiaçıı 2007-ci ildən, Cavabdeh isə 2000-ci ildən tanıyır, onlarla birlikdə işləmiş, onların hər ikisinin işçisi, onların yaratdığı klinikanın direktoru olmuş, İddiaçı evinin alınmasındada iştirak etmiş, evin təmirini özü aparmış, səhv etmirsə ev 2009-cu ildə alınmış, Rəşid Behbudov küçəsində notariusun üstündə, 2-ci mərtəbədə, qırmızı kərpicdən olan binalarda yerləşir və 4 otaqdan ibarətdir. Təmirnən bağlı İddiaçı öncə türk ustalara müraciət etmiş, onlar yüksək qiymət, səhv etmirsə 120.000 manat demişlər. Sonra ona müraciət etmiş və Azər müəllimdə xahiş etmişdir ki, o məşqul olsun. İnşaat təhsili olduğu üçün görüləcək işləri hesablamış, İddiaçı istəyini nəzərə alıb daha aşağı qiymət, təxminən 80.000 manat smeta çıxarmışdır. Materialların qiymətinin günü-gündən qalxması səbəbindən pulu əvvəlcədən almış, həmin pulu ona Cavabdeh vermişdir. Materialları almış və pulun qalan hissəsini ustalara vermişdi. Ev 4 otaqlı mənzildi, girişdə böyük xoldu, 60-60-a ağ keramika vurulub, sağda girən kimi mətbəxdi, divarlarına ağ kafel vurulub, solda uşaq otağıdı, yanında böyük yataq otağı, üzbə-üzdə kabinetdi və zaldı. Zala kalon qoymuşlar. Hər yer xoldan başqa parketdi. Mətbəx mebelini İddiaçı özü sifariş etmiş, qalan hər materialın hamısını, kafeli və s. özü almışdır. Evin 2 balkonu var, 1-i Rəşid Behbudav adına küçəyə baxır, 1-i həyətə. Rəşid Behbudov adına küçəyə baxan balkona kombi quraşdırmışlar. Təmir üçün 100.000 dolları ona Cavabdeh vermişdi, kursla ölçəndə təxminən 80.000 manat edirdi. Tərəflərin yaxın münasibətləri var idi, yəqin ki, buna görə təmir üçün 100.000 dolları ona Cavabdeh vermişdi. Onlar daima bir yerdə olan adamlar olub. Hətta evin alınmasındada Cavabdeh köməklik göstərib. Təmirin pulunu Cavabdeh verməsinin səbəbi onların öz arasında olan məsələdi, Cavabdeh verib sonrada İddiaçı qaytaracaqdı. Dəqiq xatırlamır, təmir işlərini təxminən 2009-cu ilin axırları olub. Ev təmirsiz vəziyyətdə olub, sıfrdan təmir edib təhvil verib. Uzun müddət keçdiyindən təmir vaxtı materiallara nəqədər, ustaya qədər pul xərclədiyini xatırlamır. Evin böyük yataq otağı təxminən 28 kv.m, kiçik uşaq üçün olan otaq təxminən 20 kv.m olardı. Niyə evin təmirinin pulun İddiaçı yox, məs Cavabdeh verməsinin səbəbini dəqiq deyə bilmir. Ev alınandan sonra klinikada tərəflər arasında olan söhbətdə Cavabdeh İddiaçı demişdir ki, “təmirin pulun mən verim sonra qaytararsan”. Hazırki apelyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili X8 vəsatəti əsasında dindirilmiş şahid X10 izahatında qeyd etdi ki, İddiaçı adlı şəxsi Vüqar Cavadov vasitəsi ilə tanımış, onun mənzilini usta kimi təmir etmiş, evdə elektrik, santexnika və parket işini, yəni 3 işi o, görmüşdür. Mənzilin təmirini ona Vüqar Cavadov sifariş etmişdi. Mənzil “Kapitalbank”ın arxasında, Rəşid Behbudov küçəsi, işıqfora çatmamış sağda, “xxxx” MTKda 3-cü mərtəbədə, notariusun üstündə yerləşir. Ev zal, qonaq otağı, yataq otağı və uşaq otağı olmaqla, 4 otaqdır, evdə 2 hamam, bir böyük hamam, bir yataq otağında hamam var. Qapıdan girən kimi solda dəhlizdi, birinci böyük hamam, uşaq otağı, sağda üzbə-üzin yataq otağıdır. Evin divarına emusiya vurulub, lakin rəngini xatırlamır. Mənzildə təmir hardasa 2009-cu ilin sonları başlayıb, 2010-cu ilin təxminən may ayında yekunlaşıb. Təmir üçün ona pulu yalnız Vüqar Cavadov verib. İddiaçı əlbə-əl ona pul verməmiş, bütün pulu Vüqar verib, yəni işi o, Vüqar Cavadovla danışmışdı. Təmirdən sonra İddiaçı onu təxminən 6-7 dəfə müəyyən işlər üçün çağırıb. Mənzildə təmir işləri apararkən İddiaçı oraya təxminən 5 dəfə gəlib, baxıb öz fikirlərini bildirib. Cavabdeh əyani olaraq yox, qiyabi tanıyır, onunla təmasda olmamışdır. Təmir üçün bütün materialları Vüqar Cavadov almışdır. Təmir üçün bütün pulu Vüqar Cavadov vermiş, məbləğini xatırlamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya məhkəməsinin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilib, yeni apelyasiya baxışına qaytarılmış, qətnamə iddia tələbinin rədd edilmiş digər hissəsində qanuni hesab edilmişdir. Bu səbəbdən hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə əsasən həmin hissədə (iddia tələbinin 100.000 ABŞ dolları borcun qaytarılması hissəsində) yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2ci maddəsinin tələblərindən çıxış edərək aşağıdakıları qeyd edir: Əvvəlki apelyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən təqdim edilmiş yazılı izahatların birinci instansiya məhkəməsində ondan asılı olmayan səbəblərdən təqdim edilməməsi əsaslı hesab edilərək qəbul edildiyindən, həmin izahatlar hazırki apelyasiya icraatı çərçivəsində də dəyərləndirilib, qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X14 tərəfindən verilmiş vəsatət təmin edilərək, dindirilmiş şahidlərin ifadələri, habelə cavabdehin nümayəndəsi və vəkili X8, vəkili X5 apelyasiya baxışının predmeti barədə verdikləri izahatları da sübut kimi qəbul edilib, qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, həmin iş üzrə birinci instansiya məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki mühakimə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilən maddi və prosessual hüquq normalarını müzakirə edilən mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada borc müqaviləsinin bağlandığını və bu müqavilə üzrə öhdəliklərin icra edilmədiyini sübuta yetirmək ilk növbədə iddiaçı tərəfin üzərinə düşür. Bu kimi sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda cavabdeh iddiaya dair etirazını sübut etmək yükünü daşıyır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Göstərilənlərə əsasən, müəyyən edilir ki, iş üzrə tərəflər arasında borc münasibətlərinin yarandığını iddia edən iddiaçı bu dəlilini sübuta yetirə bilmir. Belə ki, 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pulun alınması danılmaz faktdır. Lakin, bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Çünki bu halı təsdiq edən hər hansı mötəbər sübutu iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi göstərilməyib. Məhkəmə, iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini də iş üzrə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, təqdim edilmiş həmin ifadələrdən birinin iddiaçının arvadı İşıl Turana, digərinin isə iddiaçının bacısı Şirin Turana aid olması, habelə İşıl Turan və iddiaçının sabiq iş yoldaşı Cem Gazinin pulun verilməsində bilavasitə iştirak etməməsi, bu ifadələrin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmasına əsas verir. Cavabdehin nümayəndəsi və vəkili Faiq Nəcəfov iddiaya etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında borcla bağlı mülki hüquqi müqavilə öhdəlikləri olmamışdır. Yəni tərəflər arasında borcla bağlı nə yazılı, nə də şifahi müqavilə bağlanmamışdır. İddiaçı borc müqaviləsinin bağlanmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Çünki cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 389-cu maddəsində müəyyən edilən öhdəliyin yaranma əsasları mövcud olmamışdır. Azərbaycan Respublikasın Mülkü Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına 2(103)-2109/2020 saylı işə baxılarkən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 50 giriş 2, mənzil 3-ün çıxarışı təqdim edilmişdir. Həmin mənzil 2010-cu ilin əvvəllərində cavabdehin vəsaiti hesabına tam təmir edilmişdir. İddiaçıla Cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ailəvi dostluq münasibətləri mövcud olduğundan iddiaçı 2009-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 50 giriş 2 də 3 nömrəli mənzili əldə etdikdən sonra mənzilin təmiri üçün cavabdehdən kömək istəmişdir. Cavabdeh tərəfindən mənzil 80.000 manata tam təmir edilmişdir. İddiaçı Cavabdehla razılaşmalarına əsasən onun mənzilinə çəkilən xərcləri İddiaçı Türkiyyə Respublikasında Cavabdeh qaytarmışdır. Təmiri həyata keçirən iş icracısı və ustaların şahidlikləri və qeyd olunan bank qəbzi bu faktı təsdiq edir. Mənzil təmir edildikdən sonra Dövlət Reyestr Xidmətinə müraciət edilmiş və Xidmət tərəfindən 03.07.2010-cu il tarixli, ******* seriyalı çıxarış verilmişdir. Bank məxaric qəbzinin tarixinə diqqət yetirdikdə aydın olur ki, qəbz 10.06.2010-cu il tarixdə yazılmışdır. Yəni təmirdən sonrakı tarixə. İddiaçı evin təmiri üçün türk vətəndaşı olan tanışlarına smeta çıxartdırmışdır. Həmin smetaya əsasən çəkilən xərclər 120.000 manat təşkil edirdi. Vüqar Cavadovun çıxartdığı smeta isə 80.000 manat təşkil etdiyindən iddiaçı V.Cavadovun smetasını qəbul etmişdir. Cavabdeh qeyd olunan vəsaiti Türkiyə Respublikasında alması onun Türkiyədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması və İddiaçı pul vəsaitlərini Türkiyə banklarında saxlaması ilə əlaqədar olmuşdur. İşin həqiqi tərəfi, yəni mübahisənin yaranma səbəbi İddiaçı 2019-cu ilin ortalarında, məhkəmədə iddia qaldırılmamışdan öncə “xxxx” MMC-nin baş direktorluğundan çıxdıqdan və təsisçiliyikdən ayrılması barədə MMC-yə rəsmi qaydada müraciət edərək cəmiyyətdən ayrılması ilə əlaqədar onun nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi və həmçinin tibb müəssisəsi kimi Cəmiyyətin dəyəri müəyyən edilərək onun payına uyğun olan hissəsinin ödənilməsini tələb etməsi və cavabdehin tələbi qəbul etməməsidir. Belə ki, İddiaçı hesab edir ki, Cəmiyyət uzun müddət fəaliyyət göstərib, Azərbaycanda kifayət qədər tanınıb. O üzdən cəmiyyətin dəyəri 4-5 milyon manatdır. Cavabdehin nümayəndəsi və vəkili Faiq Nəcəfov və vəkili Vüqar İsmayılov hazırki apelyasiya baxışı predmeti olan iddia tələbinə münasibətdə cavabdehin Türkiyə Respublikasında iddiaçının hesabından aldığı pulun evin təmiri ilə əlaqədar cavabdeh tərəfindən ödənilmiş pulun əvəzi olduğunu və həmin pulun 2010-cu ildə cavabdeh tərəfindən alınmasına baxmayaraq, iddiaçı heç vaxt cavabdehə borclu olduğunu bildirməmişdir. Cavabdehin nümayəndəsi iddiaya etirazının əsası kimi sübut qismində iki şahid təqdim etmiş və həmin şahidlər də məhkəmədə verdikləri ifadələrində iddiaçının evini təmir etdiklərini və təmirin pulunun cavabdeh tərəfindən ödənildiyini bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh verliməsi səbəbini iddiaçıya məxsus evin təmirinə xərclənmiş pul olması barədə cavabdehin nümayəndəsinin dedikləri, həmçinin həmin hal ilə əlaqədar cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmədə dindirilmiş şahidlərin ifadələrinin hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası bu qənaətini onunla əsaslandırır ki, aparılmış araşdırmalar nəticəsində iddiaçı ilə cavabdeh arasında Mülki Məcəllənin 739-cu maddəsinin dispozitiv şərtlərinin təsiri altına düşən borc münasibətlərinin olması müəyyən olunmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, tərəflər arasında borc münasibətlərinin olmasını iddiaçı sübut edə bilməmişdir. Əksinə, tədqiq olunmuş sübutlarla tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlıq olmuş və bu əməkdaşlıq 2009-2019-cu illərə kimi davam etmiş və birgə əməkdaşlıq çərçivəsində tərəflərin bir-birinə pul vəsaiti verməsi istisna edilmir. 10.06.2010-cu il tarixli məxaric qəbzi ilə bankdan cavabdeh tərəfindən 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınması mübahisəsizdir. Lakin bu fakt həmin pulun iddiaçıdan məhz borc kimi cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etmir. Qeyd edilən qəbzdə, pulun məhz borc olaraq cavabdehə verilməsi qeyd edilməyib. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdehin birgə işgüzar fəaliyyətdə olması işin mübahisəli halı olmayaraq, 2010-cu ildə cavabdehə bank vasitəsilə göndərdiyi 100.000 manat pulu borc şəklində verməsi inandırıcı, ağlabatan görünmür. Bank vasitəsilə göndərilən pul vəsaitinin təyinatının, qaytarılma müddətinin və sairin göstərilməməsi eləcə də 2010-cu ildən ötən 10 ilə yaxın müddət ərzində iddiaçının həmin pulu cavabdehdən tələb etməməsi tərəflər arasında borc hüququ münasibətlərinin olmasını istisna edir. Halbuki, mülki qanunvericilikdə nəzərdə tutulan borc müqaviləsində tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana verməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq, pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ əşyalar şəklində borc verənə qaytarmağa öhdəlik götürməlidir. (MM-nin 739-cu maddəsi) Hazırki işdə isə qeyd edilən hallar istisna olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, cavcabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 389-cu maddəsində müəyyən edilən öhdəliyin yaranması əsasları mövcud olmamışdır və bu baxımdan da, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə apelyasiya icraatı zamanı aparılmış araşdırmanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehə borc verilməsini sübut edə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilmədiyindən, apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar