Məhkəmə qərarları › İş №2(103)-4556/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4556/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərinin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 699/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2023cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(001)- 27/2024 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Amil Şirinli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildən 2017-ci ilədək Bakı şəhəri, 8-ci mikrorayon ərazisində çörək sexində rəhbər işləmişdir. Həmin dövrdə sexə Cavabdeh un gətirən təchizatçılardan biri olmuşdur. Cavabdeh münasibəti olan şəxs kimi ona müraciət edərək bildirmişdir ki, dəyirmana taxıl almaq üçün təcili 50.000 manat məbləğində pul ödənilməsi lazımdır. O, Nazimə vacib pul ödənilməsi lazım olduğunu düşünərək 20.000 manat dostlarından borc götürərək həmin məbləği düzətmişdir. Münasibəti olduğu üçün Nazimə 2017-ci ilin dekabr ayında 50.000 manat məbləğində pulu vermişdir. Cavabdeh bildirmişdir ki, pulu tezliklə qaytaracaq. 15-20 gün sonra o, cavabdehi görüb dəyirmana taxıl almasını soruşmuş, cavabdeh ona bildirmişdir ki, dəyirmana taxıl almamış, pulu öz şəxsi işi üçün xərcləmiş, hazır həyət evi almışdır. Nə vaxt ona pul ödənilməsi lazım olsa, 10-15 gün əvvəl xəbər etsin, onun pulu qaytarsın. Təqribən bir ildən sonra ondan pulu istəmişdir. Hər dəfə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmış, pulu qaytarmamışdır. Bu illər ərzində dəfələrlə yaşadığı ünvana, evlərinə getmişdir, lakin pulu qaytarmamışdır, ailəsi və uşaqları da bu barədə bilirlər. Dəfələrlə pulu qaytaracağı barədə vəd vermiş, lakin yerinə yetirməmişdir. Cavabdeh öz şəxsi məqsədi üçün pul ödənilməsi lazım olduğunu dediyi təqdirdə onun pulu verməyəcəyini düşünərək dəyirmana taxıl almaq adı ilə aldatmışdır və o da ona etibar etdiyindən pulun verilməsinə razılaşmışdır. Həmçinin, bir-birlərini uzun müddət tanıdıqlarından notariatda müqavilə bağlanaması və ya pulu alması barədə iltizam verilməsinə təşəbbüs göstərməmişdir. Cavabdeh onun etibarından sui-istifadə etmişdir. Ona görə də cavabdehdən 50.000 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. O, həmin vaxt obyekti satmışdır, əldə etdiyi vəsaitdən istifadə edərək qazanc əldə etmək istəmişdir, lakin cavabdeh külli miqdarda vəsaiti alaraq qaytarmaması səbəbindən o vaxtında həmin vəsaitdən istifadə edə bilməmişdir, qazanc əldə etməmişdir və ona maddi zərər vurulmuşdur. Cavabdehdən 10000 (on min) manat məbləğində maddi zərərin əvəzi olaraq tutulmalıdır. Cavabdehin təqsiri üzündən o dəfələrlə stress keçirmişdir, o da əsəb gərginliyi yaratmışdır, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Cavabdehin onu aldatması, pul məbləğini ələ keçirərək mənimsəməsi, verdiyi vədi yerinə yetirməməsi, onu maddi zərərə məruz qoyması, onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən, Cavabdeh 50.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə, maddi zərərə görə 10.000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun ödənilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında X4 və X1 şahid qismində dindirilmişlər.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 699/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələb üzrə İddiaçı Cavabdeh ondan 50.000 manat pulu aldığını göstərsə də, buna dair sübutunu təqdim etməmişdir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən sadəcə cavabdehin Binəqədi RPİ-nin 5-ci PB-də verdiyi izahatı əlavə edilmişdir, hansı ki, həmin izahatında hazırkı cavabdeh hazırkı iddiaçıya borcunun olmadığını bildirmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin dəlillər iddianı əsaslı edəcək mötəbər sübut qismində qəbul edilə bilməz, ümumilikdə isə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.

8. Hazırkı iddia tələbinin “maddi zərərə görə 10.000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu məhkəmə tərəfindən araşdırılmış və sübuta yetirilməmişdir. Belə olan halda, hazırkı iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, iddia həmin hissədə də rədd edilməlidir.

9. Məhkəmə iddia tələbinin “dəymiş 10.000 manat mənəvi zərərin tələb edilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb əsas iddia tələbindən törəmə tələbdir, borc pul və maddi ziyan hissəsində iddia tələbi sübuta yetirilmədiyi halda, mənəvi ziyan hissəsində də iddia tələbi təmin edilə bilməz. O cümlədən, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair (hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və.s) məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 442, 739.1, 739.2, 740.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Mülki-Prosessual Məcəllənin 14.2, 88, 104.1, 104.3, 119.1, 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçını aldadaraq ondan 50.000 manat pulu almaqla əsassız varlanan şəxs olmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan pulu borc kimi deyil, iş görmək adı ilə almışdır və bu fakt sahibkarlıq sahəsində təşəkkül tapmış davranış formasıdır. Yəni, 50.000 manatın cavabdehə verilməsi işgüzar adət sferasında baş verdiyindən burada hər hansı yazılı sənədin tərtib edilməməsi həmin pulun verilmədiyi anlamına gəlməməlidir. Məhkəmə Binəqədi rayon Pİ-də İddiaçı şikayət ilə əlaqədar araşdırma zamanı onun xeyrinə əldə olunmuş sübutları nəzərə almamışdır. Həmin materialı tələb edib tədqiq etməmişdir. Məhkəmə cavabdehin həqiqətən göstərilən tarixlərdə həyət evi alıb-almamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmasına yol verildiyindən, işin faktiki hallarına obyektiv qiymət verilmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv edilərək iddianın təmini barədə yeni qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh 5-ci polis bölməsində ondan 50.000 manat almasına dair sənədə qol çəkib. O, cavabdehə pulu bacısının yanında vermişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, o, 20 il əvvəl un dəyirmanında sürücü işləyirdi, çörək sexlərinə un aparırdı. 8-ci mikrorayonda çörək sexinə un verirdi. İddiaçının çörək sexi onun un gətirdiyi sexin yanında yerləşirdi. İddiaçı ona yaxınlaşaraq ona da un verməyini təklif etdi. O isə bildirdi ki, dəyirmanın müdiri ilə danışdıqdan sonra verə bilər. Müdirə dedikdə, yalnız nağd qaydada iddiaçıya un verilə biləcəyini bildirdi. İddiaçı nağd olaraq unun dəyərini ödədi və o, iddiaçıya un apardı. Beləliklə bir müddət işlədilər. Sonra iddiaçının dəyirmana külli miqdarda borcu yarandı. Bir gün iddiaçının yanına gələndə çörək sexinin bağlı olduğunu gördü. Qapını döydü və iddiaçı qapını açdı. İddiaçı ona dedi ki, un dəyirmanlarına borcu var, çörək sexini satdıqdan sonra bütün dəyirmanlarının borcunu ödəyəcək. İddiaçı çörək sexinin satılması ilə bağlı ondan kömək istədi və xahiş etdi ki, un apardığı çörək sexlərinə satışda olan sexin olduğunu bildirsin. Qiymət olaraq isə çörək sexini 300.000 manata satdığını, ondan əlavə qiymətə sata bilsə qalanını ona verəcəyini bildirdi. O, iddiaçının xahişini yerinə yetirdi və çörək sexinə alıcı tapdı. Alıcı ilə iddiaçını əlaqələndirdi. O, alıcıya çörək sexini 400.000 manata demişdir. Onları əlaqələndirdikdən sonra öz aralarında 340.000 manata razılaşdılar, iddiaçı çörək sexini satdı. Daha sonra iddiaçı onu çağırdı və işlədiyi dəyirmana olan təxmini 5.000 manata yaxın pulu ona verdi və o da dəyirmana həmin pulu verdi. İddiaçı ondan xahiş etdi ki, digər borclu olduğu dəyirmanlarla münasibətləri yaxşı deyil, bu səbəblə onlara olan borcunu aparsın. O, iddiaçıdan heç bir borc pul almamışdır. İddiaçı sexi satdıqdan sonra ona 1 qəpik belə vermədi. İddiaçı ona bildirdi ki, belə şeylərdən xoşu gəlmir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin ondan 50.000 manat məbləğində pulu alması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

23. İddiaçı özü iddia ərizəsində göstərmişdir ki, cavabdehlə pulun verilməsinə dair müqavilə bağlamamış və ya cavabdeh tərəfindən pulun alınması barədə iltizam verilməsinə təşəbbüs göstərməmişdir.

24. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehə pulu bacısının yanında vermişdir.

25. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şahidlər X4 və X1 iddiaçı tərəfindən 50.000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edə bilməzlər.

26. İddia ərizəsinə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh iddiaçıdan 50.000 manat məbləğində pul götürdüyünü inkar etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə 50.000 manat məbləğində pul verdiyi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçının digər tələbləri də təmin edilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-699/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar