Məhkəmə qərarları › İş №2(103)-4557/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4557/2024

31.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4557/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşdiyi qeyd olunan 160 saylı bağ evinə dair cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qonşuluqda yerləşən 0,13 torpaq sahəsi ona məxsus olsa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sahə qanunsuz olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə müraciətlərinə baxmayaraq zəbt etdiyi həmin sahədən və evdən çıxmaq istəmir. Hesab edir ki, cavabdehin adına sənədləşmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən düzgün aparılmayıb və 160 saylı bağ sahəsinə dair aparılmış qeydiyyat və verilmiş çıxarış etibarsızdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-985/24 saylı iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən göstərilən koordinatlarla cavabdehə məxsus bağ sahəsinin sərhədləri düzgün müəyyən edilməmişdir. Bu səbəbdən də həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd düzgün aparılmamışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddia tələbindən göründüyü kimi, hazırkı işdə iddiaçının narazılığı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olsa da, iddiaçı məhz həmin orqanın onun hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu bildirsə də, tələbi bu orqana deyil, fiziki şəxs Cavabdeh qarşı irəli sürmüşdür. Kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddianın əsasını iş üzrə 3-cü şəxs qismində keçən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti (hərəkətsizliyi) təşkil etdiyindən və həmin İdarə İnzibati orqan olduğundan hazırkı işə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan da göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinin tələbinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə də iddiaçı məhz inzibati orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində əmlakından məhrum olunduğunu, ona məxsus torpaq sahəsinin başqa şəxsin adına hüquqi qeydiyyatdan keçdiyini bildirir. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının qeyri mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli və mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşdiyi qeyd olunan 160 saylı bağ evinə dair cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi tələbinə dair işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar