Məhkəmə qərarları › İş №2(103)-4558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4558/2022

18.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4558/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı2 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3nə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi barədə” ilk iddiasına dair ilk; Cavabdeh3 MMCnin iddiaçıya və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2021-ci il tarixli qətnamədən Cavabdeh3 MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Vəliyəddin oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddialar barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MTK arasında bağlanmış müqavilənin predmeti olan və ünvan 1 ünvanında inşa olunan yaşayış binasının “B” girişində, 19-cu mərtəbəsində yerləşən, 2 otaqdan ibarət B19/1 saylı mənzilin ona (iddiaçıya) təhvil verilməsi, həmin mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən, MTK, podratçı olaraq MMC-yə ayrılmış və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən binanın inşasını həyata keçirərək MMC-yə təhvil verməli idi. MTK binanın inşasını həyata keçirən zaman iddiaçı ilə müqavilə bağlayaraq binanın 8-ci mərtəbəsində yerləşən mənzili inşa edərək iddiaçıya təhvil verməkdən, iddiaçı isə mənzilin dəyərini MTK-ya ödəməkdən üzərilərinə öhdəliklər götürmüşlər. İddiaçı mənzili dəyərini tam həcmdə MTK-ya ödəmişdir. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdə MTK ilə MMC arasında müqavilə bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə görə, MMC faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin dəyərini MTK-ya naturada - 62 ədəd mənzili verməklə ödəmişdir. Daha sonra iddiaçı ilə MTK arasında əldə olunmuş razılığa görə, 8-ci mərtəbədə yerləşən həmin mənzil 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 98,43 kv.m. olan başqa bir mənzil ilə əvəz olunmuş, bu razılaşma yazılı qaydada rəsmiləşdirilmişdir. Göstərilənlərə baxmayaraq cavabdehlər həmin mənzili iddiaçıya təhvil vermirlər.

3. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır.

4. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsini, mübahisəli mənzilə dair MTK ilə ilk iddia üzrə iddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mənzilə dair iddiaçı ilə MTK arasında bağlanmış müqavilə və razılaşma MMC-nin iştirakı və razılığı olmadan bağlanmışdır. Hal bu ki, binanın sahibi MMC-dir.

6. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. c) Apellyasiya şikayəti barədə məlumat

8. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair iddiaçı ilə MTK arasında bağlanmış müqavilə MMC-nin iştirakı və razılığı olmadan bağlansa da, hazırda MMC həmin müqaviləni bəyənir. Bu səbəbdən də, MMC həmin mənzili iddiaçıya artıq təhvil vermiş və bu barədə xx.xx.2021-ci il tarixli "xxxx" tərtib edilmişdir. Akt MMC, MTK və iddiaçı tərəfindən imzalanmışdır. Həmin aktın surəti işə baxmış Rayon Məhkəməsinə təqdim edilsə də, Rayon Məhkəməsi iş üzrə icraata xitam vermək əvəzinə iş üzrə qətnamə qəbul etmişdir. b) İşin halalları ilə bağlı məlumat. İş üzrə tərəflərin mövqeyi.

10. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür və tərəflər arasında mübahisə doğurmur ki, Cavabdeh3 MMC və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən, MTK, podratçı olaraq MMC-yə ayrılmış və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən binanın inşasını həyata keçirərək MMC-yə təhvil verməli idi. MTK binanın inşasını həyata keçirən zaman iddiaçı ilə müqavilə bağlayaraq binanın 8-ci mərtəbəsində yerləşən mənzili inşa edərək iddiaçıya təhvil verməkdən, iddiaçı isə mənzilin dəyərini MTK-ya ödəməkdən üzərilərinə öhdəliklər götürmüşlər. İddiaçı mənzili dəyərini tam həcmdə MTK-ya ödəmişdir. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdə MTK ilə MMC arasında müqavilə bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə görə, MMC faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin dəyərini MTK-ya naturada - 62 ədəd mənzili verməklə ödəmişdir.

11. Tərəflər arasında həmçinin mübahisə doğurmur ki, 8-ci mərtəbədə yerləşən həmin mənzil 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 98,43 kv.m. olan başqa bir mənzil ilə əvəz olunmuşdur.

12. İddiaçı ilə hər iki cavabdehin imzaladığı xx.xx.2021-ci il tarixli “Mənzilin təhviltəslimi barədə aktından” görünür ki, binanın 19-cu mərtəbəsində yerləşən “2” otaqlı “B19- 1” saylı mənzil və mənzilin açarları cavabdehlər tərəfindən iddiaçıya təhvil verilmişdir.

13. İddiaçının vəkilinin (nümayəndəsinin) Məhkəməyə verdiyi izahatdan məlum olur ki, həmin mənzil hazırda da iddiaçının sahibliyindədir.

14. İddiaçının vəkili (nümayəndəsi) həmçinin bildirdi ki, mənzil iddiaçıya təhvil verilsə və iddiaçının sahibliyində olsa da, iddiaçı iddiadan imtina etmək fikrində deyil və apellyasiya şikayətində qeyd edildiyi kimi iş üzrə icraata xitam verilməsinə də, razı deyil. Çünki iddiaçı hesab edir ki, iş üzrə icraata qeyd edilən əsasların hər hansı biri ilə xitam verilərsə, cavabdehlər iddiaçıya mənzildən istifadə ilə bağlı yenidən maneələr yaratmağa başlayacaqlar və iddiaçı cavabdehlərə qarşı bir daha iddia irəli sürə bilməyəcək. (ƏSASLANDİRİCİ HİSSƏ) c) Məhkəmənin mövqeyi

15. Məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir.

16. Belə ki, Apellyasiya baxışı zamanı müəyyən edildi ki, işə Rayon Məhkəməsi tərəfindən baxılarkən istər ilk iddianın, istərsə də qarşılıqlı iddianın verilməsi üçün əsas olmuş hallar aradan qalxmış, mənzilə dair iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə (razılaşma) qarşılıqlı iddiaçı olan MMC tərəfindən bəyənilmiş (qarşılıqlı iddianın irəli sürülməsi üçün əsas olmuş hal aradan qalxmışdır) və MMC mənzili iddiaçının sahibliyinə və istifadəsinə təhvil vermişdir (ilk iddianın irəli sürülməsi üçün əsas olmuş hal aradan qalxmışdır). Başqa sözlə iş üzrə tərəflər arasında mübahisə mövcud deyil.

17. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1.). Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir (maddə 24.1.).

18. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir.

19. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iş üzrə tərəflərin xx.xx.2021ci il tarixdə tərtib etdikləri və imzaladıqları “Mənzilin təhvil-təslim aktı” Rayon Məhkəməsinə təqdim edilsə də, Rayon Məhkəməsi bu akta yuxarıda qeyd edilən mövqedən yanaşmamış, iş üzrə icraatın xitam verilməsi üçün əsasların olub-olmamasına qiymət verməmişdir. Hal bu ki, iş üzrə tərəflər arasında istər ilk iddia, istərsə də qarşılıqlı iddia üzrə mübahisənin mövcud olmaması aşkardır.

20. MPM-nin 261.0.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

21. Məhkəmə hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Belə olan halda isə məhkəmənin mövcud olmayan mübahisəyə baxması mümkün deyildir. d) Apellyasiya baxışının nəticəsi

22. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və hər iki iddia üzrə mülki iş üzrə icraata xitam verilməlidir.

23. Məhkəmə ilk iddia üzrə iddiaçının cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə qarşı bildirdiyi etirazla bağlı qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsində sonra əgər mənzillə bağlı ona qarşı yenidən maneələr törədilərsə, onda o, həmin maneələrin aradan qaldırılması ilə bağlı yeni iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Belə ki, törədilə biləcək yeni maneələr artıq yeni hüquq münasibətlərin predmeti olacaqdır. (NƏTİCƏVİ HİSSƏ)

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 261, 384.0.5 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏRARA ALDİ: Cavabdeh3 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2021-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı2 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3nə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi barədə” ilk iddiasına dair ilk; Cavabdeh3 MMC-nin iddiaçıya və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar