Məhkəmə qərarları › İş №2(103)-4558/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4558/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4558/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1591/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 8İ- 13364 reyestr nömrəli icra qeydinə görə İddiaçı əsas borc üzrə 4593 manat, faiz borcu üzrə 647 manat olmaqla, cəmi 5241,13 manat məbləğində borc "xxxx" ASCnin xeyrinə tutulmalıdır.

2. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri 23 saylı Notariat Ofisinin 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.

3. "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş məktubu ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə borc alanın aldığı əsas borc üzrə 4593,04 manat və buna uyğun hesablanmış faiz borcunun qaytarılması tələb olunmuşdur.

4. "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmış qaimə nömrəsi 156689 olan məktubu kuryer xx.xx.2023-cü il tarixdə İddiaçı (ünvan 1 çatdırılması üçün yollanmış, lakin ünvanda belə şəxs yaşamadığı üçün məktubun çatdırılması mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ-13364 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər 23 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 8İ 13364 reyestr nömrəli icra qeydinə əsasən ondan cəmi 5241,13 manat, əsas borc üzrə 4593 manat, faiz borcu üzrə 647 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Sözügedən icra qeydi əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhər icra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərarın olması barədə məlumat əldə edəndən sonra ona məlum olmuş ki, bank icra qeydinin alınması ilə bağlı notariusa müraciət edib. Onunla bank arasında xx.xx.2022-ci il tarixdə TL-EE000283819 saylı kredit müqaviləsi bağlanmışdır, kredit müqaviləsi şərtlərinə görə öhdəliyin icra müddəti xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. O, üzərinə düşən öhdəliyi vaxtında icra etmişdir. İcra qeydi qanunsuzdur və ləğv edilməlidir. Tələbkar icra qeydi üçün notariusa müraciət etməmişdən qabaq pretenziya qaydasına riayət edərək onun ünvanına, elektron poçt ünvanına, mobil telefon nömrəsinə məlumat göndərməlidir. Lakin “Azərbaycan Respublikası Beynəlxalq Bankı" ASC qanunun bu tələbini pozmuşdur. Bununla belə notarius icra qeydi verərkən bu məqama diqqət yetirməmişdir. Göründüyü kimi icra yalnız borcun mübahisəsiz olduğu halda və müvafiq bildiriş göndərildikdən sonra təsdiq edilə bilər. Hazırki borc tələbi üzrə tələbkarın qeyd etdiyi rəqəmlər həqiqəti əks etdirmir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 iyun 2024-cü il tarixli 2(004)-1591/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 8İ13364 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmış qaimə nömrəsi 156689 olan məktubu kuryer xx.xx.2023-cü il tarixdə İddiaçı (ünvan 1 çatdırılması üçün poçta təhvil verilmiş, lakin bu ünvanda yaşamır qeydi ilə məktub çatdırılmamışdır. Belə ki, bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunun tələbinə uyğun olaraq xx.xx.2023cü il tarixində 6-2/22/2-26327/2023 saylı bildiriş borcluya göndərilmişdir. Bildiriş poçt vasitəsilə şəxsin rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmişdir. Həmin ünvan tərəflər arasında bağlanmış müqavilədə də borclu İddiaçı həm rəsmi, həm də faktiki ünvanı kimi qeyd edilmiş, həmçinin borclunun işlək nömrəsi də əlavə edilmişdir, belə ki, həmin nömrə vasitəsilə əməkdaşlar tərəfindən borcluyla əlaqə saxlanmış, dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Lakin poçt xidməti vasitəsilə məktub “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Qanunun bu tələbinə riayət edilmiş və bildirişin göndərildiyi tarixdən 39 gün keçdikdən sonra icra qeydi çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası “Notariat haqqında” Qanunu

15. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat

16. Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

17. Maddə 162. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya hesab edir ki, məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, həmin bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

28. Baxılan iş üzrə isə müəyyən edilmişdir ki, bildiriş göndərilsə də bildiriş borclunun bu ünvanda yaşamır qeydi ilə sonuncuya çatdırılmamışdır, buna baxmayaraq notariat ofisi tərəfindən icra qeydi aparılmışdır.

29. Göründüyü kimi bildiriş göndərilsə də iddiaçı həmin bildirişi faktiki əldə etməmişdir və bununla da, iddiaçı onun banka borclu olmasına dair məbləği mübahisələndirə bilməmiş və bu hüquqdan məhrum olmuşdur.

30. Belə olan halda məhkəmə haqlı olaraq o qənaətə gəlmişdir ki, bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmişdir.

31. Göründüyü kimi icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir.

32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1591/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar