Məhkəmə qərarları › İş №2(103)-4559/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4559/2022

21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4559/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh qarşı “evə köçürülmə” barədə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə 28 yanvar 2020-ci il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsindəki 19 saylı evi 24.200 manata almış və həmin tarixdə mübahisəli evdə yaşayır. Həmin evə dair kommunal xəttləri iddiaçının adına qeydiyyata alınmış, eyni zamanda mübahisəli ünvan üzrə Səbail bələdiyyəsində hazırda bələdiyyə vergi ödəyicisi kimi qeydiyyata alınaraq bələdiyyə ımlak vergiləri ödəyir. Bir müddət keçəndən sonra məlum olmuşdur ki, Cavabdeh və X11 iddiaçının yaşadığı evə iddialıdır, bu səbəbdən də müxtəlif vaxtlarda məhəkəməyə müraciət etmişlər və iddiaları təmin edilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh 2021-ci ilin mart ayında həmin mübahisəli evə özbaşına girərək iddiaçını əmlakından məhrum etmiş və onun orada yaşamasına imkan verməmişdir. Yaşamaq üçün başqa evi olmadığından iddiaçı kirayə evlərdə yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və şikayəti iddia tələbinə qarşı birinci instansiya məhkəməsində vermiş olduğu etirazın dəlillərinə uyğun əsaslandıraraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “Odur ki, məhkəmə, mübahisə predmeti olan Bakı şəhəri Səbail rayonu Salyan şossesi dalan 2 ünvanda yerləşən evin özbaşına tikili olduğunu, dolayısıyla həmin fərdi yaşayış evinin tərəflərin mülkiyyətində deyil, məhz hər ikisinin faktiki sahibliyində olduğunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi dalan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlə birlikdə yararlanaraq orada yaşaması üçün həmin evə köçürülməlidir.” (Qətnamənin beşinci səhifəsi) təsviri-əsaslandırıcı hissəsinin ləğv edilməsi xahiş edilmişdir. Hər iki apelyasiya şikayəti icraata qəbul edilərək, baxılması mümkün hesab edilərək, məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X13 iddiaçının apelyasiya şikayətinin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin əsassız hesab edilərək, təmin edilməməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, hazırki apelyasiya baxışında qətnamə iddiaçı tərəfindən qismən, cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır. Kollegiya işin materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilib, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməli, iddiaçnıın apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi mübahisələndirdiyi ev ünvan 3 ünvanda yerləşən hüquqi statusa görə özbaşına tikili olan fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evi 2005-ci ildən cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evi cavabdehin keçmiş ərinin bacısı X6 tərəfindən 28 yanvar 2021-ci il tarixli “İlkin Müqavilə” ilə 24200 manata iddiaçıya satılmışdır. İddiaçı iddia edir ki, fərdi yaşayış evini aldıqdan sonra köçüb həmin evdə yaşamış, kommunal ödənişləri adına keçirmişdir. 2021-ci ilin mart ayında cavabdeh özbaşına evə girərək ona yaşamağa imkan verməmiş, başqa evi olmadığı üçün məcbur olub kirayələrdə yaşayır. Ona görə də həmin evə köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, hazırki mübahisədə hüquqi vəziyyətə görə özbaşına tikili sayılan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evdən cavabdeh yararlanaraq orada yaşadığı halda, həmin evdə cavabdehlə eyni statusda olmaqla əvvəllər orada yaşamış, məcburiyyət qarşısında oradan çıxmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçərək yaşamaq tələbinin evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi səbəbilə təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət qaydasına uyğun olmazdı. Odur ki, məhkəmə, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi dalan 2 ünvanda yerləşən evin özbaşına tikili olduğuna, dolayısıyla həmin fərdi yaşayış evinin tərəflərin mülkiyyətində deyil, məhz hər ikisinin faktiki sahibliyində olduğunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi dalan 2 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlə birlikdə yararlanaraq, orada yaşaması üçün həmin evə köçürülməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-cü maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyənləşdirməmiş, tərəflərin hansı hüquqi münasibətdə olduğunu düzgün aydınlaşdırmadığından və qətnamə işin hıqiqi hallarına uyğun olmadığından, eləcə də yuxarıda göstərilən prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, əsaslı və qanuni hesab edilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli yaşayış evi 2005-ci ildən Cavabdeh sahibliyində və istifadəsində olmuş və həmin mənzildən yaşayış sahəsi kimi istifadə etmiş və evə dair bütün kommunal xidmətlər cavabdeh tərəfindən ödənilmişdir. Lakin həmin yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından, hüquqi vəziyyətə görə özbaşına tikili statusunda olmuşdur. İş materialları ilə o da müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh sahibliyində və istifadəsində olan mübahisəli evi xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə X1. Qanuni qüvvədə olan Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnamələri iddiaçı X7 hazırki iş üzrə iddiaçı olan İddiaçı Eldar oğluna, hazırki iş üzrə Cavabdeh və hazırki iş üzrə üçüncü şəxs X4 qarşı mənzildən çıxarma barədə iddiası təmin olunmamışdır. Həmin məhkəmə qətnamələri ilə mübahisələndirilən evin hüquqi statusuna görə özbaşına tikili olması və özbaşına tikilinin alqı-satqı predmetinin olmaması, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin iddiaçının mübahisəli ev üzərində istifadə hüququnu yaratmasına əsas verməməsi ilə əsaslandırmışdır. İşin materialları ilə həmçinin müəyyən olunmuşdur ki, hazırki işdə mübahisələndirilən evə hər hansı bir aidiyyəti olmayan, cavabdehin keçmiş ərinin bacısı X5 yuxarıda qeyd edilən iş üzrə məhkəmə mübahisəsi getdiyi dövrdə xx.xx.2020-ci il tarixli “ilkin müqavilə” ilə həmin evi hazırki iş üzrə iddiaçıya 24200 manata satmış və həmin müqavilə notariat orqanında təsdiqlənmişdir. İddiaçı qeyd edilən müqaviləyə istinad edərək, həmin mənzilə köçüb orada yaşadığını, müəyyən təmir işləri apardığını, lakin cavabdehin qanunsuz olaraq mənzilə girib ona yaşamağa imkan vermədiyini və məcbur olub evdən çıxdığını, başqa yaşayış yeri olmadığından kirayədə yaşadığını bildirərək, mübahisəli mənzilə köçürülməsi barədə hazırki iddianı qaldırmışdır. Kollegiya iddiaçının iddia tələbinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Kollegiya qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi cəhətdən mümkün deyil. Yəni, əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakların alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Özbaşına tikililərlə bağlı isə belə müqavilənin rəsmiləşdirilməsi qanunla müəyyən edilməmişdir. Hazırki işdə iddiaçı mübahisəli evə köçürülməsi tələbini irəli sürərkən onun faktiki əsası qismində evin ona məxsus olduğunu göstərmişdir. Bu mənada diqqətə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüququn məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələrilə təsdiq oluna bilməzliyini müəyyənləşdirmişdir. Hazırki mülki işdə isə iddiaçı mübahisəli evin mülkiyyət hüququ ilə ona məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, iddiaçı özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evini yazılı əqd əsasında əldə etsə də, həmin ev üzərində hər hansı hüquq əldə etmədiyindən, onun mübahisəli evə köçmək tələbi irəli sürmək üçün subyektiv hüququ da yoxdur. Məhkəmə kollegiyası həmçinin iddiaçının mübahisəli evə dair hər hansı hüququnun yaranmamasını istinad edilən “ilkin müqavilə”nin şərtlərindən də irəli gəldiyini qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan (i.v. 6) iddiaçının istinad etdiyi28 yanvar 2020-ci il tarixli “İlkin müqavilə”nin 2.1-ci maddəsinə əsasən “....... müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərkən daşınmaz əmlaka dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 30 il müddətində başa çatdırılmalıdır....” Həmin müqavilənin 2.2-ci bəndinə görə “Əgər tərəflərin hər hansı biri müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə müqavilənin bağlanılması və rəsmiləşdirilməsi üçün çəkilmiş xəritələr və dəymiş ziyanı, zərəri qarşı tərəfə ödəməyi öhdəsinə götürür.” Qeyd edilən müqavilənin şərtlərindən görünür ki, iddiaçı aldığı mənzilə sahiblik və istifadə hüququnu əsas müqavilənin bağlandığı tarixdən əldə etmiş olur. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisəli mənzilə dair əsas müqavilə bağlanmadığından, iddiaçı həmin mənzilə hər hansı hüquq əldə etməmişdir. Bu səbəbdən iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüququ olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad edilən “ilkin müqavilə”nin 2.2-ci bəndinə əsasən müqavilə tərəfindən zərər tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilə bilməz. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddianın təmin olunması barədə səhv nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, əsaslı olmamışdır. Bu səbəbdən də cavabdehin apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Kollegiya cavabdehin apelyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi qənaətinə gəldiyindən, iddiaçının apelyasiya şikayətinin dəlillərinin müzakirə edilib, qiymətləndirilməsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar