Məhkəmə qərarları › İş №2(103)-4567/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4567/2024

02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4567/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Türkiyə Respublikasının "X9 X5 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X9" Nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər:maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçı Qanuni nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Türkiyə Respublikasının "X9 X5 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X9" Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçılar xx.xx.2023-cü il tarixinə İstanbul-Bakı reysi üzrə təyyarə bileti əldə etmiş, uçuş (gediş) tarixi əvvəlcə xx.xx.2023-cü il saat 12:25 olaraq müəyyən edilsə də, sonradan xx.xx.2023-cü il saat 12:10 olaraq dəyişdirilmiş və bu barədə iddiaçılara-sərnişinlərə məlumat verilmişdir, xx.xx.2023-cü il tarixdə iddiaçılar qeyd olunan reys üzrə hərəkət etmək üçün saat 11:09-da X2 qeydiyyat masasına yaxınlaşmış, onlara uçuş talonları verilmiş, onlar təyyarəyə çatdıqda təyyarənin qapılarının bağlandığı bildirilmiş, təyyarədə 3 ədəd boş yer qalmışdır, iddiaçıların həmin reys üzrə gedişləri mümkün olmamışdır, sonradan isə onlara saat 00:15 üçün başqa biletlər verilmiş, həmin bilet üzrə gediş başqa hava limanında baş tutmuşdur, boş dayanma müddəti 13 saatı əhatə edir, boş dayanma dövründə iddiaçıların xərclədiyi vəsaitə dair məbləğ 1096 lirə təşkil edir, cavabdeh ona dair saytdakı məlumatında uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gecikmə halında X6 təzminat və xidmət sistemi ilə bağlı sərnişinlərin hüquqlarından məsələlərin “X7 edən Sərnişinlərin Hüquqlarına Dair Əsasnamə” çərçivəsində istifadə edilə biləcəyini elan etmiş, iddiaçılara formalaşmış praktikaya uyğun olaraq hər bir sərnişin üçün 400 Avro məbləğində kompensasiya təklif edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 135 ABŞ dolları, ona və 3 ailə üzvünə vurulmuş mənəvi ziyana hər sərnişin (4 nəfər) üçün 3000 (üç min) manat olmaqla cəmi 12000 (on iki min) manat və beynəlxalq anlaşmaya əsasən 4 nəfər üçün 1600 (min altı yüz) avro pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə dönüşdə passportları ilə birlikdə X9 qeydiyyat masasına yaxınlaşaraq Bakıya uçmaq istədiklərini və bunun üçün qeydiyyatdan keçirilmələrini xahiş etmişlər, bu zaman X6 xanım əməkdaşı onları uçuşa ala bilməyəcəklərini bildirmişdir. Onlar buna etiraz edərək, uçuş üçün biletlərininin olduğunu bildirmiş və xanım əməkdaşa təqdim etmişlər, e-maildə qeyd olunan uçuş biletlərinə baxdıqdan sonra onlara, “Overbookıng” səbəbindən yenə də onları uçuşa ala bilməyəcəyini bildirmiş, narahatlıq keçirməmələrini, növbəti uçuşla onları Bakıya yola salacaqlarını, təzminat ödəniləcəyini, reys olmadığı təqdirda otel, nəqliyyat və digər zəruri təminatlarla təmin ediləcəklərini, həmçinin hər sərnişin üçün 400 avro təzminat ödəniləcəyini onlara bildirmişdir. Bu səbəblə təxminən 10-15 dəqiqə onlarla söhbətləşmələr aparmış, təxminən 15 dəqiqə sonra kiminləsə mobil telefonla əlaqə saxlayaraq onlara qeydiyyat sənədlərini təqdim edərək, uçuşa getməli olduqlarını bildirmiş, uçuşa gecikə biləcəklərini, bunun üçün baqajlarını təhvil verməli olduqlarını, baqajın əlavə sarğı ilə bağlanmalı olduğunu bildirmiş, daha sonra onlarla birlikdə təyyarənin qapısına qədər birlikdə getmişdir. Uçuş talonlarında oturacaq yerlərin nömrələrinin olmadığını bildirəndə isə, “siz yaxınlaşın, təyyarədə sizi yerləşdirəcəklər” deyə bildirmişdir. Onlar uçuş üçün təyin olunan giriş qapısına yaxınlaşdıqları zaman təyyarənin qapısının bağlı olduğunu, təyyarənin 3 dəqiqə əvvəl, yəni saat 11:50-də bağlandığı bildirilmişdir. Daha sonra onların təyyarəyə gecikmələri səbəbindən bu barədə onlara heç cür kömək edə bilməyəcəkləri bildirilmişdir. Əvvəl onlara “overbooking” səbəbindən uçuşa alına bilinməyəcəkləri bildirilsə də, sonradan təzminatdan yayınılmış, onlar uçuşa süni şəkildə gecikdirilərək, təzminatdan imtina olunmuşdur. Belə ki, X6 xanım əməkdaşı bizi tələsdirmək əvəzinə süni şəkildə, əsassız yerə qeydiyyat zamanı təxminən 25 dəqiqə yubatmış, uçuşa gecikdirmiş, uçuşun onların tərəfindən qaydalara riayət olunmamaqla təzminat ödəməkdən şirkəti yayındırmışdır. İstanbul aeroportunda X6 əməkdaşları aralarında olan söhbət zamanı uçuşda yerlərin tam şəkildə satıldığını, o səbəbdən uçuş talonlarında yerlərin nömrələri olmadığı, uçan təyyarədə 4 sərnişin üçün yerin olmadığı deyilsə də, onlara uçuşa gecikmə səbəbi göstərilmişdir. Halbuki, uçuş talonunda oturacaqların nömrələri qeyd edilməmişdir. Aralarında danışıqların qeydə alınmasının video və audio çəkilişlərə icazə verilməmiş bunu qadağan olunduğunu, bütün hadisələrin X9 tərəfindən qeydə alındığını, əməkdaşlarla olan bütün danışıqların qeydə alındığını “Care Point” əməkdaşı Gürhan Bozkuş tərəfindən onlara bildirilmişdir. Bütün qeyd olunan hallar kameralar və səs yazıları vasitəsiylə qeydiyyat edilmişdir. Həmin tarixdə 12 saatdan artıq müddətdə 2 azyaşlı uşaqla bərabər, İstanbul aeroportunda gözləmiş, daha sonra “X9” tərəfindən bizə Sabıha Gökçen hava limanından aşağı sinifli “Anadolujet”lə Bakıya uçuş biletləri təqdim edilmişdir. Lakin təzminat ödəməkdən və xərcləri çəkməkdən yayınmışlar. Uçuşa süni olaraq gecikdirilmə nəticəsində 2 azyaşlı uşaqla bərabər 12 saat İstanbul aeroportunda və yollarda qalmışlar, uşaqların günlük rejimləri pozulmuş, 9 saat o və ailəsi aeroport polisində, X6 ofislərində pozulmuş hüquqlarının bərpasını tələb etmiş, 90 km aralıda yerləşən digər aeporta böyük çətinlik və tıxacla 3 saata çata bilmişlər. Göstərilənlər nəticəsində 135 ABŞ dolları nəqliyyat və tələbat xərcləri çəkmiş, cavabdehin qanunsuz hərəkəti nəticəsində o və ailəsi xüsusilə azyaşlı uşaqlar böyük sarsıntı keçirmiş, azyaşlıların günlük və s. rejimləri pozulmuş, valideynlərinin polis və s. ofislərdə çəkişmələrinə şahid olmuş, maddi zərərə məruz qalmış, fiziki olaraq böyük əziyyət çəkmişlər, həmçinin dönüşdə onlara gəldikləri reyslə deyil daha ucuz və aşağı büdcəli “Anadolujet” təyyarəsi ilə biletlər təqdim olunmuşdur. Halbuki, beynəlxalq anlaşmaya əsasən eyni büdcəli reyslə uçuş təmin olunmalı idi. İstirahət üçün etdikləri səyahət sonda arzuolunmaz sonluqla başa çatmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1865/2024 saylı qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilmiş, "X9 X5 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X9" Nümayəndəliyindən maddi zərərə görə 135 (yüz otuz beş) ABŞ dolları və 1600 (min altı yüz) avro (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə) və mənəvi zərərə görə 800 (səkkiz yüz) manatın alınaraq iddiaçılara ödənilməsi, cavabdehdən 59,83 manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, sərnişinlərin xx.xx.2023-cü il tarixə saat 12:10a təyin edilmiş gedişi cavabdehin təqsiri ucbatından baş tutmadığından, cavabdehin öhdəliyini istisna edən hər hansı hal olmadığından, uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gec uçma halında X6 təzminat öhdəliyi olduğundan cavabdeh sərnişinlərə dəymiş zərəri ödəməlidir. Məhkəmə, cavabdehin təqsiri nəticəsində iddiaçılara vurulmuş maddi zərərin məbləğini müəyyən edərkən, sərnişinlərin hava limanında qaldığı müddətdə çəkdikləri xərcləri, itirdiyi vaxtı və digər halları nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərərin məbləği, xərclənən vəsait üzrə 135 ABŞ dolları, X7 edən Sərnişinlərin Hüquqlarına Dair Əsasnamə”yə uyğun olaraq kompensasiya məbləği kimi ümumilikdə 1600 avro təşkil edir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçılara vurulmuş ziyanın aradan qaldırılması və iddiaçıların öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə hər iddiaçıya 200 manat, ümumilikdə 800 manat kompensasiya məbləği müəyyən edilməlidir.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 560, 842, 846.1, 846.2, 846.6, 849.2, 1128.1, 1129.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hava limanında olan Cavabdehin və istənilən digər hava yoluşirkətinin əməkdaşları sərnişinlərdən ilk növbədə pasportu tələb edir və onun əsasında elektron sistemdə bilet məlumatlarını yoxlayır. Bu barədə cavabdehin rəsmi internet səhifəsində “Qeydiyyat prosedurları (Check-in işlemleri)” adlı bölmədə (https://www.turkishairlines.com/tr-int/bilgi-edin/checkin/) göstərilmişdir ki, qeydiyyat masalarındakı əməkdaşa şəxsiyyəti təsdiq edən sənəd (sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi), pasport və varsa məxsusi vəziyyətinizlə bağlı sənədləri (sağlamlıq haqqında arayış, endirim və digər) göstərərək baqaj təhvil və minik kartı prosedurlarınızı tamamlaya bilərsiniz. İddiaçılara təqdim edilən elektron biletdə də qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməli olması öz əksini tapmışdır. Göründüyü kimi, hər bir halda cavabdehin əməkdaşı tərəfindən iddiaçılardan bilet təqdim edilməsi tələbi mövcud deyildir. Bununla belə zərurət olsa, sərnişindən bilet tələb etmək hüquqları da mövcuddur. Məhkəmə nəzərdən qaçırmışdır ki, cavabdehə təqdim edilən adi, kağız daşıyıcıda olan və üzərində imza və möhür olan bilet deyil, turizm agentinin tərtib etdiyi elektron bilet/elektron bilet qəbzi olmuşdur. Bu isə o deməkdir ki, iddiaçıların məlumatları qabaqcadan elektron sistemə daxil edilməklə elektron bilet yaradılmış və onun qəbzi iddiaçılara təqdim edilmişdir. Bu səbəbdən cavabdehin əməkdaşlarının iddiaçılara “sizin biletləriniz mövcud deyil” ifadəsi ilə cavab verməsi qeyri-mümkündür. Əgər elektron sistemdə elektron bilet mövcud deyildirsə, iddiaçılar tərəfindən üzərində yaş imza və möhür olmayan, QR kod və ya digər elektron imza olmayan kağız parçasının Cavabdehin əməkdaşı tərəfindən elektron biletin mövcudluğuna əsas olaraq qəbul etməsi mümkünsüzdür. Bu səbəbdən Məhkəmənin iddiaçılara minik talonu verilməsini elektron sistemdə elektron biletlərə dair məlumatlar olmamasına baxmayaraq mütləq qaydada onlar tərəfindən üzərində heç bir imza və möhür olmayan kağız parçalarının təqdim edilməsi ilə şərtləndirməsi tamamilə əsassızdır. İddiaçılar uçuş qapısına vaxtında müraciət etməyiblər. Məhkəmə isə Qətnamənin əsaslandırma hissəsini sanki bu fakt mövcud deyilmiş kimi tərtib etmişdir. Məhkəmə İddiaçıların uçuşa qəbul edilməməkdə heç bir təqsirinin olmamasını göstərmişdir. Halbuki, uçuş öncəsi qeydiyyat (check-in) uçuşdan 60 dəqiqə öncədən bağlanır. Uçuş vaxtı saat 12:10 olan reys üçün qeydiyyat saat 11:10-da sona çatmalı idi, İddiaçılar isə qeydiyyat müddətinin sona çatmasına 1 dəqiqə qalmış, yəni 11:09-da qeydiyyat masasına müraciət ediblər. Halbuki, cavabdehin rəsmi internet səhifəsindəki qeydiyyat bölməsində qeyd edilmişdir ki, hava limanındakı bagaj ve təhlükəsizlik prosesləri səbəbi ilə uçuşdan daxili reyslər üçün 2 saat, xarici reyslər üçün 3 saat əvvəl terminala gəlməyiniz məsləhət görülür. İddiaçılar saat 11:09-da qeydiyyat masasına yaxınlaşıblar və onların pasportları əsasında biletləri yoxlanılmaqla, baqajları ölçülüb təhvil alınmaqla, baqaj birkaları sistemdən əldə edilib, baqajların üzərinə yapışdırılmaqla saat 11:12-də, yəni 3 dəqiqə sonra onlara minik kartları təqdim edilmişdir. İddiaçılara təqdim edilmiş minik kartlarının üzərində xüsusi olaraq qeyd edilmişdir ki, hava gəmisinə qəbul, qalxma saatına 20 dəqiqə qalmış qurtarır. Yəni, iddiaçılar məlumatlı idi ki, 11:50-də hava gəmisinə qəbul qurtaracaqdır və saat 11:12-də onlara minik kartı verildiyinə görə hava gəmisinin qapısına müraciət etmələri üçün 38 dəqiqə vaxtları mövcud idi. Cavabdehin təqsirinin konkret olaraq nədə ifadə olunması Qətnamədə göstərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.5.2. hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. Maddə 846.6. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. Maddə 849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarı

tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. ... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı

mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı

“mənəvi zərər” anlayışı anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

22. İddiaçı iddia edir ki, onlar qeydiyyat masasına vaxtında yaxınlaşmış, lakin X6 əməkdaşı onlara təyyarədə boş yer olmadığını, buna görə də, onlara təzminat ödəniləcəyini və qalacaq yer ilə təmin ediləcəklərini bildirmiş, yalnız onlar öz biletlərini göstərdikdən sonra onları qeydiyyata alaraq talon vermişdir.

23. Cavabdeh təyyarədə 3 boş yer qaldığını etiraf edir, lakin sərnişinlərin təyyarəyə buraxılmamasının və təzminat ödənilməməsinin səbəbi kimi boş yerlərin olmaması deyil, sərnişinlərin özlərinin gecikdiyini bildirir, cavabdeh, həmçinin onu da etiraf edir ki, təyyarədə mövcud olan yerlərdən daha artıq bilet satışı həyata keçirilir və artıq satılmış yerlər üzrə sərnişinlərdən təyyarəyə daha əvvəl çatan təyyarəyə buraxılır.

24. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə qeyd olunan reys üzrə hərəkət etmək üçün qeydiyyat vaxtı bitmədən – saat 11:09-da X2 qeydiyyat masasına yaxınlaşmış, onlara uçuş talonları verilmiş, onlar təyyarəyə çatdıqda təyyarənin qapılarının bağlandığı bildirilmiş, təyyarədə 3 ədəd boş yer qalmışdır, iddiaçıların həmin reys üzrə gedişləri mümkün olmamışdır.

25. Beləliklə, iddiaçılar qeydiyyat yerinə vaxtında çatmış, cavabdeh tərəfindən təyyarədə mövcud olan yerlərdən daha artıq bilet satışı həyata keçirilmiş və buna görə iddiaçıların hər birinə 400 Avro məbləğində kompensasiya təklif edilmiş, təyyarə uçuşu 3dən artıq olmayan boş yerlə həyata keçirmişdir ki, bu da iddiaçıların uçuşda iştirak etməmələrinin onlardan asılı olmayan hallarla bağlı olması barədə nəticəyə gələməyə əsas verir. Başqa cür desək, iddiaçılar vaxtında təyyarəyə çatmış olsaydılar belə, ailə üzvləri olaraq bir yerdə uçuşda iştirak etmələri üçün lazımi sayda yerlərin olmamısı onların uçuşda iştirakını mümkünsüz edir ki, bu da bilavasiitə cavabdehin fəaliyyətindən irəli gəlir.

26. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, sərnişinlərin xx.xx.2023-cü il tarixə saat 12:10-a təyin edilmiş uçuşu cavabdehin təqsiri ucbatından baş tutmadığından, cavabdehin öhdəliyini istisna edən hər hansı hal olmadığından, uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gec uçma halında X6 təzminat öhdəliyi olduğundan cavabdeh sərnişinlərə dəymiş zərəri ödəməlidir.

27. Qeyd edilənlərə əsasən Kollegiya mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

28. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar