Məhkəmə qərarları › İş №2(103)-4571/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4571/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4571/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə Cavabdeh2, Cavadeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(007)-131/2021-022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər “İx” Klinikasına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə 2600 (iki min altı yüz) manat məbləğində maddi, dəymiş mənəvi ziyana görə 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7630 (yeddi min altı yüz otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və x Klinikasından birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh x» klinikasının stomatoloqu Cavabdeh2 onun dişlərinin müalicəsini düzgün aparmaması, etməli olduğu müayinələri etməməsi, diş diblərində olan problemləri vaxtında aşkar etməməsi, üst çənəyə qeyriestetik dişlər qoyması və onların materialı barədə səhv məlumat verməsi ona maddi və mənəvi zərərin vurulmasına, eyni zamanda bir pasient kimi göstərilən qeyri-peşəkar tibbi xidmətin qurbanı olmasına səbəb olmuşdur. Belə ki, üst çənədə yerləşən dişlərinin müayinə və müalicə edilməsi, həmçinin onların estetik bərpası üçün cavabdeh x klinikasının stomatoloqu cavabdeh həkim Cavabdeh2 ilə əlaqə saxlayıb 06 aprel 2019-cu il tarixinə ilk müayinəyə yazılmışdır. Həmin tarixdən 27 aprel 2019-cu il tarixinə kimi edilən müalicələr zamanı 2 ağıl dişi çəkilmiş, üst çənənin sol tərəfində yerləşən 3 azı dişi yonulmuş, ölçüləri alınmış və 27 aprel 2019-cu il tarixində üst çənədə yerləşən ön 6 dişin (mərkəz, yan kəsici və köpək dişlər) yonulması cavabdeh tərəfindən icra edilmişdir. Həmin müddət ərizində dişlər yonulmadan öncə həkimin dişlərini rentgen etmədiyini və dəfələrlə onun təkidlərinə baxmayaraq, rentgen prosesini gecikdirdiyini müşahidə etmişdir. Həkimə diş diblərində ciddi problemlər olması ehtimalını, davamlı ağrıların olmasını desə də, o, buna əhəmiyyət verməmişdir. O, müalicə ardıcıllığının düzgün getmədiyini görüb 04 may 2019-cu il tarixdə sonuncu dəfə həkimə rentgen etməsi üçün yazmışdır (qoşmaya əlavə edilmiş 01 nömrəli "Screenshot"-bundan sonra "Şəkil"). Artıq həmin günə kimi dişlər yonulmuş, ölçüləri alınmış və hazırlanmağa verilmişdir. Onun dəfələrlə müraciətindən və həkimə şəxsən yazdıqlarından sonra dişləri rentgen edilmişdir. Dişlərində böyük problemlərin olmasına baxmayaraq, həkim rentgenin nəticəsində “Ele də ciddi problem yoxdur” deyib, ona səthi cavab vermişdir. O, həkimin rentgen nəticəsi barədə cavabının onun dişlərində hiss etdiyi ağrı və problemlərlə üst-üstə düşmədiyini görüb, Bakıda 3D tomoqrafiya olan klinikaların birinə müraciət etmişdir. Tomoqrafıya nəticəsində məlum olmuşdur ki, onun üst çənəsində həm sağ, həm də sol azı dişləri irinləmiş və artıq tamamilə yararsızdır. 18 may 2019-cu il tarixindəki ilk tomoqrafıya çəkilməzdən əvvəl, 10 may 2019-cu il tarixində artıq üst çənədəki dişlərin yarıdan çoxunun (üst çənənin sol və ön dişləri) qapağı qoyulmuşdur. O, artıq ölçüsü alınmış digər dişin (sol azı dişi-həkim səhlənkarlığına görə itirildiyi üçün digər dişlərlə birlikdə qoyulmamışdır, yenidən hazırlanıb qoyulmalı imiş) hazırlanmasının dayandırılması üçün digər Klinikadan çıxdıqdan sonra həkimə yazmışdır (Şəkil 2). Həkimin cavabından görünür ki, o, diş diblərində kista olduğunu bilmiş, lakin ona dəqiq məlumat verməmişdir. Halbuki, o, dişləri barədə ona doğru və dəqiq informasiya verməyə borcludur. Yalnız bundan sonra o, irinli və kistalı dişlərinin ağız boşluğunda qapaq altında saxlanmasına, onların müalicə edilməsinə və ya çəkilib yerinə implant qoyulmasına qərar verməli imiş. Qanunvericiliyə əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələrinə xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək daxildir. Təəssüf ki, o, tomoqrafıya üçün digər kliniklara müraciət etdikdən sonra, digər həkimlərin müayinəsində olduqdan sonra ona daha da aydın olmuşdur ki, dişlərə qapaq qoyulması üçün ilk növbədə onun kökünün və diş dibinin sağlam olmasına, hər hansı kista və digər xəstəliklərinin olmamasına əmin olmaq lazımdır. Çünki qoyulacaq qapaqların uzun müddət davamlılığı olmalıdır. Göründüyü kimi, Cavabdeh2 buna qarşı bilərəkdən laqeyd yanaşmış, pasientin diş diblərinin vəziyyəti və sağlamlığı onu maraqlandırmamışdır. Bundan başqa, Cavabdeh2 yuxarı üst çənəyə qoyulan dişlərin materialı barədə də ona düzgün informasiya verməmişdir. Belə ki, o, həkimə müraciət etdiyi ilk vaxtlardan sağ və sol tərəfdəki azı dişlərin zirkon qapaqlar, ön 6 dişin isə vinir olmasını istəmişdir, çünki ön dişlərin rəngi və quruluşu onu narahat etmişdir. Eyni zamanda, həmin dişlərin çox yonulub məhv edilməsini istəmədiyi üçün vinir qapaqları seçmişdir, lakin ön dişlərin yonulmasından sonra görmüşdür ki, bu yonulma şəkli vinir qapaqların yonulması deyil. O, evə gəldikdən sonra dişlərin çox yonulduğu barədə iradını həkimə bildirmişdir (Şəkil 3). Həkimin cavabından belə görünür ki, o dişlərin vinir olması mümkün deyil. Lakin o, dişlərinin əvvəlki görüntüsünü də şikayətə əlavə edib nəzərə çatdırır ki, ordakı dişləri vinir etməklə də estetik görünüş əldə edilməsi mümkündür (Şəkil 4). Hətta mümkün olmasaydı belə, həkim yonmadan öncə ona bu barədə məlumat verməli, onun fikrini öyrənməli, daha sonra isə dişlərində hər hansı dəyişiklik etməli idi. Həkimin dişlərini çox yonmasından sonra artıq onun edə biləcəyi heç nə olmamışdır. Ümid etmişdir ki, başqa qapaqlar olsa da, estetik görünüş veriləcək. Həkim seçimində uzun müddət araşdırma aparmış, Cavabdeh2 instagram səhifəsində paylaşdığı işləri görmüş, onun reputasiyasına etibar edərək ona müraciət etmişdir. Ona görə də, müalicə prosesinin sonunda həkimin dişlərini tam istədiyi şəkildə təhvil verəcəyinə inanmışdır. Lakin dişlər tam təhvil verildikdən sonra məlum olmuşdur ki, dişlərin materialı barədə ona düzgün informasiya verilməmişdir. Həkim qoyulacaq qapaqların “üstü vinir olacaq”, digər cavablarda “vinir dayanıqlıdır”, instagramda paylaşdığı şəklin altına “zirkonyum” və onun artıq dişləri barədə düzgün informasiyanı tələb etməyindən sonra “press keramika“ olduğunu demişdir (Şəkil 5-7). O, hələ deyilən sözlərdən hansına inanacağını bilmirmiş. O, yalnız vinir dişlərə bir diş üçün 300 manat razılaşmışdır. Cavabdeh2 isə başqa diş qapaqları qoyub həmin pulu ondan almışdır. Üst çənədə yerləşən ön 6 diş nəinki onun razılığı olmadan çox yonulmuş və onun hələ də adını dəqiq bilmədiyi materialdan düzəlmiş, eyni zamanda, ağız boşluğunda qeyri-estetik və onun təbii gülüşünə uyğun olmayan görüntü yaradır. Bundan əlavə köpək dişlərin ölçüləri həddən artıq uzun imiş və həkim tərəfindən bir qədər ucu yonulduqdan sonra dişin funksionallığı və kəsiciliyi itmişdir, nəticədə qeyri-estetik görünüş yaranmişdir (Şəkil 8-9). Şəkildən də göründüyü kimi mərkəz və yan kəsici dişlər eyni uzunluqdadır, köpək dişləri isə daha uzundur və ağız boşluğundan kənara çıxır. Halbuki, təbii gülüşdə yan kəsici dişlər mərkəz dişlərdən qısa olmalıdır. Həmçinin, üst çənənin qapaqlarının qoyulmasından 1 həftə keçdikdən sonra üst çənənin sol tərəfində qoyulmuş sonuncu dişin qapağı düşmüşdür. Həkimə bu barədə məlumat verərkən ona onların müvəqqəti qoyulduğunu demişdir. Necə ola bilər ki, ödənişini tam etdiyi və yekunlaşdırdığı dişlərdən yalnız biri müvəqqəti qoyula bilər?! Sadəcə, həkim üzərindən məsuliyyəti atmaq üçün müvəqqəti olduğunu demiş və digər dişlərlə bağlı cavablar verməklə əsas məsələdən yayınmışdır (Şəkil 10-11). Dişlərindəki ağrıların getdikcə kəskinləşdiyini, diş ətinin rənginin tündləşdiyini və üzərində şişkinlik yarandığını görüb 03.08.2019-cu il tarixində 2-ci dəfə 3D tomoqrafiya çəkdirmişdir. Məlum olmuşdur ki, dişlərin kanalları düzgün doldurulmayıb, doldurulan zaman həkimin səhvi nəticəsində sağ köpək dişində pasta kənara çıxıb, dişlərin dibində kistalar qalmış və bu problemlərin üzərinə qapaq qoyulmuşdur. Bir stomatoloqun işi yalnız bəyaz qapaqlar düzəldib qoymaqla bitmir. Dişlərin sağlamlığı, onun köklərinin düzgün işlənməsi hər şeydən vacib olmalıdır. Əgər o qapaqların altındakı dişlərdə olan problemlər onu qısa bir müddətdən sonra onları itirmək təhlükəsi ilə üz-üzə qoyacaqsa, bunu həkim dərhal ona deməli imiş. Eyni zamanda həkim dişlərin kanalların düzgün doldurmalı, pastanın kənara çıxması kimi böyük səhvə yol verməməli idi. Hal-hazırda onun ağız boşluğundakı problemlər həkimin səhvi nəticəsində əvvəlkindən daha çoxdur. Ödənişə gəldikdə isə o, dişlərin ödənişini verərkən “kassaya verməliyəm?" sualının cavabında həkimin köməkçisi Fərqanə xanımın onu kassaya yönəldəcəyini düşünmüşdür. Lakin həkim müdaxilə edərək bildirmişdir ki, onlar özləri kassa verəcəklər, gedə bilər. Üst çənədəki dişlər üçün ümumi ödədiyi məbləğ 3000 (üç min ) manat təşkil edir. Həmin məbləğin kassaya tam ödənilib ödənilməməsindən əmin olmadığı üçün yazışmaların o hissəsini də qoşmaya əlavə edir (Şəkil 12-13). Məlumat üçün bildirir ki, həmin pulun cəmi 600 manatı indiyə qədər ona geri qaytarılmışdır. Əgər həkim həqiqətən dişlərində bağlı gördüyü işləri peşəkar şəkildə etdiyinə əmin olsaymış, ona hər şeyi tibbi şəkildə izah edərmiş və ödənişin bir hissəsin də geri qaytarmazmış. Hal-hazırda, təəssüf ki, üst çənənin dişlərindəki problemlər 600 manatla aradan qalxacaq dərəcədə deyil. Göründüyü kimi, Cavabdeh2 onun dişlərini vaxtında rentgen etməmiş, diş problemlərini ondan gizlətmiş və ya aşkar etməmiş, kanal doldurulması zamanı ciddi səhvə yol verərək diş dibində kanaldan kənara böyük miqdarda pasta qoymuş, vinir dişləri istədiyi halda başqa dişlər düzəltmiş və onların materialı barədə ona düzgün məlumat verməmiş, dişlərin quruluşunu onun gülüşünə uyğun etməmişdir. Hazırda üst çənədəki bütün qapaqlar sökülməli, dişlər yenidən müalicə edilməli, müalicəsi mümkün olmayan dişlər isə çəkilib yerinə implant qoyulmalıdır. Bütün bunlar onun dişlərinə əvvəlkindən daha çox xərc çəkməyinə səbəb olacaqdır. 2019-cu ilin aprel ayından etibarən həkimlə və dişlərində bağlı yaşadığı bütün problemlər, cavabdehlər tərəfindən qeyri-peşəkar tibbi xidmətə məruz qalmağı, iş yerində və digər məkanlarda insanlara daim kompleksli şəkildə danışıb gülməyi onun səhhətinə də təsir göstərmiş, mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Belə ki, ərizəyə əlavə edilmiş reseptdən də göründüyü kimi o, nevropatoloqun qəbulunda olmuşdur. Sonuncu tərəfindən ona “Vegetativ sinir sisteminin distoniyası” diaqnozu qoyulmuş və müvafiq dərmanlar yazılmışdır. Yuxarıda qeyd olunan səbəblərdən hesab edir ki, ona dəyən mənəvi zərər 5000 (beş min) manat məbləğində qiymətləndirilməlidir. İddiaçı X5 məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 ödənilmiş 3000 manat pulun cəmi 600 manatı indiyə qədər ona geri qaytarılmışdır. Ödənilməmiş məbləğ 2400 manat təşkil edir. Qeyd edilənlərə əsasən, onun xeyrinə 2400 (iki min dörd yüz) manat məbləğində maddi, dəymiş mənəvi ziyana görə 5000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7430 (yeddi min dörd yüz otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və “İstanbul NS” Klinikasından birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(007)-131/2021-022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı Şəhər Nizami rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(007)-131/2021-022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında Cavabdeh2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş üzrə birinci instansiyası tərəfindən təyin edilərək keçirilmiş 548/KEŞ saylı ekspert rəyindən görünür ki: 1. “İstanbul NS" Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 20.04.2019-cu il tarixdə yerli keyləşdirmənin tətbiqi ilə dişlərin estetik bərpası aparılmış və diş qapaqlarına zirkonium qoyulmuşdur. 2. İddiaçı ağız boşluğunda aparılmış stomatoloji prosedur “X9” protokoluna uyğun olmuşdur. 3. İddiaçı mütəxəssis müayinəsinə əsasən, hazırda onda üst çənədə dişlərin dibində xroniki kistaların olduğu müəyyən edilmişdir. Diş dibində kista olduğu halda zirkoniumun qoyulmasından əvvəl kistanın xaric edilməsi məqsədə müvafiq olardı. Lakin qapaq qoyulduqdan sonra da kistanın xaric edilməsi mümkündür. 4. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda üst çənə nahiyəsində sağ köpək dişində pastanın qonşu kökdən çıxdığı müəyyən edilmişdir ki, bunun da hal-hazırda orqanizmə hər hansı bir mənfi təsiri yoxdur. 5.İddiaçı mütəxəssis müayinəsinə əsasən onun ağız boşluğunda estetik cəhətdən hər hansı bir fərqin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Xəstənin AZS-025 saylı Tibbi Kartasından görünür ki, X5 dişlərinin görüntüsünün onu qane etməməsi səbəbindən “İstanbul NS” Klinikasına müraciət etmişdir. Anamnez: uzun müddətdir ki xəstədir. Yerli keyləşdirmənin tədbiqi ilə dişlərin yonulması, müalicə olunması, ağız boşluğunun sanasiyası olunmuşdur. Diaqnoz: “Estetik qüsur olması, zirkonium, estetik bərpası”. Apellyasiya instansiya məhkəməsinə dəvət olunmuş mütəxəssis X1 şifahi rəyinə əsasən, iddiaçı Məryəm Talıbovanın dişlərinin ağız boşluğunda aparılmış stomatoloji prosedur estetik cəhətdən düzgün icra edilmişdir. Diş dibində kista olduğu halda zirkoniumun qoyulmasından əvvəl kistanın xaric edilməsi məqsədə müvafiq olardı və bir köklü olduğu üçün arxa dişlərdə qapaq qoyulduqdan sonra kistanın xaric edilməsi əməliyyatının keçirilməsi mümkün deyildir. Mütəxəssis onu da qeyd etmişdir ki, bu cür əməliyyatların keçirilməsi xərci 200-300 AZN təşkil edir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı “İstanbul NS” Klinikasında “Estetik qüsur olması, zirkonium, estetik bərpası” Diaqnozu əsasında yerli keyiləşdirmənin tədbiqi ilə dişlərin yonulması, müalicə olunması, ağız boşluğunun sanasiyası olunmuşdur. İddiaçı maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, həkimin diş problemlərini ondan gizlətməsi və ya aşkar etməməsi, kanal doldurulması zamanı ciddi səhvə yol verməsi diş dibində kanaldan kənara böyük miqdarda pastanın çıxması, vinir dişləri istədiyi halda başqa dişlər düzəltməsi, onların materialı barədə ona düzgün məlumat verməməsi, dişlərin quruluşunu onun gülüşünə uyğun etməməsi, hazırda üst çənədəki bütün qapaqların sökülməli, dişlərin yenidən müalicə edilməli, müalicəsi mümkün olmayan dişlər isə çəkilib yerinə implant qoyulmalı olması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Əksinə, yanaşı yoxlanılmış 548/KEŞ saylı ekspert rəyi ilə iddiaçının bu barədə bildirdikləri təkzib edilərək, 20.04.2019-cu il tarixdə yerli keyləşdirmənin tətbiqi ilə İddiaçı üzərində dişlərin estetik bərpasının aparıldığı və diş qapaqlarına zirkonium qoyulduğu, ağız boşluğunda aparılmış stomatoloji prosedurun “X9” protokoluna uyğun olduğu, qapaq qoyulduqdan sonra da kistanın xaric edilməsinin mümkün olduğu, üst çənə nahiyəsində sağ köpək dişində qonşu kökdən çıxdığı müəyyən edilmiş pastanın, orqanizmə hər hansı bir mənfi təsirinin olmadığı, ağız boşluğunda estetik cəhətdən hər hansı bir fərqin olmadığı müəyyən edilmişdir. X3 şifahi rəyində qapaq qoyulduqdan sonra kistanın xaric edilməsi əməliyyatının keçirilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, mütəxəsissin bu barədə bildirdikləri ilə razılaşmır. Belə ki, yanaşı yoxlanılmış daha mötəbər sübut olan ekspert rəyi ilə qapaq qoyulduqdan sonra da kistanın xaric edilməsinin mümkün olduğu müəyyən edilmişdir. X3 şifahi rəyində diş dibində kista olduğu halda zirkoniumun qoyulması və kistanın xaric edilməsi əməliyyatının keçirilməsi xərcinin 200-300 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası, yanaşı yoxlanılmış hər hansı sübutla təkzib edilmədiyini nəzərə alaraq, zirkoniumun qoyulması və kistanın xaric edilməsi əməliyyatının keçirilməsinin xərcinin 200-300 manat təşkil etdiyinə dair mütəxəsissin bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının üzərində dişlərin estetik bərpası və diş qapaqlarına zirkonium qoyulması üzrə ağız boşluğunda “X9” protokoluna uyğun stomatoloji prosedur aparılmışdır. Hazırda onda üst çənədə dişlərin dibində xroniki kista müəyyən edilmişdir ki, onun da xaric edilməsi əməliyyatının keçirilməsinə iddiaçı əlavə 200-300 manat pul ödəməlidir. Məhkəmə kollegiyası, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu həmin xərci maddi zərər hesab edir. Bununla yanaşı, cavabdeh tərəfindən 600 manatın ona qaytarılmasını nəzərə alaraq iddiaçıya vurulmuş zərərin cavabdeh tərəfindən ödənildiyi nəticəsinə gəlir. İddiaçı eyni zamanda, cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsi, cavabdehlərin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə də sübut təqdim edə bilməmişdir. İş üzrə olan sübutlarla cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş maddi zərər ona ödənildiyindən və cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(007)-131/2021-022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar