Məhkəmə qərarları › İş №2(103)-4574/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4574/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4574/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Qaradağ Rayon İcra Şöbəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2025-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və ona əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(002)-4451/2017 nömrəli icra sənədinə əsasən, 30.976,71 ABŞ dolları əsas borc, 2.941,70 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, cəmi 33.938,41 ABŞ dollarının (Azərbaycan manatına olan məzənnə ilə hesablanılmaqla), ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 24 manat xidmət haqqının hazırkı iş üzrə iddiaçıdan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutulma yönəldikdən və onun satışından bir ay sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması və 50 manat ekspertiza xərcinin tutulması qət olunmuşdur. Tərəflər arasında ipoteka predmeti olan mənzil razılaşma əsasında icradankənar qaydada satılmış, heç bir icra hərəkətləri aparılmadan bankla mübahisəyə son verilmişdir. Lakin üzərindən 6 ildən çox müddət keçdikdən sonra Bakı şəhəri Qaradağ rayon icra şöbəsindən şifahi qaydada əlaqə saxlanılaraq icra xərclərinin ödənilməsi tələb edilmişdir. Bundan əlavə olaraq telefon vasitəsi ilə ərizəçiyə zəng edib banka borclu olduğu faiz və cərimə borcları tələb edilmişdir. Lakin qeyd edildiyi kimi iddiaçının heç bir borcu qalmamışdır. Qətnamə də məcburi icraya yönəldilmədən icra edilmişdir. Mənzilin üzərindən yüklülüyün götürülməsi və borcun olmamasına dair hesabdan çıxarış da verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu həmin Bankın ləğvedicisi təyin edilmişdir. Buna görə də iddiaçı tərəfindən həmin Fonda və Qaradağ Rayon İcra Şöbəsinə rəsmi qaydada müraciət edilərək hesablanmış əsassız borc məbləğinin silinməsi tələb edilmişdir. Məhz bundan sonra icra məmuru təqdimatla məhkəməyə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-423/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilərək hazırkı iş üzrə iddiaçıya məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd edilən hərəkətlər iddiaçının hüquqlarını pozmuşdur. İddia ərizəsinə dair işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla iddianın “icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması” hissəsi üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə isə iddianın “əsassız hesablanmış borcun silinməsi” hissəsinin təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın həmin hissəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, mübahisə edilən borc məbləği icra sənədi əsasında müəyyən edilib. İddia ərizəsindən görünür ki, borcun silinməsi tələbinin əsasında borcun tam ödənildiyi, buna baxmayaraq əsassız olaraq qalıq borc tələb edildiyi dayanır. İcra sənədinin tam icra edildiyini bildirən iddiaçı bu barədə müvafiq sübutlar təqdim etməklə icra məmuruna müraciət edə, müraciəti təmin edilmədiyi, yaxud icra məmuru tərəfindən müəyyən edilən borcun məbləği ilə razılaşmadığı təqdirdə borclu qismində icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. İcra sənədləri üzrə icraatda tərəflərin hüquqları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsində təsbit edilib. Həmin maddənin tələbinə görə, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, icra sənədləri üzrə icraatda tərəflərin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Belə olan halda Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdə və həmin tələbə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. Qeyd edilən hal MPM-in 384.0.5-ci maddəsinin tələbinə görə, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Bu gələn Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya izah edilməlidir ki, o, hazırkı iddia ərizəsində qeyd edilən məsələnin həlli ilə bağlı qətnamənin icrası qaydasında (“8” indeksi ilə) ərizə (şikayət) ilə icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2025-ci il tarixli qətnamə ləğv edilsin və hazırki mülki işin icraatına xitam verilsin. İddiaçı izah olunsun ki, o, hazırkı iddia ərizəsində qeyd edilən məsələnin həlli ilə bağlı qətnamənin icrası qaydasında (“8” indeksi ilə) ərizə (şikayət) ilə icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar