Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4576/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-895/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” məhdud məsuliyyətli cəmiyyətindən ona dəymiş maddi zərərin əvəzi olaraq 2040 (iki min qırx) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu - cəmi 4070 (dörd min yetmiş) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-895/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh "Cavabdeh” məhdud məsuliyyətli cəmiyyətinə 1 ədəd noutbukun gətirilməsinə sifariş vermişdir. Lakin həmin sifariş verdiyi noutbuk indiyənədək gətirilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehin iş üzrə verdiyi izahatlar yalnız məsuliyyətdən boyun qaçırmaq kimi qələmə verilməlidir. Cavabdehin bir dənə də olsun tutarlı arqumenti yoxdur. Məhkəmə "Cavabdeh” MMC-ni poçt xidməti həyata keşırən şəxs kimi qələmə verir, lakın nəzərə almır kı, o da vergi ödəyıçısı kimi qeydiyyata alınmışdır və mülki qaydada öhdəliklərinə görə tam məsuliyyət daşıyır. Cavabdehin öz üzərinə düşən öhdəlikləri başqa şəxsə yönəltmək istəyi də onun özünün bu işdə məsuliyyət daşımasını təsdiq edir. Cavabdeh öz öhdəliklərinə əməl etsəydi burada başqa naməlum şəxslərin adlarının çəkilməsinə ehtiyac olmazdı. Eyni zamanda cavabdehin malın onun ambarına çatdırılmaması barədə dəlilləri də əsassızdır. Çünki, cavabdeh notebookun onlara təslim ediləndə ASAD imzaları ilə təslim aldıqların “POE” yox, amma halbuki həmin şirkətə sabit imzada mal təslim edilmir. Hər mal təslim ediləndə fərqli imzalarla təslim olunur və malı təslim alan şəxs oraya istədiyi imzanı çəkə bilər. Bu "POE” və yaxud başqa imzalar ola bilər. Çünki, hadisə baş verəndə "Cavabdeh" şirkəti ilə əlaqə qurdu, onlar ona “Amazon” şirkəti ilə əlaqə qurmağını onların yanlış ünvana təslim etdiklərini söylədilər. Amazon şirkəti ilə əlaqə qurdu. Amazon şirkəti 3-dəfə araşdırma açıblar və coğrafi koordinatlar sayəsində düzgün ünvana təslim etdiklərini təsdiqləyiblər. Daha sonra 2-dəfə “Cavabdeh”-in Amerika anbarındakı əməkdaşları ilə əlaqə qurmaq istəyiblər, amma əməkdaşlar “Amazon” ilə əməkdaşlığı rədd ediblər. “Amazon”un zəng etdiyi nömrələri götürməyiblər. “Amazon” “Cavabdeh” şirkətinin onlarla əməkdaşlıq aparmadığını görüb, “Cavabdeh”-dən "Police report” tələb etdilər. “Cavabdeh” yenə bunu edə bilməyəcəyini dedi. Böyük ehtimal notebook düzgün ünvana təslim edilib. "Cavabdeh”-in Amerika anbarındakı əməkdaşları notebooku itiriblər bu səbəbdən "Amazon" şirkəti ilə əməkdaşlıq aparmırlar.İş materiallarında iddianın təmin edilməsi ilə bağlı kifayət qədər sübutlar olmasına baxmayaraq məhkəmə onlara lazımi hüquqi qiymət verməmişdir. Eyni zamanda kommersiya qurumlarının dövlət reyestri məlumatları nəzərdə keçirdikdə məlum olur ki, cavabdeh tez-tez hüquqi ünvanlarını dəyişir, o iddia verən zaman “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüququ ünvanı ünvan 1ırda isə Bakı şəhəri, Xətai rayonu Çingizxan Kərimov küçəsi ev 8, mənzil 54-dır. Cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu hərəkətləri nəticəsində ona 2040 (iki min qıra) manat maddi ziyan dəymişdir. Cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu hərəkətləri nəticəsində ona mənəvi zərər də dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, baş ağrısı, həyacan hissləri, mənəvi sarsıntılar keçirtmişdir. Məhkəmədən xahiş edir cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş mənəvi zərərin əvəzi olaraq 2000(iki min) manat alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, komputer “Amazon” şirkəti tərəfindən “Cavabdeh”in ABŞ-dakı anbarına təhvil verilib. Bu barədə yazışmalarda da göstərilib. Lakin “Cavabdeh” şirkəti bildirir ki, bu mal onun işçisi tərəfindən qəbul edilməyib. “Amazon” şirkəti “Cavabdeh” şirkəti ilə əlaqə saxlamaq istəyib, amma “Cavabdeh” şirkəti telefonlara cavab vermir. “Cavabdeh” şirkəti heç bir hərəkət etmir və bildirir ki, mal onun əməkdaşı tərəfindən qəbul edilməyib. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh “Cavabdeh” MMC müvafiq lisenziya əsasında poçt daşıma xidməti həyata keçirən şəxsdir, yəni daşıyıcıdır. İddiaçı isə onlayn qaydada fəaliyyət göstərən satıcı şirkətlərin göstərdiyi xidmətlərdən yararlanan fiziki şəxsdir, yəni istifadəçidir (alıcıdır). Təqdim edilmiş veb portaldan çıxarışlara əsasən göndərici şirkət (satıcı firma) qismində isə “Amazon.com” onlayn satış platforması çıxış etmişdir. Satın alınmış məhsul isə bir ədəd notebookdan ibarət olmuşdur. İddiaçı bildirir ki, göndərici şirkətdən satın aldığı bir ədəd notebookun çatdırılmamasına görə məsuliyyəti cavabdeh “Cavabdeh” MMC, yəni poçt daşıma xidməti həyata keçirən daşıyıcı daşıyır və ona dəymiş ziyan daşıyıcıdan tutulmalıdır. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir və bildirir ki, satın alınmış bir ədəd notebook göndərici şirkətdən onlara təqdim edilməmişdir. Məhsulun anbara təqdim edilməməsinə görə isə cavabdeh məsuliyyət daşımır. İşin mübahisəsiz digər hallarına əsasən daşıyıcı “Cavabdeh” MMC satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Göndərici Şirkətdən sifariş xidmətinin çatdırılma prosesi üçün komissiya alır, habelə göndərən şirkət (satıcı firma) tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır. Məhkəmə baxılan işlə bağlı, ilk növbədə, iddiaçı tərəfindən Mülki Məcəllənin istinad edilmiş öhdəlik və öhdəliklərin icrası ilə bağlı normalarına nəzər salınmasını zəruri hesab edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. İşin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı ilə cavabdeh arasında bir ədəd notebookun alınmasına dair nə müqavilədən əmələ gələn, nədə ki, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklər əsasında heç bir öhdəlik münasibətləri yaranmamışdır. İddiaçı sözügedən əşyanı cavabdehə aid olmayan satıcı firmadan almış, satıcı firma tərəfindən mal poçt daşıma xidməti həyata keçirən cavabdehin anbarına çatdırılmadığından onun iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. İddiaçı isə mövcud vəziyyətdə, yəni məhsul göndərilmədiyindən ödədiyi məbləğin geri qaytarılmasını göndərici şirkətdən (satıcı firmadan) tələb etmək əvəzinə, daşıma xidməti həyata keçirən cavabdehdən tələb etmişdir. Məhkəmə iddiaçının bu mövqeyini əsaslı hesab etmir və qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması sübut olunmadığından iddiaçının cavabdehdən ona dəymiş maddi və bununla bağlı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, sifariş verdiyi əşyanın böyük ehtimalla cavabdehin ABŞ-dakı anbarına təhvil verdikləri, lakin əməkdaşlarının həmin əşyanı itirmələri ehtimallarla yox konkret sübutlarla təsdiq olunmalıdır. Yəni, iddiaçının hələ bunu bəyan etməsi iddianın əsaslılığına təsir etmir. İddiaçı işdə kifayət qədər sübutlar olduğunu göstərsə də belə bir mötəbər sübut işdə yoxdur. Cavabdehin hüquqi ünvanını dəyişməsi yaxud tez-tez dəyişməsi də iddianın əsaslı olması demək deyil. Çünki, bu halın iddianın əsaslılığına ümumiyyətlə təsiri yoxdur. Yetər ki, iddiaçı iddiasının əsaslılığını sübuta yetirsin, hansı ünvanda olmasından asılı olmayaraq əsas olacaqsa cavabdeh mülki hüquqi məsuliyyətə cəlb olunacaqdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(001)-895/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4576/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4576/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver