Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4577/2025 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-ə qarşı “müqaviləyə xitam verilməsi, pensiya kartından qanunsuz olaraq tutulmuş pulun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh ASC-ə (bundan sonra, cavabdeh) qarşı “müqaviləyə xitam verilməsi və icraatın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli TL-EE********* nömrəli “Tam kart müqaviləsi”nə xitam verilməsi və icraatın dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehə məxsus tam kart hesabından qanunsuz yolla 7500 manat pul vəsaiti çıxarılmış (oğlurlanmış) və bunda məsuliyyət bankındır. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli TL-EE********* nömrəli “Tam kart müqaviləsi” üzrə ona yarılmış vəsaitin qeyd olunan məbləği onun hesabından oğurlanmış, oğurluq faktı ilə bağlı hüquq-mühaifə orqanlarına müraciəti əsasında cinayət işi başlanmış və araşdırma aparılmasına baxmayaraq, vəsaitin ondan deyil, məhz bankın məsuliyyətsizliyi nəticəsində oğurlanmasını nəzərə almamış və əsassız şəkildə faiz və cərimə məbləğləri hesablamışdır. Artıq ##.##.2024-cü il tarixdə ona ünvanlanmış sms bildirişdə onun adına 1219,83 manat məbləğində faiz və cərimə borcun hesablanması göstərilir. Bank tərəfindən isə əsassız olaraq, oğurlanmış və ona çatmamış pula görə onun pensiya kartından əsassız tutmalar aparılmış, lakin nəzərə alınmamışdır ki, pul iddiaçıdan deyil, bankdan oğurlanmışdır. Bu səbəbdən, tutulan pensiya geri qaytarılmalıdır. Həmçinin, iddiaçı bank qarşısında olan borcundan imtina etmir, oğurlanmış məbləğdən xaric qalan təqribən 500-600 manat borcunu ödəmək istəsə də, ödənişin oğurlanmış məbləğə silinəcəyi bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz edilərək göstərilmişdir ki, tərəflər arasında “Tam kart müqaviləsi” üzrə kredit münasibətləri olmuş, iddiaçının mobil nömrəsinə OTP kodu göndərilmiş, həmin kodun üçüncü şəxslərə təqdim olunmaması ilə bağlı məsuliyyət iddiaçıya məxsus olmuş, bank bu haldan məsuliyyət daşıya bilməz. Həmçinin, iddiaçının hesabından pulun çıxarılmasına bankın heç bir təqsiri olmamış, lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Iddiaçının pensiya hesabından tutmalar isə tərəflər arasında bağlanmış müqaviləyə uyğun formada aparılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia rədd edilmişdir. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv hallarına diqqət yetirilməməsi, onun bank hesabına cinayətkar qruplar tərəfindən müdaxilənin olması, heç bir təqsirinin olmamasına baxmayaraq hesabından çıxarılmış vəsaitə görə ona faiz və cərimənin hesablanması, bankın iddiasının əksinə olaraq OTP kodun kənar şəxslərə verilməməsi, bütün qanunsuz və onun iradəsindən kənar hallara görə onun məsuliyyət daşımaması və hesablanmış əlavə vəsaitlərin silinərək ondan tələb olunmaması, iş üzrə hərtərfli və obyektiv araşdırmanın aparılmaması, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. TƏRƏFLƏRIN IZAHATLARI, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun anası olmaqla yaşlı qadındır, hər hansı telefonda Google Pay hesabında qeydiyyatdan keçməmiş, hesabdan pul onun təqsiri olmadan Keniyadakı hesab üçün çıxarılmışdır. Halbuki iddiaçının xariclə hər hansı əlqəsi olmamış, həmçinin qeyd olunan vəsaitin hesabdan qanunsuz şəkildə çıxarılmasında bankın müvafiq tətbiqi üzrə təhlükəsizlik lazmi qaydada təşkil olunmamış, nəticədə hazırkı hadisə baş vermişdir. Belə olan halda, bank tərəfindən iddaçından pulun tutulması qanuni olmamaqla, tutulmaların dayandırlması və əsassız tutulmuş 1988 manat vəsaitin geri qaytarılması tələb olunmuşdur. Iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə verilərək, bank tərəfindən əsassız tutulmuş 1988 manat vəsaitin geri qaytarılması tələb olunsa da, birinci instansiya məhkəməsi həmin ərizəni nəzərə almamış, əvvəlki tələb üzrə işə baxmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiysından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında müvafiq kredit müqaviləsi bağlanmış (Tam kart üzrə), müqaviləyə uyğun olaraq iddiaçıya kredit limiti ayrılmışdır. Iddiaçı tərəfindən GooglePay üzərində qeydiyyatdan keçmək üçün banka təqdim etdiyi mobil telefon nömrəsinə OTP kod göndərilmiş, bu zaman isə iddiaçının həmin koddan şəxsən istifadə etməsi, üçüncü şəxsə təqdim etməsi və s. hallar artıq iddiaçının məsuliyyət sahəsinə aid olmuşdur. Kartdan müvafiq pul vəsaitinin məxaric olunmasında bankın hər hansı təqsiri müəyyən olunmur. Istifadə olunmuş pul vəsaiti banka qaytarılmadığından tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, onun bankdakı hesabından müvafiq tutulmalar aparılmış, lakin sonradan müvəqqəti təminat tədbiri kimi tutumaların aparılması dayandırlmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiysından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, müqaviləyə xitam verilməsi və hesabdan tutulmalar üzrə icraatın dayandırlmasını xahiş etmiş, daha sonra tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə olaraq bank tərəfindən cavabdehə məxsus pensiya kartından qanunsuz olaraq tutulmuş 1988,24 manat pulun qaytarılmasını tələb etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Prosessual qanunvericliyin qeyd olunan tələbindən göründüyü kimi, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, eyni zamanda tələbin həcmini artırıb-azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı isə qeyd olunan prosessual hərəkətlərin aparılmasına o halda yol verilir ki, müvafiq hərəkətlərin aparılmasına səbəb olan hallar məhkəmə baxışı zamanı yaranmış olsun. Hazırkı halda isə, iddiaçı tərəfindən tələbin dəyişdirilməsi barədə ərizə sonuncu məhkəmə baxışından əvvəl verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericliyin tələbinə uyğun olaraq həmin ərizəyə ümumiyyətlə münasibət bildirilməmişdir. Halbuki, MPM-nin 151.3-cü maddəsinin tələbinə görə, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Belə olan halda iddianın dəyişdirilməsi barələ ərizə qanunla müəyyən olunmuş müddət ərzində qaytarılmadığından o, qəbul edilmiş sayılır. Işə baxan birinci instansiya məhkəməsi isə qəbul edilmiş sayılan müvafiq tələbə baxmamaqla mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur. Bununla yanaşı işdən görünür ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, zəruri olduğu halda mütəxəssim dəvət edərək müvafiq rəyin alınmasını təmin etməmişdir. Halbuki, MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən işə baxan birinci instansiya məhkəməsi işə baxarkən prosessual qanunvericliyin tələblərini pozduğunda qətnamə ləğv olunmalı, eyni zamanda aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 405.2-ci maddəsinə əsasən üqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırda iş materiallarında olan «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştəriyə tam kartın qüvvədə olduğu müddətdə 15000 manat məbləğinədək kredit ayırmağı öhdəsinə götürmüşdür. Iş materiallarında olan «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli tam kart vasitəsilə Istehlak krediti müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 24 faizlə 8300 manat məbləğinədək kredit vermişdir. Iş materiallarında olan 43875019442603448212 hesab nömrəsi üzrə kredit və OTP məlumatlarına dair çıxarışdan görünür ki, bank tərəfindən ##.##.2024-cü il tarixdə müvafiq təhlükəsizlik kodu 9945576008001 mobil telefon nömrəsinə göndərilmişdir. Iş materiallarında olan məktublardan görünür ki, İddiaçı Cavabdeh ASC-yə, Azərbaycan Respublikasının Baş prokuroruna, iddia ərizəsində qeyd edilənlərlə bağlı müraciət edərək, kibercinayətkarlıq əməlinin qurbanı olduğunu, bu əməldə günahkar olan hər bir şəxsin müəyyən edilməsi, layiqli cəzaya məhkum edilməsini və onun yaranmış əsassız borcunun silinməsinə dair müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, iddiaçının müraciətinə əsasən Sabunçu RPI 15-ci PBdən daxil olmuş araşdırma materialını nəzərdən keçirən Sabunçu RPI IŞ-nin müstəntiqi, R X2 tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Iş materiallarında olan İddiaçı «xxxx» ASC-yə ünvanladığı müraciətinə ##.##.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, müvafiq əməliyyatlar xxxx mobile tətbiqi vasitəsi ilə aparılmışdır. xxxx mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən müştəriyə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. Nəzərə alınması xahiş olunur. Hazırda iddiaçı göstərilənlərə əsasən onun iradəsinə zidd “xxxx mobile” tətbiqi vasitəsi ilə kənardan aparılmış əməliyyatlar vasitəsilə hesabından pulun çıxarılmasını, bank tərəfindən ona göndərilmiş OTP kodunun başqa şəxslərə verilməməsini, bankın məsuliyyət daşımasını və s. bildirərək müvafiq tələbləri irəli sürmüşdür. Cavabdeh isə, iddiaya etiraz edərək tərəflər arasında etibarlı müqavilənin bağlanmasını, tərəflər arasında uzun müddət ərzində həmin müqaviləyə uyğun münasibətlərin davam etməsi, iddiaçıya təhlükəsizlik məqsədilə OTP kodunun göndərildiyi, onun üçüncü şəxslər verilməli olmamasına baxmayaraq digər şəxslərə ötürülməsi səbəbindən iddiaçıya məxsus hesabdan pulun çıxıldığını və bankın məsuliyyət daşımadığını və s. bildirmişdir. Tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli tam kart müqaviləsinin 13.1-ci bəndindən də göründüyü kimi, Borc alan 994557608001 nömrəsinin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştəri əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində xxxx-ni yazılı surətdə xəbərdar etməlidir. Borc alanın xxxx-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat xxxx-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyət Borc alan daşıyır. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında bağlanmış Tam kart müqaviləsinin 13.1ci bəndinə əsasən borc alan təqdim etdiyi mobil telefon nömrəsinin yalnız özünə məxsus olduğunu, həmin nömrədən edilən təsdiqlərin və əməliyyatların müştəri tərəfindən həyata keçirilmiş hesab olunduğunu qəbul etmişdir. Eyni zamanda, müqavilədə müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə və ya həmin nömrədən istifadə imkanını itirdikdə bu barədə banka yazılı məlumat vermək öhdəliyi təsbit edilmişdir. Bu səbəbdən, əməliyyatların həyata keçirilməsi zamanı bank tərəfindən müştərinin müqavilədə göstərdiyi telefon nömrəsinə birdəfəlik təsdiq kodunun (OTP) göndərilməsi və həmin kodun daxil edilməsi əməliyyatın müştərinin iradəsinə uyğun aparıldığını güman etməyə əsas verir. Müasir bank xidmətlərində OTP (birdəfəlik təsdiq kodu) müştərinin şəxsiyyətinin və əməliyyata razılığının təsdiq edilməsinin əsas autentifikasiya vasitələrindən biri hesab olunur. Bu baxımdan, OTP kodunun məxfiliyinin qorunması və üçüncü şəxslərə açıqlanmaması bilavasitə müştərinin üzərinə düşən öhdəlikdir. Müştərinin OTP kodunu üçüncü şəxslərlə paylaşması, yaxud sosial mühəndislik üsulları ilə aldadılaraq həmin məlumatı açıqlaması nəticəsində aparılmış əməliyyatlara görə risk, bir qayda olaraq, həmin məlumatların qorunmasını təmin etməyən müştərinin üzərində qalır. Bank OTP kodunu müqavilədə göstərilmiş telefon nömrəsinə göndərmiş və əməliyyatı müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun icra etmişdirsə, sonradan kodun müştərinin özü tərəfindən üçüncü şəxslərə verilməsi bankın məsuliyyətini yaratmır. Belə hallarda vəsaitin çıxarılması bankın təhlükəsizlik sisteminin qüsuru kimi deyil, müştərinin müqavilədən irəli gələn məxfilik və ehtiyatlı davranış öhdəliyini pozmasının nəticəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, kiberdələduzluq nəticəsində üçüncü şəxslərin müştərini aldadaraq OTP kodunu və ya digər autentifikasiya vasitələrini əldə etməsi özlüyündə bankın hüquqazidd davranışını təsdiq etmir. Əks halda, müştərinin özünə məxsus və məxfi saxlanmalı olan təhlükəsizlik məlumatlarını üçüncü şəxslərlə paylaşması nəticəsində baş vermiş zərər bankın deyil, həmin məlumatların açıqlanmasına yol vermiş şəxsin risk dairəsinə aid hesab edilməlidir. Eyni zamanda, iş materiallarında olan ## ##### 2024-cü il tarixli “topanmış materialın cinayət işinə birləşdirilməsi” haqqında qərardan görünür ki, İddiaçı məxsus bank kartından 7448,87 manat pulun oğurlanması faktı əsasında Sabunçu RPI-nin 15-ci PB-də toplanmış material fakta görə AR CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işinə birləşdirilməsi və araşdırmanın bir icraatda davam etdirilməsi qərara alınmışdır. Qeyd olunan cinayət işi üzrə aparılmış araşdırmanın yekun nəticəsi barədə məlumat alınması məqəsdilə Sabunçu Rayon Polis Idarəsinə məhkəmə sorğusu ünvanlanmış, sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, vətəndaş İddiaçı ##.##.2024-cü il tarixində "xxxx" bank kartından hissə-hissə ümumilikdə 7448 manat 87 qəpik pul vəsaitinin talanması ilə bağlı müraciət əsasında Sabunçu RPI-nin 15-ci PŞ-də toplanmış HK*-*** saylı material Sabunçu RPI-nin IŞ-nə gödərilərək ##.##.2024-cü il tarixdə Istintaq şöbəsinin sabiq müstəntiqi, R Taleh Əbilzadəyə həvalə edilmiş və ##.##.2024-cü il tarixdə həmin material Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilərək bir icraatda araşdırması davam etdirilmişdir. *********** nömrəli cinayət işi Sabunçu RPI-nin IŞ-nin sabiq müstəntiqi, R Taleh Əbilzadə tərəfindən vətəndaş X5 bank kartlarından 15.03.204-cü il tarixdə ümumilikdə 10825 manat pul vəsaitinin tanınması faktına görə ##.##.2024-cü il tarixdə başlanılaraq ibtidai istintaqı aparılmış və sonuncu dəfə ## ####### 2024-cü il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin icraatında 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Iş üzrə İddiaçı pul vəsaitinin talanmasına dair "xxxx" ASC-dən sorğuya cavab olaraq verilmiş ##.##.2024-cü il tarixli məktubun məzmunundan görünmüşdür ki, İddiaçı 5490 2641 0700 **** saylı plastik kartından ##.##.2024-cü il tarixdə 175.24 manat, 523.28 manat, 1764.57 manat, 2677.28 manat, 1752.41 manat, 523.28 manat, 17.53 manat hissə-hissə olmaqla, ümumilikdə 7433 manat 59 qəpik məbləğində pul vəsaiti Afrika qitəsində yerləşən Kenya Respublikasının paytaxtı Nayrobi şəhərinin ərazisində "Ivory Aesthetics LTD" adlı ticarət obyektində POS terminal vasitəsilə mobil telefon cihazında "Google Pay" ödəmə üsulu ilə xərclənərək talanmışdır. Beləliklə, İddiaçı bank kartından pul vəsaitinin naməlum şəxs(lər) tərəfindən kənar müdaxilə nəticəsində talanması faktı öz əlinə tapmışdır. Bununla yanaşı, işə apellyasiya qaydasında baxılarkən qeyd olunan halların tam və hərtərəfli araşdırlması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyinin alınması qərarına gəlinmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, ****/**** nömrəli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinə əsasən, iş materiallarına əlavə olunmuş birdəfəlik şifrələrə (OTP) dair məlumatların təhlilindən görünür ki, ##.##.2024-cu il tarixində saat 12:06-da 994557608001 mobil telefon nömrəsinə X3 Google Pay xidmətinə əlavə edilməsi məqsədilə şifrə göndərilmişdir. Müfaviq SMS bildirişdə Google Pay xidmətinin aktivləşdirilməsi üçün tətbiqin açılması, kartın seçilməsi və göndərilmiş kodun daxil edilməsi tələb olunmuşdur. Həmin gün saat 12:08-də isə 5490******** nömrəli kart üzrə Google Pay xidmətinin aktivləşdirildiyi və təmassız ödənişlərin, habelə Google Pay loqosu olan ticarət nöqtələrində ödənişlərin aparılmasının mümkün olduğu barədə məlumat verilmişdir. ##.##.2024-cü il tarixdə saat 12:28-də “Vita Aptek 106” üzrə 3,900 manat, saat 12:48-də “Ayxan Market” üzrə 14,87 manat məbləğində ödənişlər icra edilmişdir. Eyni tarixdə saat 14:48-14:51 aralığında 5 cəhdlə ümumilikdə 389400 Keniya şillinqi (7416,06 manat ekvalenti) məbləğində vəsait “IVORY AESTHETICS LTD” adlı benefisiara köçürülmüşdür. Təqdim edilmiş materialların təhlili göstərir ki, mübahisələndirilən əsas məsələ gücləndirilmiş müştəri autentifikasiyası tələblərinin tətbiq olunub-olunmaması ilə bağlıdır. Lakin, Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası” ## ##### 2023-cü il tarixdə qüvvəyə mindiyindən, ##.##.2024-cü il tarixində həyata keçirilmiş əməliyyatlara həmin normativ aktın tələbləri baxımından hüquqi qiymt verilməsi mümkün deyildir. Eyni zamanda Mərkəzi Bankın ##.##.2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank Hesablarının açılması, aparılması və bağlanması Qaydası” bank hesablarının rəsmiləşdirilməsi, aparılması və bağlanması prosedurlarını tənzimləyir və hesablardan pul vəsaitinin silinməsi mexanizmini birbaşa tənzimləmir. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılmış araşdırma zamanı müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli tam kart müqaviləsi əsasında iddiaçıya kredit limiti ayrılmış, sonradan cavabdeh "Google Pay" ödəmə sistemi üzərində qeydiyyatdan keçmək istəmiş, bu zaman onun tərəfindən banka təqdim olunmuş mobil telefon nömrəsinə birdəfəlik şifrə (OTP kodu) göndərilmiş (həmin kod göndərilərkən onun üçüncü şəxslərə təqdim olunmaması tövsiyyə olunur), lakin həmin kodla bağlı təhlükəsizlik qaydalarına əməl olunmaması (üçüncü şəxslərə ötürülməsi və s.) nəticəsində ##.##.2024-cü il tarixdə “xxxx” mobil tətbiq vasitəsilə aparılmış əməliyyatlarla, ümumilikdə 7433.59 manat xaricdə yerləşən şirkətdə POS terminal vasitəsilə məxaric edilmişdir. Həmçinin, iddiaçının müraciəti əsasında hüquq-mühafizə orqanlarında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, müvafiq pul vəsaiti (7433,59 manat) xaricdə yerləşən naməlum şəxs(lər) tərəfindən kənar müdaxilə nəticəsində talanmış, hazırda cinayət hadisəsini törətmiş şəxs(lər)in istintaqa bəlli olmaması səbəbindən iş üzrə icraat dayandırlmışdır. Bununla belə, qeyd olunan pul vəsaitinin kənar şəxslər tərəfindən talanması zamanı cavabdeh bankın təqsirli əməllərinin (bankın hərəkət və hərəkətsizliyinin) müəyyən olunması, yəni bank tərəfindən təlimatların tələblərinə riayət edilməməsi, müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görməməsi, eyni zamanda dəymiş zərərlə bankın hərəkətləri arasında hər hansı səbəbli əlaqənin olması iş materialları ilə öz təsdqini tapmır. Iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. MM-nin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Işin faktiki hallarından və qanunvericiliyin normalanının qarşılıqlı təhlilindən müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halına yol verilməmiş, bu səbəbdən də müqavilə xitam verilməsi barədə tələbin hüquqi və faktiki əsası yoxdur. Mülki qanunvericiliyin ümumi prinsiplərinə görə müqaviləyə xitam verilməsi üçün qarşı tərəfin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması müəyyən edilməlidir. Hazırkı halda isə bankın təhlükəsizlik sistemlərinin işləmədiyi, yaxud bankın qanunvericilik və müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirmədiyi sübuta yetirilmədiyi təqdirdə, müqaviləyə xitam verilməsi üçün hüquqi əsas yaranmır. Müştərinin öz təhlükəsizlik məlumatlarının qorunmasını təmin etməməsi nəticəsində yaranmış halların müqavilənin ləğvinə əsas verməsi qəbul edilə bilməz. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən onun pensiya kart hesabından tutulmuş 1988.24 manat pul vəsaitinin qaytarılması tələbinə münasibətdə qeyd olunmaldır ki, yuxarıda qeyd olunanlara əsasən həmin tələb də əsassızdır. Belə ki, MM-nin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı halda isə, iddiaçı onun razılığı olmadan onun pensiya hesabından pulun tutulmasını bildirsə də, bu hal tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə sərçivəsində həyata keçirilmişdir. Belə ki, qeyd olunan müqavilənin 13.3-cü bəndinə uyğun olaraq, bankın rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”də müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və tam kartdan istifadə qaydası və şərtləri, müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesablardan vəsaitin silinməsi şərtləri ........ şərtlərlə bağlı məlumat verilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin ##.##.2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər” toplusunun 18.8.2-ci bəndinə əsasən bankın kredit/kredit xətti üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin Müştərinin xxxx-dəki bütün Bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır. Kollegiya hesab edir ki, iddiaçının hesabından tutulmuş pul vəsaitlərinin geri qaytarılması barədə tələbi işin müəyyən edilmiş halları və tərəflər arasında mövcud müqavilə münasibətləri baxımından əsaslı hesab edilə bilməz. Müqavilənin 13.3.1-ci bəndində də müştərinin sərəncamı olmadan hesablardan vəsaitin silinməsi şərtləri ilə tanış olduğu göstərilmişdir. Borc öhdəliyi mövcud olduğu halda isə, bankın həmin borcun ödənilməsi məqsədilə müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçının hesablarından vəsait tutması öhdəliyin icrasına yönəlmiş qanuni hərəkət hesab edilməlidir. Iddiaçının sonradan kiberdələduzluğun qurbanı olduğunu bildirməsi, özünün təsdiqləmə məlumatlarını üçüncü şəxslərə açıqlaması nəticəsində yaranmış öhdəliyi aradan qaldırmır və bankın əldə etdiyi ödənişləri əsassız varlanma predmetinə çevirmir. Buna görə də tutulmuş vəsaitlər bank tərəfindən mövcud kredit borcunun ödənilməsinə yönəldildiyindən, həmin məbləğlərin iddiaçıya geri qaytarılması üçün maddi-hüquqi əsas mövcud deyildir. Iddiaçı isə bunun əksinə olaraq, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Iddiaçı isə, kredit müqaviləsi üzrə öhdəliyini icra etməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar iddia tələbinin təmin olunması üçün qanuni əsas yaratmır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Iddiaçı tərəfin izahatı da iddianın əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia təmin olunmamlıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-ə qarşı “müqaviləyə xitam verilməsi, pensiya kartından qanunsuz olaraq tutulmuş pulun qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4577/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4577/2025
05.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver