Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4578/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1443/2019 saylı qətnaməsindən iddiaçı, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 2200 manat əsas, 2250 manat əmək haqqı, 779 manat gecikməyə görə faiz borcu, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 10000 manat, cəmi 16229 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxx» MMC, «xxxxxxxxxxxxx» MMC və «xxxxxxxx» MMC-nin mühafizə xidmətində işləmək üçün işçi axtarılması barədə məlumat alarkən işsiz olduğundan, xx.xx.2014-cü il tarixdə «xxxxxxxx» MMC-nin məsul işçisi Cavabdeh3 vasitəsilə həmin cəmiyyətin rəhbərləri Cavabdeh1 və Cavabdeh2 müraciət etmişdir. Sonuncular işə qəbul edilməsi üçün şirkətin depozit hesabına keçirəcəyi maksimum məbləğin 50%-i miqdarında əmək haqqı alacağını bildirmişlər. İddiaçı onlara inandığı üçün xx.xx.2014-cü il tarixdə 1500 manat məbləğində pulu cavabdehlərə vermişdir. Pulu aldıqdan sonra cavabdehlər onun işə qəbul edildiyini və hər ay 750 manat əmək haqqı alacağını vəd etmişlər. Beləliklə o, mühafizə xidmətinin işçisi kimi müxtəlif obyektlərdə mühafizəçi kimi işləməyə başlamışdır. Bir həftə sonra isə, ali təhsilli olduğuna görə əlavə olaraq ondan 700 manat alıb onu xidməti inspektor vəzifəsinə təyin etmişlər. 3 ay müddətində şəxsi avtomobili ilə həm gecə, həm də gündüz məsul olduğu işi daim vicdanla yerinə yetirmişdir. Lakin üç ay işləsə də, cavabdehlər ona əmək haqqı verməmişlər. xx.xx.2015-ci il tarixdə ona məlum olmuşdur ki, cavabdehlər və qeyriləri qabaqcadan əlbir olaraq, onun kimi yüzlərlə insanı işlə təmin etmək adı altında onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib və eyni zamanda həmin şəxsləri əmək haqqı ödənilmədən işlətmişlər. Bu səbəbdən də o və digər zərər çəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(101)-64/2018 saylı hökmü ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Azərbacan Respublikası Cinayət Məcəlləsinin 162-1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 193-1.3.1, 193-1.3.2, 218.3, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək müvafiq olaraq 15 il, 9 il və 9 il müddətinə azadlıqdan məhrum edilmişlər. Məhkəmənin qeyd olunan hökmünə əsasən zərərçəkmiş şəxslərdən bir neçə nəfərin təqsirləndirilən şəxslərə qarşı mülki iddiaları təmin edilərək, onlara vurulmuş maddi ziyanın, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq həmin zərərçəkmiş şəxslərə ödənilməsi hökm edilmiş, məhkəmənin həmin hökmünün digər hissəsinə əsasən isə cavabdehlərdən əldə olunan pul vəsaitləri və cavabdeh şəxslərin mülkiyyətində olan əmlakların satışından əldə olunacaq pul vəsaitləri bərabər şəkildə bölünməklə zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Lakin, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus əmlaklar bütün zərərçəkmiş şəxslərin zərərini ödəməyə kifayət etmir. Belə ki, zərərçəkmiş şəxslərin sayı 4000 nəfərə yaxın olduğu halda, təqsirləndirilən şəxslərə məxsus olan və üzərlərinə həbs qoyulmuş əmlakların sayı cəmi 12 ədəddir. Ona görə də, cəmi dəyəri 886583 manat olan əmlakların satılmasından əldə edilən vəsait zərərçəkmiş şəxslərdən alınmış pulların qaytarılmasına kifayət etmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(101)-64/2018 saylı hökmünə əsasən bütün zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında aidiyyəti yerli məhkəməyə müraciət etməklə onlara vurulmuş ziyanı tələb etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1443/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) iddia qismən təmin olunmuş, cavabdehər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilməmiş əmək haqqına görə 2250 (iki min iki yüz əlli) manat məbləğində və vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat, cəmi 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin onlara aid hissələrdə ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, maddi hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın tam təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətlərini - birinci instansiya məhkəməsinin qətnaməsinin onlara aid hissələrdə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, təqsirlərinin olmaması, iddianın tam rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,həmçinin cavabdehlərin apellyasiya şikayətlərini əsassız sayaraq şikayətdə göstərilən dəlillərə,həmçinin iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, iddiaçıdan alınmış 700 və 1500 manat pulun 700 manat hissəsi qaytarılmışdır. Bu səbəbdən də həmin hissədə 1500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını,cavabdeh tərəfin apellyasiya şikayətlərinin isə rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək,həmçinin iddiaçının apellyasiya şikayətini əsassız sayaraq şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını,iddiaçının apellyasiya şikayətlərinin isə rədd olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,cavabdehlərin apellyasiya şikayətləri təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia ərizəsinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(101)-64/2018 saylı hökmündən çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbacan Respublikası Cinayət Məcəlləsinin 162- 1.2, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri, Bayramov X6 Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müvafiq olaraq 15 il, 9 il və 9 il müddətinə azadlıqdan məhrum edilmişlər. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Eyni zamanda həmin hökmdən görünür ki, ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayında tanışlarından «xxxxxxxx» MMC-adlı mühafizə şirkətində münasib şərtlərlə işçi qəbulunun həyata keçirildiyini eşitmiş, buna görə də həmin ayın 16-da Biləcəri qəsəbəsində yerləşən baş ofisinə müraciət etmiş, orada onu Namiq adlı dəstə rəhbəri qəbul etmişdir. Namiq şirkətin rəhbəri Cavabdeh1 şirkətdə qoyduğu iş prinsipinə əsasən işə qəbulun depozitə pul qoymaq yolu ilə həyata keçirildiyini, depozitə qoyduğu məbləğin 50 % miqdarında əmək haqqı alacağını, 3 ay ərzində işləyib əmək haqqı alacaqsa, həmin 3 ay ərzində işdən çıxmaq istəsə, qoyduğu depozit məbləği ona geri qaytarılacağını, lakin 3 aydan artıq işləyib və ən azı qoyduğu depozitin 50 faizi miqdarında 3 dəfə əmək haqqı alıbsa, depozit məbləğinin ona geri qaytarılmayacağını, ilkin əmək haqqının 40 gündən sonra, növbəti dəfə isə hər 36 gündən bir veriləcəyini izah etmişdir. Namiqə şərtlərlə razı olduğunu, 1500 manat pulu depozitə qoya biləcəyini demişdir. Namiq ondan depozit pulundan başqa, 700 manat məbləğində pulu «şirinlik» kimi almışdır. Mühafizə şirkətində olarkən 80 manat pulu forma üçün vermiş, bir neçə sənəd imzalamışdır. 2014-cü ilin oktyabr ayından etibarən mühafizə şirkətində mühafizəçi kimi işləməyə başlamış, mühafizəçi kimi işlədiyi bu müddətdə əmək haqqı almamışdır. Əmək haqqının verilmədiyini görüb Namiqdən qoyduğu pulu tələb etmiş Namiq ondan aldığı 700 manat pulu ona geri qaytarmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, İddiaçı 2014-cü ilin oktyabr ayında depozit kimi 1500 manat qoymaqla «xxxxxxxx» MMC-yə inspektor vəzifəsində işə qəbul edilmiş, bu barədə «xxxxxxxx» MMC tərəfindən ona vəsiqə verilmiş və hər ay 750 manat əmək haqqı alacağını vəd edilmiş, bundan əlavə 700 manat məbləğində pulu ondan rüşvət olaraq almışlar. MMC-də üç ay işləsə də, cavabdehlər tərəfindən ona əmək haqqı verilməmiş, bu səbəbdən də İddiaçı və digər zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət etmişlər və hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, eyni zamanda digər təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Hazırda İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq, 2200 manat əsas, 2250 manat əmək haqqı, 779 manat gecikməyə görə faiz borcu, əldən çıxmışfaydaya görə 1000 manat, mənəvi zərərə görə 10000 manat, cəmi 16229 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı depozit kimi qoyduğu 1500 manat və rüşvət kimi verdiyi pula görə 700 manat olmaqla, cəmi 2200 manat əsas məbləği cavabdehlərdən tələb etsə də, tələb etdiyi həmin 700 manat pulun ona artıq geri qaytarıldığını göstərmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(101)-64/2018 saylı hökmündə iddiaçı tərəfindən depozit kimi qoyulmuş 1500 manat məbləğin cavabdeh şəxslərin mülkiyyətində olan əmlakların satışından əldə olunacaq pul vəsaitlərinin mülki iddiaçılar arasında bərabər şəkildə bölünməklə zərərçəkmiş şəxsə qaytarılmalı olması, hökmün bu hissədə icrasının aidiyyəti icra şöbələrinə tapşırılması hökm edilmişdir. İddiaçı üç ay qeyd olunan iş yerində və vəzifədə işləsə də, cavabdehlərin təqsiri ucbatından ona əmək haqqı ödənilməmiş, nəticədə İddiaçı ümid etməyə haqqı çatan 2250 manat əmək haqqından məhrum olmuşdur. İddiaçı əmək haqqı tələbi ilə yanaşı, əmək haqqı ödənişinin gecikməsinə görə 779 manat faiz borcu və əldən çıxmış faydaya görə 1000 manat məbləğində pul vəsaiti tələb etsə də, əmək haqqının gecikdirilməsinə görə hansı əsasla qeyd olunan məbləğdə faiz borcu və əldən çıxmış fayda tələb etməsi barədə dəlillərini məhkəməyə təqdim etməmiş və həmin hissədə iddia tələblərini sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən müştərək qaydada ödənilməmiş əmək haqqına görə 2250 manat məbləğində və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın təmin olunmayan hissəsində narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq ilkin olaraq qeyd edir ki, iddiaçı tələbində həmçinin 2200 manat pulu cavabdehlərdən tələb etsə də, nümayəndəsi istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya icraatı zamanı verdiyi izahatında və bununda bağlı məhkəmə kollegiyasına təqdim etdiyi yazılı ərizəsində həmin puldan 700 manat hissəsinin qaytarılmasını bildirmiş, bu səbəbdən də 1500 manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən hissədə rədd edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündə iddiaçı tərəfindən depozit kimi qoyulmuş 1500 manat məbləğin cavabdeh şəxslərin mülkiyyətində olan əmlakların satışından əldə olunacaq pul vəsaitləri hesabına qaytarılmalı olmasını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçıya münasibətdə cinayət əməli törətmələri, iddiaçıdan 700 manat və 1500 manat (2200 manat) pul alınması qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuşdur. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə hökmü ilə təqsirləndirilən şəxslərdən maddi zərərin onların əmlakları hesabına ödənilməsi iddiaçını onlara qarşı mülki iddia irəli sürmək hüququndan məhrum etmir. Çünki, işdə olan hökmən çıxarışdan iddiaçının təqsirləndirilən şəxslərə qarşı eyni tələblə və eyni əsaslarla mülki iddia verməsi, onlara qarşı analoji tələblərinin təmin olunması və s. görünmür. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin əmlakları bütün zərərçəkmiş şəxslərin tələblərinin ödənilməsinə yetərli deyildir. Çünki, cinayət işi üzrə 4000 nəfərə yaxın zərərçəkmiş şəxs vardır, üzərinə həbs qoyulmuş əmlaksın sayı isə 12 ədəddir. Bu səbəbdən də ona dəymiş zərəri mülki qaydada tələb etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normaları və qanuni qüvvədə olan məhkəmə hökmü nəzərə alnmaqla, məhkəmə kollegiyası hesab edir ki, iddia 1500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə olan halda isə qətnamə qeyd edilən hissədə qanuni və əsaslı sayıla bilməz, iddiaçının apellyasiya şikayətinə əsasən həmin hissədə ləğv olunmalıdır. Bununla yanaşı, iddiaçının apellyasiya şikayəti qalan hissələrdə (əldən çıxmış fayda və s.) təmin olunma bilməz. Çünki, iddiaçı qalan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi iddianı qalan hissədə rədd etməkdə haqlı olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və s. İşin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı üçün mənəvi zərərin məbləğinin 500 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin də apellyasiya şikayətləri əsassız olduğundan rədd edilməlidir. Çünki, cavabdehlər etirazlarının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. İşdə olan sübutlarla (hökm və s.) cavabdehlərin apellyasiya şikayətinin dəlilləri tam təkzib olunur. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 1500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1443/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(007)-1443/2019 saylı qətnaməsi qismən ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat pul vəsaiti tutulsun. Qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4578/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4578/2020
28.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver