Məhkəmə qərarları › İş №2(103)-4581/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4581/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4581/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1375/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 05 may 2017-ci il tarixdə İddiaçı şübhəli şəxs qismində tutulmuş, 06 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, bu müddət daha sonra müvafiq qaydada bir neçə dəfə uzadılmışdır. Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.

2. İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü və 28 sentyabr 2017-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 14 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.

3. İbtidai istintaq zamanı İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 43.200 (qırx üç min iki yüz) manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1989-cu il tarixində Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur, hazırda həmin kənddə yaşayır. Əsasən heyvandarlıq olmaqla kənd təsərrüfatı ilə məşğul olmuş, kənd təsərrüfatı texnikası (ot bağlayan) ilə xidmətlər göstərməklə fərdi əməklə məşğul olmuşdur. 05 may 2017-ci il tarixdə, o, hazırda “Tərtər işi” kimi tanınan və istintaqı təzələnərək aparılan iş çərçivəsində şübhəli şəxs qismində tutulmuş, ağır işgəncələrə məruz qalmış, 06 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 27 iyul 2017-ci il tarixdə onun həbsdə saxlanılma müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 (iki) ay olmaqla, 05 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 30 avqust 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 02 noyabr 2017-ci il tarixli hökmü ilə o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Tərtər işi”nin təzələnmiş istintaqı çərçivəsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 28 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 14 iyun 2022-ci il tarixli qərarına əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 24 iyun 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. 02 avqust 2022-ci il tarixli 3510 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə xitam verilmişdir. Beləliklə, iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xitam verilmişdir. O, ona təyin edilmiş cəzanı tam çəkib xx.xx.2019-cu il tarixdə saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. O, əsassız ittihamlara və işgəncələrə məruz qalmış, 05 may 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 06 may 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti uzadılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əfv sərəncamı ilə azadlığa buraxıldığından 05 may 2017-ci il tarixdən 04 may 2019-cu il tarixədək, yəni 24 ay ərzində azadlıqdan məhrum etmə yerində saxlanılmışdır. Bununla da, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. O, cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayından doğulduğu və yaşadığı Tərtər rayonunun Yuxarı Qarabağlı kəndində heyvandarlıq və fərdi əməklə (kənd təsərrüfatı texnikası olan ot bağlayanla xidmət) məşğul olmuşdur. Tərtər rayon İcra Hakmiyyəti Başçısının Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təsdiq edilmiş 596 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə, kənd təsərrüfatı texnikası (otbağlayan) işlədib. Otbağlayan texnika ilə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara xidmət göstərməklə fərdi əməklə məşğul olduğundan onun aylıq faktiki qazancı 1800 (bir min səkkiz yüz) manat təşkil edirdi.

6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Qanunda nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1375/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24000 (iyirmi dörd min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 24000 (iyirmi dörd min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, İddiaçı 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişidir ki, o, məhrum olduğu gəlirlərə görə ona 43.200 (qırx üç min iki yüz) manat məbləğində maddi ziyanın dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad edərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1375/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər.

11. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin maddi ziyan hissəsində ləğv edilməsi və vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsi tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ona vurulmuş maddi ziyanın ödənilməməsi ilə bağlı gəldiyi qənaət əsaslandırılmayıb. Yəni birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş imza və möhürlə təsdiqlənmiş arayışı niyə mötəbər sübut hesab etmir sualına qətnamədə cavab verməyib. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, o, 1989-cu ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Həbs edildiyi vaxt, yəni 2017-ci ildə o, 28 yaşında olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-cimaddəsinə əsasən yaşa görə əmək pensiyasının əsas şərtlərindən biri kişilərin 63 yaşına çatmasıdır. Sübuta ehtiyacı olmayan bu hallar, eyni zamanda iş materiallarında iddiaçının xəstəliyi, əlilliyi və ya onun işləməsinə mane olan digər hallar barədə məlumatların olmaması kifayət edir ki, iddiaçının həbs edildiyi vaxt, yəni 2017-ci ilin mayında hər hansı bir fəaliyyətlə məşğul olduğu güman edilsin. İddiaçı da bu halı sübut etməkdən ötrü doğulduğu və ömür boyu yaşadığı kənd üzrə Tərtər Rayon İcra Hakimiyyətinin müvafiq ərazi nümayəndəliyindən arayış əldə edərək hansı fəaliyyətlə məşğul olduğunu və onun aylıq qazancının hansı miqdarda olduğunu məhkəməyə təqdim etmişdir. İşin bu faktiki halları üzrə onları sübut etməkdən ötrü obyektiv hesab edilə biləcək sübut növünü, yənisənədi iddiaçıməhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının ümumiyyətlə aylıq qazancının olmaması kimi bir qənaətə gəlmişdir ki, bu həm işin faktiki hallarına uyğun deyil, həm də məhkəmə hansı əsasla bu nəticəyə gəldiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmə işin hallarına düzgün qiymət versəydi Azərbaycan MPM-nin 218.3-cü maddəsinin ikinci cümləsinin tələblərinə müvafiq olaraq iddia tələblərindən kənara çıxıb iddiaçıya həbsdə olduğu dövrdə (may 2017-may-2019-cu illər) minimum əmək haqqı həcmində vurulmuş maddi ziyana görə kompensasiya məbləği müəyyən edə bilərdi. Sübuta ehtiyacı olmayan fakt olaraq 2017-ci ili üçün minimum əmək haqqının həcmi 116 (yüz on altı) manat (2018-ci ilin mart ayına qədər), 2018-ci ilin mart ayından 2019-cu ilin mart ayına qədər isə 130 (yüz otuz) manat olmuşdur. Bu isə ümumilikdə 2,952 (iki min doqquz yüz əlli iki) manat edir (116*12 ay=1392, 130*12 ay=1560, 1276+1430=2706). O, həbs edilməsəydi və 24 ay ərzində cəza çəkməsəydiminimum əmək haqqı almaq imkanına malik olacaqdı.

12. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(006)-1375/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, işgəncə görən şəxslərdən idi, zərərçəkmiş şəxs qismində Baş Prokrourluq tərəfindən tanınmışdır. Daha sonra ona bəraət verildi. Məhkəmə mənəvi ziyanı 24000 manat olaraq müəyyənləşdirdi, lakin milyon da verilsə orada keçirdiyi əsəb, stress, günhasız orada cəza çəkdiyini heç nə əvəz edə bilməz. Onun mənəvi ziyan hissəsindən şikayəti yoxdur. Maddi ziyanla bağlı məhkəmənin çıxardığı qərarla bağlı bildirir ki, məhkəmə çıxardığı qərara əsasən, sanki onları küçədən tutublar, onlar səfil həyat yaşayır, sanki onların heç bir yerdən qazancı, gəlirləri yoxdur. Onları tutub apararaq söydülər, döydülər, əlavə olaraq da alçaltdılar, təhqir etdilər və aylıq 1000 manat verdilər və sanki bununla da iş düzəlir. Onların maddi ziyanı vardır. O, özü fərdi əməklə məşğuldur. Onların fərdi işi və texnikaları vardır, kənddə hamı bilir ki, onlar hansı işlə məşğuldur. Onlar 2013-cü il tarixindən başlayaraq ot sezonu ilə işləyirlər. Sezon qurtardıqdan sonra oktyabr ayından usta kimi işləyir, həmçinin maldar kimi də işləyir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən nümüyəndəsinin iştirak edə bilməyəcəkyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin maddi zərər hissəsində ləğv edilməsi və iddianın bu hissədə təmin olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və bu hissədə iddianın rədd olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 24.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 25.Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 26.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 28.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 29.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 30.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 31.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 36.121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 37.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin mübahisələndirilməyən hallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə və cəzasını tam şəkildə çəkmiş olsa da, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin araşdırılması zamanı CPM-nin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Tərtər Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü və 28 sentyabr 2017-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır.

41. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 14 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İbtidai istintaq zamanı İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

42. Qeyd edilən məhkəmə aktlarından İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il tarixinədək, yəni 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün qanunsuz olaraq həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 43.200 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 143.200 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

43. Məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir.

44. Qeyd edilənləri nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə də razılaşır, mənəvi zərərin iddia tələbində göstərilən məbləğini çox olmaqla real qiymətləndirmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 24.000 manat məbləğində təmin olunmasını isə məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir.

45. Məhkəmə iddianın “maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi hallarının müəyyən edilməsi görünmür.

46. İş materiallarında olan Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 596 saylı, xx.xx.2022-ci il tarixli və 165 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan isə iddiaçının tutulan zaman müvafiq məbləğdə gəlirə malik olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin arayışlardan iddiaçının xx.xx.2017-ci il tarixdə tutulmasına baxmayaraq 2014-2016-cı illərdə nümayəndəliyin ərazisində atası ilə birlikdə texnika işlətdiyi müəyyən edilmiş, həmçinin müvafiq illər üçün bir ədəd ot presinin bağlanmasının orta bazar qiyməti barədə ümumi məlumat verilmişdir.

47. Kollegiya cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətindəki dəlillər ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

48. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

49. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

50. Оnа görə də hazırki iş üzrə tutulan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.

51. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1375/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar