Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4582/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: "mənzildən çıxarılma”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 saylı, 04 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı ilə Cavabdeh 25 mart 2010-cu ildə rəsmi nikah bağlamış, 01 sentyabr 1999-cu il təvəllüdlü X1 və 30 yanvar 2022-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2012-ci il tarixli, 2(004)-6770/2012 saylı qətnaməsi ilə Moskva şəhəri Levoberejni VVAQ şöbəsində bağlanmış, 589 nömrə ilə qeyd edilmiş nikahı ləğv edilmiş, boşanmadan sonra uşaqların ananın yanında qalması müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı ildə yenidən nikah bağlamış və xx.xx.2022-ci ildə nikah pozulmuşdur. 2.X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsindəki 62A nömrəli evin, 16 nömrəli mənzili 22 sentyabr 2007-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı bağışlamış və xx.xx.2010-cu ildən mənzil sonuncunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, mübahisəli mənzil ona əvvəlki mülkiyyətçisi Bakı şəhəri, Səbail rayonu, Ulyanseva küçəsi ev 5, mənzil 66-da yaşayan əmisi oğlu X5 tərəfindən xx.xx.2007-ci il tarixdə bağışlanıb və həmin mənzildə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh ilə xx.xx.2016-cı ildə ailə həyatı qurmuş, lakin aralarında yaranan ailədaxili fikir ayrılıqlarla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə nikahı pozulmuşdur. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh könüllü olaraq ona məxsus olan mənzildən və qeydiyyatdan çıxmalı idi, lakin bu müddət ərzində cavabdeh müxtəlif bəhanələrlə mənzildə qalır və qeydiyyatdan çıxmır. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması və qalması cavabdehin ona əmlakı üzərində mülkiyyət və digər hüquqlarını həyata keçirməyə maneələr yaradır. Cavabdehin Cavabdeh mərhum valideyinlərindən miras qalan mənzili vardır. Cavabdehlə yaranmış mübahisəni məhkəmədənkənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan və cavabdehin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə etməsinə mane olur, iddiaçının ona məxsus olan ev üzərində hüquqlarının lazımi qaydada həyata keçirilməsinə maneə törətdiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Əvvəla mübahisəli mənzil onunla iddiaçının nikah müddətində əldə etdikləri, əsaslı təmir etdikləri mənzildir. Bu mənzil Moskva şəhərində olan mağazanın satışından əldə edilən vəsait hesabına əldə edilmiş və tərəflərindən əsaslı təmir edilmişdir. İddiaçının əmisi oğlu X4 mənzilin əldə edilməsinə və təmirinə vəsait sərf etməmişdir. Həmin mənzilə iddiaçı ilə birlikdə eyni vaxtda 2009-cu il tarixdə köçmüş və indiyə kimi də orada yaşayır. Faktiki ümumi mülkiyyətində olan mənzildə istifadə hüququ vardır. İstifadə hüququ olduğu halda və istifadə hüququna xitam verilmədiyi halda mənzildən çıxarılması qanunsuzdur. Ailə münasibətləri 1997-ci ildə yaranmışdır. 2009-cu ildən isə iddiaçı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Göstərilən mənzildə istifadə hüququ vardır və yaşadığı, istifadə hüququ olan mənzildən çıxarıla bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9.Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 22.2 və 22.2.3. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
13.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:
14.1 «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 14.2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. 14.3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün haqlı sayılırdı.
23. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Hazırki iş üzrə mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində tərəflərin birgə nikahı dövründə bağışlama müqaviləsi, yəni əvəzsiz əqd əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdeh qeyd olunan mənzili birgə nikah dövründə ümumi vəsaitləri hesabına əldə edildiyini, lakin keçmiş ərinin həmin mənzili əvvəlcə əmisi oğlu Rakif Hüseynovun adına rəsmiləşdirdiyini, sonradan isə sonuncunun ərinə bağışladığını göstərsə də bugünə qədər qeyd etdiyi halları mübahisələndirməmişdir. Başqa sözlə bəyan etdikləri həqiqi idisə indiyədək mənzilin birgə nikah dövründə əldə edildiyi üçün Rakif Hüseynovun adına formal qeydə alındığını mübahisələndirə və mənzilin ümumi birgə mülkiyyəti olduğu üçün bölünməsini tələb edə bilərdi, lakin mübahisələndirməyib. Buna görə də, mübahisəli mənzilin vaxtı ilə Rakif Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınması və sonradan iddiaçıya bağışlanması formal olsa da bu faktlar mübahisələndirilmədiyindən və hazırki icraatın predmeti olmadığından onların həqiqi olubolmamasını müəyyən etmək mümkün deyildir. Demək reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
25. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1). 26.Düzdü, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, cavabdehin işləməməsi, evdar qadın olması, övladının böyüdülməsi və təlim tərbiyəsi ilə məşğul olması onu ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir. Lakin hazırki iş üzrə mübahisəli mənzil nikah dövründə hədiyyə şəklində əldə edildiyindən iddiaçının ayrıca mülkiyyəti olması mübahisələndirilmir.
27. Deməli, hazırkı iş üzrə cavabdehin birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunmuş əmlak olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, yəni birgə gəlirlər hesabına əldə olunması təsdiq olunmur yaxud reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və cavabdeh qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldırmadığından bu icraat üzrə mənzilin birgə gəlirlər hesabına əldə olunması təsdiq oluna bilməz.
28. Bununla yanaşı, cavabdeh şikayətində göstərir ki, məhkəmə səhv nəticəyə gəlmiş, çünki, o, mübahisəli mənzilə 2009-cu ildə köçmüş, etirazda texniki səhvə yol verilərək 2009-cu il əvəzinə, 2011-ci il göstərilmişdir. Əvvəla, cavabdeh birinci instansiya məhkəməsində iddiaya yazılı etirazında göstərib ki, ”..Moskvadan Azərbaycana qayıtdıqdan sonra onlar 3 il Lənkəran şəhərində yaşadı, 2011-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 22,16 saylı mənzili almış və həmin vaxtdan bu günə qədər həmin mənzildə yaşayır...” Əlbətdə, cavabdehin apellyasiya şikayəti peşəkar hüquqşünas olan vəkil tərəfindən tərtib edildiyinə və apellyasiya baxışında vəkillə təmsil olunduğuna görə şikayətdə mənzilə 2011-ci ildə deyil, 2009-cu ildə köçdüyünü göstərməsi anlaşılan olsa da bu həmin halın həqiqi olması demək deyil. Çünki, ən azından cavabdeh bəyan etdiyi bu hala dair məhkəməyə hansısa bir sübut təqdim etməli idi, ancaq etmir yaxud olmadığı üçün edə bilmir, üstəlik 2009-cu ildə hansı tarixdə köçməsini də dəqiq deyə bilmir. Bu cür vəziyyətdə cavabdehin 2009-cu ildə mübahisəli mənzilə köçdüyü barədə dəlillər öz təsdiqini tapmır. Başqa sözlə qeyd olunan mənzillə bağlı tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2009-cu ilin oktyabr ayının 1-dək yaranması təsdiq olunmur. Bu cür vəziyyətdə mənzillə bağlı tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2009-cu ilin oktyabr ayının 1-dək yaranması təsdiq olunmadığından mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
29. Deməli, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2011-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
30. Göstərilənlərdən əlavə, işdən o da görünür ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulan razılaşma mövcud deyildir. Əks halda, yəni razılaşma olsaydı bu maddənin tətbiqi ümumiyyətlə mövcud olmazdı. Ona görə də, hazırki iş üzrə tərəflərin münasibətləri razılaşma ilə tənzimlənmədiyindən, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi, cavabdehin çıxmaq istəmədyi mənzildən istifadə hüququnun itirilməsi üçün əsas olmuş, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edə bilər. Belə ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada cavabdehin keçmiş ailə üzvü üçün çıxmaq istəmədiyi mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Çünki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 31.Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Yəni, hazırki iş üzrə də cavabdehin mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmamalıdır. Məhz cavabdehin bu ehtiyaclarının ödənilməsi üçün iddiaçının mübahisəli mənzil, yəni cavabdehin çıxmaq istəmədiyi mənzil üzrə mülkiyyət hüquqları müvəqqəti olaraq məhdudlaşdırıla bilər.
32. Lakin cavabdeh özü etiraf edir ki, valideynlərindən vərəsəlik qaydasında onun mülkiyyətinə mənzil keçmiş və qazanc əldə etmək məqsədilə həmin mənzili kirayə vermişdir. Deməli, cavabdehin mənzil ehtiyaclarının təmin olunması üçün ən azından mülkiyyətində olan və kirayə verdiyi başqa mənzili vardır. Bu cür vəziyyətdə hətta cavabdehin mübahisə predmeti olan mənzildən etibarlı ailə əlaqələrindən irəli gələn istifadə hüququ yaranmış olsaydı belə yenə də bu hüquqa kompensasiya verilməklə xitam verilməsi tələb olunmur. Çünki, cavabdehin yaşamaq üçün mənzilə ehtiyacı və tələbatı yoxdur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqe də mövcuddur.
33. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmasa belə, bu hüquq, iddiaçının mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında da saxlanıla bilməz. Çünki, həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət etməlidir. Lakin cavabdehin tərk etmək istəmədiyi mənzildən müəyyən müddətə olsa da istifadə etməsi üçün ağlabatan və ədalətli əsas mövcud deyildir. Çünki, qeyd olunduğu kimi cavabdehin özünün mülkiyyətində mənzil olduğundan mübahisəli mənzildə yaşaması üçün ehtiyac da aradan qaxmışdır.
34. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin iddiaçıya məxsus mənzilə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan şərtlər olmadan yaşaması sonuncunun mənafeyinə zərər vura bilər. Çünki, bu hal mübahisəli mənzilın mülkiyyətçisinin, cavabdehin keçmiş əri olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş ərinin hazırda ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, cavabdehin bu istəyi keçmiş əri olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin bu hissədə də qənaəti düzgün olmuşdur.
35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 saylı, 04 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.