Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4583/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2021 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 birgə iddiaçılar şəklində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)- 4855/2021 saylı qərardadına əsasən, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan İddiaçı1 şikayət vermiş, məhkəmənin 30 iyun 2021-ci il tarixli qərardadında əsasən, şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(103)-396/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)-4855/2021 saylı qərardadı ləğv edilmiş və iddia ərizəsi üzrə məhkəmə icraatının başlanmasının mümkünlüyü məsələsinin təkrar mzakirəsi üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)- 3106/2021 saylı qərardadı ilə İddiaçı1 və gidərlərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin İddiaçı1 qaytarılması, iddiaçılara müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) müraciət etmək hüquqları izah edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəmənin həmin qərardadından şikayət verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2022ci il tarixli, 2(001)-3106/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar onlara məxsus olduğunu iddia etdikləri əmlakların üzərinə cinayət işinin icraatı zamanı səhvən həbs qoyulduğunu, sonradan isə həmin əmlaklar barəsində məhkəmənin xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq edildiyini irəli sürmüş və iddia ərizəsinin təsviri hissəsində qeyd edilən əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunur. İşə baxan birinci instansiya məhkəməsi hazırki iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.2, 122.2.2 və 122.2.3-cü maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, iddia ərizəsində irəli sürülmüş tələblərə (ərizələrə cavab verilməməsinin, cinayət işi üzrə qeyri - qanuni olaraq qərar çıxarılmağı hərəkətsizliyinin qeyri - qanuni hesab edilməsi, ərizələr əsasında araşdırma aparılması və cavab verilməsi, icraatda olan cinayət işinin yekunlaşdırılması və qərar verilməsi) mülki məhkəmə icraatında baxıla bilməz. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan məlum olur ki, hazırki iş üzrə iddiaçılar mübahisələndirilən əmlakların üzərinə qanunsuz həbs qoyulması və müsadirə olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünün əmlakların müsadirə olunması hissəsini apelyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə iddia ərizəsində qeyd edilən əmlakların müsadirəsinin qanunauyğun olduğu təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “... cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində CinayətProsessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir... Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.” Qeyd edilən Qərarda ifadə edilmiş hüquqi mövqeyə əsasən kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunvericiliklə onlara verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiklərindən, yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək itirmişlər. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4583/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4583/2022
20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver