Məhkəmə qərarları › İş №2(103)-4589/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4589/2022

18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4589/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iş stajının təsdiq edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-869/2022 saylı işi üzrə 24 fevral 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia (tələbinin dəqiqləşdirilməsinə dair) ərizəsi verərək, 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: -AR Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/2317 saylı məktuba əsasən Ermənistan Respublikasında (o cümlədən İrəvan şəhəri) anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı deportasiya edilmiş vətəndaşların iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikasının Dövlət Arxivlərində yoxdur;-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 saylı məktuba əsasən, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-cı il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir; - Notarial qaydada təsdiqlənərək iddia ərizəsinə əlavə olunmuş xx.xx.1994-cü il tarixli ərizələrə əsasən, X9, X10 və X4 həqiqətən də, İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işlədiyini, onun əmək kitabçasının və diplomunun İrəvan şəhərində qaldığını təsdiq etmişdirlər; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsinə əsasən həqiqətən də, İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləmişdir. Əmək kitabçası və diplomu İrəvan şəhərində qalmışdır(iş səh.7,8,51-53, 56). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-869/2022 saylı işi üzrə 24 fevral 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktı müəyyən edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülkii Prosessual Məcəllənin 76.1, 76.2, 305.1.1, 307.1, 307.2, 308, 311-ci maddələrinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndinə istinadən qeyd edilmişdir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, iddiaçı isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, iddia ərizəsi təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-869/2022nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 1-ci, 1.3-cü və 13.4; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci və 104.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları təqdim edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Ərizəçi 1978-ci il tarixdən 1988ci il tarixədək İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində zərgər quraşdırıcısı vəzifəsinde işlədiyini iddia etsə də, şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləmələri barədə zəruri sənədləri təqdim etmədiyi üçün məhkəmə qaydasında təsdiq etmək istədiyi dövrlərin şahidlərin ifadəsi ilə sübuta yetirilməsi qeyri-mümkündür. İş stajının təsdiq olunması üçün: 1.Ən azı iki nəfər şahid olmalı; 2.Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3.Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Hazırki iş üzrə məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 ərizəçinin 1978-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində işlədiyini ifadəsində göstərmişdir. Lakin şahidin həmin dövrdə ərizəçi ilə birgə işləməsi faktını təsdiq edəcək heç bir rəsmi sənəd (şahidin əmək kitabçası, qanuni qüvvəyə minmiş qətnaməsi) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin şahidin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.1994-cü il tarixli ərizədə şahidlər ərizəçinin 1978-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində işlədiyini yazılı şəkildə ifadə etmişdilər. Məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə.ifadə verən ən az iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi. məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin iş materiallarından göründüyü kimi ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin şahid ifadələri həlledici sübut kimi qəbul edilə bilməz. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin iş materiallarından göründüyü kimi,ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları məhkəməyə təqdim edilməmişdir. A l ı n m a mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas olmadan iddianın təmin edilməsinin apellyasiya şikayəti vermələrinə əsas olduğunu, birinci instansiya məhkəməsi zamanı heç bir şahidin əmək kitabçasının olmadığını bildirmiş, 1994-cü ildə üç nəfər tərəfindən yazılmış,notariusda təsdiqlənmiş sənəddən başqa heç bir mötəbər sübuta əsaslanmadan qərar qəbul edildiyindən qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 60 yası tamam olarkən 25 illik əmək stajı tamamlanmadığından məhkəmədə belə bir iddia qaldırdığını, həmin dövrdə zərgərlik fabrikində başqa azərbaycanlı işləmədiyini, həmin fabrikdə işlədiyinə dair sənədləri İrəvandan çıxarkən çətin vəziyyət olduğu üçün götürə bilmədiyini, 1978-1980-cı illərdə Texniki peşə məktəbində təhsil aldığını və təhsil aldığı dövrdə zərgərlik fabrikində işlədiyini, bundan başqa onda hər hansı sənədin mövcud olmadığını bildirmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə kollegiya əlavə sübutların araşdırılmasını zəruri hesab etmişdir: Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X1 şəhərində bir məhlədə böyüdüklərini və M.F.Axundov adına məktəbdə 1-ci sinifdən 10-cu sinfə qədər bir yerdə oxuduqlarını, məktəbi bitirdikdən sonra İddiaçı zərgərlik fabrikində işlədiyini, eyni zamanda peşə məktəbində təhsil aldığını, zərgərlik sənətini dayısından öyrəndiyini və 1988-ci ilə kimi zərgərlik fabrikində işlədiyini bildirmişdir. İrəvan bədii-texniki peşə məktəbi tərəfindən 26 iyul 1980-ci il tarixində verilmiş attestata əsasən müəyyən edilir ki, İddiaçı həmin peşə məktəbini 18 iyul 1980-cı il tarixində zərgərlik ixtisası üzrə bitirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-18-ci bəndinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə; Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 1ci, 1.3-cü və 13.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 305-311, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır. Belə ki, Ermənistan Respublikası ilə beynəlxalq münasibətlərin mövcud olmaması və təcrid edilmiş hazırki halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1, 307.1 və 308-ci maddələrinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iddiaçının hüquqlarının məhdudlaşdırıldığını və qeyd etdiklərinin digər formada sübuta yetirmək imkanının olmadığını nəzərə alaraq, tam istisna halında onun dəlillərinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən hissədə inkar edilməsi və ya təkzib edilməsi də müəyyən olunmadığından iddianın rədd edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-869/2022 saylı işi üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar