Məhkəmə qərarları › İş №2(103)-4595/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4595/2023

12.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4595/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Məmmədova (Nəzirova) Nigar Qüdrət qızı və Cavabdeh9 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kommunal xidmətlərinə görə yaranmış borcun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh12, İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Məmmədova (Nəzirova) Nigar Qüdrət qızı və Cavabdeh9 qarşı “kommunal xidmətlərinə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh12 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı MTK kooperativ kimi xx.xx.1997-ci il tarixdə ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir.

2. "xxxx" MTK-nın 01 may 2013-cü il tarixli əmri ilə MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 əddə 2 girişli 17 mərtəbəli yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sakinlərdən (sahə payçılarından) onlara məxsus sahyə görə aylıq hər kv.m. üçün 0,35 manat məbləği olmaqla kommunal ödənişlərinin hesablanması əmr edilmişdir. Əmrdən 01 may 2013-cü il tarixdə qəbul olunmuş əmri "xxxx" MTK üzvlərinin 30 aprel 2013-cü il tarixli ümumi iclasının qərarına əsasən qəbul edilmişdir.

3. xx.xx.2019-cu il tarixli Təqdimata əsasən hər kv.m.üçün ödənilməli olan kommunal xərclərin 0,28 AZN təşkil edir.

4. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 ünvanda yerləşən sakinlərin xx.xx.2022-ci il tarixə kommunal ödənişləri üzrə borcları barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kommunal ödənişlərinin hərəkət cədvəlinə əsasən, cavabdehlərin kommunal borcları: 1. Cavabdeh1 06.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində olan 63,7 kv.m sahəsi olan 2 saylı mənzilə görə 1087 manat; 2. Cavabdeh2 01.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 88,8 kv.m sahəsi olan 40 saylı mənzilə görə 1567 manat; 3. Cavabdeh12 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 85,53 kv.m olan 67 saylı mənzilə 2680 manat; 4. Cavabdeh4 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 78,93 kv.m sahəsi olan 105 saylı mənzilə görə 2741 manat; 5. Cavabdeh5 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 85,53 kv.m sahəsi olan 133 saylı mənzilə görə 2185 manat; 6. Cavabdeh7 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 122,6 kv.m sahəsi olan 134 saylı mənzilə görə 3883 manat; 7. Məmmədova (Nəzirova) Niğar Qüdrət qızının 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 63,82 kv.m sahəsi olan 156 saylı mənzilə görə 2217 manat; 8. Cavabdeh9 02.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə istifadəsində 96,22 kv.m sahəsi olan 192 saylı mənzilə görə 3342 manat; 9. Cavabdeh6 3792 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1087 manat, Cavabdeh2 1567 manat, Cavabdeh12 2680 manat, Cavabdeh3 3962 manat, Cavabdeh4 2741 manat, Cavabdeh5 2185 manat, Cavabdeh6 4092 manat, X3 2417 manat, Cavabdeh7 3883 manat, Məmmədova (Nəzirova) Niğar Qüdrət qızından 2217 manat, Cavabdeh9 3342 manat, Cavabdeh10 3355 manat, Cavabdeh11 1518 manat məbləğində kommunal borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən ünvan 2 ünvanda coxmənzilli (351 ədəd yaşayış mənzili) 2 yaşayış binası inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 591 saylı Sərəncamı ilə təsdiq edilmiş dövlət qəbul komissiyasının Aktına əsasən həmin binalar istismara qəbul edilmişdir. Binalarda məskunlaşma başlasa da, sakinlər qanunvericiliklə onlara verilmiş hüquqlardan və səlahiyyətlərdən istifadə etməyərək binaya kommunal xidməti həyata keçirmək və ümumi əmlakı idarə etmək məqsədi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmadıqları və binanın mühəndis-kommunal avadanlıqlarının istismarına aid cari xidməti müqavilələr (öhdəliklər) İddiaçı MTK ilə bağlanmış olduqları səbəbindən İddiaçı MTK məcbur qalıb sakinlərə kommunal xidmətlərini təşkil etməli olmuşdur. Buna görə də MTK tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı qərarı ilə müəyyən edilmiş tariflər əsasında hər bir mənzilə kommunal xidmətlərinin və ümumi əmlakın saxlanma xərclərinin həcmi və məbləği müəyyənləşdirilmişdir. Bu məqsədlə cəmi bina üçün hesablanmış kommunal xidmətlərinin dəyərinin ümumi məbləği istifadədə olan cəmi sahələrə bölünmüş, hər bir yaşayış və qeyriyaşayış sahəsinin tikinti müqaviləsi üzrə göstərilmiş sahəsinə düşən bir kv.metrinə uyğun aylıq kommunal xidmət haqqının və əmlak saxlama xərclərinin dəyəri əvvəl 34 qəpik, xx.xx.2019-cu il tarixdən isə 28 qəpik olmaqla təyin edilmişdir. Bununla bağlı MTK tərəfindən bina sakinlərinin kommunal xərclərlə bağlı ümumi yığıncağı çağırılmış və onun qərarı əsasında MTK sədrinin müvafiq əmri verilmiş, bütün sahə mülkiyyətçilərinin, o cümlədən cavabdehlərin mülkiyyətində və ya istifadəsində olan sahələr üçün kommunal xidmət haqqı hesablanmış, paylı mülkiyyətdə olan ümumi əmlakın saxlanılması barədə hər bir üzvün üzərinə düşən xidmət haqqı öhdəliyi təyin edilmişdir. Həmin vaxtdan sakinlərin, o cümlədən cavabdehlərin fasiləsiz kommunal xidmətləri ilə (zibil daşınması, 6 ədəd liftlərin daimi işləməsi üçün texniki xidməti, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə, abadlıq, cari təmir və s.) təmin olunmuşlar. Baxmayaraq ki, sakinlər tərəfindən üzərlərinə düşən öhdəliklə bağlı ödənişlər uzun müddət qismən və yaxud cox cüzi həcmdə ödənilsə də, MTK rəhbərliyi daxili borclar hesabına illərdir həmin xidmətlərin həcmini tam şəkildə ödəmiş və binanın kommunal xidmətləri ilə təmin edilməsi fasiləsiz şəkildə aparılmış və halhazırda da aparılır. Lakin bir sıra sakinlərin, o cümlədən cavabdehlərin kommunal ödənişlərini qismən və ya tam şəkildə uzun müddət ödəməkdən boyun qaçırması MTK-ya külli miqdarda maddi ziyan vurmuş, ümumi əmlakın qorunmasına, saxlanmasına, istismarına, təhlükəsizliyinə real təhlükə yaratmışdır. Belə ki, hər ay kommunal xidmət yığımının az olması səbəbindən sakinlərin üzərinə düşən aylıq kommunal ödənişlərinin ödənilməyən hissəsinə görə MTK təsisçiləri tərəfindən məcburiyyət qarşısında külli həcmdə pul məbləğləri ödənilmişdir. Borclu sakinlərdən daxil olası məbləğin ödənilməsi üçün onlara dəfələrlə yazılı və şifahi bildiriş-xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Nəticədə bu hal kommunal xidmətə görə hesablanmış vəsaiti vaxtında və tam ödəyən digər sakinlərin haqlı narazılığına, onların paylı mülkiyyətdə qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş, MTK-nın külli miqdarda borclanması hesabına maliyyə vəziyyəti xeyli pisləşmişdir. Hal-hazırda sakinlərdən, o cümlədən cavabdehlərdən daxil olası vəsaitindebitor borclarının ödənilməməsi səbəbindən bu sahədə ciddi problemlər yaranmağa başlayıb, MTK tərəfindən binada cari təmir, abadlıq və bərpa işlərinin vaxtında aparılmasında ciddi çətinliklər yaranmış, iddiaçının büdcəsinə xeyli miqdarda zərər vurulmuş, vergi orqanları ilə məhkəmə mübahisəsi yaranmış və MTK rəhbərliyinin hüquqları məhdudlaşdırılmış, müəssisənin bank hesablarına həbs qoyulmuş və nəhayət binanın istismarına dair təmirprofılaktik xərcləri artmışdır ki, bu da mövcud ümumi əmlakın vaxtından əvvəl dağılmasına real şərait yaradır. AR Mənzil Məcəlləsinin müəyyən etdiyi kimi qanunvericilik kommunal xidmətlərinin göstərilməsini,yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsini və ödənilməsini tənzimləyir (m.m.6.0.10,6.0.11), yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən edir (m. 10.0.16),yaşayış sahəsinin mülkiyyətçisi ümumi əmlakın saxlanılması yükünü daşıyır (m.29.3) və ümumi əmlakın saxlanılması qaydalarına riayət etməyə borcludur (m.29.4), coxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir (m.38.1),ümumi əmlakın saxlanılması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir (m.38.2). Hesab edir ki, cavabdehlərin həmin hərəkətləri yuxarıda istinad olunan mövcud normativ tələblərə ziddir. Bundan başqa,Azərbaycan Respublikası Prezidentinin imzaladığı xx.xx.2018-ci il tarixli, 1395-VQD saylı Qanuna əsasən kommunal xidmətinin haqqının vaxtında ödənilməməsi İnzibati Xəta hesab olunur (İXM, maddə 393-1.4) və ödənilməyən məbləğin 100% - dən - 150% - dək cərimə tətbiq edilir. Beləliklə, hesab edir ki, cavabdehlərin ödəməli olduqları aylıq kommunal xidməti haqqı məbləğinin vaxtında və tam ödənilməməsi ’’Laguna” MTK -nın fəaliyyətinə və yaşayış binalarının ümumi əmlakının vaxtından əvvəl xarab olmasına səbəb olmaqla zərər yaradır, kommunal-mühəndis avadanlıqların istənilən zaman sıradan çıxaraq fövqaladə hallar yaratmasına səbəb ola bilər.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim X4) iddia tələbinin təmin edillməsi, cavabdehlər: 1. Cavabdeh1 1087 (bir min səksən yeddi) manat; 2. Cavabdeh2 1567 (bir min beş yüz altmış yeddi) manat; 3. Cavabdeh12 2680 (iki min altı yüz səksən) manat; 4. Cavabdeh4 2741 (iki min yeddi yüz qırx bir) manat; 5. Cavabdeh5 2185 (iki min yüz səksən beş) manat; 6. Cavabdeh7 3883 (üç min səkkiz yüz səksən üç) manat; 7. Məmmədova (Nəzirova) Niğar Qüdrət qızından 2217 (iki min iki yüz on yeddi) manat; 8. Cavabdeh9 3342 (üç min üç yüz qırx iki) manat; 9. Cavabdeh6 3792 manat məbləğində kommunal borcu tutularaq, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, dövlət rüsumu olaraq, ödənilmiş 30 (otuz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, məhkəmə Mülki Məcəlləsinin 385, 386.1, 1091-1095-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli 10 sayll protokolundan Çıxarışa əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A” və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.m düşən dəyəri 0,34 azn qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. Buna baxmayaraq, həmin yaşayış sahəsinin binasının bəzi mülkiyyətçiləri və istifadəçiləri, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5, Məmmədova (Nəzirova) Nigar Qüdrət qızı və Cavabdeh9 tərəfindən uzun müddətdir ki, kommunal xərclər ödənilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 1091-1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh12 apellyasiya şikayəti verərək qətnaməsinin ondan 2680 manat olmaqla və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qayadada alınaraq İddiaçı MTK-ya ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MTK səhmdarları tərəfindən qəbul edilmiş protokoldan mənzilin mülkiyyətçisi olaraq məlumatım olmamışdır. Həmçinin onunla İddiaçı MTK arasında kommunal xidmətlərin ödənişləri ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Bundan əlavə olaraq 2013-cü ildən 2016-cı ilə kimi İddiaçı MTK-nın rəhbərliyi tərəfindən təyin edilmiş komendat Zaur adlı şəxsə kommunal ödənişlərini ödəmişdir. Lakin həmin Zaur adlı şəxs ona ödənişlərlə bağlı heç bir ödəniş qəbzi verməmiş və bildirmişdir ki, narahat olma özü həll edəcəkdir. Hər səfərində tələb etdikdə bildirmişdir ki, o, İddiaçı MTK rəhbərliyi tərəfindən komendant təyin olunmuşdur və ödənişləri o, qəbul etməlidir. Lakin ödənişlərin hansı formada, hansı məbləğdə və nəyə əsasən ödənilməsi barədə ona məlumat verilməmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılarkən iddiaçı iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılarkən iddiaçı iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında Cavabdeh12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh12 tərəfindən qətnamə yalnız ona aid olan hissədə mübahisələndirilərək həmin hissənin ləğv edilməsi və iddianın ona dair hissədə rədd edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MTK-nın 01 may 2013-cü il tarixli əmri ilə MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 əddə 2 girişli 17 mərtəbəli yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sakinlərdən (sahə payçılarından) onlara məxsus sahyə görə aylıq hər kv.m. üçün 0,35 manat məbləği olmaqla kommunal ödənişlərinin hesablanması əmr edilmişdir. Əmrdən 01 may 2013-cü il tarixdə qəbul olunmuş əmri "xxxx" MTK üzvlərinin 30 aprel 2013-cü il tarixli ümumi iclasının qərarına əsasən qəbul edilmişdir.

24. Eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli 10 sayll protokolundan Çıxarışa əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A” və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq, aylıq kommunal xərclərin 1 kv.m düşən dəyəri 0,34 azn qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. Buna baxmayaraq, həmin yaşayış sahəsinin binasının bəzi mülkiyyətçiləri və istifadəçiləri, eyni zamanda Cavabdeh12 tərəfindən uzun müddətdir ki, kommunal xərclər ödənilməmişdir.

25. İş materiallarından və tərəfin öz izahatından da göründüyü kimi, Cavabdeh12 bu müddət ərzində həmin mənzilin saxlanılması xərcləri ödəməmişdir. Bundan əlavə MTK üzvlərinin ümumi iclasının qərarının və həmin qərar əsasında qəbul edilmiş əmr cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

26. Eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizyə münasibətdə kollegiya hesab edir ki, həmin ərizə hazırki mərhələdə qəbul edilə bilməz. Belə ki, işdən müəyyən edildiyi kimi, Cavabdeh12 birinci instansiya məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli iclasında şəxsən iştirak etməklə iddia tələbinin mahiyyəti üzrə xəbərdar edilmiş, o cümldən növbəti məhkəmə iclasının vaxtı barədə məlumat da verilmişdir. Buna baxmayaraq prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq belə bir ərizə ilə müraciət etməmişdir. Eyni zamanda həmin ərizə ilə müraciət etmək hüququndan istifadə edilməsi üçün hər hansı bir məhdudiyyət də mövcud olmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən məhkəmə kollegiyası apellyatorun ötən müddət ərzində ümumiyyətlə kommunal ödənişləri etməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri göstərilən hissədə əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh12 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh12 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar