Məhkəmə qərarları › İş №2(103)-4599/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4599/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4599/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Cavabdeh ona verdiyi fiziki əzab və psixi iztirab nəticəsində xərçəng xəstəliyinə tutulduğu üçün həmin xəstəliklərin müalicəsi ilə bağlı çəkdiyi xərclərin 19199 manatın və ona məxsus xüsusi mülkiyyəti olan evdən cavabdeh tərəfindən qovularaq kirayə qaldığı və hər ay verdiyi kirayə haqqı ilə bağlı 3600 manat pulun tam, bank kreditinin, yəni 9000 manatın ½ hissəsinin, yəni 4500 manatın, cəmi 28199 manat ona dəymiş ziyanın aralarında bölünməsi, 3600 manatın tam şəkildə Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü oğulları X3 anadan olmuşdur. Cavabdehin onu mütəmadi olaraq döyməsi, təhqir etməsi nəticəsində aralarındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3456/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.Cavabdehin birgə nikah dövründə ona verdiyi fiziki əzab və psixi iztirablarla bağlı ağır xəstəliyə düçar olmuş, xərçəng xəstəliyinə tutulmuş, 2022-ci ilin noyabr ayından kimya-terapiya almış, xx.xx.2023-cü il tarixdə Türkiyədə cərrahiyyə əməliyyatı keçirtmişdir. O, 17 kimya-terapiya almışdır. 4 kimya terapiyaya görə hər biri 500 manat olmaqla cəmi 2000 manat, 13 kimyaterapiyaya görə isə hər biri 200 manat olmaqla, cəmi 2600 manat pul ödəmişdir. Cərrahiyyə əməliyyatına görə isə 6000 ABŞ dolları (10200 manat) pul ödəmişdir.Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsində 7 dəfə F-FDB PET/KT aparatından keçmişdir. Həmin aparatdan hər dəfə keçmək üçün 1500 manat, cəmi 3000 manat pul ödəmişdir.Onu da qeyd etmişdir ki, cavabdeh onuonun xüsusi mülkiyyəti olan evdən azyaşlı oğlu ilə birlikdə qovmuş, o, məcburiyyət qarşısında qalaraq xx.xx.2023-cü il tarixdən kirayədə yaşamışdır.Aylıq kirayə haqqı 600 manat təşkil etmişdir. Bu günə kimi 3600 manat kirayə haqqı vermişdir. Təyyarə biletinə gediş üçün 775 manat və qayıdış üçün 624 manat, cəmi 1399 manat məbləğində pul ödəmişdir. Bütün bu əməliyyatlar birgə nikah dövründə olduğundan o, hesab edir ki, həmin məbləğin yarısı Cavabdeh alınaraqona verilməlidir. Eyni zamanda birgə nikah dövründə 9000 manat kredit götürülmüşdür. Həmin pul onun əməliyyatına xərclənmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbləri - Cavabdeh 3600 (üç min altı yüz) manat kirayə haqqı məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində təmin edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, ağır xərçəng xəstəliyinə tutulmuş, cavabdeh onu dəfələrlə döymüş, işgəncələr vermiş, quru yerdə yatmağa məcbur etmişdir. Birgə nikah dövründə xəstələnmişdir. Həmçinin cavabdeh onun əməkhaqqını əlindən almış və ona pul verməmişdir. Nəticədə bankdan 9000 manat 18%lə pul götürmüş, həmin pulun verilən və veriləcək faizlərini cavabdeh ödəməlidir. Mualicəsi ilə əlaqədar, yəni 17 kimya terapiya, 4 kimya terapiyaya görə hər biri 500 manat olmaqla 2000 manat, 13 kimya terapiyaya 200 manat, cəmi odədiyi 2600 manatın yarısı, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şobəsində 2 dəfə F-FDG PET/KT aparatından keçərək hər dəfə ödədiyi 1500 manatın, cəmi 3000 manatın yarısı cavabdehdən alınıb ona verilməlidir. Müalicə və cərrahiyyə ilə bağlı Turkiyəyə getmək üçün ödədiyi gediş üçün 775 manatın və qayıdış uçun 624 manatın, cəmi 1399 manatın yarısı cavabdehdən tutulub ona verilməlidir. Məhkəmə işə qeyri-obyektiv yanaşmamış, himayəsində yetkinlik yaşına çatmayan uşaq olduğu və ağır xəstə olduğu halda hüquqlarını pozmuşdur. Bundan başqa məhkəmə ona ifadə verməyə imkan verməmiş, onu təhqir edən, yerdən söz atan qarşı tərəfin mənafeyini mudafiə etmişdir. Göstərilənlərə əsasən qətnamənin hissəvi, yəni iddianın rədd edilən hissəsində ləğv edilməsi və işin yenidən araşdırılmaqla iddianın təmin edilməsi ilə bağlı obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikah dövründə onun hərəkətləri nəticəsində xəstəliyə düçar olmuş və müalicəsi ilə əlaqədar olaraq bankdan kredit götürmüş, bundan sonra isə müalicəsini davam edirmək üçün Türkiyə Respublikasına getməyə məcbur olmuşdur. Həmin borc nikah dövründə götürülüb və aylıq ödənişi 330 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin birgə nikah dövründə iddiaçıya verdiyi fiziki əzab və psixi iztirablarla bağlı iddiaçı ağır xəstəliyə düçar olmuşdur, belə ki, iddiaçı hər dəfə evə sərxoş vəziyyətdə gəlmiş və iddiaçını döymüşdür. İddiaçı müalicəsi ilə bağlı xərc çəkmiş, krediti də bu məqsədlə almış, lakin birinci instansiya məhkəməsi isə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək göstərdilər ki, iddiaçının tələb etdiyi kredit məbləği tərəflər arasından münasibətlər pozulduqdan və tərəflər faktiki ayrı yaşadıqları dövrdə, həm də cavabdehin məlumatı olmadan alınmış və hansı məqsədlərə xəclənməsindən də cavabdeh məlumatsızdır, bu faktı iddiaçı özü polisə verdiyi izahatında da təsdiq etmişdir, hazırkı iddianı verməkdə iddiaçının yeganə məqsədi cavabdehi incitmək, ondan qisas almaqdan ibarətdir, əslində iddianın kirayə puluna dair təmin olunan hissəsi də tam əsassız olmuşdur, iddiaçı heç vaxt kirayədə yaşamayıb, cavabdeh texniki səbəblərdən şikayət müddətini buraxmış, buna görə də qətnaməninin həmin hissəsini mübahisələndirmə imkanını itirmişdir, odur ki, iddiaçının şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Sübutların tədqiqi:

10. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş 13 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, o, 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan 2007-ci il təvəllüdlü Məmmədov Ömər adlı oğlan övladları vardır. Əvvəllər Yaşarla münasibətləri normal olmuş, sonradan sonuncu spirtli içki aludəçisi olduğundan bu zəmində aralarında baş verən mübahisə və dava-dalaş zamanı Yaşar onu döyüb küçə söyüşləri ilə təhqir etmiş və onu öldürməklə hədələmişdir. Onun əri Yaşar tərəfindən təzyiq və şiddətə məruz qalması oğlu Ömərin gözü qarşısında baş vermişdir. Bu stress və şiddətlərdən onkoloji xəstəliyə düçar olmuşdur. Oktyabr ayında ona bu diaqnoz qoyulduqdan sonra Yaşarın ona qarşı qəddarlığı daha da artmışdır. Fevral ayın 14-də Yaşar yenə bəhanələrlə onu söyüb döymüşdür, axşam vaxtlarında onu azyaşlı övladı ilə birlikdə evdən qovmuş və küçələrdə qalır. Yaşar mənzilin qapısının kilidini dəyişmişdir. Həmçinin ona məxsus qızıl-zinət əşyaları, geyim və digər bahalı əşyaları Atatürk prospekti 56 ünvanındakı mənzildə qalmışdır. Hazırda o, həmin əşyalarından narahatdır. Yaşar onu və oğlunu döyüb evdən qovarkən onun evə qayıtmamasını, qayıdacağı halda onu öldürəcəyi ilə hədələmişdir. Artıq Yaşarla birgə yaşamaq mümkün deyildir. 2 aydır azyaşlı övladı ilə küçələrdə qalır, onun yaşadığı evdə qalmasına şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. Hazırda qardaşı oğlu ilə birgə yaşayır. Yaşar onu 2 ay bundan əvvəl döymüş, xəsarət qalmamış və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hazırda onlar boşanma ərəfəsindədirlər. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, o, 2006-cı ildə ildə İddiaçı ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş və bu vaxtadək bir yerdə yaşamışlar. Son vaxtlar Pərişan ilə aralarında münasibətlər yaxşı deyildir. Hazırda onlar boşanma ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Boşanmadan əvvəl Pərişan dəfələrlə ərizə ilə polisə şikayət etmişdir. Lakin onun şikayət ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. İddiaçı sonuncu dəfə ondan 5-ci Polis Bölməsinə şikayət etmişdir. Bununla bağlı Polis Bölməsində araşdırma aparılmış və fakt öz təsdiqini tapmamışdır. Sonuncu dəfə İddiaçı evdən çıxıb gedərkən evdə olan 700 manat nağd pulu və özünə aid qızıl əşyaları özü ilə aparmışdır.

11. Kirayə verən X2 ilə kirayə götürən İddiaçı arasında bağlanmış 11 may 2023-cü il tarixli müqavilədən görünür ki, tərəflər arasında Nəsimi rayonu, Azadlıq prospekti 73, 132 saylı mənzilin kirayə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kirayə verilən daşınmaz əmlak bir il müddətinə verilmiş və aylıq kirayə haqqı 600 manat təşkil etmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X7 Şöbəsi tərəfindən verilmiş “F-FDG PET/KT” Raportundan görünür ki, İddiaçı 14 aprel 2023-cü il tarixdə həmin şöbədə müayinədən keçmiş və ona ilkin C50:Süd vəzi CR diaqnozu qoyulmuşdur.

13. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı müxtəlif tarixlərdə həmin hospitalda Kimyaterapiya paketi götürmüş və həmin paketin məbləği 200 manat təşkil etmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan (epikrizdən) görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə həmin mərkəzdə müayinədən keçmiş və ona “C50.4-Süd vəzinin yuxarı-bayır kvadrantının bədxassəli yenitörəməsi pT1N3M0 mərhələ İİİ” diaqnozu qoyulmuşdur.

15. X5 tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı həmin xəstəxanada 04 may 2023-cü il tarixdə müayinədən keçmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik verilmiş, əlilliyin müddəti 2 il müəyyən edilmişdir.

17. "xxxx" ASC tərəfindən verilmiş Ödəniş cədvəlindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 17 aprel 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir.

18. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, onun keçmiş həyat yoldaşı İddiaçı ilə nikahları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları vardır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin ödənilməsinə dair qərar qəbul edilmişdir. Onun alimentin ödənilməsinə dair heç bir etirazı olmamış və hal-hazırda da alimenti ödəyir.Bundan əlavə, İddiaçı əmlak tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Bundan əlavə, İddiaçı əlavə olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə pul tələbi ilə bağlı müraciət etmişdir. Pul tələbinin mahiyyəti ondan ibarətdir ki, birgə nikah dövründə guya ona fiziki əzab və psixi iztirablar vermiş, bunun nəticəsində İddiaçı xərçəng xəstəliyinə tutulmuşdur. Xəstəlik dövründə o, 2022-ci ilin noyabr ayından etibarən 17 dəfə kimyaterapiya almış, ümumən cərrahiyyə əməliyyatı ilə birlikdə 10200 manat, müxtəlif müayinə aparatlarından keçmək üçün 3000 manat pul xərcləmiş, guya o, onu evdən qovduğuna görə xx.xx.2023 cü il tarixdən kirayədə yaşamış və 3600 manat kirayə haqqı vermişdir. Bununla birlikdə əlavə olaraq 1399 manat aviabilet xərclərini ödəmişdir. Özünün dediyi kimi, bütün bu əməliyyatlar birgə nikah dövründə olmuş və ona görə də, o, hesab edir ki, həmin pulun yarısı ondan alınıb ona verilməlidir. Ümumiyyətlə, İddiaçı ondan bu kimi mənasız və əsassız iddialarla 28199 manat məbləğində pulun yarı hissəsini və 3600 məbləğində pulun tam şəkildə alınaraq ona verilməsini tələb edir. Az-çox hüquq elmindən xəbəri olan hər hansı bir insan bu iddia ərizəsini oxuduqda başa düşür ki, bu iddia olduqca əsassız və qanunsuz bir iddiadır. İddia ərizəsində göstərmişdir ki, guya ona əzab və iztirab verdiyinə görə o, xərçəng xəstəliyinə tutulmuşdur. Məgər bu mümkündür mü? X4 hələ xərçəng xəstəliyinin yaranma səbəbini müəyyən etməmişdir. Heç bir tibb elmi təsdiq etməmişdir ki, insan fiziki əzab və iztirab keçirməklə xərçəng xəstəsi ola bilər. Əgər mümkünsə, İddiaçı məhkəməyə sübut təqdim etsin ki, onun xəstəliyi fiziki əzab və iztiraba görə əmələ gəlmişdir. Halbuki, o, heç vaxt ona nə fiziki əzab verməmiş, nə də psixi iztiraba məruz qoymuşdur. Bu ona qarşı bir uydurmadır. Əgər ona ən yüngül formada belə fiziki əziyyət versəydi yaxud xəsarət yetirsəydi, o, onu çoxdan həbsxanalara məruz qoyardı. İddiaçı ondan 3 dəfə polis orqanlarına şikayət etmişdir. Onun vermiş olduğu şikayət ərizələrinin heç birisində göstərdiyi faktlar təsdiqini tapmamışdır. Bundan əlavə, bildirmişdir ki, o, İddiaçı evdən qovmamış, əksinə o, evdə olan qızılları, habelə, ailəyə məxsus olan 8000 manat pulu götürərək evdən çıxmış, indi isə bəhanə edir ki, kirayədə yaşamış və ondan kirayə pulu tələb edir. Bu, ona qarşı növbəti böhtan və iftiradır.Əksinə bir neçə ildir ki, İddiaçı ona mənəvi və psixi əzab verir, onu nəyin bahasına olursa olsun həyatını pisləşdirməyə çalışır, ondan əsassız şikayətlər edir, bu adam dayanmaq bilmir. Nəyin hesabına olursa olsun daim ondan ya şikayət edir, ya da pul tələb edir. Odur ki, onun yazmış olduğu iddia ərizəsinə tam etirazını bildirir və iddia ərizəsində göstərilənlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, habelə, Ailə Məcəlləsinin tələblərinə zidd olduğuna görə iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

22. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

23. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

24. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

25. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

26. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

27. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

29. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

30. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o

31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.35-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

32. Həmin qərarın 39-cu bəndində isə qeyd edilmişdir ki, ər arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40-cı bəndində isə qeyd edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41-ci bəndində isə qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin yalnız təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, yuxarıda işin qeyd edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər 15 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 02 dekabr 2017-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər nikah münasibətlərində olarkən aralarında münaqişələr baş vermiş, iddiaçı tərəfindən müxtəlif tarixlərdə polis orqanlarına cavabdeh barəsində şikayətlər edilmiş, hüquq mühafizə orqanları tərəfindən şikayət araşdırılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonuncu iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş 13 aprel 2023-cü il tarixli qərarla təsdiq edilmişdir ki, iddiaçı tərəf sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə dəfələrlə həyat yoldaşı tərəfindən döyülməsi və ölümlə hədələnməsi, hazırda övladı ilə birlikdə yaşadığı evdən qovulması ilə bağlı həmin bölməyə müraciət etmiş, onun müraciəti araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, iddiaçı tərəf kirayədə qalmaq məcburiyyətində qalmış, 11 may 2023-cü il tarixdə bir il müddətinə kirayə müqaviləsi bağlamış və aylıq kirayə haqqı 600 manat təşkil etmişdir. Kirayə müqaviləsi bir il müddətinə bağlansa da, iddiaçı tərəf ümumilikdə kirayədə 6 ay müddətinə qalmışdır.

51. Həmçinin mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı hal-hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Eyni zamanda tərəflər nikahda olduqları dövrdə İddiaçı ilə "xxxx" ASC arasında 17 aprel 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı illik 18 faiz olmaqla 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir.

52. Belə olan halda məlum olur ki, iddiaçı istinad etdiyi krediti tərəflər arasında münasibətlərin pozulmasından sonrakı dövürdə almış, həmin kreditin hansı tarixdə və hansı məqsədlərlə alınmasından, eləcə də hara xərclənməsindən cavabdehin heç bir məlumatı olmamışdır. İddiaçı onkoloji xəstə olmasını məhz cavabdehin hərəkətləri nəticəsində yaranmasını, bankdan götürmüş olduğu kredit məbləğinin ailə ehtiyacları və xəstəliyi üçün xərcləndiyini bildirsə də, həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə yalnız xəstəliyi və borcun mövcudluğunu təsdiq edən sübutları təqdim etmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

54. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

55. Göründüyü kimi, iddiaçı onkoloji xəstələyinin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində yaranması, eləcə də kredit məbləğinin ailə ehtiyacları və xəstəliyi üçün xərcləndiyini bildirsə də, bu barədə MPM-in 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Halbuki, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşür. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılaraq və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməyən hissəsində iddianın əsasları mötəbər sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini göstərilən hissələrdə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Nəticə:

58. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar