Məhkəmə qərarları › İş №2(103)-46/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-46/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-46/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İqoreviçə qarşı mülkiyyət hüququnun ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququnun ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Axundova GünayTəyar qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(009)-1127/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində istifadədə olan 0,0202 ha torpaq sahəsində yerləşən “A” və “B” tikili, 1 mərtəbəli, 7 otaqlı, 116,61 kv.m. yaşayış, 65,1 kv.m. köməkçi, 181,71 kv.m. ümumi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı “B” tikilisi, X2 “A” tikilisinin 1/3 hissəsi, Cavabdeh İqoreviçin “A” tikilisinin 2/3 hissəsi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 28 sentyabr 2010-cu il tarixli fərd yaşayış evinin texniki pasportun surətindən görünür ki, Cavabdeh İqoreviçə, X5 və İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 85 saylı ev “A” və “B” tikililərdən ibarətdir. “A” tikilisi 5 otaqlardan ibarət, ümumi sahəsi 117,51 kv.m., yaşayış sahəsi 80,61 kv.m.,köməkçi sahə 36,90 kv.m., tikinti altı sahə 101,0 kv.m., “B” tikilisi 2 otaqlardan ibarət, ümumi sahəsi 64,20 kv.m., yaşayış sahəsi 36,0 kv.m., k.məkçi sahəsi 28,20 kv.m., tikinti altı sahəsi 101,0 kv.m. təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi və onun tərəfindən aparılmış qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında ailəsi ilə yaşayır. Həmin ünvanda uzun müddətdir ki, qeydiyyatdadır və orada yerləşən yaşayış evi onun mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 85 ünvanında yerləşən əmlakın digər mülkiyyətçiləri X7 və Cavabdeh İqoreviçdir. X7 ilə mehriban qonşuluq münasibətlərində olsalar da, digər qonşu Cavabdeh İqoreviçlə münasibətləri xeyli soyuqdur. Belə ki, faktiki olaraq eyni həyətdə yaşamağına baxmayaraq, onu və ailə üzvlərinin həyətdə olan ümumi çıxışdan istifadə etməsinə süni maneçiliklər törədir, onun digər qonşu X3 əmlakının şəkillərini çəkir və tez-tez onlarla mübahisə edir. Bu cür hərəkətlərinə son qoymasını tələb etdikdə isə qeyd olunan ünvanda yerləşən əmlakının yüksək qiymətlərlə onlar tərəfdən satın alınmasını tələb edir. Onun və digər qonşu Kərimov Mayıl tərəfindən cavabdehin əmlakına ağlabatan məbləğ təklif edilməsinə baxmayaraq, Cavabdeh paylı mülkiyyətin bir hissəsi üçün astronomik dərəcədə şişirdilmiş məbləğ istəyir, bu isə heç bir məntiqə sığmır. Göründüyü kimi, Cavabdeh İqoreviç öz əmlakını onlara təzyiq vasitəsi kimi istifadə edir, bu isə yolverilməzdir.

5. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli 10/3960 saylı rəyinə əsasən iş üzrə Cavabdeh İqoreviç tərəfindən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində (4,1 x 1,25) metr sahədə əlavə tikili inşa edildiyi, həmçinin ümumi istifadədə olan həyətyanı sahədə mövcud olmuş 4 ədəd saray tikililərinin sökülərək, yerində (4,3 x 4,54) metr ölçüdə tikili inşa edildiyi və həmin tikililərin texniki pasportda əks olunmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş üzrə Cavabdeh İqoreviç tərəfindən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində inşa edilmiş əlavə tikililərə dair yuxarıda göstərilən müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(009)- 1127/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İqoreviç tərəfindən Bakı şəhəri Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən 85 nömrəli evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində inşa edilmiş 4,1x1,25 m. sahədə əlavə tikili və eyni zamanda ümumi istifadədə olan həyətyanı sahədə inşa edilmiş 4,3 x 4,54 m. ölçüdə tikilinin Cavabdeh İqoreviçin vəsaiti hesabına, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində sökülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh İqoreviçindən dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 manat məbləğdə pulun tutulması qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, qanunvericilik paylı mülkiyyətdə olan əmlakın bütün mülkiyyətçilər arasında bölünməsinin, paylı mülkiyyət hüquqlarına xitam verilməsinin hüquqi əsaslarını müəyyən edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslarla paylı mülkiyyət hüquqlarının ləğv edilməsi mülkiyyət hüquqlarının pozulması və ona müdaxilə kimi qiymətləndirilməli və bu səbəbdən məhkəmə iddia tələbinin cavabdehin əmlak üzərində mülkiyyət hüquqlarının ləğv edilməsi hissəsində tələbi əsassız hesab edir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində 4,1x1,25 m. sahədə əlavə tikili və eyni zamanda ümumi istifadədə olan həyətyanı sahədə 4,3 x 4,54 m. ölçüdə tikili inşa edilmişdir. Ekspert rəyi ilə eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan sahədə inşa edilmiş həmin tikililər texniki pasporta əks olunmamış, həmin tikililərə dair müvafiq icazəverici sənədlər olmadığından, tikililərin normativ hüquqi aktları tələblərindən riayət olunmadan inşa edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, həmin torpaq sahəsi ilə bağlı yaşayış sahəsinin paylı mülkiyyətçilərinə istifadə hüququ verilmişdir. Cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində mövcud tikililərin inşa edilməsinə paylı mülkiyyətçilərin razılıq verilməsi məhkəmə prosesi gedişində birmənalı olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisi olduğundan, həmin evin ümumi istifadəsində olan sahəsində digər paylı mülkiyyətçilər tərəfindən razılıq verilmədən və müvafiq icazəverici sənədlər olmadan inşa etdiyi tikililərin sökülməsi ilə bağlı tələb irəli sürməkdə subyektiv hüququ mövcuddur. Belə ki, paylı mülkiyyət hüququ üzrə bir neçə mülkiyyətçiyə məxsus evin ümumi istifadədə olan sahəsində bir mülkiyyətçi tərəfindən inşa edilən tikili digər mülkiyyətçilərin ümumi istifadədə olan sahədən istifadə ilə əlaqədar hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiaçının həmin məhdudlaşdırmanın aradan qaldırılması ilə bağlı tələblə çıxış etməsi əsaslı hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən evin ümumi istifadədə olan sahələrində texniki pasporta əks olunmayan tikililər inşa edildiyindən və həmin tikililərə dair müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililər özbaşına tikili hesab edildiyindən və digər mülkiyyətçilərin razılığı olmadan inşa edildiyindən, bununla da paylı mülkiyyətçi kimi iddiaçının istifadə hüququnu məhdudlaşdırdığından, iddia tələbi qanunsuz tikilinin sökülməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 223.1, 223.2, 223.3, 239-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh İqoreviç həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə əsasən, həyətdə inşa edilmiş tikili 1950-ci illərdə inşa edilmişdir, texniki pasportda öz əksini tapmışdır, qəzalı vəziyyətdə olduğu üçün cavabdeh tərəfindən bərpa və yenidənqurma işləri aparılmışdır. Məhkəmə heç bir araşdırma aparmadan bunu özbaşına tikili kimi qələmə vermişdir. Bir anlıq qəbul etsək ki, həqiqətən də iddia ərizəsində qeyd olunanlar həqiqəti əks edir və cavabdeh tərəfindən hər hansı özbaşına tikililər inşa edilmişdir, yenə də xüsusilə vurğulamalıyam ki, bu tikililər heç bir şəkildə iddiaçının hüquq və maraqlarına toxunmur. Məhkəmə iddiaçının belə iddia qaldırmasına subyektiv hüququnun olub olmamasına qiymət verməmişdir. İş materiallarından görünür ki, iddiaçı və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi birgə mülkiyyətdə olmaqla A və B tikilisindən ibarətdir. A tikilisinin 2/3 hissəsi Cavabdeh,1/3 hissəsi isə Mayıl Kərimovun istifadəsində, B tikilisi isə İddiaçı istifadəsindədir. Qətnamə ilə sökülməsi qət edilən həm pilləkən meydançası, həm həyətdəki hamam A tikilinin ərazisindədirlər və heç bir şəkildə B tikilisinə maneə yaratmırlar, İddiaçı həmin tikililərlə heç bir şəkildə kəsişmir, istifadə etmir və ya o tikililərin mövcudluğu onun mülkiyyətindən istifadəsinə heç bir maneə yaratmır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Məhkəmə çəkişmə prinsipini pozmuş və cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə ərizəyə heç bir münasibət bildirməmişdir, məhkəmə araşdırması qeyriobyektiv və birtərəfli qaydada aparılmışdır. Hər hansı izahatımız alınmamış, etirazlarımız dinlənilməmiş, sübutlarımız toplanılmamışdır. Məhkəmə icraatına iş qəbul edildikdən sonra bu barədə məlumat almışıq, məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və iş materialları ilə tanış olmağa şəraiit yaradılmasını xahiş etmişəm. Lakin məhkəmə bildirmişdir ki, iş ekspertizaya göndərilib və icraat dayandırılmışdır, iş ekspertizadan qayıtdıqdan sonra belə bir şərait yaradılacaqdır. Lakin işin icraatı təzələndikdən sonra dərhal birinci iclasda yekun qərar qəbul edilmişdir, halbuki həmin gün üzrlü səbəbdən iştirak edə bilməyəcəyim barədə öncədən ərizə vermişdir. Məhkəmənin iş üzrə hər hansı araşdırma aparmadan, izahat alınmadan teztələsik qətnamə qəbul etməsi bizdə çoxsaylı suallar yaradır. Məhkəmə Cavabdeh dəlilləri və iddiaya qarşı etirazı ilə tanış olmamışdır, ümumiyyətlə iddianı qəbul edib-etməməsini öyrənməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir, sübutların tam həcmi toplanılmamışdır. Belə ki, Səbail rayon Məhkəməsininicraatında olmuş 2(009)-79/2022, hazırda isə Bakı Apellyasiya Məhkəməsinin icraatından çıxarılan 2(103)-7041/22 saylı mülki iş üzrə ekspertiza təyin edilmiş və hazırkı iş üzrə ekspert qarşısına qoyulmuş suallar eyniliklə həmin işdə həmin ekspert qarşısında qoyulmuşdur. Maraqlısı budur ki, qeyd etdiyi iş üzrə eyni ekspert tərəfindən verilmiş rəylə hazırki iş üzrə rəydə ziddiyyətlər vardır (Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində inşa edilmiş 4,1x1,25 m. sahədə əlavə tikiliyə dair hissədə). Həmin iş üzrə müəyyən edilmişdir ki, qanunsuz tikili digər qonşu (birgə mülkiyyətçi) X7 tərəfindən həyata keçirilmişdir və sökülməsi qət edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, yalnız ekspertin ziddiyyətli rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli tikililər Cavabdeh tərəNindən inşa edilmişdir. Bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, məhkəmənin hansı səbəbdən bu qənaətə gəlməsi sual yaradır. Məhkəmə ilkin iddia ərizəsində və daha sonra dəqiqləşmə aparıldıqdan sonra iddia olunan halları araşdırmamışdır. Belə ki, iddiaçı öncədən mülkiyyət hüququnun ləğv edilməsini xahiş etmiş, daha sonra iddia predmetini dəyişərək qanunsuz tikilinin sökülməsini tələb etsə də hər iki halda iddiasının əsası kimi güya cavabdehin sənədlərinin saxta olduğunu göstərmiş və məhz bu əsasla iddia qaldırdığını bildirmişdir. Məhkəmə qətnaməsində bu məsələyə toxunmamışdır, qətnamə ilə tanış olduqda ilk baxışdan cavabdehin “saxta” mülkiyyətçi olması fikri formalaşır, halbuki məhkəmə iddianın bu hissəsini açıq-aydın cavablandırmalı idi. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən hansı tikilinin onun hansı hüquqlarını pozduğu bildirilməmiş və konkret olaraq hansı tikilinin sökülməsini xahiş edən hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq pilləkəndəki meydançanın və həyətdəki hamamın sökülməsini qət etmişdir, halbuki iddiaçının belə bir tələbi olmamışdır. Məhkəmə iddianı qismən təmin edərkən, iddianın hansı hissəsinin təmin edilmədiyini qeyd etməmiş, təmin olunmuş hissə isə ümumiyyətlə iddia ərizəsində olmamışdır. Məhkəmə texniki pasportda göstərilən A tikilisinin 2/3 hissəsi ilə 1/32 hissəsi arasında olan sxematik işarələri nəzərə almamışdır, pilləkən və meydançası texniki pasportda mülkiyyət hüququ qeydə alınarkən öz əksini tapmışdır. Məhkəmə həyətdə tikilmiş hamamın daha öncələr də orada olmasını, hətta cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdan öncə həmin tikililərin mövcud olduğunu araşdırmamışdır. Məhkəmə birgə mülkiyyətçi olan, istənilən halda maraqlarına toxunan Kərimov Mayıl Əlövsət oğlunu hazırki işə maraqlı şəxs qismində cəlb etməli idi, çünki sökülməsi qət edilmiş hissə onun mülkiyyətinə daxildir. Məhkəmə çəkişmə prinsipini pozmuş və cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh dəlilləri və iddiaya qarşı etirazı ilə tanış olmamışdır, cavabdehin vəkili və nümayəndəsi R.Mərəndskinin məhkəməyə ünvanladığı ərizəyə heç bir münasibət bildirməmişdir, üzrlü səbəbdən iştirak edə bilməyəcəyimizi nəzərə almadan tez-tələsik qətnamə qəbul etmişdir. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalarsadalanmışdır. Məhkəmə Mülki Məcəllənin 171, 172, 173-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrinin tələblərini nəzərə almamışdır. İddiaçı məhkəməyə qeyri-dəqiq məlumat vermiş, məhkəmə yoxlanılmamış məlumat əsasında qətnamə qəbul etmişdir. Mübahisəli tikilinin yenilənməsi (təmir-bərpası, üst mərtəbəsinin artırılması) üçün əlavə icazınin alınması tələb edilmir, bütün işlər qanunauyğun şəkildə məlumatlandırma icraatı ilə aparılmışdır. İddiaçının bu iddianı irəlisürməkdə subyektiv hüququ yoxdur. İş üzrə alınmış ekspert rəyi tərəflər arasında olan digər mülki iş üzrə alınmış ekspert rəyi ilə (eyni suallar üzrə) ziddiyyət yaradır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasnı xahiş etmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.

13. İddiaçı və onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətininibirinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)-1630/2023 nömərli qərardadı ilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh İqoreviçin mülkiyətində olan Bakı şəhəri, Səbail rayon, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “A” tiklisinin 2/3 hisəsində cavabdeh tərəfindən texniki pasportda mövcud olmayan tikili inşa edilmişdirmi və inşa edilmişdirsə, İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaradırmı, əgər yaradırsa bu maneələr nədən ibarətdir? - Cavabdeh İqoreviç tərəfindən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayon, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində qanunsuz və texniki pasportda mövcud olmayan tikililər inşa edilmişdirmi və inşa edilmişdirsə, İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaradırmı, əgər yaradırsa bu maneələr nədən ibarətdir?

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8036 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən 85 nömrəli evə dair tərtib edilmiş texniki pasportun məlumatları ilə həmin evin faktiki vəziyyətdə mövcud olan parametrləri (planlı yenrləşməsi, ölçüləri, sahəsi və s.) müqayisə edilərkən iş üzrə Cavabdeh İqoreviç tərəfindən Bakı şəhəri, Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən 85 nömrəli evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində (4,1 x 1,25) metr sahədə əlavə tikili inşa edildiyi, həmçinin ümumi istifadədə olan həyətyanı sahədə mövcud olmuş 4 ədəd saray tikililərinin sökülərək, yerində (4,3 x 4,54) metr ölçüdə tikili inşa edildiyi və həmin tikililərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. İş üzrə Cavabdeh İqoreviç tərəfindən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində inşa edilmiş əlavə tikililərə dair yuxarıda göstərilən müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən 85 nömrəli evin ümumi istifadədə olan “A” tikilisinin 2/3 hissəsində və həmin evin ümumi istifadədə olan sahələrində qanunsuz və texniki pasportda mövcud olmayan inşa edilmiş tikilinin İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaradıb – yaratmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı.

17. Ekspert qarşısında qoyulmuş suallar araşdırma aparılmaqla cavabllandırılmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(103)-127/2024 nömərli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir.

18. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 yanvar 2025-ci il tarxili, 3-16-16/2-10/8626 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları ilə həmin evin faktiki vəziyyətdə mövcud olan parametrləri (planlı yerləşməsi, ölçüləri, sahəsi və s.) müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı yaşayış evinin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində (4.1x1.25) metr sahədə əlavə tikili inşa edildiyi, həmçinin ümumi istifadədə olan həyətyanı sahədə mövcud olmuş 4 ədəd saray tikililəri sökülərək yerində (4.3x4.54) metr ölçüdə tikili inşa edildiyi və inşa edilmiş tikililərin texniki passportda göstərilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində inşa edilmiş əlavə tikililərə dair yuxarıda göstərilən müvafiq icazəverici sənədlər olmadığından, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Hər hansı bir tikilinin hər hansı bir şəxsin hüquqlarının həyata keçirilməsinə maneə yaradıb-yaratmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli olduğundan, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “A” tikilisinin 2/3 hissəsində və həmin evin ümumi istifadədə olan sahələrində inşa edilmiş və texniki pasportda öz əksini tapmayan tikililərin İddiaçı hüquqlarının həyata keçirilməsinə maneə yaradıb-yaratmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmaması müəyyən edilmişdir.

19. Cavabdeh İqoreviç tərəfindən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayon, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan sahələrində qanunsuz və texniki pasportda mövcud olmayan tikililərin İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaratması, yaratdığı təqdirjdə bu maneələrin nədən ibarət olması barədə sual ekspert tərəfindən cavablandırılmadığından məhz bu xüsusatın araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan daşınmaz tikilililərin və torpaq sahəsinin yerində müayinəsi aparılmışdır.

20. Mübahisə predmeti olan daşınmaz tikilililərin və torpaq sahəsinin yerində müayinəsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh İqoreviçə məxsus evlərin giriş qapısı eynidir, giriş qapısı ilə üzbəüzdə İddiaçı, giriş qapısından içəri daxil olduqda isə Cavabdeh məxsus ev yerləşir. İddiaçı mənzilindən giriş – çıxış qapısına olan hissədə hər hansı bir tikili yoxdur və bu hissədə ona hər hansı maneənin yaradılması müəyyən edilmir. Həmçinin, müəyyən edilir ki, texiniki pasportda göstərilən 4 ədəd kiçik tikili sökülərək həmin ərazidə biri tikili (ekspert rəyinə əsasən ölçüsü 4,3 x 25 metr) inşa edilmişdir. Həmin tikili də İddiaçı sərbəst giriş – çıxışına maneə yaratmır və görüntünü məhdudlaşdırmır. “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşı Cavabdeh məxsus evə qalxan yeganə vasitədir, bu pilləkən marşının İddiaçı məxsus evə hər hansı bir aidiyyatı yoxdur və ona hər hansı bir maneə yaratmır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

23. Qətnamə cavabdehin apellyasiya şikayəti ilə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddia təmin olunan hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tikililərə dair müvafiq icazəverici sənədlər olmadığından, tikililərin normativ hüquqi aktları tələblərindən riayət olunmadan inşa edilməsi müəyyən edilmişdir, digər mülkiyyətçilərin ümumi istifadədə olan sahədən istifadə ilə əlaqədar hüquqlarını məhdudlaşdırır.

25. Hazırkı mübahisənin həllinin hüquqi əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir. Həmin normanın tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. Bu normaya əsasən subyektiv hüquq “müvafiq icra hakimiyyəti orqanları” və ya “maraqlı tərəf”ə mövcuddur. Yəni, birinci instansiya məhkəməsinin iddianın qismən əmin olunması üçün istinad etdiyi 1-ci əsas - qətnamənin əsası kimi tikililərə dair müvafiq icazəverici sənədlərin olmaması, tikililərin normativ hüquqi aktları tələblərindən riayət olunmadan inşa edilməsi faktları mövcud odduğu təqdirdə bu hüquq müvafiq icra hakimiyyəti orqanlarına mövcuddur. “Maraqlı tərəf” anlayışı isə subyektik hüquqla bağlıdır, yəni, həmin tikili qanunsuz və tikililərin normativ hüquqi aktları tələblərindən riayət olunmadan inşa edilsə belə, digər şəxslərin bu halda məhkəməyə müraciət etmək hüququ yaranmır, bu hüququn yaranması üçün tikilinin inşa olunmasının, mövcudluğunun həmin şəxsin maraqlarına toxunması halının olması mütləqdir. Bu hal isə həmin şəxsin hər hansı bir hüququnu məhdudlaşdırması, hüququnun həyata keçirilməsinə maneələrə yaranması və digər formalarda ola bilər.

27. Birinci instansiya məhkəməsi də hüquq norması kimi Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad etmiş və əsaslandırıcı hissədə qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş tikili digər mülkiyyətçilərin ümumi istifadədə olan sahədən istifadə ilə əlaqədar hüquqlarını məhdudlaşdırır. Bu hüquqların nədən ibarət olması, hansı formada məhdudlaşdırılması və bu istiqamətdə müəyyən edilməli olan hallar birinci instansiya məhkəməsinin araşdırma predmeti olmamışdır. Halbuki, bu hallar araşdırılmadan nəinki düzgün nəticəyə gəlmək, iddiaçının subyektiv hüququnun olub – olmadığını müəyyən etmək belə mümkün deyildir.

28. Buna görə də apellyasiya instansiyası mərhələsində 2 dəfə ekspertiza təyin olunaraq digər suallarla yanaşı ekspert qarşısında qanunsuz və texniki pasportda mövcud olmayan tikililərin inşa olunduğu təqdirdə İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yarantması, əgər yaradırsa bu maneələr nədən ibarət olması sualı qoyulsa da, ekspert tərəfindən bu sual cavablandırılmamışdır.

29. Buna görə də məhkəmə kollegiyası tərəfindən işin halları tədqiq olunmaqla yanaşı mübahisə predmeti olan tikililərin yerində müayinəsi aparılmışdır.

30. Ekspert rəylərinə əsasən cavabdeh tərəfindən 2 qanunsuz tikilinin mövcudluğu müəyən edilmişdir: “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində (4.1x1.25) metr sahədə əlavə tikili və həyətyanı sahədə mövcud olmuş 4 ədəd saray tikililəri sökülərək yerində (4.3x4.54) metr ölçüdə tikili.

31. Yerində müayinə aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh İqoreviçə məxsus evlərin giriş qapısı eynidir, giriş qapısı ilə üzbəüzdə İddiaçı, giriş qapısından içəri daxil olduqda isə Cavabdeh məxsus ev yerləşir. İddiaçı mənzilindən giriş – çıxış qapısına olan hissədə hər hansı bir tikili yoxdur və bu hissədə ona hər hansı maneənin yaradılması müəyyən edilmir. Həmçinin, müəyyən edilir ki, texiniki pasportda göstərilən 4 ədəd kiçik tikili sökülərək həmin ərazidə biri tikili (ekspert rəyinə əsasən ölçüsü 4,3 x 25 metr) inşa edilmişdir. Həmin tikili də İddiaçı sərbəst giriş – çıxışına maneə yaratmır və görüntünü məhdudlaşdırmır. “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşı Cavabdeh məxsus evə qalxan yeganə vasitədir, bu pilləkən marşının İddiaçı məxsus evə hər hansı bir aidiyyatı yoxdur və ona hər hansı bir maneə yaratmır.

32. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh inşa edilmiş tikililəri İddiaçı hər hansı bir maneə yaratmadığından normada qeyd olunduğu kimi onun “maraqlı şəxs” statusu, yəni, hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, qətnamə ilə sökülməsi qət edilən həm pilləkən meydançası, həm həyətdəki hamam A tikilinin ərazisindədirlər və heç bir şəkildə B tikilisinə maneə yaratmırlar, İddiaçı həmin tikililərlə heç bir şəkildə kəsişmir, istifadə etmir və ya o tikililərin mövcudluğu onun mülkiyyətindən istifadəsinə heç bir maneə yaratmır.

33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, digər mülki iş üzrə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin ümumi istifadədə olan “A” tikilisinin 2-ci mərtəbəsinə qalxan pilləkən marşının (meydançasının) üzərində inşa edilmiş 4,1x1,25 m. sahədə əlavə tikili digər qonşu, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 tərəfindən həyata keçirilmişdir və sökülməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən məzmunda qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(009)- 1127/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2(009)- 1127/2022 nömrəli qətnaməsi mülkiyyət hüququnun ləğv edilməsi və qanunsuz tikilinin sökülməsi barədə tələbin təmin olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar