Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-460/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1729/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan çıxarışa əsasən ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli, 906 nömrəli məktubuna və eyni tarixli, 437 nömrəli arayışına əsasən leytenant İddiaçı taqım komandiri vəzifəsində xidmət etmiş, onun 2017-ci il tarixdə pul təminatı yanvar ayı üzrə - 870,08 manat, fevral ayı üzrə - 870,08 manat, mart ayı üzrə 715,90 manat, aprel ayı üzrə - 870,08 manat, may ayı üzrə - 870,08 manat, iyun ayı üzrə 535,85 manat olmuşdur. Leytenant İddiaçı hərbi rütbə maaşı 122,00 manat, hərbi vəzifə maaşı 380,00 manat və xidmət illərinə görə faiz əlavəsi 25,10 manat təşkil etmişdir. Bundan əlavə cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə, bir hərbi vəzifə və bir faiz əlavəsi miqdarında pul təminatı, 2017-ci il üçün nəzərdə tutulmuş 502,00 manat miqdarında maddi yardım və məzuniyyətə çıxarkən ona əlavə bir vəzifə maaşı miqdarında 380,00 manat miqdarında məzuniyyət pulu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 151.606 manat maddi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun barəsində Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1, 150.2.4, 150.2.5-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 151-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinmiş və 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə ilə təqsirli bilinmiş və aylıq pul təminatından 20% məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə ilə təqsirli bilinmiş və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 338.2-ci maddəsi ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)- 79/2022 saylı, xx.xx.2022- ci il tarixli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verimiş vəsatət təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının Qərarı ilə İddiaçı barəsində cinayət işinin icraatına xitam verilmiş cə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun İstintaq idrəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərarı ilə onun barəsində olan cinayət işinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın “Qərara aldım” bölməsinin 3- cü bəndinə əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxs olaraq ona izah edilmişdir. AR CPM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Nəticədə o, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 05 il 07 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum edilmişdir. O cinayət təqibinə bəraətverici əsaslarla xitam verilənə qədər yəni xx.xx.2022-ci il tarixədək bütün hüquqlarından əsassız olaraq məhrum olunmuşdur. Onun o zamanki əmək haqqısı 870 manat idi, hazırda həmin vəzifə maaşı 1.647 manat olmaqdadır, 5 il 7 ay ərzində (67 ay X 1647 =110349) o, 110.349 manat məbləğində maaşdan, həmçinin həmin müddət ərzində məzuniyyət pulu olaraq 8.235 manatdan, əldə edəcəyi iş stajına görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 saylı qərarına 2 saylı əlavəyə görə) 15% 16.552 manat əlavədən, birdəfəlik maddi yardım olan 16.470 manat məbləğində vəsaitdən, ümumilikdə 151.606 manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa o, əsassız azadlıqdan məhrum olduğundan haqqında çox ciddi ittihamlarla onun nüfuzuna xələl vurulmuşdur
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etiraz və etiraza əlavə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. İddiaçı maddi zərərə məruz qalması ilə əlaqədar sübut qismində Kapital Bankdan əldə etdiyi ödəniş kartı üzrə çıxarışı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin elektron sitemində yerləşdirmişdir. Təqdim edilmiş çıxarış sübut qismində qəbul edilə bilməz. Belə ki, ilk növbədə çıxarışda müştəri adı qismində İddiaçı deyil, X7 oğlu göstərilmişdir. Digər tərəfdən çıxarışda mövcud əməliyyatlar qismində təkcə karta mədaxil deyil, həmçinin müxtəlif ödəniş sistemlərindən karta daxilolmalar, o cümlədən digər əməliyyatlar göstərilmişdir. Həmçinin iddia ərizəsində iddiaçının baş leytenant deyil, leytenant rütbəsinin olduğu göstərilir. Lakin çıxarış üzrə təqdim edilmiş hərbi qulluqçu X2 leytenant deyil, baş leytenant rütbəsində hərbi qulluqçu olduğu qeyd edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1729/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi zərərə görə 75.555,90 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kifayət qədər uzun müddət ərzində (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək – 5 il 7 ay müddət ərzində) əsassız yerə azadlıqdan məhrum edilmiş, həmçinin ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunmuşdur. İddiaçıya bununla bağlı işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı və digər ödənişlər miqdarında maddi ziyan vurulmuşdur (122+380+25.1)*2=1.054.2/1054.2*12=12,650.4/12,650.4+502+380=13,532.40/13,532.40: 12=1,127.7/ 1,127.7*67 = 75,555.90). Məhkəmə hesab etmişdir ki, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olduğundan iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 75.555,90 manat məbləğində maddi ziyan tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cu, 1101ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci, 58-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4cü, 5-ci, 6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il 7 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum edilmiş olmasaydı, xx.xx.2019-cu il tarixli Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Prezidentin Sərəncamının 1-ci maddəsinə əsasən 40 faiz həcmində artım ona da şamil olunacaqdı. xx.xx.2022-ci il tarixdə bəraət qazanmış olduğundan həmin sərəncamın 1-ci maddəsində nəzərdə tutulan 40 faiz artım onun barəsində də tətbiq olunmalıdır. Bundan əlavə, işçi işdən azad edilərkən ona verilən son haqq-hesab işçinin tutduğu vəzifədə son vəzifə maaşına uyğun əvvəlki illərin vəzifə maaşları və istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya hesablanmalı olduğu halda məhkəmə yalnız cavabdehin verdiyi əsassız hesablama ilə kifayətlənmişdir. Cavabdeh son haq-hesabı hesablayarkən işdənçıxma müavinəti və birdəfəlik ödənişləri nəzərə almamışdır. Məhkəmə mühasibat ekspertizası təyin etmədiyindən cavabdehin əsassız hesablamaları ilə razılaşması yalnış qətnamə çıxarılması ilə nəticələnmişdir. O, 4 ildən artıq müddət ərzində hərbi qulluqçu olaraq çalışmışdır. Bu baxımdan bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verildiyindən pensiya hüququ olmayan hər bir hərbi qulluqçu kimi Hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamənin 35.2.3-cü maddəsinə əsasən 4 il xidmətə görə vəzifə və rütbə maaşlarının 1 misli və 4 ildən artıq xidmətin hər bir tam ili üçün vəzifə və rütbə maaşlarının 0,2 misli, lakin vəzifə və rütbə maaşlarının 2 mislindən çox olmamaqla müavinət almaq hüququ vardır. Onun vəzifə və rütbə maaşı, məzuniyyət pulu, birdəfəlik yardım və müavinətlər, iş stajına görə əldə etməli olduğu əlavələr diqqətə alınaraq, maddi ziyanın hesablanması labüddür. Onun əsassız olaraq, azadlıqdan məhrum edildiyi 5 il 7 ay ərzində real zərərlə yanaşı azadlıqdan məhrum edilməsəydi əldə edə biləcəyi staj, gəlirlər və müavinətlər - əldən çıxmış fayda nəzərə alınaraq hesablama aparılmalıdır. Bundan əlavə, onun tərəfindən AR Maliyyə Nazirliyinə Tərtər ərazisində xidmət göstərən leytenant hərbi rütbəsini daşıyan tağım komandirinin vəzifə maaşı, rütbəsinə görə əlavələr və bunlarla yanaşı nəzərə alınan digər maddi yardımların nələrdən ibarət olmasının müəyyən edilməsi ilə bağlı sorğu göndərilmiş, lakin sorğumuza cavab verilməmişdir. Bununla bağlı o, məhkəməyə ərizə ünvanlayaraq AR Maliyyə Nazirliyinə Tərtər ərazisində xidmət göstərən leytenant hərbi rütbəsini daşıyan tağım komandirinin vəzifə maaşı, rütbəsinə görə əlavələr və bunlarla yanaşı nəzərə alınan digər maddi yardımların nələrdən ibarət olmasının müəyyən edilməsi ilə bağlı sorğu ünvanlanmasını xahiş etmiş, lakin məhkəmə cari vəzifə maaşının miqdarı barədə sorğu göndərməmişdir. 2017-ci il üzrə aldığı vəzifə maaşı ilə bağlı sorğu göndərilməsini təmin etmişdir. Buradan göründüyü kimi, məhkəmə işin obyektiv araşdırılması zamanı pozuntuya yol vermişdir. Belə ki, şəxs bəraət almışdırsa, şəxsin öncədən sahib olduğu bütün hüquqlar bərpa edilməlidir. Lakin məhkəmə cari vəzifə maaşının nədən ibarət olduğunu müəyyənləşdirməmiş, şəxs bəraət aldığı və təqsirlərdən azad olduğu halda ona 2017-ci ilin maaşı təyin olunmuşdur. Bugünün şərtlərini, inflyasiya dərəcəsinin dəyişdiyini və qiymət artımı ilə müşayiət olunan iqtisadi vəziyyəti nəzərə alsaq, düzgün deyilir ki, şəxs xx.xx.2022-ci il tarixdə bəraət aldığı halda 2017-ci ildə işdən azad edilmiş hesab olunsun. xx.xx.2022-ci il tarixdə bəraət aldığından həmin ildə işdən azad edilmiş hesab edilərək, şəxsə buna uyğun vəzifə maaşı təyin edilməlidir. Çünki xx.xx.2019-cu il tarixdən etibarən Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Prezidentin Sərəncamının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmışdır. Bu baxımdan iddiaçının xx.xx.2022-ci il tarixdə bəraət qazandığı halda bu hüququndan istifadə edə bilməməsi yol verilməzdir. Beləliklə, məhkəmənin 2017-ci il üzrə Tərtər ərazisində xidmət göstərən leytenant hərbi rütbəsini daşıyan tağım komandirinin vəzifə maaşı, rütbəsinə görə əlavələr və bunlarla yanaşı nəzərə alınan digər maddi yardımların nələrdən ibarət olmasının müəyyən edilməsi ilə bağlı Maliyyə Nazirliyinə sorğu ünvanlaması prosessual bir pozuntu təşkil edir. Məhkəməyə iddiaçının tutduğu vəzifəyə (döyüş zonasında tağım komandiri) görə əmək haqqı barədə məlumat alınması üçün Müdafiyə Nazirliyinə sorğu verildiyi, lakin sorğuya cavab verilmədiyi bildirilsə də, məhkəmə maddi zərərin həcmini müəyyənləşdirmək üçün vacib əhəmiyyətli halı araşdırmaq üçün çalışmamış, vəzifə maaşının və artımların nələrdən ibarət olması üçün sorğu ünvanlamamış və ekspertiza təyin etməmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq eyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermişlər və əlavə olaraq bildirmişdilər ki, həbsdə olduğu müddət ərzində əmək haqqı və digər ödənclərin məbləği artırılmış, lakin bu hal nəzərə alınmamış və nəticədə düzgün hesablama aparılmamışdır. Halbuki, hesablama artımlar nəzərə alınmaqla aparılmalı idi. Həmçinin, xidmət illərinə uyğun olaraq onun vəzifəsi və rütbəsi də artırılmalı idi ki, bu da öz növbəsində onun gəlirlərinin artmasına səbəb olacaqdır. Lakin qanunsuz olaraq həbs olunması nəticəsində bütün bunlardan məhrum olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin ediməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdilər.
15. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğu da məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir;
19. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir; 8-ci maddəsinə əsasən qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; 13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan bu Qanuna müvafiq olaraq ödənilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. İddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməyən hissəsində də (tam təmin) təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçının xeyrinə ödənilməli olan maddi zərəri 75.555,90 manat məbləğində müəyyən etməkdə haqlı olmamışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə tutulan maddi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
27. Məhkəmə kollegiyası işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı barəsində Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1, 150.2.4, 150.2.5-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 151-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinmiş və 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə ilə təqsirli bilinmiş və aylıq pul təminatından 20% məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə ilə təqsirli bilinmiş və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verimiş vəsatət təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının Qərarı ilə İddiaçı barəsində cinayət işinin icraatına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun İstintaq İdrəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərarı ilə onun barəsində olan cinayət işinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilmişdir.
28. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində 5 il 7 ay müddətində əsassız olaraq azadlıqdan məhrum olunduğunu və iş yeri üzrə aldığı əmək haqqı və digər ödənclərin məbləğlərinə istinadən qeyd edilən dövrdə bu vəsaitdən məhrum edildiyini, ona vurulmuş bu maddi zərərin hərbi qulluqçuların vəzifə maaşlarına və pul təminatlarına edilmiş 40 % yardım nəzərə alınmaqla hesablanmalı olduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən hesablamanın düzgün aparılmadığını, artımların nəzərə alınmadığını iddia edir və 151.606 manat maddi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçıya münasibətdə hər hansı qanunsuz əmələ yol vermədiyini bildirir və ümumiyyətlə iddianın ona qarşı yönləndirilməsinin qanunsuz və əsassız olması mövqeyindən çıxış edir.
29. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandiri olmaqla, leytenant vəzifəsi daşımış iddiaçı hüquqi nəticə və müddət etibarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (son tarix xx.xx.2022-ci il), yəni ümumilikdə 5 il 7 ay ərzində əsassız olaraq azadlıqdan məhrum edilmiş, həmçinin ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası bütün həmin müddət ərzində iddiaçıya hər ay aldığı əmək haqqı və digər ödənclər miqdarında maddi ziyanın vurulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin vurulmuş maddi zərərin 75.555,90 manat olması qənaətini əsaslı hesab etmir.
30. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli, 906 nömrəli məktubuna və eyni tarixli, 437 nömrəli arayışına əsasən leytenant İddiaçı tağım komandiri vəzifəsində xidmət etmiş, onun hərbi rütbə maaşı 122,00 manat, hərbi vəzifə maaşı 380,00 manat və xidmət illərinə görə faiz əlavəsi 25,10 manat təşkil etmişdir. Bundan əlavə cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə, bir hərbi vəzifə və bir faiz əlavəsi miqdarında pul təminatı, 2017-ci il üçün nəzərdə tutulmuş 502,00 manat miqdarında maddi yardım və məzuniyyətə çıxarkən ona əlavə bir vəzifə maaşı miqdarında 380,00 manat miqdarında məzuniyyət pulu ödənilmişdir.
31. Lakin iddiaçının tutduğu tağım komandiri vəzifəsinə uyğun olaraq ödənilən əmək haqqı və digər ödəncləri əks etdirən cədvələ (bu cədvəldə tağım komandiri olan və leytenant rütbəsini daşıyan şəxsin 2017-2022-ci illər üzrə gəlirləri əks etdirilmiş və 2017-ci ilə aid olan məbləğlər 30-cu bənddə istinad edilən arayışda göstərilmiş iddiaçının 2017-ci ilə aid gəlirləri ilə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin cədvəli iddiaçıya vurulmuş maddi zərərin məbləğinin hesablanmasında əsas götürmüşdür) əsasən hərbi rütbə maaşı 2019-cu ilin sentyabr ayında 122 manatdan 140 manata, hərbi vəzifə maaşı 2018-ci ilin may ayından 380 manatdan 420 manata, 2019-cu ilin sentyabr ayından 555 manata, uzun müddətli xidmətə görə faiz əlavəsi 2017-ci ilin iyul ayından 25,10 manatdan 50,20 manata, 2018-ci ilin mart ayından 54,20 manata, 2019-cu ilin sentyabr ayından 69,50 manata, 2020-ci ilin iyul ayından isə 104,25 manata qaldırılmışdır. Həmçinin, iddiaçı cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə, bir hərbi vəzifə və bir faiz əlavəsi miqdarında pul təminatı da almalı idi. Qeyd edilən cədvəldə ödənilməli olan bütün məbləğlər aylar üzrə göstərilmiş və nəticədə “ələ veriləcək məbləğ” qrafasında iddiaçıya vəzifəsinə, rütbəsinə və xidmətinin müddətinə görə ödənilməli olan məbləğlər əks etdirilmişdir. Həmin qrafada əks etdirilən məbləğlər əsas götürüldüyü təqdirdə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (son tarix xx.xx.2022-ci il) iddiaçıya ödənilməli olan məbləğ ((713,22 x 2 = 1.426,44) + (968,97 x 6 = 5.813,82) + (971,49 x 2 = 1.942,98) + (1.046,97 x 10 = 10.469,70) + (1.050,75 x 8 = 8.406) + (1.339,46 x 4 = 5.357,84) + (1.316,53 x 6 = 7.899,18) + (1.383,94 x 29 = 40.134,26)) = (1.426,44 + 5.813,82 + 1.942,98 + 10.469,70 8.406 + 5.357,84 + 7.899,18 + 40.134,26 = 81,450,22) 81,450,22 manat təşkil edir. Bunda əlavə 2022-ci ili yanvar ayından etibarən bu vəzifə və rütbə üzrə vəzifə maaşına 20 faiz əlavə də verilməyə başlanmışdır ki, 2022-ci ilin yanvar noyabr ayları üçün bu ödəncin ümumi məbləği (111 x 11 = 1.221) 1.221 manat təşkil edir və həmin məbləğ də 81.450,22 manata əlavə edilməlidir. Nəticədə yaranmış məbləğ isə (81.450,22 + 1.221 = 82.671,22) 82.671,22 manat təşkil etmiş olur.
32. Bundan əlavə arayışa əsasən iddiaçıya 2017-ci ildə məzuniyyətə çıxarkən əlavə bir vəzifə maaşı miqdarında, yəni 380,00 manat məzuniyyət pulu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəzifə maaşına uyğun olaraq 2018-2022-ci illər üçün də məzuniyyət pulu tutulmalıdır. Vəzifə maaşının miqdarı 2018-ci ildə 420 manat, 2019-2022ci illərdə isə 555 manat olduğundan məzuniyyət pulunun ümumi məbləği (420 + 555 + 555 + 555 + 555 = 2.640) 2.640 manat təşkil etmiş olacaqdır. Belə olan halda, iddiaçıya 5 il 7 ay üçün ödənilməli olan əmək haqqı və digər ödənclərin ümumi məbləği (82.671,22 + 2.640 = 85.311,22) 85.311,22 manat təşkil etmiş olur.
33. Məhkəmə kollegiyası da əsassız olaraq azadlıqdan məhrum edildiyi dövrdə iddiaçının əmək haqqı və digər ödənclər qismində məhz yuxarıda göstərilən məbləğdə gəlir əldə etmək imkanından məhrum olunduğu qənaətinə gəlir və bu məbləği ona vurulmuş maddi zərər kimi qiymətləndirərək, onun xeyrinə tutulmasını ədalətli və qanuni hesab edir. Lakin apellyasiya şikayətinin digər dəlilləri əsaslı hesab edilmir və müəyyən edilmiş məbləğdən də artıq məbləğdə pulun tutulmasını şərtləndirmir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.
35. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı qismində Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.
36. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Azərbaycan Respublikasının bilavasitə cavabdehlik daşıdığı hallarda ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu maddi və mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Məhz bu səbəbdən də vurulmuş maddi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxan məhkəmələr ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi vəzifəsini daşımır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan maddi zərərin məbləği hissəsində dəyişdirilməli, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 85,311,22 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1729/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan maddi zərərin məbləği hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 85.311,22 (səksən beş min üç yüz on bir manat, iyirmi iki qəpik) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.