Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4600/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh1, onun nümayəndəsi (bacısı) Sədaqət Nuriyevanın, vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Nuriyev X2 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasna dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-101/2024 nömrəli qətnaməsindən İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev № 31“a”-da yerləşən 1 №-li mənzillə bağlıdır. Mənzilin ünvanı yeni qaydlarla ünvan 1ilib (bundan sonra – mənzil). Mənzil üzərində indiyə kimi 3 şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb: 1) Xudaverdiyev Məmməd-Əli Mustafa oğlu; 2) İddiaçı1; 3) Nuriyev X2. 1-ci mülkiyyətçi Məmməd-Əli Xudaverdiyevin mülkiyyət hüququ özəlləşdirmə nəticəsində əmələ gəlib. Belə ki, mənzil dövlət mənzil fonduna aid olub, mənzilə dair onun adına xx.xx.1978-ci il tarixli order verilib, xx.xx.2021-ci ildə mənzil özəlləşdirilərək onun mülkiyyəti kimi qeydə alınıb. Həmin şəxs xx.xx.1994-cü ildə ölüb, yəni ölümündən 27 il sonra mənzil onun adına özəlləşdirilib. 2-ci mülkiyyətçi İddiaçı1 mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə edib. Belə ki, o, 1-ci mülkiyyətçi ilə nikahda olub, əri öldüyünə görə mənzil qanun üzrə vərəsəlik qaydasında ona keçib, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən bu barədə xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib, xx.xx.2021-ci ildə mülkiyyət hüququ reyestrdə qeydə alınıb. 3-cü mülkiyyətçi Cavabdeh1 mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 34.500 manata 2-ci mülkiyyətçidən əldə edib. Həmin alqı-satıqı müqaviləsini 2-ci mülkiyyətçinin (satıcının) etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh2 imzalayıb. xx.xx.2021-ci ildə mənzil üzərində 3-cü mülkiyyətçinin mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Mənzil hazırda 3-cü mülkiyyətçinin mülkiyyətindədir, lakin mənzildə 2-ci mülkiyyətçi yaşayır. İddiaçı2 1-ci mülkiyyətçinin başqa nikahdan olan oğludur, 2-ci mülkiyyətçinin isə ögey oğludur. O, mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Tələb və onun həlli: İş üzrə 2 iddia verilib. 1-ci iddiada, yəni İddiaçı1 iddia ərizəsində tələb olunub: 1) mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab olunsun; 2) maddi zərərin əvəzi kimi 5.000 manat Cavabdeh2 tutulsun, mənəvi zərərin əvəzi kimi 5.000 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. 2-ci iddiada, yəni İddiaçı2 iddia ərizəsində tələb olunub: 1) mənzilə dair İddiaçı1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunsun və həmin şəhadətnamənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin; 2) mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və həmin müqavilənin əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Şikayət və izahatlar: İş üzrə 2 apellyasiya şikayəti verilib. İddiaçı1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və onun iddiası təmin olunsun. İddiaçı2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və onun iddiası təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 İddiaçı1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil3 İddiaçı2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi Sədaqət Nuriyeva, vəkili və nümayəndəsi Nümayəndə2 hər iki apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İşdə 2 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Birinci iddiadakı birinci tələb barədə: Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə görə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı Eliza Xudaverdiyevnın nümayəndəsi Cavabdeh2 alıcı Cavabdeh1 ilə pis niyyətlə razılığa gəlib. Bu, aşağıdakılarla sübut olunur: Birinci: Mənzil dəyərindən 2 dəfə ucuz satılıb. Belə ki, alqı-satqı müqaviləsində mənzilin qiyməti 34.500 manat göstərilib. "xxxx" MMC-nin mütəxəssis rəyinə görə, mənzilin bazar dəyəri 83.000 manat təşkil edir (cild 2, iş v. 189). Müqavilə azadlığı tərəflərə satış qiymətinə dair şərti azad surətdə müəyyənləşdimək imkanı verir, lakin ağlabatan mühakiməyə görə, üzrlü səbəb (pula təcili ehtiyac və s.) olmadan əmlak dəyərindən 2 dəfə ucuz satılmır. Nümayəndəlik institunun mahiyyətinə görə, təmsilçi təmsil olunanın mənafeyini qorumalıdır. Təmsilçinin üzrlü səbəb (təmsil olunanın pula təcili ehtiyacı və s.) olmadan mənzilin dəyərindən 2 dəfə ucuz satması onu təsdiq edir ki, o, təmsil olunan mənafeyindən çıxış etməyib, əks tərəflə pis niyyətlə razılığa gəlib. Xüsusilə nəzərə alınmalıdır ki, satıcı 84 yaşlı tənha qadındır və mənzil onun yeganə yaşayış yeridir. Belə şəxsin mənzili onunla qohumluq münasibəti olmayan nümayəndəsi tərəfindən dəyərindən 2 dəfə ucuz satılıb, satış pulu ona verilməyib. Alıcı isə 84 yaşlı tənha qadının yeganə mənzilinin dəyərindən 2 dəfə ucuz satıldığını bilə-bilə mənzili onun nümayəndəsindən alıb, daha sonra isə satıcıya qarşı mənzildən çıxarılma barədə iddia verib. Həmin iddia Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunub, satıcı qətnamədən apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin mülki iş üzrə icraat hazırkı iş üzrə icraat yekunlaşana qədər dayandırılıb. Bütün bunlar onu təsdiq edir ki, satıcının nümayəndəsi ilə alıcının arasında pis niyyətlə razılıq olub. İkinci: Alqı-satqı müqaviləsinin bağlanması üçün nümayəndəlik institundan istifadəyə zərurət olmayıb. Belə ki, nümayəndəlik institundan adətən o zaman istifadə olunur ki, təmsil olunmağa zərurət olur: məs., təmsil olunan ölkədən kənarda olur və s. Mənzil satılana qədər satıcı nümayəndəsinə etibarnamə vermək üçün 2 dəfə notariat ofisinə gedib, ona xx.xx.2021 və xx.xx.2021-ci il tarixli 2 etibarnamə verib. 2 dəfə notariat ofisinə gedən şəxs 3-cü dəfə də notariat ofisinə gedə bilərdi. Nəzərə alınmalıdır ki, satıcının 3-cü dəfə notariat ofisinə getməsi daha vacib sayılırdı, çünki bu dəfə mənzil satılmalı və satış pulu alınmalı idi. Alqı-satqı müqaviləsinin bağlanması üçün nümayəndəlik institundan istifadəyə zərurətin olmadığını alıcı da bilib. Xüsusilə alıcı maraqlı olmalı idi ki, müqaviləni şəxsən satıcının özü ilə bağlasın və pulu onun özünə versin, çünki belə olduqda müqavilənin bağlanmasından sonra mübahisə yaranması riski minimuma enir. Zərurət olmadan nümayəndəlik institundan ona görə istifadə olunub ki, satıcının nümayəndəsi alıcı ilə pis niyyətlə razılığa gələ bilsin. Üçüncü: İddiaçı1 iddia ərizəsində bildirib ki, mənzili satmaq barədə tapşırıq verməyib, mənzili satmaq niyyəti olmayıb, hər hansı pul məbləği almayıb. Müəyyən olunur ki, etibarnamə mənzilin satılması üçün deyil, özəlləşmə və vərəsəlik işlərinin həyata keçirilməsi üçün verilib. Belə ki, mənzil xx.xx.2021-ci ilə qədər dövlət mənzil fonduna aid olub, bu tarixdə etibar edənin mərhum ərinin adına özəlləşdirilərək xüsusi mənzil fonduna aid edilib, bundan 3 gün sonra – xx.xx.2021-ci ildə isə miras kimi mənzilə dair etibar edənin adına vərəsəlik şəhədətnaməsi verilib, bundan 3 gün sonra - xx.xx.2021-ci ildə mənzil üzərində etibar edənin mülkiyyət hüququ reyestrdə qeydə alınıb, bundan 2 gün sonra - xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi bağlanıb. Etibarnamələr mənzil dövlət mənzil fonduna aid olduğu zaman - xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə verilib. Mənzilin özəlləşdirilməsinə razılıq barədə xx.xx.2021-ci il tarixli ərizəni (cild 2, iş v. 18) və mirasın qəbulu barədə xx.xx.2021-ci il tarixli ərizəni (cild 2, iş v. 108) etibar edənin adından nümayəndə 2-ci etibarnaməyə əsasən imzalayıb, alqı-satqı müqaviləsini isə etibar edənin adından həmin nümayəndə 1-ci etibarnaməyə əsasən imzalayıb. Etibarnamələrin verildiyi zaman (mənzil dövlət mənzi fonduna aid olduğu zaman) etibar edən mənzilin satılmasını qərara ala və alqı-satqı müqaviləsinin bağlanmasını nümayəndəyə tapşıra bilməzdi, çünki həmin zaman onun belə səlahiyyəti olmayıb. Nəzəri baxımından, etibarnamə onun verildiyi tarixdən sonra yaranan hüquqlara (etibar edənin hüquqlarına) münasibətdə də təmsilçilik səlahiyyəti verir, lakin etibar edənin iradəsinin məzmunu müəyyən edilərkən ağlabatan mühakimə əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Dördüncü: Mənzildə qeydiyyatda olan şəxs (satıcı Eliza Xudavardiyevanın ögey oğlu İddiaçı2) alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan mənzildən qeydiyyatdan çıxarılıb, alqı-satqı müqaviləsi bağlandıqdan sonra isə qeydiyyat bərpa olunub. Bu hal işdə olan digər hallarla birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, satıcının ögey oğlunun satıcının nümayəndəsinin alıcı ilə pis niyyətlə razılığa gəlməsinə mane olmaması üçün o, mənzildən qeydiyyatdan çıxarılıb. Qeydiyyatdan çıxarma başqa rayonun polis orqanı (Suraxanı Rayon Polis İdarəsi) tərəfindən həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-9592/2024 nömrəli məktubuna görə, xx.xx.2005-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı2 məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi Suraxanı Rayon Polis İdarəsi tərəfindən səhvən fəaliyyətsizləşdirildiyi müəyyən edildiyindən həmin İdarənin xx.xx.2021-ci il tarixli vəsətəti əsasında qeyd olunan səhv aradan qaldırılmış və şəxsiyyət vəsiqəsi aktiv statusa qaytarılmışdır (cild 2, iş v. 208). Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 273119-12D1 nömrəli məktubundan görünür ki, məhkəmə qətnamələri icra olunarkən İddiaçı2 səhvən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır (cild 2, iş v. 210). İddiaçı2 Suraxanı Rayon Polis İdarəsinə verdiyi yazılı izahatdan görünür ki, o, vaksinasiya üçün tibbi müəssisəsinə müraciət etdikdə şəxsiyyət vəsiqəsinin “qeydiyyatdan çıxma” səbəbi ilə qeyri-aktiv olduğunu müəyyən etmişdir (cild 2, iş v. 212). Eliza Xudavardiyeva mənzilinin bir qrup şəxs tərəfindən ələ keçirilməsi barədə cinayət təqibi qaydasında şikayət vermiş, lakin həmin şikayət üzrə polis orqanı tərəfindən lazımi qaydada araşdırma aparılmadığına görə o, məhkəmə nəzarəti qaydasında iki dəfə məhkəməyə şikayət vermiş, bu şikayətlər üzrə xx.xx.2022 və xx.xx.2023-cü tarixli məhkəmə qərarları qəbul olunmuşdur (cild 1, iş v. 130, 136). Həmin qərarlardan görünür ki, Eliza Xudavardiyevanın şikayətinə polis orqanı tərəfindən qanunvericiliyə zidd olaraq əvvəlcə məktubla cavab verilmiş, daha sonra şikayətdə adı keçən şəxslərin – Cavabdeh2 (adına etibarnamə verilmiş şəxsin), onun öz arvadı kimi təqdim etdiyi Aidanın, məhkəmə işçisi kimi təqdim etdiyi Sədaqətin, vəkil kimi təqdim etdiyi Əjdərin şəxsiyyəti müəyyən edilərək izahatları alınmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa, məhkəmə nəzarəti qaydasında qəbul olunan həmin qərarlardan görünür ki, İddiaçı1 bildirmişdir ki, yeganə yaşayış yeri olan mənzilini özəlləşdirmək istədiyini və mərhum ərinin birinci nikahdan olan oğlu İddiaçı2 mənzildən qeydiyyatdan çıxarılmalı olduğunu dedikdə, Cavabdeh2 bu işə görə ondan dəfələrlə pul almışdır. Beşinci: İddiaçı1 iddia ərizəsində bildirib ki, Dılsuz Həsənov (adına etibarnamə verdiyi şəxs) özünü ona “dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi” kimi təqdim edərək onu aldatmış və mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyini bildirmişdir. Mənzili özəlləşdirmək çoxdankı arzusu olsa da sənədləşdirmə işlərini təkbaşına həyata keçirə bilmədiyi üçün Cavabdeh2 inanaraq bu işlərin onun tərəfindən həyata keçirilməsinə razılıq vermişdir. Cavabdeh2 yaşlı və tənha olmasından istifadə edərək ondan 5.000 manat almış, habelə öz adına və tanımadığı vəkilin adına etibarnamə sənədləşdirmişdir. İddiaçı1 həmin vəkilin adına etibarnaməni xx.xx.2021-ci ildə verib və etibarnamə iş materiallarına əlavə edilib (cild 1, iş v. 7). Bu etibarnamə Cavabdeh2 adına verilmiş 2-ci etibarnamə ilə eyni gündə verilb. Göründüyü kimi, İddiaçı1 mənzilin özəlləşdirilməsindən əvvəl ümumilikdə 3 etibarnamə verib: 1-ci etibarnaməni xx.xx.2021-ci ildə Cavabdeh2 adına, 2-ci etibarnaməni xx.xx.2021-ci ildə yenidən həmin şəxsin adına, 3-cü etibarnaməni isə eyni gündə vəklin adına verib. Əgər İddiaçı1 mənzili satmaq niyyəti olsayıdı vəkilin adına etibarnamə verməzdi, çünki mənzilin satılması üçün vəkilə ehtiyac yoxdur. Mənzilin özəlləşdirilməsi zamanı hüquqi problemərlərin aradan qaldırılması üçün isə vəkilin xidmətlərinə zərurət ola bilər. Cavabdeh2 adına etibarnamə verən İddiaçı1 eyni gündə həm də vəkilin adına etibarnamə verməsi onu təsdiq edir ki, İddiaçı1 niyyəti mənzilin özəlləşdirilməsi olub, Cavabdeh2 isə mənzilin özəlləşdirilməsindən qısa müddət (8 gün) sonra həmin etibarnamədən istifadə edərək alıcı ilə pis niyyətlə razılığa gəlib və mənzilin dəyərindən 2 dəfə ucuz qiymətə satıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 339.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, alqı-satqı müqaviləsi bir tərəfin (satıcının) nümayəndəsinin digər tərəflə (alıcı ilə) pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlandığına görə etibarsız hesab edilməli, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmı qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməlidir. Alqı-satqı müqaviləsi etibarsız sayıldığına görə, məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.10-ci bəndində verilmiş izaha əsaslanaraq hesab edir ki, həmin müqavilə üzrə alıcı tərəfindən satıcının nümayəndəsinə ödənilmiş 34.500 manat satıcının nümayəndəsi Cavabdeh2 alınaraq alıcı Cavabdeh1 qaytarılmalıdır. Satıcının nümayəndəsinin həmin pulu alıcıdan aldıqdan sonra satıcıya verdiyini təsdiq edən sübut yoxdur. Satıcı pulun ona verilmədiyini bildirir, satıcının nümayəndəsi isə məhkəməyə gəlməyib, pulu satıcıya verdiyini təsdiq edən sübut təqdim etməyib. Satıcının nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu Ağcabədi rayonunun Hüsülü kəndində yaşamır və onun yaşadığı ünvan yerli icra hakimiyyəti orqanına məlum deyil. Bu səbəbdən həmin şəxsə göndərilmiş məhkəmə bildirişinin ona təqdim edilməsi mümkün olmayıb. Bu hal Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məktubu ilə təsdiq olunur (cild 2, iş v. 58). Birinci iddiadakı ikinci tələb barədə: Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, İddiaçı1 Cavabdeh2 aldatma yolu ilə ondan 5.000 manat pul aldığını bildirsə də, bunu təsdiq edən sübut təqdim etməyib. O cümlədən İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 mənəvi zərərin əvəzi kimi 5.000 manat tələb etsə də, həmin şəxslərin İddiaçı1 mənəvi zərər vurduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb əsassızdır. İkinci iddiadakı birinci tələb barədə: Mənzilə dair İddiaçı1 adında verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunmalı, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 mülkiyyət hüququna dair aparılmış qeyd və bu qeydin əsasında verilmiş reyestr çıxarışı ləğv edilməli, mənzil Məmməd-Əli Xudaverdiyevdən qalmış miras kimi onun arvadı İddiaçı1 və övladı İddiaçı2 tərəfindən qəbul olunmış sayılmalıdır. Belə ki, mənzil xx.xx.2021-ci ildə özəlləşdirmə nəticəsində Məmməd-Əli Xudaverdiyevin mülkiyyəti kimi qeyd alınıb. Həmin şəxs xx.xx.1994-cü ildə ölüb. İddiaçı1 miras qoyanın arvadı, İddiaçı2 isə miras qoyanın övladıdır, yəni onların hər ikisi qanun üzrə birinci növbə vərəsələrdir. Mənzil xx.xx.2021-ci ildə xüsusi mülkiyyət kimi reyestrdə qeydə alındığına görə birinci növbə vərəsələrin həmin tarixdən mənzili miras kimi qəbul etmək hüququ yaranıb. Mirasın qəbulu müddətini müəyyənləşdirən Mülki Məcəllənin 1246-cı maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd olunub ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin həmin qərarı hazırkı işdə tətbiq olunmalıdır. Çünki qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. Konstitusiya Məhkəməsinin qərarı qəbul edlən zaman hazırkı iş məhkəmənin icraatında olub. Belə ki, İddiaçı2 iddia ərizəsi xx.xx.2023-cü ildə verilib, Konstitusiya Məhkəməsinin qərarı isə 18 gün sonra - xx.xx.2023-cü ildə qəbul olunub. İddiaçı1 və İddiaçı2 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərinə görə mirası qəbul etmiş vərəsələr hesab olunurlar. Mənzilə dair yalnız vərəsələrdən birinin – İddiaçı1 adına vərəsəlik şəhadnaməsinin verilməsi qanuna zidd olmaqla digər vərəsənin - İddiaçı2 hüququnu pozur. İkinci iddiadakı ikinci tələb barədə: Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb təmin edilməldir. Həmin müqavilə İddiaçı1 iddiası əsasında etibarsız sayılıb, bununla yanaşı, İddiaçı2 iddiası da müqavilənin etibarsız sayılmasına ayrıca əsas verir. Belə ki, İddiaçı2 xx.xx.2021-ci ildən (özəlləşdirmə nəticəsində mənzilin onun atasının xüsusi mülkiyyəti kimi qeydə alındığı tarixdən) sonra 3 ay ərzində mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, alqı-satqı müqaviləsinin predmeti olan mənzil həm də İddiaçı2 mülkiyyətidir, buna baxmayaraq, müqavilə İddiaçı2 razılığı olmadan bağlanıb. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülkiyyətçinin razılığı olmadan onun əmlakına dair müqavilə bağlanması Mülki Məcəllənin 152-ci maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinin pozulması sayılır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 101/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı1 iddiası qismən təmin olunsun. İddiaçı2 iddiası təmin olunsun. Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev № 31“a”-da yerləşən 1 №-li mənzilə (yeni qaydalarla: Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev № 13, M1, mənzil № 1) dair İddiaçı1 adından onun nümayəndəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci ildə bağlanmış, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-470 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və onun adına verilmiş reyestr çıxarışı ləğv edilsin. Həmin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 34.500 (otuz dörd min beş yüz) manat Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılsın. Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev № 31“a”-da yerləşən 1 №-li mənzilə (yeni qaydalarla: Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev № 13, M1, mənzil № 1) dair Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 mülkiyyət hüququna dair aparılmış qeyd və onun adına verilmiş verilmiş reyestr çıxarışı ləğv edilsin. Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev № 31“a”-da yerləşən 1 №-li mənzil (yeni qaydlarla: Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev № 13, M1, mənzil № 1) Xudaverdiyev Məmməd-Əli Mustafa oğlundan qalmış miras kimi onun arvadı İddiaçı1 və övladı İddiaçı2 tərəfindən qəbul edilmiş sayılsın. İddiaçı1 iddiasının qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4600/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4600/2024
06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver