Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4601/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3691/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixdə verdiyi icra sənədinin icrasını həyata keçirən cavabdeh Şöbənin icra məmuru Bəxtiyar İsmayılovun qəbul etdiyi “tərəfin əvəz edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və barəsində verilmiş qərardadı dəyişdirmədən saxlayaraq şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yuxarıda qeyd edilən şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Şöbəyə qarşı irəli sürdüyü “icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə” iddiasına məhkəmə qaydasında baxılmalı deyil, həmin tələbə Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə inzibati məhkəmə tərəfindən baxıla bilər. İddiaçının (icra sənədi üzrə borclunun) qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmurunun əsassız olması güman edilən hərəkət və ya hərəkətsizliyindən şikayət inzibati məhkəməyə deyil, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktını qəbul etmiş məhkəmənin özünə verilməlidir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3691/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixdə verdiyi icra sənədinə əsasən 1 uşağın – xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu (hazırki iş üzrə iddiaçı) İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, mərhumun bacısı X3 Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən azyaşlı Yusif Yusiflinin üzərində himayəçi təyin edilmişdir. Göstərilənləri nəzərə almış icra məmuru qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar ilə yuxarıda qeyd edilən icra sənədi üzrə tələbkar olan və sıradan çıxmış Ü.Mahmudovanı uşaq üzərində himayəçi təyin edilmiş Ş.Mahmudova ilə əvəz etmişdir. Yuxarıda göstərildiyi kimi iddiaçı (borclu) İddiaçı icra məmurunun qərarını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Şikayət verilmiş qərardaddan görünür ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsinin qəbulundan imtina etsə də, iddia ərizəsinin qəbulu məsələsini iddiaçının iştirakı ilə müzakirə etməmiş, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında təsbit edilmiş hüquqi mövqedən əsaslandırmamış, həmçinin iddiaçıya hansı qaydada müraciət etməli olmasını da qəbul etdiyi qərardadda göstərməmişdir. Beləliklə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin barəsində şikayət verilmiş qərardadı qərardad ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli qərardad ləğv edilsin və İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə” iddiasının icraata qəbulu məsələsinə iş üzrə tərəflərin, əsasən isə iddiaçının iştirakı ilə baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4601/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4601/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver