Məhkəmə qərarları › İş №2(103)-4602/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4602/2020

02.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4602/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «nəqliyyat vasitəsinə görə ödədiyi 15500 manat pulun müştərək qaydada tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1069/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «nəqliyyat vasitəsinə görə ödədiyi 15500 manat pulun müştərək qaydada tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən «Qaz 3302» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödədiyi 15500 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 15530 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh1 15500 manat ödəməklə «Qaz 3302» markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin bu müddət ərzində o, həmin avtomobili öz adına rəsmiləşdirməmiş, hamı kimi etibarnamə əsasında idarə etmişdir. 2019-cu ilin noyabr ayında onun avtomobili axtarışda olduğu üçün saxlanılaraq Binəqədi rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Nəqliyyat vasitəsinin saxlanmasının səbəbi ilə maraqlandıqda ona cavabdehlər arasında nikah pozulduqdan sonra birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olması, dəyərini tam ödəməklə aldığı avtomobilin də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1795/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlaklar siyahısına daxil edilərək cavabdehlər arasında bərabər paylara bölünməsi bildirilmişdir. O, həmin avtomobili xx.xx.2010-cu il tarixdə alarkən tərəflər nikahda olmuş, hər bir halda avtomobilin satılmasından məlumatları olmuşdur. Onun icra qurumundan əldə etdiyi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki, tələbkar Cavabdeh2 avtomobillərin Cavabdeh1 ilə nikahda olduğu dövrdə satıldığını bilmiş, lakin avtomobillər etibarnamə ilə satıldığı üçün öz payını tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1069/2020 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia qismən təmin olunmuş, Cavabdeh1 15530 manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, tutulması qət edilmiş pul vəsaitinin hər bir cavabdehin payına uyğun olaraq müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, birgə nikah dövrüdə əldə olunmuş avtomobilin 2010-cu ildə satılması və əldə edilmiş vəsaitin ailənin təlabatlarına xərclənməsi, bu halın nəzərə alınmaması, iddiaçının xeyrinə tutulması qət edilmiş pul vəsaitinin hər bir cavabdehin payına uyğun olaraq müəyyən edilməli olması, işin obyektiv araşdırılmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxxx 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaları, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan AB № 366541 saylı xx.xx.2010-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 2008-ci il buraxılışlı “Qaz 3302” markalı ** HZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydə alınmış, sonuncu xx.xx.2010-cu il tarixli etibarnamə iləhəmin avtomobili xx.xx.2020-ci il tarixədək idarə etməyi İddiaçı etibar etmişdir. Həmçinin, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən (Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin mülki kollegiyasının xx xxxxx 2016-cı il tarixli qərarı) həmçinin qeyd edilən avtomobil üzərində Cavabdeh1 və Cavabdeh2 ½ hissədə payı müəyyən olunmuşdur. İddiaçı hazırki tələbində – mübahisə predmeti olan “Qaz 3302” markalı ** HZ *** qeydiyyat nişanlı avtomobili Cavabdeh1 15500 manat ödəməklə almasını, bu məqsədlə adına müvafiq etibarnamə verilməsini, lakin həmin avtomobilin Cavabdeh2 iddiası üzrə (ər-arvadın ümumi birgə mülkiyyəti kimi) bölünməsini və hər birinin ½ hissədə payının müəyyən olunmasını, avtomobilin faktiki olaraq ondan alınmasını, bu səbəbdən də avtomobilin alınması üçün ödədiyi pul vəsaitinin ona qaytarılmalı olunmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni Cavabdeh1 münasibətdə təmin edərkən, həmçinin iddianın onun tərəfindən etiraf edilməsinə əsaslanmışdır. Cavabdeh1 apellyasiya şikayətində qətnamə ilə ondan tutulması qət edilmiş müvafiq pul vəsaitinin ödənilməsində həmçinin Cavabdeh2 da iştirak etməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, beynəlxalq müqavilələrin müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə təcrübəsinin nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM-nin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-nin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. AM-nin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. AM-nin 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. AM-nin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunverici ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının müəyyən edilməsi qaydasını tənzimləmişdir. Ər-arvadın yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 «Qaz 3302» markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı 15500 manat almasını etiraf etsə də, həmin məbləğin birgə nikah dövründə ailənin mənafeyinə sərf edilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmamaqla yanaşı Cavabdeh1 verdiyi etibarnaməsində həmin nəqliyyat vasitəsinin, yalnız İddiaçı tərəfindən idarə olunmasına icazə vermiş, İddiaçı həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti belə olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh avtomobilin iddiaçıya faktiki verilməsini və bu məqsədlə iddiaçıdan müvafiq pul vəsaitini almasını Cavabdeh2 xəbərsiz (onun razılığı alınmadan) həyata keçirdiyindən, habelə avtomobilin satılması ilə bağlı tərəfindən alınmış pul vəsaitinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən, Cavabdeh2 onun tərəfindən alınmış pul vəsaitinin qaytarılmasında iştirak edə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və qanuni qüvvədə olan məhkəmə qərarlarını nəzərə alaraq hesab edir ki, cavabdehin avtomobilə görə iddiaçıdan aldığı 15500 manat pul vəsaiti ər-arvadın ümumi borcu kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «nəqliyyat vasitəsinə görə ödədiyi 15500 manat pulun müştərək qaydada tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1069/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1069/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar