Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4602/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İcraçı "xxxx" MMC-nin direktoru Cavabdeh1 ilə payçı X8 arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin blok 3 mərtəbə 10, ümumi sahəsi 112 m2 olan 66 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kvadrat metr sahə üçün 330 manat təşkil edir, sahəsi 112 kv m olan mənzil üçün cəmi 36.960 manat ödənilməlidir.
2. "xxxx" MMC tərəfindən verilmiş 788080 nömrəli mədaxil qəbzindən görünür ki, X8 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-556/2015 saylı hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinmiş, Cavabdeh1 15 il müddətinə, Cavabdeh2 isə 12 il müddətinə azadlıqdan məhrum edilməsi hökm edilmişdir. Hökmlə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş 20.000 manat məbləğində ziyan vurulması müəyyən edilmiş və ziyanla bağlı mülki mühakimə icraatı qaydasında şikayət etmək hüquqlarının izah edilməsi hökmdə qeyd edilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən, Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir və qanuni təmsilçisi Cavabdeh1dur.
Birinci instansiya məhkəməsində icraat
5. X8 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20.000 (iyirmi min) manat pul və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2 dekabr 2009-cu il tarixdə MURAY MMC-nin direktoru Cavabdeh1 ilə ünvan 1 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin blok 3 mərtəbə 10, ümumi sahəsi 112 m2 olan 66 nömrəli mənzilin alınmasına görə müqavilə bağlamışdır. Evin ümumi dəyəri 36.960 (otuz altı min doqquz yüz altmış) manat təşkil etmişdir, lakin razılığa əsasən ilkin ödəniş kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən cavabdeh həmin vaxt "xxxx" MMC-nin xəzinədarı olan Cavabdeh2 20.000 manat pul ödənilmiş və bu barədə ona həmin vaxt kassa mədaxil qəbzi də verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlər adı qeyd edilən mənzili ondan başqa bir neçə şəxslərə satmışlar. Cavabdehlərin məhz bu kimi əməllərinə görə barələrində dələduzluğa görə cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 1(101)- 556/2015 saylı hökmü ilə Cavabdeh1 15 il müddətə, Cavabdeh2 isə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hal-hazırda cavabdehlər azadlıqdadırlar. Ona görə də məhkəməyə müraciət etmək üçün zərurət yaranmışdır. Bundan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər ondan evə görə aldıqları pulu qaytarmamışlar. Cavabdehlər öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də onlar buna məhəl qoymurlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən də o ağır maddi vəziyyətə düşmüş, ona maddi zərə dəymiş və onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Daha sonra iddiaçı X8 məhkəməyə ərizə ünvanalyaraq əsl olmayan tərəfin yəni X2 əsl olan İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə X8 əsl İddiaçı ilə əvəz edilmişdir.
8. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20.000 (iyirmi min) manat pul və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 məhkəməyə verdiyi izahatda bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Tələbə yoldaşları yeni Yasamaldan ev aldıqlarını bildirmişlər, o da ev almaq qərarına gəlmişdir. Ofisə getdiyində ondan mənzil üçün 36.960 manat pul istəmişlər, 20.000 manat pulu qardaşından almış və evə görə 20.000 manat ilkin ödəniş edilmişdir. Müqavilə onunla bağlansa da pulu qardaşı ödəmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2023 saylı, 12 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi təmin edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin bu hərəkətlərinə əsassız varlanmanı və hüquqdan sui-istifadəni tənzimləyən mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan da göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının hesabına əmlak (pul) əldə edilmiş və nəticədə cavabdehlər əsassız varlanmış və iddiaçıya zərər vurulmuşdur
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuz olmaqla maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə iş üzrə məhkəmə baxışının prinsiplərinə riayət etməyərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və cavabdehlərin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməyərək Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdehlərdən Cavabdeh1 yuxarıda göstərilən məhkəmə hökmü ilə 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsinə baxmayaraq, məhkəmə bildirişləri formal olaraq onun azadlıqda olduğu zaman qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin Cavabdeh2 qeydiyyatda olduğu ünvanda yaşamadığına və əlaqə telefonunun həm iddiaçıda, həm məhkəmədə olmasına baxmayaraq məhkəmə bildirişləri formal olaraq həmin ünvana göndərilmiş və cavabdehlərin məhkəmədə iştirakının təmin edilməsinə şərait yaradılmamışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan dövrdə "xxxx" MMC-nin direktoru vəzifəsində Cavabdeh1 deyil, Vaqif Söhbətov çalışmışdır. Cavabdeh2 isə satış üzrə menecer vəzifəsini daşımaqla MMC rəhbərliyinin göstərişlərini icra etməklə mənzillərin satışına dair müqavilələrin tərtib edilməsi ilə məşğul olmuş, müqavilələrin və maliyyə arayışlarının imzalanaraq möhürlənməsi direktor və baş mühasib tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, İddiaçı və digərlərinə qarşı törədilmiş cinayətlər Cavabdeh1 və Cavabdeh2lə yanaşı, X3, Bəybala Sultanov, Novruz Muxtarov, Seyfəddin Səfərov, Vaqif Söhbətov da iştirak etmişlər. Lakin Yasamal Rayon Məhkəməsi cavabdeh kimi yalınız Cavabdeh1 və Cavabdeh2 cəlb etmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən 20.000 manat məbləğində pul cavabdehlərə deyil, "xxxx" MMC-yə həmin Cəmiyyətdən mənzil alınmasından ötrü ödənilmişdir. Cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, bir tərəfdən Bakı şəhər İcra hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyeya və Epidemologiya Mərkəzi, Rabitə və Texnologiya Nazirliyinin Bakı Telefon rabitəsi İstehsalat Birliyi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İstehsalat Birliyi və digər tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC ilə müqavilə bağlamış payçıların mənzillə təmin olunması öhdəlik kimi "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Bundan sonra payçılar, o cümlədən İddiaçı və digərləri "xxxx" MTK və ona yaxın firmalar tərəfindən mənzillə təmin olunmuş və ya digər formada onlara dəymiş ziyan ödənlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müştərək qaydada cavabdehlərdən pulun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsinə baxmayaraq bildiriş onun azadlıqda faktiki qeydiyyatda olduğu ünvana göndərilmişdir və məlumatsız saxlanılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin də bildirişi onun faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşamamasına baxmayaraq həmin ünvana göndərilmişdir. Eyni zamanda Cavabdeh2 mobil telefonu iddiaçı və cavabdehdə olmasına baxmayaraq ona heç bir məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Sözügedən "xxxx" MMC-nin direktoru Cavabdeh1 olmamışdır, Cavabdeh2 isə MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir və rəhbərliyin göstərişlərini icra etmişdir. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, İddiaçı və digərlərinə qarşı törədilmiş cinayətlər Cavabdeh1 və Cavabdeh2lə yanaşı, X3, Bəybala Sultanov, Novruz Muxtarov, Seyfəddin Səfərov, Vaqif Söhbətov da iştirak etmişlər. Lakin Yasamal Rayon Məhkəməsi cavabdeh kimi yalınız Cavabdeh1 və Cavabdeh2 cəlb etmişdir. Əlavə olaraq "xxxx" MTK "xxxx" MMC ilə bağladığı müqavilə əsasında mənzillə təmin olunma barədə öhdəlik götürmüşdür, bununla bağlı sorğu vermiş, lakin sorğunun cavabını hələ almamışlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin olunubolunmamasını məsələsinin kollegiyanın mülahizəsiə buraxdığını bildirmişdir.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, İddiaçı pulu birbaşa Cavabdeh2 vermişdir. Əgər müəssisə mənzili başqa adama satmışdırsa, belə olan halda pulu geri qaytarmalıdır. Hüquqlarını müdafiə etdiyi şəxsin pulu verməsinə dair qəbzi də vardır. Qanunvericilikdə birgə məsuliyyət və ya məsuliyyətin üçüncü şəxslərin üzərinə qoyulması anlayışı vardır. Cavabdeh2 pulun götürülməsini qəbul edir, bu işin mübahisəsiz halıdır. "xxxx" MMC halhazırda mövcuddur. İş materiallarında pulun verilməsini təsdiq edən qəbz mövcuddur. Müqavilə üzrə nə pul şəxsə geri qaytarılmış, nə də evi verilmişdir.
19. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini apelyasiya şikayətində qeyd edilə dəlillər üzrə ona münasibətdə yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 30.1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 31.1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin\
32.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 35.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər Cavabdeh2 qeydiyyatda olduğu və müraciət etdiyi apelyasiya şikayətində qeyd edilən ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 36.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 37.Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 38."xxxx" MMC ilə X8 arasında bağlanmış 2 dekabr 2009-cu il tarixli müqavilədən görünür ki, şirkət ünvan 2 ünvanında 14 mərtəbəli yaşayış evinin blok 3, mərtəbə 10, ümumi sahəsi 112 kv.metr olan 66 nömrəli mənzili X5 verməyi, sonuncu isə mənzilin dəyəri olan 36.960 manatı şirkətə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin tərtib etdiyi 788080 nömrəli kassa mədaxil orderindən görünür ki, X8 tərəfindən üç otaqlı mənzilin satışı üçün 20.000 manat məbləğində pul ödənilmişdir. 39.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən göründüyü kimi, Cavabdeh1 1 may 2006-cı il tarixində "xxxx" MMC-ni təsis edib özünü həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə X3, X7, X6, Cavabdeh2, X9, X4 ilə qabaqcadan birləşib yaratdığı sabit cinayətkar qrup – mütəşəkkil dəstə halında "xxxx" MMC tərəfindən müvafiq orqanlarının icazəsi olmadan ünvan 2 ünvanında 16 mərtəbəli bir və üçgirişli 2 yaşayış binasının tikintisinə başlamış, özləri və ya tanışları vasitəsilə, habelə qəzetlərdə elan verməklə satışa çıxardıqları 2 bina üzrə cəmi 317 bir, iki və üç otaqlı mənzillərə və qeyri-yaşayış sahələrinə təklif edərək sonuncuların bəyəndikləri əmlakları razılaşdırılmış qiymətlərlə adlarına sənədləşdirəcəkləri, bu əmlaka görə bir və ya bir neçə dəfəyə ödənilən pul vəsaitlərini alıcılardan qəbul edərək Cavabdeh1 çatdıracaqları, ödənilən pulun bir hissəsinin verilməsi müqabilində Qalib Məmmədbəylinin nüfuzlu tanışlarının köməyi ilə onların qanunsuz fəaliyyətlərinə himayədarlıq edəcəyi barədə razılığa gəlib rolları bölüşdürdükdən sonra Cavabdeh1 əvvəlcədən hazırlanmış lakin doldurulmamış mənzillərin alqı-satqısına dair müqavilə, pul ödənilməsi haqqında maliyyə arayışları və kassa mədaxil orderlərinin qəbzləri blanklarını öz imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edərək onlara vermiş, Sultanov Beybala, Muxtarov Novruz, Səfərov Seyfəddin və Cavabdeh2 bəzi hallarda isə Cavabdeh1 özü 2006-cı ilin iyun ayından 2010cu ilin noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 34a, ünvan 3 ünvanlarında yerləşən ofislərində müştərilərin etibarından sui-istifadə edərək onların hər birini ayrı-ayrılıqda aldadıb onlara təklif etdikləri mənzil və qeyr-yaşayış sahəsinin rekvizitlərinə dair bilə-bilə saxta məlumatlar daxil etdikləri müqavilə, maliyyə arayışı və digər rəsmi sənədlər tərtib etməklə alqı-satqını rəsmiləşdirmiş və bu yolla bir mənzili müxtəlif qiymətlərlə bir neçə dəfə, yəni binaların inşa layihələrində nəzərdə tutulmuş cəmi 317 mənzil və qeyri-yaşayış sahəsini təkrarən 105 payçıya cəmi 145 dəfə satmaqla, o cümlədən İddiaçı üçgirişli binada 3-cü giriş 10-cu mərtəbədə yerləşən 112 kv.metr sahəsi olan 66 nömrəli mənzilin 39.960 manata satılmasına dair 2 dekabr 2009-cu il tarixli müqaviləni qardaşı X2 adına rəsmiləşdirərək ondan 20.000 manat pul vəsaitinin bir hissəsini aralarında bölüşdürməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişlər. 40.Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsinin baş verdiyi və bu hadisənin baş verməsinə "xxxx" MMC-nin direktoru və əməkdaşı olduğu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri səbəb olduğu və bununla da həmin cavabdehlərin və onların aid olduğu MMC-nin həm də mülki-hüquqi məsuliyyət daşıdığı qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən müəyyən edildiyi üçün bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 41.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 42.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 43.İş materiallarından göründüyü kimi "xxxx" MMC-nin əməkdaşları olan cavabdehlər MMC-nin adından müqavilə bağladığı və kassa mədaxil orderini təqdim etdiyi zaman müqavilədə nəzərdə tutulan öhdəliyi yerinə yetirmək niyyətində olmamışlar. Yol verdiyi qanunsuz əməllərə görə cavabdehlər cinayət məsuliyyətinə cəlb edilmişlər, iddiaçı isə sonuncular barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmiş, müvafiq hökmlə ona, dəymiş zərərin ödənilməsini mülki icraat qaydasında tələb etmək hüququna malik olması izah edilmişdir. 44.Müəyyən edilir ki, cinayət törədərkən cavabdehlər "xxxx" MMC-nin fəal işçiləri olub, iddiaçının pulunu iş vaxtı, iş yerində (ofislərində), MMC-nin işçiləri kimi qulluq mövqeyindən istifadə edərək alıb, cinayəti alıcıya münasibətdə mənzil alqı-satqısı müqaviləsi bağlamaq adı ilə törədiblər. Belə bir vəziyyətdə, “əsassız valanmaya” aid müddəalarının tətbiq edilməsi ilə bağlı məhkəmənin nəticələri Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələrinin məzmununa zidd olmuşdur. 45.Belə ki, həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu maddələrində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. 46.Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehlərin törətdikləri əmələ görə qeyd edilən normalar çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 47.Apellyatorun hazırki iş üzrə maddi məsuliyyət daşımadığı barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə olan halda Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər Bu mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. 48.Beləliklə də iddiaçı müqavilə üzrə ödənilmiş 20.000 manat məbləğində pulun məhz cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etməklə haqlı olmuşdur. Belə ki, vurulmuş zərərə görə cavabdehlik daşıyacaq şəxslərin seçilməsində zərərçəkən şəxs sərbəstdir və seçimini öz mülahizəsinə əsasən etmək imkanına malikdir. 49.Bundan başqa cavabdeh apellyasiya şikayətində İddiaçı "xxxx" MTK və ona yaxın firmalar tərəfindən mənzillə təmin olunduğuna və ya digər formada onlara dəymiş zərər ödənildiyinə istinad etsə də qeyd olunan bu halların təsdiqi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğu nəzərə alınmalıdır. 50.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-360/2023 saylı, 12 yanvar 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Dəymiş zərər üzrə 20.000 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat, cəmi 20.150 (iyirmi min yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı X5 ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova