Məhkəmə qərarları › İş №2(103)-4603/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4603/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4603/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı 04 may 2023-cü il tarixli qərardadından cavabeh Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(001)- 295/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi “daşınmaz əmlaka mülkiyyətdən istifadə hüququna maneənin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsinə sərbəst daxil olmağa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan əsassız maneələrin aradan qaldırılması, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və həmin sahədə digər təmir-tikinti işlərinin görülməsi üçün müvafiq şəraitin yaradılmasının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə həvalə olunması qərara alınmışdır. Qətnamə 28 dekabr 2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmin tarixdə Cavabdeh1 yaşayış ünvanına poçt vasitəsilə göndərilmiş, 10 yanvar 2023-cü il tarixdə poçt vasitəsilə ona təqdim edilmişdir. 06 fevral 2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş, Vəkil2 tərəfindən imzalanmış apellyasiya şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin 09 fevral 2023-cü il tarixli qərardadına əsasən, şikayət qətnamənin vəkilin elektron kabinetin yerləşdiyildiyi tarixdən 1 ay 10 gün sonra verilməklə, müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət məhkəmənin 07 mart 2023-cü il tarixli qərardadına əsasən təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(103)-2722/2023 saylı qərardadına əsasən, şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin 12 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət də əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi 28 dekabr 2022-ci il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilsə də, Cavabdeh1 10 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir. Buna görə də, şikayət vermə müddəti həmin tarixdən hesablanmalı idi. Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı 04 may 2023-cü il tarixli qərardadı ilə məhkəmənin 12 dekabr 2022-ci il tarixli, 2(001)- 295/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən şikayət verilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı 04 may 2023-cü il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). MPM-nin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Prosessual müddətin bərpasına dair ərizənin dəlillərindən görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımını qətnamənin onun nümayəndə-vəkilinin elektron kabinetinə yerləşdirildiyi 28 dekabr 2022-ci il tarixdən deyil, poçt vasitəsilə şəxsən özünə təqdim edildiyi 10 yanvar 2023-cü il tarixdən hesablanmalı olmasını bildirərək, qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürməməsi ilə əsaslandırmışdır. Halbuki, cavabdehin istinad etdiyi bu hala həm birinci instansiya məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən müvafiq qərardadları ilə hüquqi qiymət verilərək, cavabdehin qətnamədən apellyasiya şikayəti verərkən müddəti ötürməsi təsbit olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-295/2022 saylı 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar