Məhkəmə qərarları › İş №2(103)-4605/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4605/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4605/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh - Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə (Şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.08.2019-cu il tarixdə Şirkət tərəfindən yayımlanan “xxxx” verilişində tamaşaçı qismində iştirak etdiyini, tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşdiyini, çəkilişdən təxminən 30-40 dəqiqə keçəndən sonra fasilə elan olunduğunu, fasilə zamanı verilişin heyət qrupunun əməkdaşının onu yerindən qaldıraraq oturması üçün başqa bir yeri göstərdiyini, göstərilən yerdə əyləşdikdən qısa müddət sonra anidən oturacaqla birlikdə yerə yıxıldığını, nəticədə onurğa fəqərələrində sınıqların, L5-S1 səviyyədə stabilliyin pozulmasının, L5 fəqərə cisminin minimal arxa spondilolistezində və fəqərəarası diskdə arxa medianın, dural kisəni sıxan protruziyanın yarandığının müəyyən olunduğunu irəli sürmüş, səhhətinə vurulmuş zərərin əvəzi kimi 2500 manatın, mənəvi ziyanın əvəzi kimi 5000 manatın, dövlət rüsumunun əvəzi kimi 30 manatın, yəni 7530 manatın Şirkətdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, ekspert rəyinin qərəzli olduğunu, ekspertlərin onu müayinə etmədikləri halda rəy hazırladıqlarını nəzərə almadığını və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, son 10 il ərzində İctimai Televiziya və Radio Yayımları Şirkətinin fərqli verilişlərində tamaşaçı kimi iştirak etmiş, 12.08.2019-cu il tarixdə Şirkət tərəfindən yayımlanan “xxxx” verilişinə də tamaşaçı qismində iştirak etməsi üçün dəvət almış, Şirkətin işçisi Əmanət Qasımlı, təxminən 10 veriliş olacağını və hər veriliş üçün ona 10 manat veriləcəyini bildirmiş, verilişin çəkilişinin fasiləsi zamanı yanında oturan xanım ona yemək təklif etmiş, yeməyi yedikdən sonra qabı qaytarmaq istəmiş, bu zaman yana çönmək istədikdə anidən oturacaqdan yerə yıxılmışdır. Başı yerə dəymiş, 2 nəfər ona ayağa durmağa köməklik göstərmiş və su vermişlər. Bundan sonra verilişə baxmağı davam etmiş, tamaşaçılar çəkiliş zalından çıxanda Əmanət Qasımlı onlara pul paylamış, televiziyanın həyətində skamyada oturmuş, bir qədər sonra metroya minərək “Koroğlu” stansiyasına getmiş, orada metrodan çıxaraq avtobusla yaşadığı ünvan 1 ünvanına getmişdir. Evdə aşkar edilmişdir ki, yıxılması nəticəsində onurğa fəqərələrində sınıqlar, şiş əmələ gəlmişdir. Sonradan həkimə müraciət etmiş və müayinə zamanı ona L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondiolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya diaqnozu qoyulmuşdur. Ümumi həkim müayinələrinə, Naftalanda müalicə almasına və yol xərclərinə 2500 manat pul xərcləmiş, mənəvi sarsıntılar keçirdiyinə görə ona 5000 manat zərər dəymişdir. Məhkəmə tibbi ekspertiza təyin etsə də ekspert Covid-19 virusuna görə onu müayinə edə bilməmiş, özəl xəstəxanaya getməsini tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şirkətin nümayəndəsi şikayətin əsassız olduğunu, iddiaçının iddia tələbinin müvafiq ekspertiza rəyi ilə tam təkzib edildiyini və ümumiyyətlə hər hansı mötəbər sübuta əsaslanmadığını bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının bildirdiyi faktiki hala görə o, 12.08.2019-cu il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayımladığı verilişdə tamaşaçı qismində iştirak edərkən oturduğu yerdən yıxılmış, nəticədə ona onurğa fəqərələrində sınıqlar, L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya diaqnozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1099.1-ci maddəsinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni Şirkətin işçisinin təqsirli hərəkəti nəticəsində yıxıldığı və səhhətində yaranmış problemlərin həmin işçinin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 28.09.2020-ci il tarixli T256/2020 saylı rəyində aşağıdakılar göstərilmişdir: “1966-cı təvədllüdlü İddiaçı 21.09.2020-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünun məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı istər tibbi sənədlərində (29 saylı BŞX-da tərtib olunmuş ambulator xəstənin tibbi kartası və 3 saylı şəhər klinik xəstəxanasında tərtib olunmuş xəstəlik tarixi), istərsə də 21.09.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət izi aşkar olunmamışdır. Onun 07 və 11.11.2019-cu il tarixlərdə 3 nömrəli şəhər klinik xəstəxanasında çəkilmiş MRT müayinəsində bel fəqərələrində sümük-travmatik dəyişikliklər aşkar edilməmişdir. Aşkar edilmiş dəyişikliklər (L5- S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa medial, dural kisəni sıxan protruziya-3 mm) fəqərə cisimlərində gedən patoloji proseslərlə əlaqəli olan dəyişikliklər olub, travma mənşəli deyildir. Vətəndaş İddiaçı əziyyət çəkdiyi "xroniki xolesistit, sol tərəfli düyünlü zob İİ dərəcə” MRT müayinəsində aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya) onda 12.08.2019-cu il tarixdən əvvəl başlamışlar. Dövlət tibb müəssisələrində müayinə və müalicələr ödənişsiz, özəl tibb müəssisələrində isə onların təminatından asılı olaraq ödənişli əsaslarla həyata keçirilir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səhhətində yaranmış problemlərin cavabdeh Şirkətin işçisinin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar